Leylanın poeziyası və yaxud poetik hissin tərcüməsi...

09:07 / 18.04.2017

(Leyla Əliyeva. Poeziya. Bakı, "Adiloğlu" nəşriyyatı, 2016, 200 səh.)  


Şeir dünyam, mən səni
sevirəm, çünki safsan.
Cövhərindən doğmasan,
doğrusan, yalanın yox! 
(Leyla Əliyeva)


“O adam ki, öz ruhunu fəth edir, bir şəhəri fəth edən adamdan daha böyükdür”
  (İncil) 

   
Elə indicə min ilin dostu, istedadlı yazıçı-publisist Mahir Qabiloğlunun yaradıcılıq "təndir"indən isti-isti çıxan və onun təqdim-tərcüməsində "Poeziya" adlandırdığı rus dilində yazıb-yaradan Leyla Əliyevanın şeirlərindən ibarət zərif və lətif, abstrakt-kollaj dizayında bir kitabı aldım və isti-isti vərəqlədim...

Kitabın redaktoru şair-publisist Əkbər Qoşalı, dizayneri Zaur Qafarzadə, bədii tərtibçisi Cəlil Qaryağdıdı. Kitaba şairə Leyla Əliyevanın müxtəlif illərdə yazdığı, 2014-2015-ci ildə tərcümə edilən 55 şeiri daxil edilmişdir. Bu şeirlərin hər biri müasir insanın daxili çarpışmalarını, ruhi sarsıntılarını, psixoloji durumunu əks etdirən  portretləridir...


Leyla Əliyevanın şeirlərinin müxtəlif dillərə tərcümələri məlumdur. Bu kitab onun şeirlərinin Azərbaycan dilində kitab şəklində çap edilməsinin ikinci faktıdır...  Leyla Əliyevanın Azərbaycan dilində birinci kitabı tanınmış yazıçı-tərcüməçi Afaq Məsudun tərcüməsində "Dünya yuxu tək əriyir" (2016) adlanır.

    
“Getmə, ana”, “Gedim bir az ağlayım”, “Qu quşu”, “Pərvanə”, “Hərənin öz sonu”, “Gözlərim kor olub” və digər bu kimi təsirli şeirləri ilə ədəbi mühitə qədəm qoymuş gənc, istedadlı Leyla Əliyeva ilk qələm təcürbələrindən başlayaraq fərqli dünyaduyumu, baxış bucağıyla seçilən bir şair kimi artıq neçə illərdən bəridir ki, (Leyla Əliyeva orta məktəb illərindən, 10 yaşından şeir yazmış, hazırda  20 ilən artıq bir yaradıcılıq yoluna malikdir) geniş, intellektual, həssas oxucu auditoriyasının marağını və məhəbbətini qazanıb...


Buna baxmayaraq,  onun orjinalda "Если б звезды ступеньками стали" ("Ulduzlar pillə-pillə düzülsəydi səmaya") adlanan  ilk kitabı da, keçən il məşhur rus şairi Andrey Dementiyev Poeziya evinin təşəbbüsü ilə Moskvada işıq üzü görüb.

Məlumat üçün deyək ki, kitabın Moskvada  23 aprel 2016-cı ildə məşhur, tanınmış ədəbi, siyasi, mədəni xadimlərin və ictimaiyyətin iştirakı ilə geniş təqdimatı keçirilmişdir).

Bu kitabda toplanan şeirlər Leylanın bu günə qədər kecdiyi olduqca maraqlı və cazibadar yaradıcılıq yolunun "yol xəritəsi"dir. Bu şeirlər mayasını həqiqətlərdən almış həyat mənzərələrinin ruhla yoğrulmuş  poetik ifadəsidir...

