“Azərsu”Açıq Səhmdar Cəmiyyətindən Strategiya.az-a verilən məlumata görə, aparılan müşahidələr göstərib ki, çayın suyunun rənginin yaşıla boyandığı hissələrdə yosunlar çoxalıb.
ASC hesab edir ki, suyun səviyyəsinin düşməsi və yosunların qalxması səbəbindən, yaxud da çirkləndiricilərin miqdarının artması səbəbindən belə hal müşahidə edilir. Bu ehtimallardan hansının real olması müayinələrin nəticələri əsasında tam bəlli olacaq.
“Azərsu”dan qeyd edilib ki, suyun üzvü çirklənməsi Qızılqayadan başlayaraq İsmayıllı rayonu ərazisində daş karxanalarının yanında baş verir. Burada çirklənmənin hansı mənbədən olması müəyyən ediləcək. Girdiman çayının Qəbələ-Oğuz yolunun aşağı hissəsində, eyni zamanda Ağsu rayonu ərazisində yerləşən Külüllü mənbəyindən çıxan suyun tərkibində heç bir anomaliya müşahidə edilməyib. Bu isə onu göstərir ki, “Azərsu”nun həmin mənbədən verdiyi içməli suyun tərkibində heç bir problem yoxdur.
Qeyd edək ki, İsmayıllı və Ağsu rayonlarında əhalinin içməli və suvarma suyu kimi istifadə etdiyi Girdiman çayının suyu naməlum səbəbdən yaşıl rəngə boyanıb. Babadağdan axıb gələn və bulaq sularından yaranan Girdiman çayında suyun rəngi və dadı dəyişib, sudan qeyri-adi qoxu gəlir.