Ermənistanda parlament seçkilərindən əvvəl siyasi dinamizmin təhlili

17:44 / 01.04.2017

Seçkilərdən əvvəl Ermənistanda ictimai-siyasi vəziyyət

Hakim Ermənistan Respublika Partiyası (ERP) onun üçün çox da əlverişli olmayan bir mühitdə aprelin 2-də keçiriləcək parlament seçkilərinə hazırlaşır. Ötən ilin aprel ayında cəbhə xəttində geniş miqyaslı hərbi əməliyyatların başlaması nəticəsində bəzi strateji yüksəkliklərə nəzarətin itirilməsi, iyun ayında Sasna Çrer silahlı qruplaşmasının Erebuni post-patrul alayını girov götürməsi, baş nazir Ovik Abraamyanın istefaya göndərilməsi, hakim partiyadan istefa verməsi və yeni siyasi güc mərkəzi arayışında olması, texnokrat Karen Karapetyanın Rusiyadan "icarəyə” götürülərək baş nazir vəzifəsinə təyin edilməsi, Çiçəklənən Ermənistan Partiyasının (ÇEP) lideri Qaqik Çarukyanın böyük siyasətə dönməsi, sabiq müdafiə naziri Seyran Ohanyanın siyasi partiya quraraq sabiq XİN rəhbəri Vardan Oskanyanla seçkilərdə müttəfiq olaraq iştirak etməsi, sosial-iqtisadi problemlərin həll edilməməsi və digər səbəblərə görə hakim ERP seçkilərə imici zədələnmiş halda gedir.

Prezident Serj Sərkisyan bütün bu problemlərin ortadan qaldırılması üçün tədbirlər görməyə çalışsa da, buna əsasən nail olmamışdır.

Müxalif siyasi partiyalar da seçkilərə hazırlaşır. Ümumi mənzərəyə diqqət yetirdikdə, müxtəlif blok və ittifaqlar qurulsa da, müxalifət cəbhəsində pərakəndəliyin olduğunu görmək mümkündür.

Müxalifət cəbhəsinin lokomotivi olan ÇEP-in Çarukyan Bloku ətrafına bəzi siyasi partiyaları toplaya bilsə də, müxalif Erməni Milli Konqresi ilə əməkdaşlıq imkanlarını dəyərləndirməmişdir.

Hakim partiya və müxalif partiyalar müxtəlif ittifaq və razılaşma ilə seçkilərə hazırlaşsalar da, aprelin 2-nə qədər və yaxud daha sonrakı mərhələdə "sualtı qayalıqlara” toxunmadan finala çatmaları ehtimalı olduqca azdır.

Aprel seçkilərinin siyasi əhəmiyyəti odur ki, seçkiləri qazanan siyasi partiya və yaxud blok hökuməti quracaq və 2018-ci ildə prezidenti seçəcək. Ermənistanda keçirilən konstitusiya islahatına görə prezidenti xalq yox, 101 deputatı olan parlament seçəcək. Ermənistan siyasi həyatının bütün düyünü də bu məsələ üzərində qurulub. Seçkiləri qazanan partiya və yaxud blok bu düyünü açaraq hökuməti quracaq və prezidenti seçəcək. Burada isə əsas məsələ düyünün əllə açılacağı və yaxud "Qordi düyünü” kimi qılıncla kəsiləcəyidir. Hər iki ehtimalı diqqətdən kənarda saxlamaq olmaz.

Seçkilərdə iştirak edəcək siyasi partiyalar və bloklar

Mərkəzi Seçki Komisiyasının verdiyi məlumata görə aprel ayının 2-də keçiriləcək parlament seçkilərində beş siyasi partiya iştirak edəcək:

-Ermənistan Respublika Partiyası;

-Daşnaqsutyun;

-Azad Demokratlar;

-Erməni Dirilişi;

-Kommunist partiyaları

dörd blok:

-Çarukyan Bloku;

-Erməni Milli Konqresi-ErmənistanXalq Partiyası Bloku;

-ORO Bloku (Ohanyan-Raffi-Oskanyn);

-Elk (Çıxış).

Seçkilərdə iştirak etmək üçün 1539 namizəd qeydə alınıb ki, onların 1191 nəfəri ərazi siyahısı sisteminə görə namizədliklərini irəli sürüb. Bu o deməkdir ki, parlamentdə bir kresloya 150 nəfər iddialıdır.

