“Suriya yaşamalı yer deyil”
Prosesdə təqsirləndirilən şəxs qismində dindirilən Rufan Ağcabəyov ifadəsində Suriyaya döyüşmək məqsədilə deyil, oraya yaşamaq niyyətilə ilə getdiyini göstərib: “Tanıdığım uşaqlardan Suriyada olanları çox idi. Eşitmişdim ki, oraya gedənlər üçün humanitar yardımlar verilir. Hətta ailəli olanlar 350-400 dollar civarında pul alırdılar. Əvvəl özüm getdim, qalmaq niyyətim yox idi, geri qaydıb ailəmi aparacaqdım. Bu barədə internetdən də öyrənib məlumat toplamışdım. Amma gedəndən sonra gördüm ki, yaşamalı yer deyil. Orada azərbaycanlılarla yanaşı, başqa millətlərin nümayəndələri də vardı. Türkiyədən yardımlar gəlirdi. Gələn yardımları mühacirlər arasında paylayırdıq. Yaralıları xəstəxanalara aparırdıq, döyüşdə həlak olan qadınları, uşaqları dəfn edirdik. Orada döyüşlər olduğunu görüb geri qayıtdım”.
“Azərbaycanda heç bir problemim yox idi”
R.Ağcəbəyov deyir ki, Suriyaya getmədən öncə ətir dükanlarının birində satıcı işləməklə ailəsini dolandırıb. Sonradan müəyyən səbəblərdən dükan bağlanıb və inşaatda fəhləlik edib: “Həyat yoldaşım epilepsiya xəstəsidir. Bu səbəbdən də çox zaman valideynlərinin yanında qalırdı. İndi də onlarla qalır. Bir övladım var. Ailəmi güclə dolandırırdım. Dükan bağlanandan sonra inşaatda fəhləlik etməyə başladım. Azrəbaycanda heç bir problemim olmayıb, bura mənim öz vətənimdir”.
“Bizi “Azad Suriya Ordusu” qoruyurdu
Təqsirləndirilən şəxsin ifadəsinə görə, azərbaycanlılar Artma qəsəbəsində yerləşən ikimərtəbəli qərargahda məskunlaşıb: “Bizi “Azad Suriya Ordusu” qoruyurdu. Döyüçlər bizdən 150 kilometr uzaqda gedirdi. Döyüşə getmək istəyənlər ərəblərin yanına gedir, onlardan silah alırdılar. Çünki silah-sursat yerli camaatda olurdu, ənsarlara silah verilmirdi. Amma könüllü döyüşmək istəyənlər silahla təmin edilirdi. Məndə silah olmayıb. Heç kim mənə silah verməyib. “Azəri camaatı”nın rəhbəri “Xalid Azəri”gildə (Əslən Tərtər rayonundan olan 2014-cü ilin oktyabr ayında koalisiya qüvvələrinin Kobanidə həyata keçirdikləri bombardman zamanı 25 adamı ilə birlikdə öldürülən Rövşən Bədəlovu nəzərdə tutur. - red.) isə silah var idi. Orada olduğum müddətdə Vladimir Marfini cəmisi bir dəfə bazarda görmüşəm. 2014-cü ilin yayında Suriyadan geri qayıtdım”.
MTN əməkdaşları “Abu Mücahid”dən halallıq istəyib
Dini ləqəbi “Abu Mücahid” olan R.Ağcabəyov ibtidai istintaqa verdiyi ifadəsini məhkəmədə təsdiq etməyib. O, MTN-də ona verilən işgəncələrdən danışıb: “Cümə namazına gedirdim. Nərimanov rayonu ərazisində MTN əməkdaşları məni saxladılar və milli təhlükəsizlik nazirliyinə apardılar. Məndən Suriyada olub-olmadığımı soruşdular. Onlardan biri, vaxtilə əkiz qardaşım Rufana görə (Urfan Ağcabəyov Suriyada öldürülüb. - red.) 2011-ci ildə məni dindirən əməliyyatçı o saat tanıdı. Ona hər şeyi, orada gördüklərimi, baş verən prosesləri danışdım. Müstəntiqsə danışdıqlarımın hamısını savadsız olmağımdan istifadə edərək mənim adıma yazıb. Halbuki söylədiklərimi şəriət məhkəməsi edib, mən etməmişəm. Silahla şəkil çəkdirmişdim. Bir şəklə görə adamı həbsxanaya göndərərlər? Silahla şəklim Qarabağda da var. O zaman müharibədə olanda çəkdirmişdim. MTN-də işgəncələrə məruz qalmışam, oruc ola-ola döyülmüşəm, incidilmişəm. MTN-də dindirilərkən vəkilim olmayıb. İfadələrə məcbur olub oxumadan imza atmışam. İndi həmin şəxslərin adını çəkmirəm. Çünki sonradan özləri məndən halallıq istədilər, mən də halallıq verdim”.
Daha sonra R.Ağcabəyov vəkillərin, dövlət ittihamçısının, hakimin suallrını cavablandırıb.
Hakim “Sizi Suriyaya getməyə nə vadar edirdi, nədən narazı idiniz?“ sualına “Abu Mücahid” “saqqalıma görə məni heç kim işə götürmürdü, onu da MTN-də qırxdılar”. Təqsirləndirilən şəxs Suriyada müsəlmanlara humanitar yardım verildiyini, bu səbəbdən oraya getdiyini bildirib.
“Azad Suriya Ordusu” ilə əlaqəm olmayıb
Dini ləqəbi “Əhməd” olan digər təqsirləndirilən Vladimir Marfin ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Milliyyətcə rus olsa da, İslam dinini qəbul edən V.Marfin vaxtilə Milli Qvardiyanın zabiti olduğunu deyib: “2000-ci ildə həbs olundum. İslam dinini 2005-ci ildə qəbul etmişəm. Həbsdən çıxandan sonra bir müddət Şəmkirdə yerləşən istixanalarda işlədim. İnternet vasitəsilə Suriyada gedən prosesləri izləyirdim. 2013-cü ilin avqust ayında avtobusla Türkiyəyə, oradan Suriyaya getdim. Türkiyə sərhəddində humanitar təşkilatlar var idi, orada olmuşam, müavilə əsasında işləmişəm. Mən heç bir döyüşdə, təlimlərdə iştirak etməmişəm. Dəfələrlə mənə yeni gələnlərə silahla davranmağı öyrətməyimi təklif etsələr də, razılaşmamışam. Altı ay Suriyada qaldıqdan sonra geri qayıtmışam. MTN-də məni təkadamlıq kameraya saldılar, işgəncə verdilər, evimdən silah-sursat tapacaqları ilə hədələdilər. Deyirdilər ki, səni Azərbaycana qarşı terroçuluqda ittiham edəcəyik. İstintaq qərəzli aparılıb. Orada yazılanların heç biri ilə razı deyiləm”.
Məhkəmə prosesi 26 iyulda davam edəcək.
Rufan Ağcabəyov və Marfin Vladimir Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli bilinirlər.
Müəyyən edilib ki, Rufan Ağcabəyov və Martin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra”, “Ceyşul-Hur” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.
Yeri gəlmişkən, əslən Xaçmaz rayonundan olan, İŞİD-ə qoşulan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb.
Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib. U.Ağcabəyov Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.
http://virtualaz.org/cemiyyet/74682