Strategiya.az bildirir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 2016-cı ilin yekunları ilə əlaqədar AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
-2016-cı il aprel döyüşləri, prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri ilə yadda qaldı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesini necə xarakterizə edərdiniz?
-Ermənistan xoşniyyətli danışıqlar aparmaq əvəzinə, münaqişənin sülh yolu ilə həllinə yönəlik bütün cəhdləri açıq şəkildə pozur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymayan və beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir, qanlı etnik təmizləmə nəticəsində məcburi köçkünə çevrilmiş yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarına geri qayıtmasının qarşısını alır və işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə mövcud status-kvonu daha da gücləndirməyə çalışır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişin olmasına imkan verməmək üçün Ermənistan tərəfi həmişə təxribatçı əməllərə əl atır. 2014-cü ilin sonunda prezidentlərin Paris görüşündən sonra Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində 40 mindən çox şəxsi heyətin iştirakı ilə hərbi təlimlərə başladı və məlum helikopter insidentinin baş verməsinə rəvac verərək vəziyyəti gərginləşdirdi. 2015-ci il ərzində və 2016-cı ilin əvvəlində də münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə edildiyi halda, Ermənistan tərəfi hücum xarakterli yeni hərbi doktrina qəbul etdi və aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutaraq, məlum aprel hadisələrinin baş verməsinin səbəbkarı oldu. Ermənistanın məsuliyyətsiz hücumları nəticəsində uşaqlar da daxil olmaqla, 6 nəfər həlak oldu, 33 nəfər ciddi yaralandı.
Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verdi, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad etdi. Aprel hadisələri zamanı Azərbaycan həm hərbi-diplomatik üstünlüyünü ortaya qoydu, həm də informasiya müharibəsində bu vaxta kimi apardığı davamlı fəaliyyətin nəticəsini gördü. Hadisələrin ilk dəqiqələrindən Xarici İşlər Nazirliyi vaxtaşırı bəyanatlar verərək Ermənistanın təxribatçı əməlləri barədə dünya ictimaiyyətini məlumatlandırdı. Dünyanın aparıcı informasiya agentlikləri XİN-in bəyanatlarına və açıqlamalarına istinad etdilər, xarici KİV nümayəndələrinin və diplomatik korpusun qoşunların təmas xəttinə səfərləri təşkil olundu. Onlar dövlət orqanları ilə əlaqəli şəkildə Azərbaycan həqiqətlərini dünyaya çatdıra bildilər, ölkəmizin diplomatik nümayəndəlikləri və konsulluqları bu prosesə yaxından qoşuldu və akkreditə olunduqları ölkə rəsmilərini və ictimaiyyətini məlumatlandırdılar. Sevindirici haldır ki, dünyanın nüfuzlu media orqanlarında ölkəmizin ədalətli mövqeyini əks etdirən çoxsaylı məqalələr dərc edildi, foto və videoreportajlar efirə getdi.
Beynəlxalq ictimaiyyət bir daha şahidi oldu ki, status-kvonun saxlanması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalmaqdadır.
ATƏT-in Minsk qrupunun həmsədrləri dövlət başçıları səviyyəsində dəfələrlə status-kvonun qəbuledilməz və qeyri-davamlı olması barədə bəyanatlarla çıxış ediblər. Azərbaycan hazırkı status-kvonun dəyişməsində ən maraqlı tərəfdir. Bu xüsusda, biz Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndiririk. Biz bu fürsəti davam etdirməli və həmin görüşlərdə əldə olunmuş razılaşmaları gecikdirmədən konkret tədbirlərə çevirməliyik.
Siyasi müstəvidə əsaslı konkret nəticələr vəziyyəti köklü şəkildə dəyişəcək. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması, regional nəqliyyat və kommunikasiya xətlərinin bərpa edilməsi və müvafiq təhlükəsizlik tədbirlərini təmin edərək məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və şərəfli qayıdışından başlamaqla münaqişənin fəsadlarının mərhələli şəkildə aradan qaldırılması münaqişə dinamikasının dəyişməsinə və regionda ümumi təhlükəsizlik mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaq. Bu yanaşma BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanır və xüsusilə, 1994-cü il Budapeşt Sammitinin qərarı daxil olmaqla, ATƏT-in qərarlarında təsdiq olunub.
Ermənistanın işğalçı siyasəti heç zaman uğurla nəticələnə bilməz. Ermənistan bu reallığı nə qədər tez dərk etsə və silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarsa, münaqişə bir o qədər tez həll ediləcək, habelə Ermənistan və onun əhalisi əməkdaşlığın perspektivləri, eləcə də iqtisadi inkişafdan faydalanacaq.
Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin xarici işlər nazirlərinin son bəyanatında qeyd olunduğu kimi, həmsədrlərlə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək. Eyni zamanda, bu məqsədlə bütün beynəlxalq platformaların imkanlarından istifadə ediləcək.
-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ Azərbaycan diplomatiyasının səyləri nəticəsində il ərzində digər beynəlxalq təşkilatların da gündəliyinə çıxarılıb. Bu barədə hansı əsas məqamları qeyd edərdiniz?
-Azərbaycan üzv olduğu bütün müvafiq beynəlxalq təşkilatların tribunalarından istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət və GUAM ərazisində həlli uzadılmış münaqişələr kimi gündəlik maddələri saxlanılır. Bu əsasda Azərbaycan BMT Baş Assambleyasının tribunasından istifadə edərək münaqişənin müxtəlif aspektlərini gündəmə gətirir və müzakirələrə çıxarır. BMT sistemi ilə bərabər, digər beynəlxalq təşkilatlarla da fəal iş aparılır.
İslam Əməkdaşlıq Təşkilatının aprelin 10-15-də İstanbulda dövlətimizin başçısının iştirakı ilə keçirilmiş 13-cü sessiyası ölkəmizin maraqlarına cavab verən bir sıra qərarların qəbul edilməsi ilə yadda qaldı.
Bu mövqe İstanbul Zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçıları tərəfindən yekdilliklə qəbul edilmiş kommunikenin müvafiq olaraq 16-cı və 17-ci bəndlərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün qınanılmasına dair İƏT üzv dövlətlərinin prinsipial mövqeyi bir daha ifadə olunaraq, Ermənistandan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icra edilməsi və öz silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ətraf rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Həmçinin yekun kommunikedə üzv dövlətlər tərəfindən Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində davamlı olaraq həyata keçirdiyi hücumları, bu ilin aprel ayında cəbhədə vəziyyəti gərginləşdirməsi və bunların nəticəsində mülki insanlara, sosial və iqtisadi infrastruktura və digər obyektlərə zərərlərin yetirilməsi qəti olaraq pislənilir.
Sammitin nəticəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun yaradılması vacib qərarlardan biridir. Sözügedən qrupun tərkibinə Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxil olub. Coğrafi təmsilçilik prinsipi ilə götürdükdə İƏT çərçivəsindəki bütün regionlar təmsil olunub. Bu ilin sentyabr ayında BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilmiş 71-ci sessiyası çərçivəsində İƏT baş katibinin sədrliyi ilə Kontakt Qrupunun ilk iclası keçirildi.
İyulun 8-9-da NATO-nun Varşavada keçirilmiş Zirvə toplantısında üzv dövlətlərin qəbul etdiyi yekun kommunikenin 24-cü paraqrafında dövlət və hökumət başçıları Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləməyə sadiq olduqlarını bir daha vurğuladılar, Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn bu prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həllini dəstəklədiklərini ifadə etdilər. Əvvəlki Zirvə toplantılarında da üzv dövlətlər tərəfindən eyni mövqe ifadə olunmuşdu.
Qoşulmama Hərəkatına üzv ölkələrin sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin yekun sənədində isə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması, beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə etdilər və münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırdılar.
Həmçinin oktyabrın 18-19-da İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən 43-cü sessiyasında Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılmasına dair qətnamələr qəbul olundu.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hazırladığı “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabat BMT Baş Assambleyasının 70-ci sessiyasının gündəliyinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və digər müvafiq adlı bəndlərə uyğun olaraq, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Bu ilin mart ayında təqdim edilən “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabat erməni mənbələrinin məlumatları əsasında hazırlanıb. Hesabatda ölkəmizin işğal olunmuş ərazilərində beynəlxalq hüquqa məhəl qoyulmadan Ermənistan tərəfindən məskunlaşmanın həyata keçirilməsi, şəxsi və dövlət mülkiyyətində olan obyektlərin, maddi-mədəniyyət abidələrinin, təbii və digər sərvətlərin vəhşicəsinə istismarı, talan edilməsi və qeyri-qanuni ticarəti kimi davamlı qanunsuz fəaliyyəti sübut edən kifayət qədər təsdiqedici dəlillər öz əksini tapıb.
