Etika haqqında dəyərli dərs vəsaiti

15:57 / 10.04.2017

 

Hər bir cəmiyyətin normal fəaliyyəti və inkişafı üçün maddi münasibətlərlə yanaşı müəyyən mənəvi-əxlaqi dəyərlər sisteminin mövcud olması da zəruridir. Belə ki, mənəvi keyfiyyətlər, insanın sosial simasını və mahiyyətini əks etdirən başlıca göstəricilərdir. İnsanların davranışında əxlaq normalarına əməl etməyin cəmiyyət üçün son dərəcə vacib olduğunu belə bir fakt da sübut edir ki, onlar cəmiyyət yaranan gündən meydana gəlib, fəaliyyət göstərir.

Fəlsəfə elmləri doktoru, professor Qızılgül Yasin qızı Abbasovanın yenicə çapdan çıxmış “Etika: tarix, nəzəriyyə və təcrübə” ali məktəblər üçün dərs vəsaiti kimi nəzərdə tutulmuş (Bakı -2016. -368 s.) adlı kitabı dövrümüz üçün öz aktuallığı ilə diqqəti xüsusi cəlb edən bir problemə həsr olunmuşdur. Qeyd etmək lazımdır ki, etik problemlər xüsusi sosial-fəlsəfi məzmun daşımaqla daha dərindən öyrənilməlidir. Əsərdə etik problemlərin qoyuluşu, etikanın elmi paradiqmasının formalaşması tarixi, etik kateqoriyalar və qanunlar, etikaya aid müxtəlif nəzəriyyə və mülahizələr geniş təhlil olunur. Etik nəzəriyyə və baxışların cəmiyyətin ictimai şüurunun inkişafına, keçmişdə və müasir dövrdə onun təfəkkür, düşüncə tərzinə təsiri davamlı olaraq hiss olunmaqdadır. Bu mühüm məqam professor Q.Abbasovanın tədris vəsaitinin elmi aktuallığını daha da artırır.

Müəllif göstərir ki, fəlsəfi fikir tarixində elə bir mütəfəkkir olmamışdır ki, o etik problemlərə bu və ya digər şəkildə öz münasibətini bildirməsin. Əlbəttə, əsrlər boyu müxtəlif xalqların şüuruna hakim kəsilmiş əxlaq prinsipləri tarixi dövrlərin gedişində dəyişikliyə uğramış və yeni dəyərlərlə zənginləşmişdir. Dərs vəsaitində Qədim Yunan, Çin, Hindistanda yaranmış əxlaq nəzəriyyələri ətraflı və müqayisəli təhlil edilmiş, bu nəzəriyyələrin keçdiyi inkişaf yolu dərindən tədqiq edilmiş, araşdırılmışdır.

Qədim Çin fəlsəfəsində ilahiləşdirmədən kənarda qalmayan yeganə obyekt səma olmuşdur. Səmanın rolu qədim dövrlərdə etik dəyərlərin rolu və əhəmiyyətini nəzərə alaraq sosial ahəngdarlığa nail olmasından ibarət idi. Sosial ahəngdarlığa, sosial ideala, real şəkildə davranış qaydalarına, adət-ənənələrinə, ədəb-ərkana necə nail olmaq yolu göstərilirdi. Çində etikanın əsas inkişaf xüsusiyyəti ondan ibarətdir ki, onun elementləri əxlaq sahəsindən başqa həm də ibadətləri, ritualları, mərasimləri, adət-ənənələri, vətəndaş hüququnu əhatə edirdi. Əxlaq burada davranış qaydaları kompleksi olaraq, istər sosial və antropoloji, istərsə də qnoseoloji və ontoloji mənalarda anlaşılırdı. Çinlilərin fikrincə ideal adam odur ki, o özündə bütün emosiyaları basıb qorxmadan ədalətsizliyə, zorakılığa, zülmə qarşı mübarizə apara bilsin.

