Rəsədxananın direktoru Namiq Cəlilov Trend-ə bildirib ki, hazırda yalnız Azərbaycanda deyil, bütün dünya elminin diqqəti görünməyən “qara maddə”nin, “qara enerji”nin və kosmosun mahiyyətinə, onların nələrdən ibarət olmasına yönəlib: “Biz maddənin təqribən 5-6 faizini hiss edirik. Qalan bütün kainat, ulduzlar nələrdən ibarətdir - bunu bilmirik. Görünməyən “qara maddə”nin mahiyyətini aşkarlamaq həm fizika, həm də astrofizikanın bir nömrəli problemidir. Ona görə də bütün qüvvələr bu istiqamətə yönəlib”.
N.Cəlilov xarici alimlərin bu istiqamətdə apaşdırma aparmaq üçün məkan olaraq Azərbaycanı seçməsinin də səbəbini açıqlayıb: “Dünyanın məşhur teleskoplarına o qədər böyük sifarişlər var ki, onlarda müşahidələr aparmaq mümkün deyil. Ancaq bizim 2 metrlik teleskopumuz da zəif deyil. Biz xarici təşkilatlarla yazışmalar zamanı teleskopumuzun modernləşdirilmiş, avtomatlaşdırılmış şəkildə olduğunu göstərmişik və onları bu işə cəlb etmişik. Hazırda Kanadanın Monreal Universitetində 6 süni peykdən kosmik müşahidələr aparılır. Həmin obyektləri optik diapazonda biz də paralel olaraq, buradan müşahidə edirik. Beləliklə, biz kompleks müşahidələrə qoşulmuş oluruq. Bunların da əsas məqsədi görünməyən materiya - “qara maddə”nin mahiyyətini öyrənməkdir. Müasir kosmik müşahidələr sübut edir ki, belə maddə var. Ancaq onun nədən ibarət olduğunu bilmirik. Məqsəd də onu aydınlaşdırmaqdır”.
N.Cəlilov ekoloji mühitin pozulması ilə əlaqədar ozon təbəqəsində “qara dəliy”in böyüməsi təhlükəsinin yaranmasına da münasibətini bildirib: “Məncə, bu, periodik hadisədir. “Qara dəlik” genişlənir, sonra da balacalaşır. Məndə olan məlumata görə, indi dəliyin ölçüsü minimum vəziyyətdədir. Ancaq vaxt gələcək, böyüyəcək”.
Rəsədxana direktoru yad cisimlərin Yerə yaxınlaşması ilə bağlı mütəmadi olaraq, yayılan məlumatlara da münasibətini bildirərək qeyd edib ki, bununla bağlı hazırda heç bir təhlükə yoxdur: “Yerə böyük cisimlər yaxınlaşmır. Əgər yaxınlaşsaydı, biz onları çoxdan görmüş olardıq".
Strategiya.az