Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsü sürücülərin ixtiyarına verilib.
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən körpünün uzunluğu 422 metr, eni 14 metr, hərəkət hissəsinin eni 12 metr, orta aşırımda dəniz səviyyəsindən hündürlüyü isə 11 metrdir. Körpü 9 aşırımdan ibarətdir (42x4 + 86 + 42x4 = 422 m).
Körpünün alt hissəsindən gəmilərin rahat və maneəsiz şəkildə hərəkəti üçün xüsusi keçid hissənin açılması da yekunlaşmaq üzrədir. Bunun üçün körpünün alt hissəsinin və mövcud yolun qazılması işləri aparılır. Hazırda Qala-Pirallahı I texniki dərəcəli avtomobil yolunun sonundan körpünün girişinə qədər olan avtomobil yolunun II texniki dərəcəyə uyğun yenidənqurulması işlərinə də start verilib. 730 metr uzunluğunda olan yolun eni 12 metr olacaq. Qeyd edək ki, “Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yol üzərində körpünün tikintisi və yol boyunca sahil bərkitmə işlərinin aparılması” layihəsi üzrə tikinti işlərinə 2012-ci ilin sentyabr ayında başlanılıb.