Burada müəllifin ən böyük uğuru və qələbəsi, yaşadığı mühitdə baş verən hissi-psixoloji hadisələri – ağrıları və nisgili, sevgini və kədəri, sevinci və göz yaşlarını yaşandığı anın, məqamın sehrində və ovqatında səmimi bir şəkildə poeziyaya çevirmək bacarığıdır. Bu şeirlər insanı düşündürən, heyrətləndirən, qeyri-adi hissləri axarına salan, həyata marağı və diqqəti artıran dinamik bir enerjiyə malikdir. Burada ən başlıcası,  sevinc, fərəh, heyrət, dünyanın adi gözlə görülməyən, ancaq bəsirət gözü ilə proyeksiyalanan İlahi gözəlliklərinə vurğunluq da, qüssə də, kədər də, tənhalıq və səmavilik də şəfqət dolu poetik lövhələrdən ibarətdir:


...Allahımı sevirəm,

ona yaxın olanda göylərə ucalıram;

Əllərimlə astaca qübbəni oxşayıram.

Möcüzəyə inamı könüllərdən qoparan

həyəcanı atıram; Sadəcə unuduram.

İncikliyi, təlaşı, həsədi, paxıllığı

silirəm ürəyimdən,

çətinə düşənlərə kömək, arxa olmaqçun

Allahdan yalnız qüvvət, bir də güc diləyirəm.



Mahir Qabiloğlunun tərcümələrini xeyli müddətdir ki, Modern.az saytından (yeri gəlmişkən, bildirim ki, ədəbiyyatımızın, mədəniyyətimizin təbliğində və yayılmasında bu saytın böyük xidmətləri var) izləyirəm, oxuyuram, tənqid və təqdir (təqdir daha çox olub) dolu şərhlərimi bildirmişəm. "Vaxt"  şeirinə şərhdə (11.08.2014) yazmışdım: "Bəlkə də bu həyatda çox az şey bilirəm mən. Bəzən də düşünrəm: "Allah, nələr bilirəm..! Baxırsan hər şeyim var, Ruhumsa itir-batır. Dörd yanım adam dolu, Təklikdən qulaq batır..." Həqiqəti və müasir insanın ruhi vəziyyətini bu dərəcədə real və yüksək poetik tərzdə təqdimatı məni olduqca təsirləndirdi..."  

Və yaxud,  "Ana, nə olar, getmə!" ("Мама, не уходи!") şeirinə yazdığım (05.06.2014) şərh: "Şeir də, tərcüməsi də, xoşuma gəldi! Orjinalın da oxumuşdum. Şeirin mövzusü yenidir, təzədir, hisslər incə və zərifdir. Bir körpənin dilindən böyüklərə dərsdir: Anacan, inan ki, mən, " Danışmağı bilsəydim, bu fani dünyamızda, Necə yaşamaq lazım. – Öyrənərdin sən həmən, Öz körpənin dilindən.." - gözəldir, təsirlidir!! Şeirdə psixologizm güclüdür, həm də elmi əsaslara söykənir. Hamı bilmir ki, uşaqların təfəkkürü, psixologiyası dörd yaşına qədər formalaşır... Tərcümə anlaşıqlıdır, müəllifin duyğları, hissi qorunub."Özgüvənim" sözü tapıntıdır... Şairəyə də, tərcüməçiyə də təşəkkürlər! Mahir müəllim, bu işi davam etdirsəniz, olduqca yaxşı olar... "

Yeri gəlmişkən qeyd edim ki, sosial şəbəkələrdə Leyla Əliyevanın elə bir şeiri yoxdur ki, ona oxucu münasibəti, oxucu rəyi bildirilməsin. Bu cəhətdən Leyla ən oxunaqlı, deyərdim ki, xoşbəxt şairdir və onun yaradıcılığına geniş oxucu marağı və rəğbəti var ki, bunu təsadüf saymaq olmaz...  Şəxsən mən, Mahirin yerinə olsaydım, bu kitabda ictimaiyyətin fikri və münasibəti kimi həmin şərhləri ünvanlı-tarixli, sənədli-sübutlu şəkildə bu kitabda verərdim...

Bir var şeirləri ayrıayrı vaxtlarda, tək-tək oxuyasan, bir də var toplu halında...  Şeirləri toplu şəkildə, kitabda oxumağın da, özgə bir aləmi var...  Bu tərcümələrdə hər şey orjinaldır, təzədir-tərdir... Əslində bu tərcümə deyil, beyinə, hissə qoşulmaqdır. Tərcüməçi o vaxt müvəffəq olur ki, o şairin hissini, duyğusunu, düşüncəsini özününkü edir, "özəlləşdirir", ümumi bir ladda ahəng, harmoniya tapılır... Mahir Qabiloğlu buna müvəffəq olubdur...

