Göygöl sakininin evindən külli miqdarda narkotik aşkarlanıb.
ARB Kəpəz-dən Strategiya.az-a verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, Balçılı kənd sakini 61 yaşlı İlqar Əliyev saxlanılıb.
O, narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində şübhəli bilinərək tutulub. Sonradan Əliyevin Balçılı kəndindəki yaşadığı evə baxış keçirən polis əməkdaşları külli miqdarda narkotik vasitə aşkarlayıblar.
Həmid Həsənov Göygöl Rayon Polis Şöbəsinin İstintaq Qrupunun müstəntiqi: "Onun üzərinə hal şahidləri və vəkilin iştirakı ilə baxış keçirilib. Üzərindən 45 qram narkotik bitki mənşəli vasitə aşkar olunaraq götürülüb. Şübhəli şəxs qismində dindirilən zaman yaşadığı Göygöl rayonu Balçılı kəndində evinin damında narkotik vasitə olduğunu bildirmişdi. Evə baxış keçirilən zaman 5 ədəd torbada narkotik vasitə olan marixuana və xaş-xaş tərəfimizdən aşkarlanaraq götürülüb".
Saxlanılan şəxsin dediyinə görə, o, marağının bəlasına düşüb.
İlqar Əliyev saxlanılan şəxs: "Çaylaqdan yığmışdım. Gətirdim toxumunu məhlədə əkdim. İstifadə etmirəm, satmıram. Maraq xatirinə əkdim ki, görüm nə çıxır, bu nədir".
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi araşdırmalar aparır.