Xristianlıq dini formalaşdıqdan sonra əxlaq dini əxlaqa çevrildi. Artıq orta əsrlər Avropa əxlaqı xristian əxlaqı kimi yaşamağa başladı. Xristian əxlaqı bir

tərəfdən, stoiklərin əxlaqına çox yaxındır. Burada insana sevgi və humanizm ən ali formada ifadə olunur. Xristianlıqdakı universal əxlaqi əlaqələr mulkiyyət və intellektual dəyərləri özünə tabe edir. Bu dövrdə kilsənin rolunun və əhəmiyyətinin dəstəklənməsi xristian etikasının əsas vəzifəsi idi. Kilsə siyasi məqsədini, yəni sosial sülhə nail olmaq məqsədini həyata keçirərkən xüsusi əxlaqi idealını irəli sürür. Xüsusi icma, birlik olan xristianlar digər sosial birliklərdən fərqli olaraq insanları həqiqətən xoşbəxtliyə doğru apardıqlarına inanırdılar.

Qədim Yunanıstanda sofistlər mədəniyyəti, cəmiyyəti təbii hadisələrdən fərqləndirmiş, təbiət qanunlarının əbədiliyini, cəmiyyət qanunlarının isə insan tərəfindən yaradılmasını qeyd etmişlər. Sofistlər birmənalı olaraq bildirirdilər ki, mədəni hadisə olan əxlaqı normalar insan yaradıcılığının məhsulu olduğu üçün ümumi və zəruri halına salına bilməz. Xeyir və şər arasında fərq həmişə konkret olur. Xeyirxahlığa yeganə bir tərif verilə bilməz. Beləliklə, sofistlər əxlaqın tarixi xarakterini qeyd edərək bildirirdilər ki, cəmiyyət tərəfindən qəbul olunmuş əxlaqi normalar və davranış qaydaları nisbi xarakter daşıyır.

Klassik yunan fəlsəfəsinin nümayəndələrindən biri olan Sokrat bildirirdi ki, əxlaqda insan mədəniyyətinin elə bir müddəaları vardır ki, onların dərk olunması şəxsiyyətin yaxşı olmasının qarantıdır. Sokrat da klassik fəlsəfənin digər nümayəndələri kimi belə hesab edirdi ki, insanın hər bir əxlaqi hərəkəti düşünülmüş olmalıdır.

Platonun dünyagörüşündə isə real insanın maraq dairəsində olan əxlaqi dəyərlər arxa plana keçir və onu daha çox ideal mahiyyətlər maraqlandırırdı. Buna görə də o, ideal varlıqlar aləmini həmişə dəyərlilik baxımından real aləmdən fərqləndirirdi. Platon ideal aləmdə ən birinci yeri xeyirxahlığa verir və belə hesab edirdi ki, bütün gözəlliklərin və düzgün olanların da səbəbi odur. Antik fəlsəfədə etika sözündən ilk dəfə olaraq istifadə edən, onun tərifini, funksiya və prinsiplərini verən Aristotel olmuşdur. Onun “Nikomax etikası”, “Evdem etikası”, “Böyük etika” əsərlərində müxtəlif etik kateqoriyaların izahı verilmiş, insan həyatının mənası, xeyirxah insan haqqında təlimin mahiyyəti açılmışdır. Aristotelin fikrincə insanın əxlaqi məziyyətləri və xasiyyəti təbii müqəddəm şərtlər əsasında və həyat fəaliyyəti nəticəsində formalaşır. O belə hesab edirdi ki, insanda yaxşılığa anadangəlmə meyllilik var. İnsan həm də həzzə, ləzzət almağa çox meyllidir. Bu kimi istəklərə qalib gəlmək üçün isə insan daim özünü tərbiyələndirməlidir. Bunu həyata keçirmiş insan isə özünü daha yaxşı idarə edir və əxlaqında orta xətti həmişə saxlamağa üstünlük verir.