Mənə elə gəlir ki, nə şairə Leyla Əliyevanı, nə də yazıçı-publisist, indi isə tamamilə yeni bir ampluada özünü təqdim edən poeziya tərcüməçisi (məhz tərcüməçi yox, poeziya tərcüməçisi)  Mahir Qabiloğlunu müasir oxuculara təqdim etmək lüzumu yoxdur... Onları ədəbi ictimaiyyət əladan-əla tanıyır! Qoy olsun! Amma yenə də yaddaşı təzələmək lazımdır və ola bilər ki, bilməyənlər də olsun...

Şair Leyla Əliyeva haqqında qısa məlumat: Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildə Moskvada anadan olub, orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) magistratura pilləsində təhsil alıb, burada da, ictimai fəaliyyətə başlayıb, Azərbaycanlılar Klubunun sədri olub. Sonra Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Moskvada “Baku” jurnalınını təsisçisi və baş redaktoru, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş koordinatoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifələrində fədakarcasına çalışıb, 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. Leyla Əliyevanın təşəbbüsü ilə IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi fəaliyyətə başlayıb, Londonda “Baku” jurnalının ingilis dilli versiyasını təqdim edib.

Onun azərbaycançılığa, dövlətimizə, mədəniyyətimizə səmərəli xidmətləri həmişə diqqət mərkəzində olmuş və qiymətləndirilib. Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub, Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə, “Key to life” fəxri mükafatına layiq görülüb, BMT-nin sertifikatını və xüsusi vəsiqəsini alıb, “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı ilə təltif olunub, Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən “Ekoloji Mühitin Qorunmasına Görə” xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə mükafatlandırılıb, III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb, Rusiya Federasiyasının "Puşkin" medalı ilə təltif edilib və nəhayət 2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin "Xidmətlərə görə" medalına layiq görülüb, və s. və s.

Bu, Leyla Əliyevanın ictimai xadim kimi işini və fəaliyyətini qismən əks etdirən rəsmi təqdimatdır və doğrusu, mənim özüm də, bu təqdimatın bir çox faktları ilə indi tanış oldum... Bu ictimai fəaliyyət, demək olar ki, müasir həyatın bütün sahələrini, xüsusən də, təhsil, mədəniyyət, elm, xeyriyyəçilik, səhiyyə, ekologiya məsələlərini əhatə edir. Bu, xeyirxahlıqla dolu, olduqca humanist, milli-beynəlmiləl miqyaslı, dünya çapında olan masştablı, bəşəri səviyyədə faydalı bir fəaliyyətdir... Əslində insanlığa tövhə verən bir fəaliyyətdir... Onu da deyim ki, Leyla Əliyevanın ictimai-siyasi fəaliyyətinə onun şairlik xarakteri, şairliyinə isə ictimai fəaliyyəti bir-birinə yaxşı mənada olduqca yaxından kömək edir, yeni ifadə ilə desək yansıyır..


Amma indilikdə, bunların heç birisinin bizim mövzumuza dəxli yoxdur. Bizim mövzumuz ictimai xadim Leyla Əliyevanın fəaliyyəti deyil, şairə Leyla Əliyevanın yaradıcılığıdır. Yaradıcı istedada malik və daxili dünyasını qələmlə, fırça ilə realizə edən Lyla Əliyevadır və rus dilində qələmə alınmış bu poetik yaradıcılığın Azərbaycan dilinə Mahir Qabiloğlunun tərcümə faktıdır...  Bu artıq ictimailəşmiş ədəbi faktdır və ədəbi fakta münasibət bildirməksə vacibdir... Görülən işi, özü də vicdanla, ürəklə, istedadla görülən işi müəyyən "səbəblər" üzündən görməməzliyə vurmaq günahdır...