İl ərzində beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qərar və qətnamələr Azərbaycanın ədalətli mövqeyini və münaqişənin həllinin siyasi-hüquqi əsaslarını daha da gücləndirir. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və digər beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş bu kimi çoxsaylı qərar, qətnamə və bəyanatlar münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin qəti iradəsinin ifadəsidir.
Münaqişənin həlli prosesində hər hansı təsisat inhisarçı rola iddia edə bilməz. Ermənistanın ölkəmizə qarşı təcavüz və işğalının nəticələri aradan qaldırılana, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunana qədər bütün müvafiq beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinin gündəmə gətirilməsi siyasətimiz davam etdiriləcək.
-2016-cı ili ikitərəfli əlaqələrimizin inkişafı, qarşılıqlı səfərlərin intensivliyi baxımından necə qiymətləndirirsiniz?
-Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində tanınmış və hesablaşılan güclü ölkədir, regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir. Bu uğurlar əsasını ulu öndər Heydər Əliyevin qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən və praqmatik xarici siyasət strategiyası sayəsində qazanılıb.
2016-cı il Azərbaycanın ikitərəfli əlaqələrinin inkişafı baxımından məhsuldar və faydalı olub. İkitərəfli əlaqələrimizin inkişafında qonşu dövlətlər olan Türkiyə, Rusiya, İran və Gürcüstan ilə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığımızın genişlənməsi xüsusi olaraq qeyd edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Baş nazir Artur Rasizadənin, Milli Məclisin sədri Oqtay Əsədovun, həmçinin xarici işlər naziri kimi mənim və digər hökumət nümayəndələrinin xarici ölkələrə çoxsaylı səfərləri, o cümlədən çoxlu sayda dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin və digər səviyyədə olan nümayəndə heyətlərinin ölkəmizə səfəri ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirib.
Bu il Qətərin Əmiri, Ukrayna, Venesuela, Xorvatiya, Belarus prezidentləri Azərbaycana rəsmi, Türkiyə, İran və Rusiya prezidentləri işgüzar səfər ediblər. Həmçinin Rusiya Hökumətinin sədri, Macarıstan, Türkiyə və Pakistanın baş nazirləri Azərbaycanda rəsmi, İsrailin Baş naziri isə işgüzar səfərdə olub. Azərbaycanın ev sahibliyi etdiyi IV Qlobal Bakı Forumu və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə Monteneqro, Bolqarıstan, Gürcüstan, Albaniya, Malta və digər ölkələrin dövlət başçıları ölkəmizdə səfərdə olublar.
Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinə və İrana rəsmi, Avstriya, Almaniya və Rusiyaya işgüzar səfərlər edib.
Qeyd olunan dövrdə, həmçinin Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə (Davos), “Suriyaya və regiona dəstək” konfransında iştirak məqsədilə Böyük Britaniyaya (London), 52-ci Münxen Təhlükəsizlik Konfransında iştirak məqsədilə Almaniyaya (Münxen), Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Türkiyəyə (Ankara), IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak məqsədilə ABŞ-a (Vaşinqton), İslam Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak məqsədilə Türkiyəyə (İstanbul), Ümumdünya Humanitar Sammitində iştirak məqsədilə Türkiyəyə (İstanbul), NATO Zirvə toplantısında iştirak etmək üçün Polşaya (Varşava), MDB iştirakçı dövlətlərinin Dövlət Başçıları Şurasının iclasında iştirak məqsədilə Qırğızıstana (Bişkek), 23-cü Ümumdünya Energetika Konqresində iştirak məqsədilə Türkiyəyə (İstanbul) səfərləri əlaqələrimizin ikitərəfli və çoxtərəfli əsasda inkişaf etdirilməsi, ölkəmizin qlobal siyasi, iqtisadi, təhlükəsizlik və humanitar məsələlərə dair mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edib.
İl ərzində xarici işlər naziri olaraq, Gürcüstan, İsveçrə, Lixtenşteyn, Misir və Portuqaliyaya rəsmi, Rusiya (iki dəfə), Çin, Almaniya və Fransaya (iki dəfə) işgüzar səfər etmişəm. İyirmiyə yaxın beynəlxalq tədbirdə iştirak edərək müxtəlif məsələlər üzrə ölkəmizin mövqeyini səsləndirmişəm. İl ərzində Yunanıstan, Gürcüstan, Malta, Almaniya, İtaliya, Cənubi Afrika Respublikası, Bosniya və Herseqovina xarici işlər nazirləri Azərbaycanda rəsmi, İsveç, Rusiya (iki dəfə), Türkiyə (iki dəfə) xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi işgüzar səfərdə olublar. Həmçinin beynəlxalq tədbirlər zamanı mövcud olan imkanlardan istifadə edərək digər ölkələrdən olan həmkarlarla çoxsaylı görüşlər keçirmişəm. Digər ölkələrlə ikitərəfli müqavilə-hüquq bazamızın genişləndirilməsi məqsədilə müxtəlif sahələri əhatə edən onlarla müqavilə imzalanıb.
