Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Lalə Mahmudova və onun sevgilisi Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir
Strategiya.az bildirir ki, Lent.az-ın məlumatına görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin icraatında baxılır.
İstintaq zamanı müəyyən edilib ki, Məmmədov Sədi Bəhrəm oğlu, 2010-cu ildən tanış olaraq mütəmadi görüşdüyü Mahmudova Lalə Yaşar qızının əri Mahmudov Kamran Zaid oğlunun onlardan şübhələndiyini, onların görüşməsinə mane olacağını güman edib. Bu səbəbdən də L.Mahmudovanın təklifi ilə onu öldürmək qərarına gəlib...
S.Məmmədov ibtidai istintaqa ifadəsində 1998-ci ildən ailəli olduğunu və iki övladı olduğunu bildirib.
O, Lalə Mahmudova ilə 2010-cu ildə tanış olduğunu deyib: “Qohumluq əlaqəmiz yoxdur, münasibətimiz sevgi əsasında olub. Həm işgüzar, həm də intim münasibətlərdə olmuşuq. Əsasən, mehmanxanada görüşürdük. Bəzən isə əri işdə olanda məni evə dəvət edib. Biz görüşəndən sonra əri artıq Lalənin çox bəzənməsindən, çölə tez-tez çıxmasından şübhələnməyə başladı. Biz bir-birimizi sevirdik və Kamranı öldürüb, qovuşmaq istəyirdik. Bu barədə plan qurduq. Kamranı öldürüb, meyitini hissələrə bölüb İsmayıllıda basdıracaqdıq. Ondan sonra Lalə qohum-əqrəbasına Kamranın yoxa çıxması ilə bağlı məlumat verəcəkdi.
Lalə mənə Kamranın evə gəlib-getmə vaxtlarını, eləcə də ərinin nə vaxt bərk yuxuya getməsini dedi”.
Sədi Məmmədovun dediyinə görə, 2015-ci il sentyabr 25-də Lalə Kamranın yatmağa hazırlaşdığını və yuxuya gedəndə mənə xəbər verəcəyini dedi. Maşına oturub, onların evinin yanına gəldim. Gecə saatları idi, silah və dəmir kəsən mişarı özümlə götürmüşdüm. Lalə ərinin yuxuya getdiyini yazdı. 4-cü mərtəbə qalırdılar. Qalxdım yuxarı. Lalə Kamranın yatdığı otağı mənə göstərib, özü mətbəxə keçdi. Kamran yuxudaydı. Başına bir atəş açdım. Otaqdan çıxıb Laləyə “vsyo” dedim. Lalə mətbəxdən sellofan verdi ki, Kamranın qanı yatağa dağılmasın. Öldüyünə tam əmin olmaq üçün ikinci atəşi də açdım. Xırıltısı tam kəsildi. Bundan sonra birlikdə otağa girdik. Kamran elə əvvəlki kimi üzü üstə tərpənməz uzanıqlı idi, yastığın qırmızı rəngli üzü qana bulaşmışdı. Kamranın meyitini Lalə ilə birlikdə hamam otağına apardıq. Mətbəx bıçağı və dəmirkəsən mişarla doğradıq. Hamısını torbalara yığıb, maşına daşıdıq. Kamranın telefonlarını sındırdıq. Lalə ilə sağollaşanda tapşırdım ki, mənzili bir də nəzərdən keçirsin, birdən haradasa qan izi qala bilər, görsə onları təmizləsin. Həmin vaxt əynində olan paltarları da bulaşmışdı. Kamranın telefonlarını sındırıb evlərinin yaxınlığında olan zibil qabına atdım Saat 9 radələrində İsmayıllıya yola düşdüm. Qardaşıma zəng vurdum ki, Bakıdan ağac gətirirəm, orda yer qazsın. Təxminən 2 saat sonra kəndə çatdım. Ağac qazılan yeri bir az genişləndirdim və meyitin doğranmış hissələrini sellofan torbalardan ayıraraq həmin yerə tökdüm. Üstünü torpaqlayıb, xırda çınqıl tökdüm, sonra ocaq qaladım ki, iz itsin. Bakıya qayıtdım. Bir dəfə Lalə ilə görüşdüm. Ona özünü şübhəli aparmamağı tapşırdım. Sentyabrın 30-u günü Yasamal polisi məni saxladı, cinayəti etiraf etdim. Polislərlə birlikdə meyiti basdırdığım yerə gəldik”.
Təqsirləndirilən Lalə Mahmudova 1997-ci ildən Bakıda tibb bacısı işlədiyini bildirib. O, Kamranla 2000-ci ildən evli olduqlarını və iki övladı olduğunu deyib: “İlk beş il Kamranla münasibətlərimiz normal idi. Sonradan yavaş-yavaş pisləşməyə, bir-birimizdən soyumağa, qarşılıqlı narazılıqlarını bildirməyə başladıq. Kamran ailəni maddi cəhətdən normal təmin edə bilmirdi. Pulu çox olanda da xəsislik edirdi. Bundan başqa, işləməyimə etiraz edirdi. Qadın kimi mənə diqqət ayırmırdı, arabir qonaq getsək də, məni gəzməyə aparmırdı. Uzun müddətdir intim münasibətlərimiz azalmışdı, sekslə məşğul olanda da yalnız özünü fikirləşirdi”.
Lalə Mahmudova Sədi Məmmədovla tanışlığından danışıb: “Anamın yaşadığı evin birinci mərtəbəsində atamdan qalma zərgərlik dükanımız vardı. Sədi həmin yeri icarəyə götürəndə tanış olduq. Tədricən münasibətlərimiz yaxşılaşdı. Bir müddət sonra görüşdük və intim münasibətlər başladı. Kamran tez-tez işləri ilə əlaqədar bir neçə günlüyə rayonlara gedirdi, 5-7 günlüyə Gürcüstana və Ukraynaya getdiyi vaxtlar da olub. Belə günlərdə uşaqları yuxuya verib, Sədini evə çağırırdım.
2014-cü ildən başlayaraq, Kamrana açıq şəkildə boşanmaq istədiyimi deyirdim, çünki Sədi ilə gizlin görüşməkdən yorulmuşdum. Sədi də deyirdi ki, boşansan, mən də ayrılacam, ailə qurarıq. Kamran boşanmağımızı istəmirdi. Üstəlik, həyatımda başqa birinin olmasından şübhələnirdi. Arada söz salıb deyirdi ki, belə bir şey olsa, məni öldürər. Ancaq mən Kamrana qarşı heç nə hiss eləmirdim, çünki Sədini sevirdim. Sədi mənə görə hər şeydə Kamrandan üstün idi, ideal kişiydi.
2015-ci ilin əvvəllərində Sədi ilə söhbət edəndə Kamranı öldürməyi təklif etdim, çünki Sədidən ayrı yaşaya bilmirdim. Sədi əvvəlcə təklifimə əhəmiyyət vermədi, amma sonradan razılaşdı. Dedi ki, gecə yatanda qapını açıq qoyarsan, yatağında öldürərəm. Razılaşdım. Plan belə oldu ki, Kamranı öldürüb, İsmayıllıda basdıraq, ara sakitləşəndən sonra ailə quraq.
2015-ci ilin sentyabr ayının 25-i idi. Kamran, həmişə olduğu kimi, gecə saat 2 radələrində işdən qayıtdı. Bir az oturandan sonra gedib yatdı. Sədiyə xəbər verdim. Qalxdı evə, yataq otağına keçib Kamranı odlu silahla vurdu. Meyiti hamam otağına apardıq. Sədi özü ilə gətirdiyi bıçaq və ya başqa kəsici alətlərlə cəsədi doğramağa başladı. Bu zaman uşaqlardan birinin səsi gəldi. Mən uşaqların otağına girdim. Əmin oldum ki, yatıblar.
Sədi Kamranın meyitinin hissələrini sellofanlara yığdı. Onları maşına daşıdıq. Sədi tapşırdı ki, evdəki qan izlərini silim və heç bir sübut saxlamayım. Dediklərinin hamısını yerinə yetirdim. Sabah günortaya qədər heç kimə heç nə demədim.
Günorta saat 13-14 radələrində Kamranın bacısı Əsmər zəng vurdu ki, qurban əti vermək istəyirəm, amma Kamranın telefonlarına zəng çatmır. Dedim, mən səhər işə gedəndə Kamran yatmışdı, işdən gələndə gördüm maşın həyətdədi, ancaq özü evdə yoxdur. Əsmər dedi ki, yəqin yoldaşları ilə harasa gedib. Axşam saat 19-20 radələrində Əsmər yenə də zəng edib Kamranı soruşdu, dedi ki, ona hələ də zəng çatmır, işə də getməyib. Dedim, Kamran evə qayıtmayıb və onunla da telefon əlaqəsi saxlamamışam.
Bir qədər sonra Kamranın qardaşı Elçin də zəng edib ərimin harada və kiminlə ola biləcəyini soruşdu. Dedim xəbərim yoxdur.
Sentyabr 27-si idi, Elçin gəldi ki, Kamranın maşınına baxmaq istəyirəm. Açarı götürdü, birlikdə həyətə düşdük. Maşında da şübhəli bir şey tapılmadı.
Günorta bildim ki, Elçin Kamranın itkin düşməsi barədə polisə ərizə verib.
Axşam saatlarında bir nəfər polis əməkdaşı Elçinlə birlikdə evə gəldi, suallar verdi. Dedim ki, mən işə gedəndə yatırdı, qayıdanda isə evdə yoxuydu.
Hər gün polislər gəlib, məlumat yığırdılar.
Ayın 29-u günü işə getdim. Sədi iş yerinə gəldi. Biz dəhlizdə təxminən yarım saat söhbət etdik. Ona Kamranın qohumlarının narahatlığını və onun itməsi barədə polisə müraciət etdiklərini, polis işçisinin məni sorğu-sual etdiyini dedim. Sədi mənə tapşırdı ki, ağzımdan heç nə qaçırmayım”.
Lalə Mahmudova cinayəti polis rəisinə özü etiraf etdiyini bildirib: “Sentyabrın 30-da iki nəfər polis əməkdaşı evə gəlib, bölmə rəisinin mənimlə söhbət etmək istədiyini dedi. Rəislə söhbətdən sonra hər şeyi olduğu kimi, lakin ümumi şəkildə etiraf etdim.
Kamranı öldürməyimizə peşman deyiləm. Lakin cinayətin üstünün açılmasına görə peşmanam. Kamran vaxtında boşanmağa qoymadı. O məni ölümlə, uşaqlarımı göstərməyəcəyimlə şantaj etdi. Boşanmadıq, axırı da bu...”
***
Qeyd edək ki, qapalı keçirilən bu məhkəmə prosesində hazırda şahidlər ifadə verir. Yaxın zamanlarda məhkəmə istintaqı başa çatacaq və hökm oxunacaq...