Məsələ burasındadır ki, tənqidimiz bu maraqlı şairin əsərlərini indiyə qədər vaxtında görüb qiymətləndirə bilməyib və ayrı-ayrı fikirlər, münasibətlər, şərhlər yazılsa da, Leyla Əliyevanın yaradıcılığı bütövlükdə təhlil edilməyib, bu yaradıcılığın bədii-estetik xüsusiyyətləri, məxsusiliyi müəyyənləşdirilməyib, halbuki bunu onun əsərlərinin səviyyəsi və ədəbiyyatımızın maraqları tələb edir... Leylanın şeirlərini oxuyanda, buradakı kənardan gəlməyən, təsirlənmələrdən uzaq canlı insan xarakterləri, bu xarakterlərin yaşadıqları psixoloji hallar, heç kimdə olmayan kolorit və bu yaradıcılığın müasir Azərbaycan ədəbiyyatına məxsusluğu könlümü rahatlayır...


Belə bir ifadə var - "Dünyada nə qədər yazıçı varsa, bir o qədər də yazıçı taleyi var" və mən indiki məqamda deyə bilərəm ki, Leylanın özünəməxsus  şair taleyi ədəbi mühitdə artıq özünü təsdiqləmişdir... Leylanın poeziyasındakı təbiilik, sadəlik, özünəməxsusluq, sadə və iddiasız poetik təhkiyyə estetik kateqoriya səviyyəsində təqdim edilir. Bu sadəlik, təbiilik insan mənəviyyatındakı mürəkkəb situasiyaları, psixoloji məqamları aça və göstərə bilir. Leyla öz daxilində üzləşdiyi gerçəklikdən gələn impulsların cilovanmasını həyatının ən çətin sınağı kimi görür və yuxusuzluq və narahatlıq dolu gecələrin duyğularını, hislərini, emosiyalarını şeirə çevirir, bununla da mənəvi rahatlıq tapır... Aşağıdakı misralar onun estetik kredosudur:

 

Söylə görüm, haradasan? 
Dünyanın ən yaxşısı – 
təmizqəlbli insanı..? 
Hansı uzaq qitədə, 
hansı məmləkətdəsən? 
Bir görüşün xətrinə 
dənizlər, çaylar keçim, 
təki sənə rast gəlim... 


Leylanın şeirlərində bir cəhəti xüsusi qeyd etmək istəyirəm: o, oxucu ilə sanki söhbət edir və elə söhbət edir ki, demədikləri, dediklərindən artıq olur və sən o deyilməyənləri təhtəl-şüurla  hiss edirsən, hissin, duyğunu  alt qatları səni özünə çəkir, ikinci bir şüuraltı lirik-psixoloji, assosiativ axın yaranır və bu axın səni öz ağuşuna alıb, sanki sonsuzluğa aparır...


Leylanın yaradıcılığı qoşa qanaddan ibarətdir. O, həm rəssamdır, həm də şairdir... Leyla rəssamlığı barədə fikrini, münasibətini belə bildirir: “Həqiqətən də rəsm çəkmək böyük həzz deməkdir. Çünki bu iş insanı sakitləşdirir - nəticə isə uğurlu ola da bilər, olmaya da. Mən bəzən yarım il heç nə çəkməyə, lakin ay ərzində beş-altı rəsm əsəri ortaya qoya bilərəm. Rəsm çəkməyə başladıqda isə bu işdən əl çəkmək, sadəcə mümkün olmur, başqa bir işlə məşğul olmaq çox çətindir. Yəqin ki, bu işlə məşğul olan hər kəs eyni hissləri keçirir. Bir sözlə, bu, böyük bir həzz deməkdir. Ancaq uğurlu alınmırsa, onda ilham pərisini gözləmək lazım gəlir”.


Göründüyü kimi, Leyla xanım özü rəssamlığına xobbi kimi baxır... Əslində, belə deyildir. Onun çox nüfuzlu, məşhur beynəlxalq rəsm sərgilərində nümayiş etdirilən və bəyənilən, məşhur sənətkarlar tərəfindən yüksək qiymətləndirilən rəssamlıq işləri göstərir ki, Leyla xanım bu sahədə də bacarıqlıdır, istedadlıdır... Yenə də, qeyd edək ki, bu onun öz seçimidir və bəlkə də, haqlıdır...


