Fervalın 27-də "Rossiya 24" dövlət telekanalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə müsahibəni təqdim edib.
Trend-in məlumatına görə, telekanalın müxbiri Denis Davıdov, ilk növbədə, Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib və bu təklifin necə gəldiyi, ailə şurasında müzakirə olunub-olunmadığı ilə maraqlanıb.
Mehriban xanım Əliyeva bildirib: "Bu hadisə məni çox həyəcanlandırdı. Təbii ki, bu qərarı rəsmən elan ediləndən bir qədər əvvəl öyrəndim. Ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməyim barədə qərar Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi. Əlbəttə, yəqin ki, burada artıq uzun illərdir təkcə həyat yoldaşı olmağım deyil, həm də Prezidentin silahdaşı olmağım rol oynadı. Amma, fikrimcə, onun qərarı buna əsaslanmırdı. Əsas o idi ki, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti vəzifəsində hər şeydən əvvəl Azərbaycan xalqının və ölkənin maraqlarından çıxış edir. O bu qərarı da həmin prinsiplərdən çıxış edərək qəbul etdi. Ona görə də mənim üzərimə düşən məsuliyyət həddindən artıq böyükdür və mən Prezidentin etimadını doğrultmalıyam, ən əsası, inamı, gözləntiləri olan insanların etimadını doğrultmalıyam. Mən bunu etməyə çalışacağam".
- Siz dərhal razılaşdınız?
- Biz müzakirə etdik, götür-qoy etdik. Əsas şübhələrim üzərimə qoyulan məsuliyyətin öhdəsindən nə dərəcədə gələ biləcəyimlə bağlı olub. Ümid edirəm ki, mən bacaracağam və buna inanmaq istərdim.
- Azərbaycan üçün vitse-prezidentlik institutu, həmçinin Birinci vitse-prezident vəzifəsi prinsipcə yenidir. Əslində, bu, əhəmiyyətinə görə ölkədə ikinci vəzifədir. Sizin səlahiyyətləriniz hansılardır və hansı sahələrlə məşğul olacaqsınız?
- Elə alındı ki, mən uzun illərdir Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirəm. Artıq bir neçə ildir mən ölkənin 700 minə yaxın vətəndaşını birləşdirən ən böyük partiyanın - Yeni Azərbaycan Partiyasının sədr müaviniyəm, artıq 12 ildən çoxdur Milli Məclisin deputatıyam və yeri gəlmişkən, hesab edirəm ki, mənim bu sahədə fəaliyyətim, gələcəkdə mənə çox kömək olacaq, çünki seçicilərlə, insanlarla ünsiyyət çox böyük təcrübədir və bu təcrübə problemin həllini necə tapmaq, bu və ya digər problemi necə həll etmək yollarını tapmaq deməkdir.
Bundan başqa, mən artıq 14 ildir Heydər Əliyev Fonduna rəhbərlik edirəm. Heydər Əliyev Fondu qeyri-hökumət təşkilatıdır və nənki Azərbaycanda, eləcə də bütün regionda ən böyük fonddur. Fondun fəaliyyəti o qədər hərtərəflidir ki, biz bu illər ərzində o qədər iri, ölkə miqyasında o qədər mühüm layihələr, uğurlu layihələr həyata keçirdik ki, bu da, əlbəttə, çox böyük təcrübə oldu. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri olaraq mən, əlbəttə ki, bu illər ərzində hər hansı beynəlxalq fəaliyyətimi qurmuşam. İlk növbədə, bu mənim üçün Azərbaycanın həm tarixi, həm də mədəni irsini, bununla yanaşı, Azərbaycanın bugünkü siyasi və ictimai reallığını, müasir Azərbaycanın əhəmiyyətini, onun geosiyasi mövqeyini, bu ölkənin potensialını dünya ictimaiyyətinə çatdırmaq imkanı idi. Fikrimcə, bu sahədə kifayət qədər iş görmək mümkün olub. Ümumilikdə, gələcəyə nikbinliklə baxıram və düşünürəm ki, bu illər ərzində əldə olunan təcrübə və bacarıqlar mənə kömək edəcək.
Əlbəttə, bu, tamamilə yeni institutdur və mən bu vəzifənin, yaxud bu vəzifəni tutan şəxsin əsas rolunu Prezidentin komandasının üzvü və onun etibarlı silahdaşı kimi görürəm. Konkret məsələlər isə ölkə rəhbərliyi tərəfindən və vaxtın tələbinə uyğun müəyyən olunacaq.
- Sizin qarşınızda hansı tapşırıqlar qoyulub?
- Hesab edirəm ki, bu vaxtadək olan fəaliyyətimin həcmi böyük ehtimalla genişlənəcək, birmənalı olaraq, işlər çox olacaq. Mənim istəyim diqqəti sosial problemlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə cəmləməkdir. Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün var. Bütün bu illər ərzində onların problemləri dövlət, hökumət səviyyəsində həll edilib. Lakin düşünürəm ki, biz bu sahəyə daha böyük diqqət ayırmalıyıq və mən bu işə hazıram.
