Dünən saat 18:30 radələrində həyat yoldaşı və qızı ilə birgə faciəvi şəkildə ölən 1954-cü il təvəllüdlü Ağayev Güloğlan Abı oğlunun baytar həkimi olduğu məlum olub.
Bildirilir ki, G.Ağayev ailəsi ilə birgə Sabirabadın Qalağayın qəsəbəsində yaşayıb və dünən bacısını görmək üçün Saatlının Sarıcalar kəndinə gəlib. Onlar Qalağayına qayıdarkən G.Ağayevin sürdüyü “VAZ 2106” markalı minik avtomobili dəmir yolu xəttinin üstündə sönüb. 63 yaşlı kişi yaxınlaşmaqda olan teplavoz gələnədək avtomobili işə salıb hərəkət edə biləcəyini düşünüb və maşından düşməyib. Lakin mühərriki işə salmaq mümkün olmayıb və sürətini azalda bilməyən teplavoz ata - 1954-cü il təvəllüdlü Ağayev Güloğlan Abı oğlu, ana - 1955-ci il təvəllüdlü Ağayeva Hökumə Murtuz qızı və qızları - 1998-ci il təvəllüdlü Lamiyə Ağayevanın olduğu avtomobili əzərək bir xeyli sürüyüb. Onlar hadisə yerindəcə vəfat edib.
Sarıcalılar kənd sakinləri bildirib ki, həmin ərazidəki dəmir yolu keçidində son illərədək şlaqbaum olub və post yerləşib. Bir müddət əvvəl orada işləyən 4 dəmiryolçu ixtisara düşərək işdən çıxarılıb və şlaqbaum da ləğv edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. ( Lent.az)