Siyasi partiyaların gücü və seçki təbliğatı

Ermənistan Respublika Partiyası

Hakim partiyadır, son bir ildə imici ciddi zədələnsə də, hakimiyyətdə olmanın verdiyi imkanlardan istifadə edərək inzibati mexanizmlərdən istifadə etmək şansına sahibdir. Amma seçkilərin pulu Avropa İttifaqı (Aİ) tərəfindən qarşılanıb və hakim ERP ABŞ və Aİ qarşısında seçkilərin şəffaf və demokratik keçiriləcəyi öhdəliyini qəbul edib. Buna rəğmən seçki günündə vəziyyəti dəyərləndirərək inzibati mexanizmlərdən istifadə edəcəyi təxmin edilir.

Serj Sərkisyanın seçki öncəsi hökuməti dəyişdirməsi, bəzi islahatlar həyata keçirməsi ictimai rəy tərəfindən birmənalı olaraq müsbət qarşılanmayıb.

Sərkisyan ictimai rəyə yönəlik təbliğata başlasa da, cari ilin əvvəlindən etibarən iki dəfə Rusiyaya səfər edib. Səfərin məqsədi birbaşa seçkilərlə bağlı olmasa da, Sərkisyanın Rusiyadan bu məsələ barəsində razılıq aldığı haqqında müxtəlif informasiyalar verilir.

ERP bu seçkilərdə "Təhlükəsizlik və inkişaf!” şüarı ilə iştirak edir. 2008-ci ildən etibarən keçirilən parlament və prezident seçkilərində isə "İrəli Ermənistan!”, "Dəyişmək üçün inanmaq!”, "Təminatlı Ermənistana doğru!”, şüarları ilə iştirak etmişdir. Bu şüarlara diqqət yetirdikdə hakim partiyanın əsas fikri və ideoloji istiqamətinin nələr olduğunu görmək mümkündür. Belə çıxır ki, 2008-ci ildən "irəliyə gedən”, daha sonra "dəyişmək üçün inanmaq ehtiyacı yaşayan”, daha sonra isə "bütün sosial-iqtisadi problemləri həll edərək təminatı əldə edən” ERP üçün son zamanlarda əsas məsələ təhlükəsizlik və inkişaf olmuşdur. Ayrıca təhlükəsizlik deyərkən daxili və yaxud xarici təhlükəsizlik məsələsinə aydınlıq gətirilməyib və şüar ikibaşlı dəyərləndirilə bilər.

Xarici dəstəyə gəldikdə isə son zamanlarda Ermənistan-Avropa İttifaqı münasibətlərində canlanma hiss edilir. Ermənistan və Aİ arasında sərbəst ticarət bölgəsi müqaviləsi yaxın zamanlarda imzalana bilər. Bunu Berlində səfərdə olan Avrasiya İqtisadi Birliyi (AİB) İqtisadi Komisyanın sədri Tiqran Sərkisyan deyib. Maraqlıdır ki, bu barədə xəbəri Ermənistanın dövlət rəsmisi yox, AİB-də vəzifədə olan erməni deyir. Tiqran Sərkisyan hər halda bununla Rusiyaya demək istəyir ki, hər şeyə rəğmən Ermənistan Aİ ilə belə bir müqavilə imzalayacaqdır, daha əvvəl olduğu kimi Rusiya buna mane ola bilməz.  

ERP Avropa İttifaqından siyasi dəstək ala bilər. Amma bu dəstək böyük bir ehtimalla şərtli dəstəkdir. Bu şərtlər isə seçkilərin şəffaf, demokratik, beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi ola bilər. Seçki prosesi və sonrasında yaşanan hadisələrə hakim partiyanın münasibəti Aİ-nin dəstəyinin davam edib etməyəcəyi üçün əsas göstərici ola bilər.

Daşnaqsutyun Partiyası

Ənənəvi qatı milliyyətçi siyasi görüşləri ilə tanınırlar. Özlərini Birinci Ermənistan Respublikasının varisi hesab edirlər, bəzi hallarda reallıqları məntiqli şəkildə görə və dəyərləndirə bilmirlər. Seçici sayı məhduddur, ancaq çox vaxt parlamentdə təmsil olunurlar. Hətta iki dəfə koalisiya hökumət ortağı olublar. İki koalisiya hökumətindən də özləri ayrılıblar.

Parlament seçkilərində xüsusi fəallıqları və seçki platforması ilə fərqlənmirlər. Xarici dəstəyi əsasən diaspor erməni təşkilatları tərəfindən təmin edilir.

