Təhsil Nazirliyindən Strategiya.az-a verilən məlumata görə, 3-5 sentyabr tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılıb. 4432 nəfər namizəd şəxsi səhifələrinə daxil olmaqla, təklif olunan vakant yerləri seçib və ərizələrini təsdiq ediblər. Ərizələrini təsdiq edən namizədlərdən 773 nəfəri növbəti mərhələyə (müsahibə mərhələsinə) keçmək hüququ qazanıb. Yerləşdirmənin nəticəsi, müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndərilib. Müsahibə mərhələsinə gələrkən namizədlərdən şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini və onun əlavəsini gətirmək tələb olunur.