Bakıda minik avtomobilinin sürücüsü və onun yanındakı sərnişin yol verməmək üstündə avtobus sürücüsünü döyüblər.
Avtosfer.az bildirir ki, hadisə dekabrın 26-da saat 12.40-da Yasamal rayonu ərazisində baş verib.
"KİA" markalı, 90-RG-545 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 96 saylı marşrut üzrə hərəkət edən 10-TG-042 dövlət nömrə nişanlı avtobusun qarşısına keçib və qəza şəraiti yaradıb.
Təqdim olunan videodan görünür ki, avtobus sürücüsü onlara irad bildirdikdə söyüşlə üzləşib və avtobusu saxlayaraq onlarla söhbət etmək üçün yerə düşüb. Bu zaman "KİA"nın sürücüsü və yanındakı sərnişin avtobus sürücüsünə hücum çəkərək onu döyməyə başlayıblar.
Onları sərnişinlər sakitləşdiriblər.
Dava nəticəsində avtobus sürücüsünün alnı partlayıb və qan içində avtobusa qayıdaraq yoluna davam edib.