Bu seçkilərdə parlamentdə təmsil olunma şansları azdır, amma istina deyil.

Azad Demokratlar

Partiyanın lideri Xaçatur Kokobelyandır. Parlamentdə təmsil olunması ehtimal edilir. Ermənistanın ictimai-siyasi həyatında elə də ciddi ağırlığı olmayan bir partiyadır. Seçkilərdən sonra koalisiya hökuməti ehtimalı olarsa, təklif gəldiyi təqdirdə iştirak edə bilər. Bilinən bir xarici dəstəyi yoxdur.

Erməni Dirilişi Partiyası

Partiyanın lideri Artur Bağdasaryandır. Keçmiş Qanunlar Ölkəsi partiyasının lideridir. Erməni Dirilişi Partiyası 2016-cı ilin fevral ayında qurulmuşdur. Quruluş əsnasında 12 partiya və 138 ictimai təşkilat partiyaya qatılmışdır. Porporsional seçkilərdə iştirak edir, namizədlərin siyahısında birinci yerdə Bağdasaryandır. 2003-2006-cı illərdə Parlament sədri olmuşdur. Daha sonrakı illərdə aktiv siyasətdən uzaqlaşsa da, son zamanlarda yenidən siyasətə qayıdıb.

Parlamentdə yer ala biləcəyi təxmin edilir. Koalisiya təkliflərinə açıq olacağı ehtimal edilir. Hər hansı bir xarici dəstək aldığı haqqında ciddi informasiya yoxdur.

Kommunist Partiyası

Sovet dövründən qalma partiyadır. 23 fevral 2014-cü ildən baş katibi Taçat Sərkisyandır. 1995-cil seçkilərində 15 faiz səs toplayaraq 6, 1999-cu ildə 9 deputatla parlamentdə təmsil olunmuşdur. 2003, 2007 və 2012-ci il seçkilərində parlamentdə kresloya sahib olmamışdır.

Bu seçkilərdə parlamentdə təmsil olunma ehtimalı yoxdur. Xarici siyasi dəstəyi müşahidə edilmir. Ermənistanın ictimai-siyasi həyatında bilinən və tanınan partiya deyil.

Çarukyan Bloku

Çiçəklənən Ermənistan Partiyasının lideri iş adamı Qaqik Çarukyandır. Partiya 2004-cü ildə qurulmuş, 2007-ci il və 2012-ci il seçkilərində 36 deputatla parlamentdə təmsil olunmuşdur.

Serj Sərkisyan tərəfindən 2015-ci ildə "siyasi səhnədən qovulmuş” Çarukyan son hadisələrin paralelində yenidən böyük siyasətə dönmüşdür.

Çiçəklənən Ermənistan Partiyasının lideri Çarukyanın parlament seçkilərindən əvvəl yenidən aktivləşməsinin səbəblərini aşağıdakı kimi təsnif etmək mümkündür:

-Sərkisyan 2016-cı ildə yaşanan hadisələr nəticəsində siyasi və ictimai mövqeyinin zəiflədiyini hiss edir, Seyran Ohanyanın, Vardan Oskanyanın siyasi partiya quraraq siyasət meydanına gəlməsindən narahatdır və buna görə daha əvvəldən işlədiyi, tanıdığı, siyasi gedişlərini bildiyi Çarukyanın böyük siyasətə qayıtmasına icazə vermişdir.

-Çarukyan özü 2016-cı ildə Ermənistanda yaşanan hadisələr nəticəsində Sərkisyanın ölkədəki siyasi və ictimai mövqeyinin zəifləməsindən istifadə edərək, böyük siyasətə yenidən qayıtmışdır.

Qeyd edək ki, Çarukyan özü bir ildən artıq siyasətdən kənarda qalsa da, Çiçəklənən Ermənistan Partiyası parlamentdə ikinci böyük fraksiyadır.

Çarukyanın siyasətə qayıtmaq ehtimalını istisna etmədiyini bildirməsindən sonra partiyanın tanınmış nümayəndələri onun geri dönüş prosesinə zəmin hazırlmaq üçün KİV-də təbliğata başladılar. Çiçəklənən Ermənistan Partiyasından Naira Zohrabyan "Çarukyan ölkədə ciddi dəyişikliklər etmək üçün siyasətə geri dönür,”  Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyası katibi Vahe Enfiacyan "Biz Çarukyan ilə geniş müzakirə apardıq və onun partiya sədri olaraq aktiv siyasətə geri dönməsi haqqında qərar alındı” deyərək Çarukyanın geri qayıdacağını bildirmişdi.