Klassik yunan fəlsəfəsində əxlaqda volyuntarizm və fetişizm məsələlərinə geniş yer verilmiş və müxtəlif dövrlərdə fəaliyyət göstərmiş mütəfəkkirlər bu məsələlərdən öz mənafeləri baxımından istifadə etməyə cəhd etmişlər. Volyuntarizm mövqeyinin tərəfdarları belə hesab etmişlər ki, onlar bütün xeyirli və

zərərli işləri görərkən hər hansı bir sosial qanunlardan və normalardan asılı olmayaraq sərbəst şəkildə öz mənəvi davranışını tənzimləyə bilərlər. Beləliklə, bu təlimə görə insan bütün hərəkətləri etməkdə sərbəstdir. Bu hərəkətlər əxlaqi normalara uyğun ola da bilər, olmaya da bilər. Bu mənada volyuntarizm fərdiyyətçilik və nihilizmin əsasında durur.

Klassik fəlsəfədə təşəkkül tapmış əxlaqi prinsiplərdən biri də fatalizmdir. Bu prinsipə görə insan həyatı qabaqcadan allah, tale tərəfindən müəyyənləşdirilmişdir. Insan öz həyatının istiqamətini heç bir halda dəyişdirə bilməz və o, kodlaşdırılmış bu həyatı mütləq yaşamalıdır. Əxlaqi baxımdan fatalizm öz həyatı ilə barışma, yazılmış həyat kodlarına tabe olma kimi başa düşülür.

İntibah dövrünün əxlaq nəzəriyyəsində insan azad iradəyə, istədiyi sahədə özünü tam ifadə etmək imkanına malik yaradıcı bir varlıq kimi başa düşürdü. Bu dövrün əxlaq nəzəriyyəsində əxlaqi dəyərlər sırasında ən ali yerdə xeyirxahlıq durur. “Virtu” anlayışı ilə ifadə olunan bu əxlaqi dəyər iradə və ağlın birləşməsi nəticəsində formalaşaraq insanı xoşbəxtliyə doğru aparır. Əxlaqi normanı, onun mükəmməl ifadəsini real həyatda, fəal mövqedə həyata keçirmək nəzərdə tutulmuşdu. Bu dövrdə əxlaqda naturalist anlam tarixi-ictimai xarakter daşıyırdı. Rasionallığa malik ruh vasitəsilə insan öz daxili imkanlarını ifadə edə bilirdi. O, intellekt gücü hesabına digər insanlarla ünsiyyət yaradaraq qarşılıqlı fayda zəminində özünü kamilləşdirirdi.

Monoqrafiyada göstərildiyi kimi, yeni dövrün əxlaqı orta əsrlərin miras qoyduğu ideologiyanın inkarından başlayır. Əxlaq transsendental mahiyyətini tədricən empirik, praktik sahəyə yönəldir. Burada əsas rolu insanın həyat təcrübəsi, onun zəkası ilə yanaşı Allah ideyası və abstrakt əxlaqi ideyalar oynayır.

Mişel Monten “Təcrübələr” əsərində (1580) göstərir ki, insan öz təcrübəsini tənqidi şəkildə işləyib qiymətləndirmək bacarığına malik olmalıdır, yəni öz “mən”ini, öz həyat təcrübəsini fasiləsiz olaraq inkişaf etdirməlidir. Özünündərk və sağlam düşüncə isə insanın sosial varlıq kimi bütövlüyünü təmin etməlidir.

Rene Dekart insanın sosial həyatında əxlaqi normaları təhlil edərək belə bir fikrə gəlirdi ki, ağıl vasitısilə insan praktik həyatın ziddiyyətlərini həll etməyə çalışmalıdır. Ö əmin idi ki, hər bir insan bu məsələnin öhtəsindən gəlmək imkanına malikdir. O eyni zamanda ağıllı davranış üçün həqiqətin dərk edilməsi və ondan faydalı şəkildə istifadəni əsas şərt hesab edirdi.

Con Lokkun fikrincə isə əxlaq fərdlərin istənilən hərəkətlərinə qarşı çıxış edən və həmin hərəkətləri həm onun özünə, həm də cəmiyyətə fayda verə biləcək istiqamətə yönəldən qaydalardır.