- Azərbaycanın kiçik ölkə olduğunu və hamının hər şeyi bildiyini nəzərə alaraq, yəqin, buna görə Heydər Əliyev Fonduna bəlkə də Prezident Administrasiyasından daha çox yardım çağırışı ilə məktublar gəlir.
- Biz bu və ya digər problemin həllinə yardımla bağlı çoxlu sayda xahiş məktubları alırıq. Deməliyəm ki, biz Fondun bu fəaliyyətini nümayiş etdirmirik, biz onu təbliğ etmirik, çünki hərdən şəxsi xahişlər olur, sağlamlıq problemləri ilə bağlı çoxlu sayda xahişlər olur. Cüzi bir imkan olan yerdə biz yardım etməyə çalışırıq. Bilirsiniz, çox vacib olan nədir? Bax, bu əlaqə çox vacibdir. İnsan məktublar göndərir, təbii ki, Administrasiyada onlara baxılır. Yəqin, xüsusi mexanizm var – bu məktublar necə, hara qəlul edilir. Bizdə bu mexanizm minimuma endirilib. Əgər insan məktub yazırsa, bir çalışırıq ki, növbəti, yaxud tez bir zamanda onunla əlaqə quraq, öyrənək, çünki biz bilməliyik. Hərdən elə olur ki, məktubda yazılanlar həqiqətə uyğun olmur. Əgər biz həqiqətən də yardıma ehtiyac olduğunu görsək, yardım etməyə çalışırıq. Hesab edirəm ki, məhz buna görə də Heydər Əliyev Fondu insanların sevgisini və hörmətini qazanıb.
- Fondun uğurları böyükdür və yardım əldə etmiş insanlar, eləcə də yardım almaq üçün oraya müraciət etmək istəyənlər narahatdır ki, siz dövlət xidmətinə keçdikdən sonra Fondun işlərindən uzaqlaşacaqsınız. Fondun gələcək taleyi necə olacaq?
- Şübhəsiz ki, sizin dediklərinizi nəzərə alaraq, bu sahədə böyük təcrübənin, nüfuzun, insanların inamının qazanıldığını nəzərə alaraq, Fond öz fəaliyyətini davam etdirməlidir. Ona görə də Fond öz fəaliyyətini tam həcmdə davam etdirəcək.
- Bəs Siz işinizi davam etdirəcəksinizmi?
- Mən işimi davam etdirmək niyyətindəyəm. Bundan başqa, onu deyə bilərəm ki, biz xüsusilə iri layihələrin dövlət qurumları ilə birgə həyata keçirilməsində böyük təcrübəyə malikik. Fond, dövlət strukturları, özəl sektor çox uğurla fəaliyyət göstərirlər. Yeri gəlmişkən, ən uğurlu layihələrdən biri "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsidir. Bu layihəyə Fond təşəbbüs göstərib, məktəblərin inşasına Fond başlayıb. Fondun dəstəyi, özəl sektorun köməyi ilə 500-ə yaxın məktəb inşa olunub. Sonra bu layihəni dövlət davam etdirdi və nəticədə son 5 il ərzində ölkədə 3 mindən çox məktəb tikildi, təmir olundu. Ona görə də, fikrimcə, burada problem olmamalıdır və olmayacaq. Əksinə, düşünürəm ki, bu, Fond tərəfindən layihələrin həyata keçirilməsinə yeni stimul, yeni imkanlar verəcək.
- Fond prezidenti – Sizin tutduğunuz yeganə vəzifə deyil. Siz Azərbaycanın Birinci vitse-prezidenti olmaqdan əlavə, həm də Azərbaycan Parlamentinin deputatısınız, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidentisiniz, YUNESKO və İSESKO-nun xoşməramlı səfirisiniz. Bütün bunları necə çatdırırsınız, gündə neçə saat işləyirsiniz?
- Düzgün balansı tapmaq vacibdir, çünki bəzən həddindən çox işləmək lazım gəlir. Bəzən elə olur ki, evə gec - saat 9-da, 10-da gəlirsən. Amma bu illər ərzində, elə indi də mənim vəzifəm düzgün formanı, düzgün balansı tapmağa çalışmaqdır. Bu halda bütün öhdəlikləri yerinə yetirmək mümkün olur. Əlbəttə, ilk növbədə, mən həyat yoldaşıyam, övladlarımın anasıyam, mənim beş nəvəm var və qətiyyən istəməzdim ki, həyatımın bu hissəsi, ona ayırdığım diqqət ikinci plana keçsin. Qətiyyən, yox. Bu, indiyə qədər məndə alınıb və ümid edirəm ki, bundan sonra da alınacaq. Siz tamamilə doğru qeyd etdiniz ki, mən deputatam. Lakin qanunvericiliklə müəyyən olunub ki, mən artıq səlahiyyətlərimi dayandırmalıyam. İndi artıq deputat səlahiyyətlərinin dayandırılması prosesi gedir. Mən bütün bu illəri dərin minnətdarlıqla xatırlayıram. Ona görə ki, bizim həmkarlarla ünsiyyətimiz, ölkə parlamentində fəaliyyətimiz və ən əsası, seçicilərimizlə iş mənim üçün çox böyük təcrübə oldu.