"Rossiya 24" telekanalı naməlum şəxslərin blok-posta bir neçə avtomobildə yaxınlaşaraq birinci atəş açdıqlarını xəbər verib. Hadisə ilə bağlı bəyanat verən Rusiya XİN-i Slovyanskda baş vermiş qanlı atışmaya görə Ukrayna millətçilərinin məsuliyyət daşıdığını vurğulayıb. Ukrayna rəsmiləri isə toqquşmanın "iki qrup sakinlər arasında" baş verdiyini və nəticədə 1 nəfərin öldüyünü bildirib. İnsident Slovyansk şəhərində rusiyapərəst qüvvələrin tutduqları hökümət binalarını tərk etməkdən imtina etməsi fonunda baş verib. ATƏT-in Kiyevdə xüsusi missiyasının rəhbəri Ertoğrul Apakan münaqişəni aradan qaldırmaq məqsədilə Cenevrədə əldə olunmuş sövdələşmə şərtlərinə əməl edlməsinə nail olmaq üçün müavininin Donetsk şəhərinə yollanacağını deyib. Ötən həftə Cenevrədə Rusiya, Ukrayna, Aİ və ABŞ Ukraynada qanunsuz hərbi qruplaşmaların buraxılması və zəbt olunmuş hökümət binalarının boşaldılması barədə razılıq əldə ediblər. Lakin rusiyapərəst separatçıların Donetskdəki təmsilçisi Kiyev hökümətinin "qeyri-qanuni" olduğunu bəyan edərək həmin qüvvələrin təslim olmayacağını bildirib. Rusiya XİN-i Slovyanskdakı blok-posta hücumun arxasında Ukraynanın radikal sağçı "Sağ sektor" qrupunun durduğunu qeyd edib. Moskva bu insidentin "Kiyevdəki rəsmilərin bir hissəsinin millətçiləri və ekstermisləri idarə və tərksilah etmək istəmədiklərini" sübut etdiyini bəyan edib. Ukraynanın "Sag sektor" qrupu isə Facebook-da dərc etdiyi cavab bəyanatında Slovyanskdakı hadisələrlə heç bir əlaqəsinin olmadığını vurğulayıb. "Sag sektor" baş vermiş təxribatın Rusiya xüsusi xidmət orqanlarının dəstxəttinə daha çox bənzədiyini qeyd edib./bbc.co.uk/