Beynəlxalq tədbirlərdə Azərbaycanın fəal iştirakı və ikitərəfli qarşılıqlı səfərlər ölkəmizin regionda və dünyada önəmini göstərir və bizim üçün yeni imkanlar açır.
İkitərəfli səviyyədə olan əlaqələrimiz üçtərəfli formatda regional əməkdaşlıq mexanizmləri vasitəsilə daha da inkişaf edir. 2016-cı ildə Azərbaycan-Rusiya-İran prezidentlərinin, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin üçtərəfli formatda görüşləri keçirilib. Bu üçtərəfli görüşlərin keçirilməsi regionda təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilmiş Azərbaycan, Rusiya və İran dövlət başçılarının üçtərəfli görüşü və yekunda qəbul edilmiş Birgə Bəyannamə siyasi, iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaratdı. Bu formatda əməkdaşlıq, eləcə də Cənub və Cənub-Şərqi Asiyadan Şimali Avropaya qədər uzanan xətt üzrə transregional əməkdaşlığı təşviq edən strateji əhəmiyyətə malikdir.
Ümumiyyətlə, üçtərəfli formatda əməkdaşlıq mexanizmi ölkəmizin region dövlətləri ilə uğurlu ikitərəfli əməkdaşlığını tamamlayaraq onun üçtərəfli əsasda hərtərəfli inkişafı üçün münbit zəmin yaradır, regional məsələlər üzrə siyasi dialoqu və iqtisadi-ticarət əlaqələrini daha da yüksək səviyyəyə qaldırmaq üçün əlverişli imkanlar vəd edir. Bundan sonra da mövcud üçtərəfli formatlarda əməkdaşlıq davam etdiriləcək və yeni üçtərəfli mexanizmlərin yaradılması imkanları nəzərdən keçiriləcək.
-Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması ilə bağlı Xəzəryanı ölkələrin dövlət başçılarının sonuncu Sammiti barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, statusun müəyyən edilməsi ilə bağlı əməkdaşlıq hansı səviyyədədir?
-Məlum olduğu kimi, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar prosesi Xəzəryanı ölkələrin dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində beştərəfli formatda, həmçinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupu çərçivəsində davam etdirilir.
İndiyə qədər Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı 47 iclas keçirilib. Həmçinin 2002-ci ildən etibarən Aşqabad, Tehran, Bakı və Həştərxan şəhərlərində olmaqla, Xəzəryanı ölkələrin dövlət başçılarının 4 sammiti təşkil olunub. Həştərxanda dövlət başçılarının növbəti Sammitinin 2017-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilməsi barədə qərar qəbul edilib.
Həştərxan Sammitində dövlət başçılarının qəbul olunmuş Birgə Bəyannaməsində Xəzər dənizinin bir çox prinsipial məsələlərinə dair vacib razılaşmalar əldə edilib və bu razılaşmalar bütün nümayəndələr tərəfindən təsdiq olunmaqla konvensiya layihəsində öz əksini tapıb. Xəzərin hüquqi statusu ilə bağlı danışıqların hazırkı mərhələsi yekun mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Statusla bağlı Konvensiyanın əksər maddələrinin demək olar ki, ümumilikdə, 80 faizə qədəri razılaşdırılıb.
Həm Bakı, həm Həştərxan sammitlərindən sonra Xəzər dənizinin hüquqi statusuna dair bir çox vacib məsələlər öz həllini tapıb. Bu məsələlər içərisində su səthinin bölünməsi, hüquqi rejimlərin razılaşdırılması, təhlükəsizlik, gəmiçilik, bioloji resursların qorunması və istifadə olunması, fövqəladə hallar, hidrometeorologiya ilə bağlı məsələlər həm konvensiya layihəsi, həm də imzalanmış bir çox sazişlər vasitəsilə Xəzəryanı ölkələrin əməkdaşlığını və fəaliyyətini təmin edir və tənzimləyir.
Statusla bağlı tam razılıq əldə olunacağı təqdirdə, Astana Sammiti Xəzəryanı ölkələrin gələcək qarşılıqlı əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün hərtərəfli hüquqi əsas yaradacaq.
Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda, həmçinin tərəflər arasında, xüsusən regional sabitlik, təhlükəsizlik və Xəzər hövzəsində iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərdə inam və etibarın möhkəmləndirilməsi yolu ilə həll olunur.
-Dövlətimizin başçısı tərəfindən Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji istiqamətlər müəyyən olunub. İqtisadi diplomatiyamız bu hədəfləri necə dəstəkləyir?
-Son illər dünya iqtisadiyyatının üzləşdiyi böhran və geriləmələr digər ölkələr kimi Azərbaycana da öz təsirlərini göstərir. Böhranın təsirlərini, habelə enerjidən asılılığı azaltmaq, iqtisadiyyatın şaxələndirilməsini təmin etmək, qeyri-neft sektorunu inkişaf etdirmək və ixrac potensialını təşviq etmək məqsədilə dövlət başçımız tərəfindən ölkədə aparılan iqtisadi islahatlar, imzalanan fərman və sərəncamlar artıq öz müsbət nəticələrini verməkdədir. Bu xüsusda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi iqtisadi diplomatiyamızın həyata keçirilməsi üçün fundamental baza rolunu oynayır və qarşımıza böyük vəzifələr qoyur.
Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, ölkənin iqtisadi potensialının xaricdə təşviq olunması, qeyri-neft sektorunun şaxələndirilməsi, ixracın təşviqi və genişləndirilməsi, xarici sərmayələrin ölkəmizə cəlb edilməsi, tərəfdaş ölkələrə Azərbaycan sərmayələrinin yatırılmasının təşviqi, xarici turistlərin ölkəmizə cəlb edilməsi, Azərbaycanın və xarici ölkələrin dövlət və işgüzar dairələrinin nümayəndələrinin səfərlərinin təşkili, iqtisadi əməkdaşlıq üzrə Azərbaycanın xarici dövlətlərlə birgə hökumətlərarası komissiya və işçi qruplarının iclaslarının keçirilməsi, iqtisadi-ticarət əməkdaşlığının hüquqi çərçivələrinin formalaşdırılması, ölkəmizdə istehsal olunan məhsul və xidmətlərin yeni bazarlara çıxarılması, eyni zamanda, xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkə iqtisadiyyatında tətbiqi imkanlarının araşdırılması iqtisadi diplomatiyamızın əsas istiqamətlərindəndir.
2016-cı il ərzində 16 ölkə ilə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyaların iclasları keçirilib. İclaslarda Azərbaycanın bu ölkələrlə gələcək iqtisadi əməkdaşlığının istiqamətləri müəyyən edilib və iclasların yekunu üzrə imzalanmış protokollara konkret əməkdaşlıq məsələlərinə dair razılaşmalar daxil edilib. Komissiyaların iclasları ərəfəsində Azərbaycan tərəfi, həmçinin bu ölkələrlə işğal olunmuş ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması məqsədilə əməkdaşlıq üzrə ikitərəfli əsasda iş aparılıb və bu istiqamətdə razılıqlar əldə edilib.
İl ərzində 11 ölkə ilə (Xorvatiya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Monako, Yaponiya, Bolqarıstan, İran, İtaliya, Gürcüstan, İspaniya, Pakistan, Macarıstan) biznes-forumlar keçirilib.
“Made in Azerbaijan” brendi diplomatik nümayəndəlik və konsulluqlarımız tərəfindən də dünyada təbliğ və təşviq olunur. Xarici turistlərin ölkəyə cəlb edilməsində mühüm addım olacaq “ASAN viza” sisteminin tezliklə tətbiqi nəzərdə tutulub.
Ölkəmizin əlverişli coğrafi mövqeyindən faydalanıb regional nəqliyyat dəhlizlərinin işə salınması istiqamətində tərəfdaşlarla birlikdə ciddi irəliləyişə nail olunub. Avrasiya üzrə multimodal nəqliyyat həcmini artıracaq, sərnişin və yük daşımaları üçün rəqabətli mühit yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolunun inşası tezliklə başa çatacaq. Sözügedən layihə Çinin irəli sürdüyü İpək Yolu İqtisadi Kəməri konsepsiyasının vacib komponentlərindən biri olacaq. Bu ilin avqustunda Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakı görüşü digər məsələlərlə bərabər, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına xüsusi təkan verib. Əminik ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu layihəsinin tamamlanması iqtisadi artıma yeni stimul verəcək. Layihəyə cəlb olunan ölkələr, həmçinin bütün region üçün nəqliyyat imkanlarını genişləndirəcək. Mənim Çin, Hindistan və digər Cənub, Cənubi-Şərqi Asiya ölkələrinin nümayəndələri ilə görüşlərimdə həm iqtisadi, həm də zaman baxımından sərfəli olan bu layihəyə böyük maraq göstərilir və onlar marşrutun işə düşməsini səbirsizliklə gözləyirlər.
