Strategiya.az bildirir ki, Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə gecə saat 00:20 radələrində baş verib. Bina sakini Valeriy Kovalenkoya məxsus ümumi sahəsi 58 m² olan 4 otaqlı mənzilin 2 otağının, hamamın və eyvanının yanar konstruksiyaları 38 m² sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin eyvanında 1 ədəd rəf və 1 m² sahədə tavan yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ev sahibinin sərxoşluğu nəticəsində baş verib. Sərxoş olan V.Kovalenko gecə saatlarında yatağında siqaret çəkərkən qəbul etdiyi içkinin təsirindən yuxulayıb. Bu vaxt yatağa düşən siqaret alışmağa başlayıb. Mənzilin yandığını görən bina sakinləri dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 xidmətinə zəng vuraraq hadisə barədə məlumat veriblər.
FHN-nin Xətai rayon Yanğından Mühafizə Hissəsinin yanğın briqadasının səyi nəticəsində yanğının qarşısı alınıb. Hadisə nəticəsində V.Kovalenko yüngül yanıq xəsarətləri alıb, qonşu mənzillərdən birinin balkonuna ziyan dəyib.