Maarifçilik dövründə etik nəzəriyyələrdə əsas məsələ həqiqət və əxlaqiliyin, dərketmə və azadlığın vəhdəti məsələsi idi. Maarifçilər insan zəkasının avtonom, yəni müstəqil olması ideyasını irəli sürürdülər. Bu dövrdə fikir azadlığı və

tolerantlıq məsələsi də insan probleminin mərkəzi anlayışlarından biri idi. Maarifçilik dövrünün etikası üçün xarakterik cəhətlərdən biri o idi ki, bu dövrdə hökm sürən empirik yanaşma insanı təbii, emosional, intellektual və estetik tərəflərin toplusu kimi başa düşərək, onun əxlaqi yüksəliş yolunu ağıl və hisslərin uzlaşdırılmasında görürdü.

Emmanuel Kant belə hesab edirdi ki, insan öz mənəvi borcunu yerinə yetirmək üçün özündən uca olan başqa bir varlığa ehtiyac duymur. O dini ağıl üzərində qurulan bir inam kimi qələmə verməyə və bununla da onu kilsə inamından uzaqlaşdırmağa çalışırdı. Kantın etikasında allah əxlaqı və xoşbəxtliyi birləşdirir, insanı bu yolla daha da fəallaşdırır. Əxlaq avtonom xarakter daşıyır, din də əslində əxlaqi-praktik ağıldan irəli gəlir. Əxlaq dinə məzmun və məna verir. İnsanın əxlaqlılığı avtonom ağıl vasitəsilə ictimai praktikanın dərk edilməsidir. İnsanın əxlaqi imkanları şəxsin ictimai mahiyyətini ifadə edir. Kant müəyyən mənada maarifçilik fəlsəfəsinin əxlaq konsepsiyasını qəbul edirdi. Bu mənada İ.Kant göstərirdi ki, əgər insanın azadlığı olmasaydı, onda heç bir əxlaq qanunu və qanun üzrə mühakimə də olmazdı.

İnsan öz hərəkət və davranışlarında müəyyən azadlığa malik olmalıdır. Mütləq iradə azadlığı olduğu yerdə isə sosial və ya əxlaqi normalara məhəl qoyulmur, bu halda azadlıq deyil, özbaşınalıq hökm sürür. Bununla yanaşı qeyd olunmalıdır ki, əxlaq normalarının mexaniki yerinə yetirilməsi, burada yaradıcılığa yer verilməməsi də əsl azadlıqdan uzaqdır. Mənəvilik, əxlaqilik insanın sosial simasını ifadə edən başlıca əlamətlərdəndir. Əxlaq normalarına əsaslanan davranış və hərəkətlər, bütövlükdə əxlaqi şüur cəmiyyətin mövcudluğu, tərəqqisi və humanistləşməsinin zəruri şərtidir.

Qeyd etmək lazımdır ki, əxlaq normaları insanların həyatında ikitərəfli rol oynayır: bir tərəfdən, konkret situasiyada onları düzgün səmtləşdirən vasitələr kimi çıxış edir, digər tərəfdən isə, onların hərəkət və əməlləri üzərində nəzarəti həyata keçirir. Bu keyfiyyəti sayəsində onlar azadlıq ilə əlaqələrinə stimullaşdırıcı təsir göstərir. Hər bir cəmiyyətin əxlaqi şüurunda insanların davranış və hərəkətlərinin ümumi tərəfindən qəbul olunmuş normaları və qiymətləndirici mühakimələri əsas yer tutur. Əxlaq normalarının tətbiqi dairəsi universal olub, sosial həyatın bütün sferalarını, insanın fəaliyyəti və davranışının hər bir sahəsini əhatə edir. Əxlaq normaları insanların davranışının tənzimlənməsində, fərdi və ictimai maraqların əlaqələndirilməsində müstəsna rol oynayır. Lakin insanların davranışının sosial normalar vasitəsilə tənzimlənməsi fərdin şəxsi azadlığının təzahür sferasını daraltmamalıdır.

Əxlaq normaları, insanların davranışında və hərəkətlərində mümkün olan ilə yol verilənin həddlərinin diapazonunu geniş miqyasda götürür, yəni, insanlara seçim etməkdə və onu yerinə yetirməkdə əhəmiyyətli dərəcədə müstəqillik verir.