Lakin şair Leyla Əliyevanın şeir, poeziya yaradıcılığı heç cürə xobbi deyildir, bu yaradıcılıq stixiyası, istedadın təlabatı, qəlbin ehtiyacıdır, bədii-estetik missiyadır. Ürəyin döyüntülərindən doğan hissin, duyğunun poetik etiraflarıdır:

Gedim bir az ağlayım,

elə-belə... astaca.

Ürəyimi gizlədim

yastığımın altında.

Pəncərəi açaraq

kövrəlmiş ürəyimi

bəlkə həyətə atım?!

Həyatın ağuşuna...

Yox, yaxşısı budur ki,

gedim bir az ağlayım,

elə-belə... astaca.

Bu səmimi, duyğulu hisslərlə yoğrulub-yapılmış şeiri qəlbi poeziya ilə döyünən, əsil təbii istedada malik şair yaza bilər və yazıbdır... Leylanın orta məktəb illərindən şeir yazdığı məlumdur. Bu o dövrdə poeziya yoluna gedən cığırda hələ məsum, bərkiməmiş, kövrək addımlar idi... lakin bu zərif poetik  addımların özü də inandırırdı ki, Leyla poeziyanın şahrah yoluna əzmlə çıxacaq, heç kimin yazmadığı, bəlkə də yaza bilmədiyi şeirləri yazacaq...


Məncə, bu addımlar hələ də, "kövrəkliyində"  qalır və getdikcə  mövzu və janr imkanlarını genişləndirərək məsul və çətin poeziya marafonunda öz möhtəşəmliyini nümayiş etdirəcək, yeni-yeni poetik rekordlara imza atacaq... 

Leylanın şeirlərinin mövzuları olduqca fərqlidir və rəngarəngdir, lap rəssamın rəng qutusunda olan rənglərin, palitranın çalarları kimi... Burada ictimai mühit, ətraf mühit və bəşəri-psixoloji mühit cox maraqlı, cazibədar, təkrarsız, müəllifə məxsus çalarları ilə ifadə edilir və poeziya formatında əksini tapır. Onun şeirlərində adi insani münasibətlər - onların hissləri, həyəcanları, məhəbbətləri, kədərləri, duyğuları reoromantik (realist-romantik) üslubda, amma ictimai məzmunda təqdim edilir ki, bu hər müəllifə müyəssər olmur. Fərdi, şəxsi insani hisslər sonda ümumbəşəri məna tülündə cilvələnir...


Leyla xanım dünya və Avropa, bu sıradan da, rus ədəbiyyatını, rus mədəniyyətini, rus dilini yaxşı bilir. Dünyanın  bir sıra məlum-məşhur xarici dillərinə mükəmməl yiyələnibdir. Həmçinin, nümunəvi ailə religiyasından süzülüb gələn dəyərlər...  Bütün bunlar onun poeziyasının hissi-intellektual layında özünü bariz bir şəkildə göstərir.


Leylanın şeirlərinin hissi-informasiya axarı gurdur, coşğundur və polifondur... Leyla bir şair kimi təbii hissin tərcümanıdır, hissin, emosiyanın sözlə bəstəçisidir... Başqa bir keyfiyyəti də qeyd edək, onun şeirlərində mövzuya və məzmuna, hətta hiss və duyğuya bir kreativ yanaşma münasibəti var. Və bu latent deyil, açıq-aşkar görsənir... Kimsəsizlər evində müşahidə etdiyi acı lövhədə olduğu kimi:

Ana, nə olar, getmə! 
Məni atıb, tərk etmə! 
Təlatümlü həyata 
Əbədiyyən qərq etmə. 

Al isti qucağına, 
Öp məni... Məni oxşa. 
Göydə ulduzlar yansın 
Bir ani baxışınla... 

...Anacan, inan ki, mən, 
Danışmağı bilsəydim, 
bu fani dünyamızda 
Necə yaşamaq lazım. – 
Öyrənərdin sən həmən 
Öz körpənin dilindən... 
Ana, məni tərk etmə, 
Sənə üz tuturam mən. 
Eşit, inan və anla, 
Səninlə nəfəs alır 
Bu məsum, gözəl körpən... 

