Üzərinə beton parçası düşən avtomobil 12 gündür ki, hadisə yerindən götürülməyib.
Hadisə ötən ayın 26-da güclü külək zamanı Səbail rayonu Badamdar küçəsi Badamdar MTK “Dəlidağ''a məxsus 16 mərtəbəli binanın qarşısında baş verib. Avtomobilin sahibi iddia edir ki, beton parçası məhz binanın üstündən qoparaq maşının üzərinə düşüb.
Elə həmin binanın sakini olan Tamilla Qulubəyova bundan sonra bina rəhbərliyinə müraciət etsə də, onlar dəymiş ziyanı ödəməkdən boyun qaçırıblar.
MTK rəhbərliyi iddianı qəbul etmir. Bildirilir ki, sakinə kömək məqsədilə 200-300 manat pul təklif edilib, amma həmin xanım avtomobilin tamamilə təmir edilməsini istəyib. Elə buna görə də ona kömək edilməyib.
Hüquqşünaslar isə bu halda dəymiş ziyanın ona səbəb olan şirkət tərəfindən ödənilməli olduğunu bildirir. Əgər bu könüllü sürətdə təmin edilmirsə, tək çıxış yolu kimi şahidlərin iştirakı ilə akt tərtib etməklə həmin MTK-nı məhkəməyə vermək qalır. Məhkəmənin qərarı əsasında borcun ödənilməsi təmin edilə bilər.