Əxlaq normaları yalnız qərarlar və ümumi davranış variantları axtarışının ümumi oriyentiri rolunu oynayır. İnsanın əxlaqi avtonomluğunun əsasında, onun keçmişdə analoji vəziyyətdə etdiyi hərəkətin, yerinə yetirmiş olduğu normanın ədalətliliyinə və məqsədəuyğunluğuna dərin inam durur. Qeyd olunan cəhət, əxlaq normalarında azad seçim və davranış üçün daha geniş imkanlar olduğunu sübut edir və bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı nəzərdə tutulmalıdır ki, əsil mənəvviyyata malik olan adam o şəxsdir ki, o, əxlaq normasında ifadə olunan tələbi kor-koranə deyil, öz daxilində, düşüncə və hisslərindən keçirərək, azad yaradıcı surətdə yerinə yetirir.

Əxlaq normalarında, bütün davranış və hərəkətlər xeyir və şər mövqeyindən mənalandırılır. İnsanların xoşbəxtliyinə və ictimai tərəqqinin maraqlarına cavab verən əməllər xeyir (fəzilət) hesab olunur. Xeyir öz məzmunu və mahiyyətinə görə azadlıqla sıx bağlıdır. Burada fərdi ilə ictimai marağın uzlaşmasını nəzərdə tutan əxlaqi zərurət özünü göstərir. Sonuncu, insanın öz maraqları ilə cəmiyyət qarşısında öhdəliklərinin vəhdətinin dərkində ifadə olunur. Buna görə də insan davranışında azadlıq məqamından daha geniş ifadə edə bilər ki, kənar məcburiyyət normalarına əsaslanmasın. Sırf mənəvi mülahizələrdən (həm də xeyli dərəcədə könüllü) çıxış etməklə qarşısına çıxan məsələləri həll etsin.

Deyilənlərdən fərqli olaraq şər (qəbahət) adi altında bir qayda olaraq şəxsi və ictimai baxımdan mənfi xarakterli davranış və hərəkətlər ifadə olunur. Onlar öz məzmununa görə əxlaqi normalara nəinki uyğun olmur, hətta ziddiyyət təşkil edir. Təbiidir ki, belə olan halda hətta müxtəlif qəbahətlərdə müəyyən qədər iradə azadlığı olsa da, onları həqiqi azad seçimə əsaslanan əxlaqi davranış hesab etmək olmaz. Beləliklə, mayası xeyirxahlıq üstə köklənmiş hər bir davranış və hərəkət, eyni zamanda azad xarakter daşıyır. Bununla yanaşı nəzərdə tutulmalıdır ki, şüurlu seçimə əsaslanan, yəni əxlaq qaydalarının dərki, onların törətdiyi nəticələri başa düşməklə edilən hərəkətləri heç də həmişə azad hesab etmək doğru olmazdı. Bu onunla izah edilməlidir ki, bəzən təkcə xeyirxahlıq deyil, bədxahlıq (qəbahət) də şüurlu surətdə özünü göstərə bilir. Belə vəziyyətdə əxlaq qaydaları pozulur, iradə pis niyyətə yönəlir və onu reallaşdırır. Sözügedən halda da, formal baxımdan azadlıq iştirak edir, lakin onu əsl mənada azad iradənin həyata keçirilməsi adlandırmaq olmaz. Bunun səbəbi odur ki, orada seçim, qərar və deməli, hərəkət, əxlaqi zərurəti ifadə etmir, mənəvi yetkinliyi göstərmir.

Monoqrafiyada Azərbaycan ictimai-fəlsəfi fikir tarixində etik ideyaların formalaşması, inkişafı məsələləri müxtəlif aspektlərdən ətraflı tədqiq edilir. Yeni dövr etikası üçün səciyyəvi olan cəhətlərdən biri də Qərb mədəniyyəti, həyat tərzi, ictimai-iqtisadi dəyərlərinin Şərq xalqlarının əxlaq, baxışlarında öz əksini tapması məsələsi də kitabda şərhini tapmışdır.