Partiya siyasi və maliyyə potensialını əhəmiyyətli dərəcədə qoruyub saxlaya bilib və son aylarda təbliğat kampaniyasında canlılıq hiss olunur. Siyasi fəlsəfəsinə görə, partiya liberal yönlü mötədil mərkəzdə dayanan görüşə sahibdir. Bu cür fəlsəfəyə sahib olduğu üçün partiya bugünkü erməni ictimai-siyasi həyatının dinamizmi diqqətə alındığında geniş kütləyə xitab edə biləcək potensiala sahibdir.

Partiya üçün əsas problem strukturu və fəlsəfi görüşü deyil, bu fəlsəfi görüşünü kütlələrə necə çatdırmağından irəli gəlir. Yəni problemin mahiyyəti bir az da siyasi marketinq texnologiyası ilə bağlıdır.

Ermənistan KİV-lərində Çarukyanın siyasət meydanına geri qayıtması mövzusu müzakirə edilərkən unudulan bir məsələ var. Yuxarıda qeyd edilənlərə rəğmən, Çarukyan və partiyasının siyasi olaraq gücləndiyi üçün, yeni ideoloji arqumentlərlə, iqtisadi-siyasi planlama və siyasi texnologiya taktikalarını mənimsədikləri üçün deyil, Sərkisyan və hakim Ermənistan Respublika Partiyasının 2016-cı ildə cərəyan edən siyasi hadislər nəticəsində mövqelərinin zəiflədiyi üçün siyasətə qayıtmağına qərar verilib. Aprel ayının 2-nə qədər Sərkisyan və hakim Ermənistan Respublika Partiyası Çarukyan haqqında ciddi kompromat materialları yaymasa və təhdid etməsələr, onun siyasət meydanına qayıtmaq və müəyyən uğurlar əldə etmək ehtimalı yüksəkdir. Ən azından parlamentdə yerlərini qoruyub saxlaya biləcəyi nəzərə alınmalıdır.

Çarukyan Blokunda Alyans Partiyası, Ayazn Partiyası, Erməni Ümummilli Hərəkatı təmsil olunurlar. Qeyd edək ki, Çarukyan Blokunda ciddi siyasi partiyalar yer almayıb. Seçki sonrasında Çarukyan Bloku və ELK Bloku arasında koalisiya ittifaqı müzakirə edilsə də, tərəflər hələlik bu məsələyə rəsmi münasibət bildirməyib.

Erməni Milli Konqresi-Ermənistan Xalq Partiyası Bloku

Blokun parlament seçkilərində iştirak etməsini təhlil etməzdən əvvəl Erməni Milli Konqresinin (EMK) 17 dekabr 2016-cı ildə keçirilən 2-ci qurultayında Levon Ter-Petrosyanın çıxışını qısaca dəyərləndirmək lazımdır. Ermənistan KİV-ləri bu çıxışı "Sülh, Barışma və Mehriban Qonşuluq” başlığı altında verib. Petrosyanın bu çıxışının 5 noyabr 1997-ci ildə yazdığı və hakimiyyətdən istefa verməsi ilə nəticələndiyi "Müharibə, yaxud sülh” məktubu ilə müqayisədə daha konstruktiv və əhatəli olduğunu söyləmək mümkündür.  

Eyni zamanda, bu çıxış 2017-ci ilin yazında keçiriləcək parlament seçkilərində və 2018-ci ildə keçiriləcək prezident seçkilərində Erməni Milli Konqresinin proqramı kimi də xarakterizə edilə bilər.

Petrosyanın çıxışı o deməkdir ki, hakimiyyətdə olmasalar belə, müəyyən siyasi partiyalar və qruplar ölkənin reallığını görür və dəyərləndirir. Petrosyan isə bu işin öncüsüdür. O, son 25 ildə Ermənistanın sosial, iqtisadi və hərbi-təhlükəsizlik mühitini analiz edərək bəzi məsələlərə aydınlıq gətirmişdir.

Petrosyan ölkədəki bütün bədbəxtliklərin əsasının, kütləvi miqrasiyanın, ordununun silahlanmasındakı problemlərin, qanunsuz seçkilərin, ədalət məhkəməsinin olmamasının, demokratiya və insan haqlarının pozulmasının tək səbəbinin korrupsiya, milli zənginliyin səlahiyyətli dövlət məmurları tərəfindən talan edilməsi olduğunu göstərir.