Herman Hessin sözüdür: "Ağıllı insan xoşbəxtlik, bolluq və rəngarənglik içində keçirdiyi həyatla deyil, sadiqliyi və öz tələblərini məhdudlaşdırmağı ilə xoşbəxt ola bilər."  Mən Leylanın poeziyasının lirik qəhrəmanını  Mahrin təqdim etdiyi tərcümələrdə belə xoşbəxtlərdən birini gördüm!

Leylanın şeirlərinin arasında ortabab şeir yoxdur... Olsa da, İnsani hissin təbii və səmimi, sakit, həlim axarının yaratdığı ovqat bu ortabablığı görməyə imkan yaratmır... Həyat onun üçün tənhalığı sevən məbəd deyil, tənhalığı müqəddəsliyə çevirən məbəddir... Bu tənhalıq ölüm uçrumuna aparmır, bu tənhalıq uçrumdan atlanan və önündə əsrarəngiz həyat-təbiət mənzərələri açılan tənha idmançının planerlə ənginliyə uçuşuna bənzəyir...

Onun şeirləri təkbaşına hisslər dünyasına səyahətdir və bu səyahətə oxucusunu da dəvət edir. Onun lirik qəhrəmanı  burulğanlı hisslərlə dolu bir həyat yaşayan, qəlbində  insanlığa, ətraf mühitə sevgi yükü daşıyan, pessimizmidən uzaq ərköyün əzabkeşdir və sanki ürəyinin ətraf aləmlə həmahəngliyi üçün lazım olan hisslərin axtarışındadır:

Я пойду чуть-чуть поплачу,

 не скажу как мне печально.

Сердце отвезу на дачу,

в море утоплю нечаянно.

 

Выброшу его на ветер,

 ветер в даль его несет.

Не смогло оно ответить,

 почему так душу рвет.

 

Tərcüməsi:

 

Kimsə duyuq düşməsin

kədərimdən, qəmimdən,

Durub yol lım bağa --

astaca ağlamağa...

Götürüm ürəyimi

atım coşan ümmana --

dalğaların qoynuna.

heç dinə də bilməsin --

"Niyə sığmır sinəmə?"

Gah tufan, gah rüzgar

apardıqca uzağa.


Bütün bu hissi dilemmlara baxmayaraq birdən-birə lirik qəhrəman acı çəkən ürəyinə elə bil yazığı gəlir, birdən-birə minor hisslər mojor tülə bürünür, qəmginliyin içində şən auranı tapa bilir. Mənə elə gəlir ki, leyla  güclü emosialara malik bir insan kimi, həyatda bu emosialarını boğmağı bacaran, amma poeziyasında bu emosiyalara sərbəstlik verən bir şəxsiyyət tipidir:

Yox! Yaxşısı budur Ki,

Qoy dirrikdə basdırım,

dirilib (cücərib) çiçək olsun.

Ya da ki, bla tutum, acısın unutdurum.

Özümü aldatsam da.

qoy ruhu ovundurum,

acısın unutdurum...

Leylanın "Gedim bir az ağlayım" şeiri Mahirin ilk poetik tərcüməsidir. Və Mahirin də özünün dediyi kimi, bu şeirin heyrətamiz məzmunu, lirik ovqatı onu elə tutubdur, elə ovsnlayıbdır ki, Mahir bütün yerdə qalan tərcümələrində də bu ovsundan xilas ola bilməyib...


Fransız şair və tərcüməçi Eтyенн Dole (1509-1546) hesab edirdi ki, tərcüməçi aşağıdakı beş əsas prinsipə tərcümədə riayət etməlidir: 
"Tərcümə edilən mətnin məzmunu mükəmməl şəkildə mənimsəmək və müəllifin niyyətini dürüst başa düşmək; Tərcüməçi hər iki dili - həm tərcümə etdiyi dili, həm tərcüməni etdiyi dili  mükəmməl bilməlidir; Sözbəsöz tərcümədən qaçmalı, buna  meyil etməməli, çünki bu orijinalın  məzmununu pozur, mənanı təhrif  edir, mahiyyəti korlayır, sözün bədii-semantik mənasını dəyişdirir; Tərcümədə mümkün qədər sözün, nitqin ümumişlək formalarından istifadə etmək; Sözləri düzgün seçib, düzgün yerləşdirməklə   orijinala müvafiq, uyğun gələn "tonallıq" barədə ümumi təəssürat yaratmalıdır."  



