ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-leytenant Robi Aşerin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işçi səfəri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, qonaqlar səfər çərçivəsində Silahlı Qüvvələrin Təlim Mərkəzində keçirilən "Mühəndis istehkam bölmələrinin fəaliyyəti" mövzusunda nümayiş etdirilən məşğələni izləyiblər.
Daha sonra ABŞ nümayəndə heyəti Müdafiə Naziriliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudovla görüşüb.
Görüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyası ilə Ştatla Tərəfdaşlıq Proqramı çərçivəsində cari il ərzində keçirilən tədbirlər və 2017-ci il üçün planlaşdırılan fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general R.Aşer hər iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib.
ABŞ nümayəndə heyətinin səfəri iyulun 16-dək davam edəcək.