Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsmayıllı və Ağsu rayonlarında əhalinin içməli su kimi istifadə etdiyi Girdiman çayının suyunun son günlər ərzində yaşıl rəngə boyanması ilə bağlı apardığı müşahidələrinin nəticələrini açıqlayıb.
Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib ki, çayın rənginin dəyişməsinində heç bir antropotogen təsir rol oynamayıb:
“Yəni nə toksiki maddə, nə də kimyəvi tərkibli axıntı olmayıb. Sadəcə olaraq, bu, hidroloji rejimlə bağlı olaraq, çaylarda azsululuq dövrünə təsadüf edir. Yağıntıların olmaması, su sərfinin azalması, temperaturun artması çay suyunda yosunların sürətlə artmasına əlverişli şərait yaradıb. Bu isə suyun yaşıl rəngə boyanmasına və iyinin xoşagəlməz olmasına gətirib çıxarıb. Suyun bütün keyfiyyət göstəriciləri norma daxilində qeydə alınıb. Bu proses həmişə yay ayının sonunda təsadüf edir. Yəni azsululuq dövrünün pik vaxtıdır, bu dövrdə bunlar olur”.