İngilis tərcümə nəzəriyyəçisi A.F.Taytler isə "Tərcümənin prinsipləri" (1790) kitabında tərcüməyə verilən əsas tələbləri aşağıdakı şəkildə şərh edib: "Tərcümə orijinalın ideyasını tam şəkildə, olduğu kimi əks etdirməlidir; Tərcümənin üslub və ifadə tərzi orijinaldakı kimi olmalıdır; Tərcümə orjinal kimi asan oxunmalı və mənimsənilməlidir, yəni, mümkün qədər  tərcümə edildiyi bilinməməlidir."


Aradan yüz illər keçsə də, bu prinsiplərə indi də əməl edilir... Mahirin özü də bu prinsiplərin əsas olanlarına əsaslı şəkildə əməl edibdir...


Ümumiyyətlə, tərcümə nəzəriyyəsində sətri tərcümə, bədii tərcümə, adekvat tərcümə, sərbəst tərcümə və s. təkin anlayışlar var. Bəs, Mahirin tərcüməsi bunların hansına uyğun gəlir? Belə götürəndə heç birinə. Lap "nəzəriyyələşdirsək" Mahirin tərcümə üslubu, manerası bədii tərcümə, adekvat tərcümə, sərbəst tərcümə formalarının sintezindən ibarətdir. Başqa sözlə, bu tərcümələrin öz vahid, orjinal üslubu var. Mahirdə, demək olar ki, bütün şeirlər eyni üslubda, ritmdə, bölgüdə, eyni melodik ladda tərcümə edilibdir. Bunlar tərcümə praktikasında yoxdur. Leylanın şeirləri sillabik və sillabik-tonik vəzndədir və vəznin kompoziyası -- ritm, qafiyələnmə, bəndləmə, şeirin qrafik strukturu da bu vəznlərə uyğundur. Bunların heç birisi Mahirin tərcümələrində qorunmur. Amma Leylanın şeirlərinin Mahirin tərcüməsində Etyen Dolennin və A.F.Taytlerin tövsiyyə etdikləri tərcümə prinsipləri əksərən əksini tapıbdır.


Mahir Qabiloğlu bu məsuliyyətin daşıyıcısı kimi virtuoz tərcüməçi imicində çıxış edə bilib... Tərcümələrində təkcə fikri deyil, hissi də verə bilibdir ki, bu  tərcüməçilik praktikasında ən çətin bir işdir, demək olar ki, mümkünsüzü mümkün edə bilməkdir!! Yəni bu sözlə edilən tərcümə deyil, latent tərcümədir, mətndə gizlənən, sözlə ifadə edilməyən, yaxud söz içində gizlənəni aşkarlayan tərcümədir... Bütün bunları tərcümədə qoruyub saxlamaq, ifadə etmək təkcə  səriştə məsələsi deyil, həm də tərtəmiz istedad məsələsidir...

Yalan, gəl tövbə edək –
Uydurma, yalan sözə
bu gündən vida edək.
Axı kimə və nəyi
utanırıq deməkdən?
Yalan meyvə qurdu tək
qəlbi yeyir içindən.
Düzdən niyə qorxaq ki? –
dili düz söz tutmayan
əyrilər qorxsun ondan...



