Qaz çəkmək üçün 20-dən çox sakindən pul alan şirkət yoxa çıxıb.
“Xəzər Xəbər” bildirir ki, yaşayış evlərinə qaz xətlərinin podratçı şirkətlər tərəfindən çəkilməsi bir çox hallarda vətəndaşlara problem yaradır. Əksər hallarda işlər ya tam təhvil verilmir, ya da şirkət pulu yığıb sonda aradan çıxır.
Belə hadisələrdən biri paytaxtın Binə qəsəbəsi südçülük savxozunda yaşayan sakinlərin başına gəlib.
Özünü əvvəl "Azəriqaz"ın işçisi kimi təqdim edən edən Emin adlı şəxs sonradan fərqli şirkətlərin adını verərək vətəndaşlardan ümumilikdə 9 min manata yaxın pul alıb.
Sakinlərin hesabına evlərə qədər qaz boruları çəkilsə də, sonradan bu proses tamamilə dayanıb. İndi bu qaz boruları sadəcə gözdağı kimi qalıb.
Saxta şirkət nümayəndəsi hətta bəzi sakinlərin evlərinin sənədini də özü ilə aparıb.
Vətəndaşlar bu barədə polisə şikayət etsələr də, aralarında heç bir müqavilə bağlanmadığına görə indi həmin şirkəti tapa bilmirlər.
Məsələ ilə bağlı "Azəriqaz" ASC-dən bildirilib ki, onlar podratçı şirkət ilə vətəndaşlar arasında olan məsələlərə qarışmırlar. "Azəriqaz" həmin ərazidə işlər tam görülüb qurtardıqdan sonra layihəyə baxış keçirib, qiymətləndirməlidir. Və yalnız bundan sonra, layihə norma və tələblərə uyğundursa, pulsuz sayğaclar verilir və evlər qazla təmin olunur.