Azərbaycan Milli Məclisinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov noyabrın 26-da Saatlı rayonunun Qarayevkənd, Çolpı, Xanlarkənd və Nəsimikənd kəndlərinin sakinləri ilə görüşüb.
Trend-in məlumatına görə, deputat seçicilərin həyat şəraitləri və fəaliyyətləri ilə maraqlanıb, onların suallarını cavablandırıb.
Görüşdə bildirilib ki, rayonun sözügedən kəndlərində elektrik enerjisinin verilişi ilə bağlı vəziyyət qənaətbəxşdir. Kəndlər işıqla təmin edilib. Fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminat faizini daha da yüksəltmək üçün müəyyən təkliflər səsləndirilib. Bu baxımdan elektrik naqillərinin və dirəklərinin yenilənməsi istiqamətindəki işlərin davam etdirildiyi diqqətə çatdırılıb. Məlumat verilib ki, rayonun Sarıcalar kəndində 110/35/10 kv-luq Sarıcalar yarımstansiyası tikilib ki, bu da rayonun nəinki sözügedən, digər bir çox kəndlərində də elektrik enerjisi verilişini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Əhaliyə xidmətin keyfiyyətini daha da yüksəltmək üçün "Azərişıq" ASC-nin yerli strukturunun inzibati binasının tikintisinin də davam etdirildiyi vurğulanıb.
Qazla təminat məsələsinə gəldikdə bildirilib ki, Saatlının bir çox kəndləri qazlaşdırılıb. Yaxın günlərdə Çolpı kəndinə mavi yanacaq veriləcək, bununla əlaqədar son tamamlama işləri başa çatdırılıb.
Görüşlərdə kənd sakinləri kəndlərdə içməli su və əkin sahələrinin suvarılması ilə bağlı məsələlərə də diqqət yönəldiblər. Deputat Ə.Amaşov bildirib ki, bölgədə su məsələsinə kompleks yanaşılması zəruridir. O, mövcud istiqamətdə müvafiq qurumların səlahiyyətli şəxsləri ilə apardığı danışıqlar barədə seçiciləri məlumatlandırıb, onların təkliflərini nəzərdən keçirib. Seçicilər bir və ya bir neçə kəndə xidmət edən tibb məntəqələrindəki vəziyyətin yaxşılaşdırılması istiqamətində də təkliflər səsləndiriblər.
Görüşdə, həmçinin bəzi kəndlərdəki məktəb binalarının əsaslı təmir olunmasının vacibliyi vurğulanıb. Deputat Nəsimikənd kəndində 624 yerlik tam orta məktəb binasının əsaslı təmirinin gedişi ilə maraqlanıb. Məktəbin gələn tədris ilinədək tam olaraq şagirdlərin ixtiyarına verilməsinin planlaşdırıldığı bildirilib. Qarayevkənd, Çolpı, Xanlarkənd və Nəsimikənd kəndlərinin sakinlərinin səsləndirdiyi təkliflər qruplaşdırılıb, bəzi məsələlərlə əlaqədar yerindəcə göstərişlər verilib.
Deputat Ə.Amaşov həmçinin Saatlı rayon mərkəzindəki qərargahında seçicilərin bir qrupunu qəbul edib.