Monoqrafiyada göstərilir ki, Azərbaycan maarifçilərinin etik görüşləri hər

şeydən əvvəl, XIX əsrin ortalarında və ikinci yarısında Azərbaycanın ictimai – siyasi və iqtisadi şəraitinin məhsulu və onun inikası idi. Maarifçilərimizin dünyagörüşü, o cümlədən də etik baxışları çar hökuməti, imtiyazlı feodal silkləri ilə zəhmətkeş kəndlilər və şəhər yoxsulları arasında gedən mübarizə zəminində formalaşmışdır. Eyni zamanda Azərbaycan maarifçilərinin etik görüşləri köhnə feodal-patriarxal münasibətlərini qoruyub saxlamağa cəhd edən ideoloji cərəyanlara qarşı mübarizə şəraitində meydana gəlmişdir. Onlar öz yaradıcılıqlarında Azərbaycan etik fikrinin çoxəsrlik tarixi və mütərəqqi ənənələrinə və zəngin ideya irsinə əsaslanmışlar.

Maarifçilərimiz öz sələflərinin əsərlərindəki azadlıq, dərin humanizm, vətənə məhəbbət, digər millətlərə hörmət, sosial ədalətsizliyə qarşı nifrət ideyalarını dərin-dən əxz etmişlər. Onlar öz etik görüşlərində sələflərinin böyük ruh yüksəkliyi ilə uzun illər boyu tərənnüm etdikləri ədalətlilik, cəsurluq, mərdlik, təvazökarlıq, səmimilik, doğruçuluq kimi əxlaqi sifətlərini təcəssüm etdirmişlər.

Əlbəttə, Azərbaycan maarifçiləri öz sələflərinin etik baxışlarını mexaniki olaraq təkrarlamamışlar. Onlar sələflərinin ideya irsini layiqincə qiymətləndirərək və bu irsin mütərəqqi, qabaqcıl cəhətlərini mənimsəyib əxz edərək, ondan bir ideya mənbəyi kimi istifadə etmişlər. Onlar yeni tarixi şəraitdə sələflərinin etik fikirlərinin mütərəqqi cəhətlərini daha da inkişaf etdirib, öz sələflərinə nisbətən etik anlayış və kateqoriyalara daha radikal məzmun vermişlər.

Ümumilikdə götürdükdə, insanın bütün fəaliyyəti, yaradıcılığı, davranışı onun mənəvi aləminin gözəl olub-olmamasından çox asılıdır. Əgər insanın mənəvi aləmi gözəl və kamildirsə, onun fəaliyyəti, yaradıcılığı, davranışı, gördüyü işlər də gözəl və kamil olacaq, cəmiyyət həyatının daha da gözəlləşməsinə xidmət edəcəkdir. Əksinə, insanın daxili aləmi yoxdursa, çirkin və eybəcərdirsə, belə nöqsanlı daxili aləmi olan insanın işi, fəaliyyəti, hərəkətləri, münasibəti, o cümlədən zövqü də eybəcər olacaqdır. O, həmişə ümumi işə zərər verəcək, xətər toxunduracaqdır. Müasir dövrdə etik problemlərin izahına dair çoxlu müxtəlif, bəzən də bir-birinə zidd baxışlar və mövqelər formalaşmışdır. Bununla belə cəmiyyətin inkişafı gedişində potensialı artdıqca və sosial praktikası zənginləşdikcə, etika haqqında təsəvvürlər də təkmilləşmiş və onun adekvat elmi anlamı formalaşmışdır.

Dərs vəsaitində qeyd olunur ki, müstəqillik əldə etdikdən sonra ölkəmizdə totalitar rejimin qalıqları qətiyyətlə aradan qaldırılmış, cəmiyyət həyatının bütün sahələrində əsaslı dəyişikliklər baş vermiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulması istiqamətində mühüm addımlar atılmışdır. Ölkəmizdə həyata keçirilməkdə olan mürəkkəb və geniş miqyaslı vəzifələrin uğurlu həlli, sosial-fəlsəfi tədqiqatlar sahəsində vaxtı çatmış problemlərin araşdırılmasını da vacib edir. Bu baxımdan etika və əxlaq problemlərinin elmi-fəlsəfi konsepsiyasının yaradılması xüsusi zərurət kimi ortaya çıxır. Ümumbəşəri universal dəyərlər

