Azərbaycan və İslam İnkişaf Bankı (İİB) arasında Azərbaycan Hökuməti ilə İİB arasında Azərbaycanda İslam maliyyələşdirilməsi üzrə hüquqi bazanın işlənib hazırlanmasına dair texniki dəstək haqqında qrant sazişi imzalanıb.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, sənədə əsasən, Azərbaycanda bank sahəsində mövcud qanunvericiliyin təhlili, ölkəmizdə islam bankçılığının tətbiqi imkanlarının araşdırılması və müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur.
İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb. Kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı və s. sahələri əhatə edən bu layihələrin 14-ü artıq başa çatıb, 4 layihənin icrası isə davam edir.
Sazişi Azərbaycan hökuməti adından iqtisadiyyat naziri Ş.Mustafayev, İİB adından isə bankın vitse-prezidenti Sayed Ağa imzalayıblar.