Azərbaycanda son illər ərzində ailələrdə 5-ci və daha çox uşağın doğulması halları yenidən artıb.
Strategiya.az bildirir ki, Trend-in statistik göstəricilərə istinadən verdiyi məlumata görə, Azərbaycanda ailələrdə 5-ci və daha sonrakı uşağın doğulması halları daha çox 1995-ci ildə müşahidə edilib. Həmin ildə doğulan 5294 uşaq (bütün diri doğulanların 3,7 faizi) ailənin 5-ci və daha sonrakı uşağı olub.
Lakin 2000-ci ildə bu rəqəm təxminən 2 dəfəyədək azalıb. Həmin ildə ailənin 5-ci və daha sonrakı uşağı kimi doğulanların sayı 2940-a (bütün diri doğulanların 2,5 faizi) enib. Bu rəqəm sonrakı illərdə də getdikcə azalmağa doğru dəyişib. 2005-ci ildə Azərbaycanda 1285, 2010-cu ildə 702, 2011-ci ildə 643 körpə ailənin 5-ci və daha sonrakı uşağı kimi dünyaya göz açıb.
Ancaq 2012-ci ildən etibarən ailədə 5-ci və daha sonrakı uşaq kimi dünyaya gələnlərin sayı yenidən artmağa başlayıb. 2012-ci ildə Azərbaycanda doğulan 752 (bütün diri doğulanların 0,4 faizi), 2013-cü ildə 846 (bütün diri doğulanların 0,5 faizi), 2014-cü ildə 1222 (bütün diri doğulanların 0,7 faizi), 2015-ci ildə 1108 körpə (bütün diri doğulanların 0,7 faizi) ailənin 5-ci və daha sonrakı uşağı olub.
Əvvəllər ailədə 5-ci və daha çox uşağın doğulması hallarına daha çox kəndlərdə rast gəlinirdisə, son illərdə belə uşaqların doğulması halları üzrə göstəricilər şəhər və kənd yerləri üzrə demək olar ki, bərabər şəkildə paylaşılıb.
Belə ki, 1995-ci ildə şəhər yerləri üzrə diri doğulanların 2,1 faizi, kənd yerləri üzrə 5,1 faizi ailənin 5-ci və daha sonrakı uşağı olub. 2005-ci ilədək bu məsələdə kəndlərdə yaşayan ailələr üstün olsalar da, sonrakı illərdə şəhər və kənd yerlərində 5-ci və daha sonrakı uşaq kimi doğulanların sayında fərq az müşahidə olunmağa başlayıb.
2013-cü ildə həm şəhər, həm də kənd yerlərində diri doğulanların 0,5 faizi, 2014-cü ildə 0,7 faizi ailənin 5-ci və sonrakı uşağı olub. 2015-cü ildə isə şəhər yerləri üzrə bu göstərici 0,6 faiz, kənd yerləri üzrə 0,7 faiz olub.
Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da Trend-ə verdiyi açıqlamasında Azərbaycan ailəsində artıq 4 və 5 uşaqlı ailələrin sayının artdığını söyləmişdi: "10 il əvvəllə müqayisə etsək görərik ki, artıq Azərbaycan ailəsi 2 uşaqlı ailədən 4-5 uşaqlı ailəyə keçməyə cəsarət edir. Təbii ki, hər kəs bunu öz imkanları baxımından edir".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova isə Trend-ə bildirib ki, bu gün Azərbaycan ailəsində say baxımından 2-3 uşaqlı ailələr çoxluq təşkil edir. Lakin son illərdə 4-5 uşaqlı ailələrində də sayı artır. Onun sözlərinə görə, bu, daha çox əkiz və üçəm uşaqların doğulması hallarının artması ilə bağlıdır.