sistemində xüsusi yer tutan etik problemlər ümumi və mücərrəd məzmuna malik olmayıb, konkret-tarixi səciyyə daşıyır, onun mahiyyəti və məzmunu, reallaşması miqyası, mövcud ictimai quruluşun xarakteri və inkişaf səviyyəsi ilə şərtlənir. Məsələyə bu mənada yanaşdıqda, müasir dövrdə etik problemlərin məzmunu və həyata keçirilməsində keyfiyyətcə yeni mərhələ başlanır.

Əlbəttə, Azərbaycan müstəqillik əldə etdikdən sonra ictimai elmlərdə aparılan uğurlu islahatlar, universitetlərimizdə yeni-yeni ixtisas və fakültələrin açılması etika sahəsində yeni tədqiqat və tədris vəsaitlərinə təlabatı artırmışdır. Bu mənada Q.Abbasovanın “Etika: tarix, nəzəriyyə və təcrübə” adlı dərs vəsaiti etika sahəsində olan boşluğu doldurmaq baxımından olduqca əhəmiyyətlidir. Həm də nəzərə almalıyıq ki, əvvəlki dərsliklər və dərs vəsaitləri marksist metodologiyası əsasında tərtib edildiyindən müasir günümüzün tələblərinə cavab vermir. Amma, bütün deyilənlərlə yanaşı dərs vəsaitində bir sıra məsələlər də vardır ki, onlar ya müəllifin nəzərindən qaçmış, ya da nədənsə müəllif bu məsələlərə bilərəkdən az diqqət yetirmişdir. Belə ki, müasir qloballaşma şəraitində dünya dövlətləri arasında sərhədlərin aradan qaldırılması, müxtəlif etik nəzəriyyələrin dünya dövlətləri arasında geniş yayılmasına səbəb olmuşdur. Bu mənada Azərbaycan dövləti də Avropa və qərb nəzəriyyələrindən əvvəlki dövrlərdən fərqli olaraq geniş surətdə bəhrələnmək imkanı əldə etmişdir. Yeni etik nəzəriyyələr təhsil sistemimizdə və insanların dünyagörüşlərində müxtəliflik yaratmaqla yanaşı, həm də milli mədəniyyətlərə bəzi hallarda mənfi təsir etmək imkanına da malik olmuşlar. Belə ki, etika sahəsində mövcud olan yeni baxışlar və yanaşmalar milli mədəniyyətlərin və xüsusilə də submədəniyyətlərin aradan çıxmasına səbəb olmuş, sanki dünyada hamının qəbul etdiyi vahid qlobal mədəniyyəti formalaşdırmışdır. Bu proses isə mədəni müxtəlifliyin inkişafına mənfi təsir göstərən hallardan biridir. Digər tərəfdən, müasir qərb etik nəzəriyyələrində fərdiyyətçilik ruhu kəskin artmış və bu proses isə insanlarda özgələşmə meylini daha da artırmışdır. Yaxşı olardı ki, sadalanan məsələlər dərs vəsaitində daha geniş surətdə təhlil ediləydi və bu məsələlərə müəllif münasibəti daha geniş verilərdi.

Fikrimizcə, Q.Abbasovanın “Etika: tarix, nəzəriyyə və təcrübə” (Bakı -2016 -368 s.) adlı dərs vəsaiti etika probleminə istər sosial-fəlsəfi, istər tarixi və istərsə də ictimai elmin müxtəlif istiqamətləri dərindən öyrənmək baxımından olduqca zəngindir. Bu kitabı ali təhsil müəssisələrində fəlsəfə fənninin mühüm istiqamətlərindən biri olan etika probleminin öyrənilməsində mühüm metodiki dərs vəsaiti kimi qiymətli tədqiqat əsəri hesab etmək olar.

 

Fəlsəfə üzrə elmlər doktoru, professor: İzzət RÜSTƏMOV

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent: Rəşad ƏSGƏROV


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM