DİN Baş Dövlət Yol Polisi İdarəsi cərimələri vaxtında ödəməyən piyadalarla bağlı sərt addım atıb.
Avtosfer.az xəbər verir ki, DYP yazılmış protokollar üzrə aylarla cərimə ödəməyən piyadalarla bağlı materialları aidiyyəti üzrə rayon məhkəmələrinə göndərib. Məhkəmələr tərəfindən həmin işlərə baxıldıqdan sonra icraçılar cərimələrin ödənilməsini təmin edəcəklər. Bunun üçün icra məmurları piyadaların yaşadığı ünvanlara gələcəklər. İlk növbədə cərimənin ödənilməsi tələb olunacaq. Bunu etməyən piyadanın hər hansı əmlakına həbs qoyulacaq. Ola bilər ki, cəriməni ödəməyən piyadanın mobil telefonu, hansısa qiymətli ev əşyası məhkəmə icraçıları tərəfindən müsadirə edilərək hərraca çıxarılsın.
Baş Dövlət Yol Polisi İdarəsindən piyadalarla bağlı materialların məhkəmələrə göndərilməsi xəbərini sayta təsdiq ediblər. Bildirilib ki, aparılan təhlillərə əsasən, illərlə cərimə ödəməyən piyadalar var. Hətta elələri var ki, il ərzində 6-7 dəfə qayda pozaraq cərimə olunsa da, cəriməni ödəməyib. Bütün bunları nəzərə alan DYP həmin şəxslərlə bağlı materialları məhkəmələrə göndərib. Gələcəkdə isə başqa addımların da atılacağı gözlənilir. Məsələn, cəriməni 3 aydan artıq ödəməyən piyada ölkəni tərk edə bilməyəcək. Cərimələr onların maaşından tutulacaq və ya banklardan kredit götürə bilməyəcəklər. Hazırda bu istiqamətdə müxtəlif mexanizmlər hazırlanır.
Qeyd edək ki, yol hərəkəti qaydalarını pozan piyadalara qarşı cərimə məbləği 20 manatdır. Bu cərimə 3 ay ərzində ödənilmədikdə üzərinə faiz hesablanır və 32 manat təşkil edir.