Fövqəladə Hallar Nazirliyinin (FHN) sosial proqramına uyğun olaraq, cari ilin mart ayında açılışı olmuş Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində nazirliyin əməkdaşları üçün inşa olunmuş 12 mərtəbəli, 48 mənzilli yaşayış binalarından növbətisi istifadəyə verilib.
Strategiya.az FHN-in saytına istinadən xəbər verir ki, mərasimdə fövqəladə hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev iştirak edib.
Çıxış edən nazir müavini F.Tağı-zadə bildirib ki, dünyada iqtisadi böhranın davam etdiyi bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin FHN-in əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində müasir tələblərə cavab verən və hər cür şəraiti olan mənzillər istifadəyə verilir. Mənzil alan əməkdaşları təbrik edən nazir müavini əmin olduğunu bildirib ki, dövlətimizin bu dəyərli hədiyyəsi onların daha əzmkar fəaliyyət göstərmələrinə əlavə təkan verəcək.
Sonra FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək mənzil alan əməkdaşları təbrik edib, rəhbərlik etdiyi təşkilat adından ölkə başçısına təşəkkür edib.
Yeni mənzil alanlar adından çıxış edən FHN-in zabiti baş leytenant Rafael Haqverdiyev və xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş daxili xidmət baş çavuşu Zaur Eyvazovun atası Tahir Eyvazov nazirliyin əməkdaşlarının və onların ailələrinin sosial problemlərinin həllinə göstərdiyi ali diqqətə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkür edib, bunun əməkdaşların daha böyük ruh yüksəkliyi ilə xidmət göstərməsinə səbəb olduğunu bildiriblər.
Sonra yaşayış binasının rəmzi açılışını bildirən qırmızı lent kəsilib.
Qeyd edək ki, mərkəzi istilik sistemi və bütün kommunal şəraiti olan yaşayış binası FHN Əsaslı Tikinti İdarəsinin sifarişi və “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun layihəsi əsasında ən müsair standartlara uyğun olaraq inşa edilib.