EMK 2008-сi ildə 13 müxalif siyasi partiyanı özündə birləşdirən blok olaraq yaradılıb, 2012-ci ildə parlament seçkilərində 7 yer qazanıb, 2013-cü ildə partiya olaraq yenidən təsis edilib. Lideri Levon Ter-Petrosyandır. Ermənistanda normal partiya kimi formalaşmış az sayda siyasi təşkilatlardan biridir. Petrosyanın Konqresi hakimiyyətə gətirməyə siyasi gücü yoxdur, ətrafında da bunu edə biləcək xarizmatik siyasi şəxsiyyət yoxdur. Bu seçkilərə Ermənistan Xalq Partiyası ilə birlikdə gedir.

EXP-nin lideri Ermənistan SSRİ KP MK-nin baş katibi olmuş Karen Demirçiyanın oğlu Stepan Dəmirçiyandır. Atasının 27 oktyabr 1999-cu ildə parlamentdə törədilən terror aktında öldürülməsindən sonra siyasi fəaliyyətə başlayıb. İlk illərdə siyasi fəaliyyətində canlılıq müşahidə edilsə də, daha sonra bu canlılığı davm etdirə bilməyib.

2003-cü ildə prezident seçkilərində iştirak etmiş, 18.7 faiz səs toplamışdır. 2003-2007-ci illərdə millət vəkili olmuşdur.

Petrosyan və Dəmirçiyan ittifaqı parlamentə seçilməyə yetərli olmaya bilər. Xarici dəstək alma ehtimalı zəifdir.

ORO Bloku (Ohanyan-Raffi-Oskanyan)

Blok sabiqlər arasında yaradılıb. Sabiq XİN rəhbəri Vardan Oskanyan, sabiq müdafiə naziri Seyran Ohanyan və həmişə müxalif cəbhədə olan Raffi Hovannesyan bir araya gələrək siyasi mübarizəyə başlayıblar. Blokda Oskanyan və Ohanyan arasında gizli liderlik mübarizəsi gedir. Hər ikisi hakimiyyətdə nazir statusunda təmsil olunub, daha sonra müxalif cəbhəyə keçənlərdir. Hakimiyyətdə olduqları zaman hökuməti tənqid etməyib, hətta bir çox qanunsuzluqlarda adları hallanan bu şəxslər kreslolarını itirdikdən sonra müxalif cəbhəyə keçərək hökuməti tənqid etməyə başlayıblar. Bununla belə, erməni ictimai-siyasi rəyində əsasən müxalif kimi qəbul edilsə də, bəzən ciddi tənqidlərlə üzləşirlər.

Parlament seçkiləri ərəfəsində hakim partiyanın müxalifət cəbhəsinə yönəlik ilk təzyiqi başladı. Birlik partiyasının sədri, sabiq XİN rəhbəri Vardan Oskanyanın oğlu Ara Oskanyan və yaxın qohumu Hırant Siradaryan borclarını qanunsuz tələb etdiklərinə görə  həbs ediliblər və barələrində cinayət işi başlanıb. 21 fevralda Oskanyanın oğlundan iltizam alınaraq azadlığa buraxıldığı məlum olub. Oskanyana qarşı bu təzyiq birmənalı qarşılanmayıb. Respublika Partiyasının sədri Aram Sarqsyan Oskanyanın oğlu və qohumunun həbs edilməsinin "qurulmuş və sifarişli iş” olduğunu bildirib.

Ohanyan da hökumətin təzyiqlərindən kənarda qalmadı. Son zamanlarda ötən ilin aprel hadisələri zamanı döyüş texnikasının keyfiyyətsiz yanacaqla təmin olunmasına görə hadisə yerinə gedə bilmədiyi baş nazir Karapetyan tərəfindən dilə gətirildi. Bu barədə müzakirələr davam edərkən, hərbi prokurorluq aprel hadisələri zamanı iddia edilən hadisə barədə cinayət işi olmadığını bildirmişdir. Ohanyan da bəyanat verərək belə bir hadisənin isbat ediləcəyi təqdirdə məsuliyyətdən qaçmayacağını bildirmişdir.

