Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 2-də Zərdab rayonuna səfərə gəliblər.
Dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Zərdab şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri qoydular.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verdi.
Bildirildi ki, son illərdə Zərdabın sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb. Rayonda çoxlu sosial infrastruktur obyektləri tikilib, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılıb, yeni suvarma sistemləri qurulub.