Strategiya.az bildirir ki, Trend-in məlumatına görə, M.Cabbarov jurnalistlərə bildirib ki, bu məsələ müzakirə olunmalıdır: "Burada bir neçə məsələ var. Birincisi bundan ibarətdir ki, Dövlət İmtahan Mərkəzi müstəqil və yeni yaradılan qurum, publik hüquqi şəxsdir. Təbii ki, onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır. Eyni zamanda, həmin mərkəzin göstərdiyi xidmətlərin hər hansı bir şəkildə maliyyələşdirilməsi məsələsi qoyulur. Lakin burada başqa bir məsələ də var. Təhsilalanlar üçün xidmətlərin sifarişçisi kimi dövlət çıxış edir. Bəs həmin xidmətlərin ödənişi kim tərəfindən həyata keçirilməlidir? Dövlət büdcəsindən, yoxsa başqa mənbələrdən?"
Nazir hesab edir ki, Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təmin edilməsi üçün zəruri imkanlar olmalıdır: "Lakin bunun hansı dərəcədə, buraxılış imtahanlarından sonra qəbul imtahanları verən abituriyentlər hesabına olub-olmaması sual doğurur. Çünki bu, təhsilə çıxış və əlçatanlılıq məsələsidir. Hesab edirəm ki, burada müvafiq qurumun buna dair müraciəti olduğu təqdirdə hökumətin qərarı olacaq. Lakin indi buna müzakirəsi başa çatıb qərar verilən məsələ kimi baxmamalıyıq. Əminəm ki, bu məsələnin həllini həmkarım M.Abbaszadə və digərləri ilə birgə tapacağıq".