Bundan başqa, Azərbaycan irimiqyaslı enerji layihəsinin – “Cənub Qaz Dəhlizi” layihəsinin təşəbbüskarıdır. Bu, enerji əməkdaşlığı və enerji təhlükəsizliyi layihəsidir. “Cənub Qaz Dəhlizi”nin vacib komponentləri olan “Şahdəniz-2”, TANAP və TAP layihələrinin icrası istiqamətində Azərbaycan tərəfdaşlarla birlikdə davamlı siyasətini davam etdirir. Hazırda “Cənub Qaz Dəhlizi” layihəsinin üzvləri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Sonrakı mərhələdə Balkan ölkələrinin də layihəyə qoşulacağı gözlənilir.
Hesabat ili ərzində, həmçinin ölkəmizin işğal edilmiş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması, xüsusən bu ərazilərdə mövcud resurslar hesabına istehsal edilmiş məhsulların xarici bazarlara daxil olmasına yol verilməməsi, eləcə də xarici məhsul və xidmətlərin işğal edilmiş ərazilərimizə ötürülməməsi kimi məsələlər diqqət mərkəzində olub. Bu xüsusda, açıq və digər mənbələrdən aşkarlanmış faktlar tərəfimizdən araşdırılıb və bunun qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülüb.
-Geridə qoyduğumuz il Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı və çoxtərəfli diplomatiyamızın inkişafı baxımından əsasən hansı məqamlarla yadda qaldı?
-Çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində pozitiv gündəliyin formalaşdırılması Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan universal beynəlxalq təşkilat kimi BMT və onun ixtisaslaşmış təsisatları ilə əməkdaşlığa, BMT-nin ali orqanları olan Təhlükəsizlik Şurası və Baş Assambleyanın dövrün tələblərinə uyğun olaraq islah edilməsi və effektivliyinin artırılmasına xüsusi önəm verir.
Bu ilin iyun ayında Azərbaycan BMT Baş Assambleyasında keçirilmiş səsvermədə iştirak edən 184 üzv dövlətdən 176-nın səsini qazanmaqla 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi. ECOSOC davamlı inkişafa dair peşəkar müzakirələr aparmaq üçün mərkəzi platforma olmaqla, bizə beynəlxalq inkişafa töhfə vermək üçün əlavə imkan yaradacaq.
BMT Baş Assambleyasından sonra 120 dövlətin iştirak etdiyi Qoşulmama Hərəkatı ən böyük beynəlxalq platformadır. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin yekun sənədində 2019-cu ildə XVIII Zirvə toplantısının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub. 2019-cu ildə Bakıda keçiriləcək XVIII Sammit səciyyəvi xarakter daşıyacaq. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. 2019-2022-ci illər ərzində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək.
Dekabrın 2-də Niderlandın Haaqa şəhərində keçirilən, 192 dövləti bir araya gətirən Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın (OPCW) üzv dövlətlərinin XXI konfransı zamanı Azərbaycan ilk dəfə olaraq təşkilatın İcraiyyə Şurasının 2017-2019-cu illər üzrə üzvlüyünə seçildi. Ölkəmizin namizədliyi konfransda iştirak edən dövlətlərin yekdil dəstəyini qazanıb.
Hesabat ilində Azərbaycan, həmçinin Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri postuna da seçilib.
Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsində mühüm platforma olan BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib. Yeddinci Forumun nəticəsi olaraq Bakı Bəyannaməsi qəbul edilib.
Dekabrın 4-də Hindistanın Amritsar şəhərində keçirilmiş “Asiyanın ürəyi – İstanbul prosesi”nin 6-cı Nazirlər Konfransının yekun Amritsar Bəyannaməsində Azərbaycan Respublikasının “İstanbul prosesi”nin həmsədr ölkəsi kimi 2017-ci ildə “Asiyanın ürəyi – İstanbul prosesi”nin növbəti Nazirlər Konfransına ev sahibliyi etməsinə dair təklifi alqışlanıb və qəbul edilib.
“İstanbul prosesi” 2011-ci il noyabrın 2-də İstanbul şəhərində keçirilmiş Nazirlər Konfransında Türkiyənin təşəbbüsü ilə yaradılıb. Bu proses “Asiyanın ürəyi” adlanan bölgənin dövlətləri üçün Əfqanıstan və onun qonşuları arasında təhlükəsizlik, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin müzakirə edilməsi üçün əlverişli platforma təşkil edir və Əfqanıstanda sülh, sabitlik və inkişafın təmin edilməsinə töhfə vermək məqsədini daşıyır.
Azərbaycan 2016-cı ildə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-a uğurla sədrlik edib. Ölkəmiz sədrlik dövründə GUAM çərçivəsində iqtisadiyyat-ticarət və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, habelə müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi, parlamentlərarası əlaqələrin təşviqi məsələlərinə öz töhfəsini verib.
Dekabrın 2-də UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Bu, Ermənistanın UNESCO çərçivəsində lavaş çörəkbişirmə ənənələrinin mənimsənilməsi istiqamətində olan təxribatçı addımlarına ciddi cavab idi.
Azərbaycan tamhüquqlu üzv olduğu digər beynəlxalq təşkilatlar çərçivəsində də fəallıq nümayiş etdirib və yeni əməkdaşlıq formalarının müəyyən edilməsi üçün təkliflər irəli sürüb. Bu xüsusda, ATƏT, Avropa Şurası, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, QDİƏT və başqaları qeyd oluna bilər.
-Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının indiki vəziyyəti və perspektivlərini necə görürsünüz?
-Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını 1996-cı il aprelin 22-də imzalanmış və 1999-cu il iyulun 1-də qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir. Bu saziş çərçivəsində siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadiyyat, qanunvericilik, mədəniyyət və digər sahələrdə genişmiqyaslı əməkdaşlıq nəzərdə tutulub. Sazişin imzalanmasından keçən 20 il ərzində Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı maraq kəsb edən bir çox sahələrdə sıx və faydalı əməkdaşlıq əlaqələri qurub.
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerji dialoqu təşkil edir. 2006-cı il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanlar yaradan bu sənəd ötən müddət ərzində tərəflər arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə də mühüm töhfələr verib.
Azərbaycanla Avropa İttifaqı arasında bütün sahələrdə olduğu kimi, enerji təhlükəsizliyi sahəsində də əməkdaşlığın inkişafı üçün zəngin perspektivlər var. Anlaşma Memorandumunun icrasının nəticəsi olaraq 2011-ci il yanvarın 13-də Azərbaycan və Avropa İttifaqı arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanıb. Təbii qazın Avropa bazarlarına nəqlini nəzərdə tutan bu əhəmiyyətli layihənin fəaliyyətə başlaması ilə Azərbaycan 2018-ci ildən sonra Avropanı ildə 10 milyard kubmetr, 2030-cu ildən etibarən isə il ərzində 25-30 milyard kubmetr qazla təmin edə biləcək. Bu, bir daha onu deməyə əsas verir ki, Azərbaycan uzunmüddətli dövr ərzində Avropanın enerji təchizatı mənbələrinin şaxələndirilməsinə və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.
Ona görə də sektoral əməkdaşlıqda Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının bünövrəsini təşkil edən enerji sahəsində strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilib. “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üzrə Məşvərət Şurasının ikinci toplantısı fevralın 29-da Bakı şəhərində keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirə Avropa İttifaqı tərəfindən xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqerini və enerji birliyi üzrə vitse-prezident Maroş Şevçoviç, həmçinin layihənin iştirakçısı olan ölkələrdən enerji nazirləri və digər yüksək səviyyəli qonaqlar da qatılıblar. İclasın sonunda “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə və layihənin Balkan bölgəsinə genişlənməsinə (Yunanıstan-Bolqarıstan bağlayıcı kəməri) dəstəyi əks etdirən Birgə Bəyannamə imzalanıb.
Azərbaycan 2009-cu ildən həyata keçirilən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsündə iştirak edir. Azərbaycan Avropa İttifaqı ilə sıx iqtisadi-ticarət əlaqələrinə malikdir. Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Avropa İttifaqına üzv olan ölkələr də Azərbaycanın əsas ticarət tərəfdaşları və ölkə iqtisadiyyatına sərmayə qoyan ən böyük investorlar siyahısına daxildir. Avropa İttifaqının 9 üzv ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri qurulub.
Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır və bununla əlaqədar olaraq 2015-ci ilin may ayında Riqada keçirilmiş “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin Sammitində Avropa İttifaqına “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında Saziş” layihəsini təqdim edib. Avropa İttifaqı Şurası artıq Azərbaycan ilə Avropa İttifaqı arasında sözügedən saziş layihəsinə dair rəsmi danışıqlara başlamaq üçün mandat verib. Hesab edirik ki, yeni sənəd təşkilatla ikitərəfli əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq və əməkdaşlığın hərtərəfli inkişafını təmin etmək üçün hüquqi baza yaradacaq. Hazırda sazişin hazırlanması üzrə tərəflərin nümayəndə heyətlərinin tərkibi formalaşdırılır. 2017-ci ilin əvvəlindən etibarən intensiv danışıqlar başlanılacaq.
2015-ci ildə Azərbaycanda səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Avropa İttifaqının mövqeyini bir daha ifadə edərək bildirmişdi ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir. Biz Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin bu il Azərbaycana səfəri zamanı keçirdiyimiz birgə mətbuat konfransında Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini açıq şəkildə bəyan etməsini yüksək qiymətləndiririk.
Avropa İttifaqının yeni qəbul edilmiş qlobal strategiyasında da dövlətlərin ərazi bütövlüyünün, suverenliyinin, müstəqilliyinin və sərhədlərinin toxunulmazlığının təmin olunmasının Avropa düzəninin əsasını təşkil etdiyi vurğulanır və bu prinsiplərin Avropa İttifaqı daxilində və Avropa İttifaqının sərhədləri xaricində bütün dövlətlərə şamil olunduğu bildirilir.
-Son dövrlər ən çox müzakirə olunan mövzulardan biri də multikulturalizmdir. Azərbaycanın beynəlxalq səviyyədə multikulturalizmin təşviqində rolunu necə qiymətləndirirsiniz?
-Avropa ilə Asiyanın sərhədində yerləşən Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə bir ailə kimi yaşayıblar. Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Dini dözümlülük və multikulturalizm Azərbaycanda hər zaman mövcud olub. Hətta “multikulturalizm” sözü mövcud olmadığı bir zamanda belə həmin ideyalar bizim torpaqlarda yaşayıb.
Biz bu istiqamətdə müxtəlif beynəlxalq tədbirləri ölkəmizdə keçirməklə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsində fəal rol oynayırıq. Eyni zamanda, qeyd etmək istəyirəm ki, 2016-cı il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Milli və beynəlxalq səviyyədə multikulturalizmin bəşəri ideallarını qoruyub saxlamaq və yaymaq tədbirlərini nəzərdə tutan xüsusi Tədbirlər Planı hazırlanıb. Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb və multikulturalizmə abidə ucaldılıb. Müxtəlif xalqların nümayəndələri, beynəlxalq təşkilatların rəsmiləri ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətini yüksək qiymətləndirirlər. Multikulturalizm çoxmillətli dövlətlərdə siyasi sabitlik yaradılması üçün ən səmərəli vasitədir. Azərbaycanın multikultural və tolerant ölkə olması dövlət və hökumət başçıları səviyyəsində hər zaman təqdir edilir. Bu ilin oktyabr ayında Roma Papası Fransisk Azərbaycana səfəri zamanı ölkəmizdəki dini dözümlülüyü və multikultural dəyərləri yüksək qiymətləndirib.
Bildiyiniz kimi, biz Bakı Beynəlxalq Humanitar Forumunu, hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təşkil edirik. Bu ilin aprel ayında Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib və Forumun nəticəsi olaraq Bakı Bəyannaməsi qəbul edilib. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərinin toplantısına, habelə Dünya Dini Liderlərinin Zirvə toplantısına ev sahibliyi etmişik. 2008-ci ildə biz “Bakı prosesi”nin təşəbbüskarı olduq ki, bu da mədəniyyətlərarası dialoq üçün geniş bir platformaya çevrildi. Gələn ilin aprel ayında Azərbaycan “Bakı prosesi” çərçivəsində 2011-ci ildən etibarən keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq üzrə IV Foruma ev sahibliyi edəcək. Bütün bu tədbirlər Azərbaycanın dünyada müsbət imicinin formalaşdırılmasına və tanınmasına xidmət edir, eyni zamanda, dünyadakı ayrı-seçkilik, düşmənçilik və zorakılığa qarşı mübarizəyə töhfə verir. Biz bu “təbii sərvətimiz”dən istifadə edib Azərbaycanı dünyada təbliğ edirik və beynəlxalq səviyyədə anlaşma və dialoqun güclənməsinə dəstəyimizi veririk.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM