Aramsız yağan yağışlar nəticəsində Ağsu çayına sel gəlib.
Strategiya.az ARB Aran-a istinadən xəbər verir ki, sel çayın Ağsu rayonu ərazisindən keçən hissəsindəki sahil mühafizə bəndlərini uçuraraq yararsız hala salıb. Su rayonun Maşadqanlı və Ağalarbəyli kəndlərini birləşdirən piyada körpüsünü də dağıdıb. Sakinlər bildirir ki, kğrpünün uçması nəticəsində qarşı kəndə keçmək üçün indi 2 kilometr, yox 20 kilometrlik məsafəni qət etmək məcburiyyətindədirlər.
Çayın üzərindən keçən bir neçə rabitə dirəyini də sel aparıb. Kəndlərlə rabitə əlaqəsi kəsilib. Sakinlərin sözlərinə görə əgər nöbəti dəfə Ağsu çayında sel təhlükəsi yaranarsa, ətraf kəndlərin əraziləri su altında qala bilər. Ağsu rayon Ərəbşağı İnzibati Ərazi dairəsi üzrə icra nümayəndəliyindən verilən məlumata görə, sel suları azalan kimi ərazidə bərpa işlərinə başlanılacaq.
Ağsu rayon Su Meliorasiya idarəsindən isə bildirilib ki, ərazidə lahiyələndirmə işlərini aparmaq üçün paytaxtdan mütəxəssislər gələcək. Onların rəyindən sonra beton bəndlərin bərpasına start veriləcək.