ORO Blokunun namizədinin Crarat kəndində seçki təbliğatına polis qarışmış və odlu silahdan açılan atəş nəticəsində üç nəfər yaralanmışdır. Oro Bloku bunu təbliğat prosesinə müdaxilə olaraq dəyərləndirmişdir. Bu hadisə yaşandıqdan sonra həbsdə olan Jirayr Səfilyan və Sasna Çrer silahlı qrup üzvləri ORO-nun üsyan təşəbbüsünü dəstəklədiklərini bildirmişdir. Crarat kəndində yaşanan silahlı insident heç bir halda üsyana təşəbbüs olaraq dəyərləndirilməsə də, bu hadisədən istifadə edərək məcranı dəyişmək istəyənlər ola bilər. 

ORO Blokuna qarşı bir təzyiq də Blokda təmsil olunan qondarma DQR-in sabiq müdafiə naziri Samvel Babayanın Gürcüstandan ölkəyə gətirilmək istənilən "İqla” raket kompleksinin sifarişçisi olması iddiası ilə həbs edilməsidir. Qeyd edək ki, erməni mətbuatı bu silahdan Prezident Serj Sərkisyana qarşı istifadə ediləcəyi iddiası ilə çıxış edir.

Blokda Oskanyan Qərbdən, Ohanyan isə hərbi çevrələrdən dəstək ala bilər. Blokun digər üzvü Hovannesyan isə müxalifətçilikdən pensiyaya çıxmış birisidir. 1991-1992-ci illərdə Ermənistan XİN rəhbəri olub. Siyasi fəaliyyətində əsasən aclıq elan etməklə tanınır. 2013-cü il prezident seçkilərində 36,74 faiz səs toplayaraq ikinci olmuşdur. Bu Blokun parlamentdə təmsil edilmə şansı var.

Elk (Çıxış)

Parlament seçkiləri ərəfəsində qurulmuşdur. Bloka Vətəndaş Müqaviləsi (Nikol Paşinyan), İşıqlı Ermənistan (Edmon Marukyan), Respulika (Aram Sərkisyan) partiyaları daxildir. Proporsional seçki siyahısında birinci Edmon Marukyandır.

Əsasən Rusiyaya qarşı bəyanatlar verirlər. Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxaraq Aİ ilə münasibətləri genişləndirməsini dəstəkləyirlər. Aİ-dən siyasi və maliyyə dəstəyi alma ehtimalı böyükdür. Seçilmə ehtimalı var. Seçki sonrası koalisiyaya müsbət baxmadıqlarını bildiriblər.

Hər üç partiya böyük siyasi dəyişikliklərə iddialı deyil.

Rəy sorğusuna görə partiya və blokların parlamentə seçilmə ehtimalı

Gallup International Association təşkilatının Ermənistan nümayəndəliyi tərəfindən keçirilən rəy sorğusunun nəticələrinə görə "12 martda seçkilər olsaydı kimə səs verərdiniz?” sualına respodentlərin 26,4 faizi Çarukyan Blokuna, 22,8 faizi ERP-yə deyə cavab vermişdir.

Gallup International Association təşkilatının Ermənistan nümayəndəsi Aram Navasardyan ötən ilin noyabr ayında eyni suala respodentlərin 19,5 faizi ERP-yə, 18,4 faizi Çarukyan Blokuna səs verəcəcəklərini bildirdiklərini qeyd etmişdir. Son zamanlarda isə bu rəqəm 26 faiz Çarukyan Bloku, 23 faiz ERP arasında dəyişir.

Digər siyasi partiyalar və bloklar ilk iki partiyadan olduqca geridə gəlir. Belə ki, rəy sorğusunun nəticələrinə görə ELK 4,3 faiz, Daşnaqsutyun 3,9 faiz, Azad Demokratlar 3,4 faiz, Erməni Dirilişi 2,7 faiz, Erməni Milli Konqresi-Ermənistan Xalq Partiyası Bloku 2,6 faiz, ORO Bloku 1,8 faiz və Kommunist Partiyası 1 faizlə yetinməli olacaqlar.

Respodentlərin 14 faizi cavab verməmiş, 17 faizi isə cavab verməkdə çətinlik çəkmişdir. Bu o deməkdir ki, 32 faiz seçici hələ ki kiməsə səs vermək istəmir. 31 faiz seçici son günlərdə hansı partiyaya səs verəcəyinə qərar verə bilər. Hansı ilk iki partiyanın (ERP və Çarukyan Bloku) 31 faiz seçicinin səsini alacağı isə əsasən onların seçki texonolgiyalarının nə dərəcədə uğurlu olacağı ilə bağlıdır.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM