Təlimlərin keçirilmə ərazisi olaraq cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru müəyyən edilib.
Təlimlərin əsas məqsədi birlik və birləşmə komandanlıqlarının qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasından ibarətdir.
Bu təlimlərin əsas xüsusiyyəti güclü müdafiəyə malik şərti düşmən nəzərə alınmaqla əməliyyatların silahlanmada olan yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə keçirilməsidir.
Təlimlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, onların yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələləri yoxlanılır.
Təlimin mərhələlərindən birində döyüş atışları yerinə yetiriləcək.