Leylanın şeirlərində insanın keçirdiyi gündəlik təbii hisslər qəribə bir tərzdə ictimai məzmuna çevrilir və müəllifin də ictimai mövqeyini sərgiləyir. Ona görə də, onun sırf fərdi motivli şeirlərində də ictimai mövqe qabarıq görsənir... 
Leylanın lirik qəhrəmanı həyat dolu insandır, qəmi qəm kimi, sevinci sevinc kimi özünəməxsus bir tərzdə, gizləmədən, ört-basdır etmədən yaşaya bilir... Ən yaxşısı budur ki, gənc şairə Leyla indi tüğyan edən psevdoədəbiyyatdan min mil uzaqdır... Leylanın şeirlərində həyatın təzadlarını əks etdirən hiss, duyğu, fikir bulaq suyu qədər duru, səhər səması qədər aydındır. İroniya,  örtülü, gizli heç nə yoxdur... Leylanın şeirlərində hissin sərbəstliyi yox, öz lətafəti, sahmanı olan hissin, ruhun təbii azadlığı var və yaxud bütün bunları görmək arzusu var...  O bir şair kimi, deyərdim ki, narahat ruh daşıyıcısıdır və bu narahat ruhu sahmanlamaqla məşğuldur. Onun şeirlərində bəşər övladının üzləşdiyi ziddiyətli tendensiyaların reallığına, hətta  müəllifinin yaşına uyğun gəlməyən daha yetkin, daha gözüaçıq bir yanaşma sərgilənmişdir. Onun poeziya fəzasında hiss, ruh, duyğu pərvanələri uçuşmaqda, öz şəmini aramaqdadır... Onun, poetik arsenalını hələlik belə görürəm... Onun, bütöv bir sərgi otağına ölü gözəlliyi ilə gözəllik verən "Ölü kəpənək" şeirində canlandırdığı dramatik, faciəvi pərvanə obrazında da, mən bu arsenalın tükənməz diriliyini görürəm:

Çərçivəyə salınıb
Bir bəzəkli kəpənək. –
Qanadları çırpınmır…
Ürəyindən iynəylə
pərçimləyiblər onu
şüşəli çərçivəyə…
Ölü gözəlliyiylə
bəzək verir divara… –
Boş, yalqız bir otağa…
Özü ölüb,
gözəlliyi ölməyib…
Bunu duyur hər görən.
Görəsən  ağrısını
varmı bir duyub-bilən?..

Bu şeirdə ölü gözəlliyindən zövq alan zəmanə insanlarının soyuq mənəviyyatları,  heç kimin görmədiyi, duymadığı, gözəlliyinə görə ölüm hökmü kəsilmiş, ürəyindən çərçivəyə pərçimlənmiş pərvanənin timsalında bəşəri gözəlliyin faciəsi, kədəri təsvir edilir:


...Şüşənin arxasında
eləcə donub qalır;
Kədərini bir kimsə
nə hiss edir, nə yanır…

Bu gözəlliyi süzüb
ötüb keçən insanlar
həzz alır bu lövhədən –
kəpənək ölüsündən…
Gözəl sözlər səslənir
kəpənəyin şəninə,
ölü gözəlliyinə… –
Yayılır boş kəlmələr
xudbinlərin dilindən…

Şüşənin arxasından
baxırlar çırpınmayan,
döyünməyən varlığa –
ö ölü gözəlliyə…

Poetik hissin psixoloji-dramatik dinmikası davam edir, lirik süjetə ürəyi humanizmlə dolu, sosial faciəyə üsyankar etirazla qəlbi döyünən  müəllif obrazı daxil olur və onun köməyinə nikbin yuxuların mistikası gəlir:

İynəylə bir lövhəyə
sancılmış lal kəpənək,
Gözəlliyinə görə…
Həyətla təmənnasız…
vidalaşan kəpənək…
Ey ruhları, qəlbləri
“sığallayan” kəpənək..!
Yuxumdaydın bu gecə,
Ancaq tamam başqaydın:
Gözoxşayan güllərin
üfüqündə qanadın…
min bir rəngə çalırdı,
Yanırdın… sayrışırdın.
Çox böyük heyranlıqla
Mən səni seyr edirdim.
Həm də ki, ayağımla
şüşəli çərçivəni
sındırırdım, əzirdim…

O, bu əzabı, çirkinlyi, eybəcərliyi, dərdi anlaya bilməməyi qəbul edə bilmir, xəyalən olsa da bu mənəvi - "ölü gözəllik" nümayiş etdirən şüşəli çərçivələri ayaqları altına salıb sındırır, əzir, məhv edir...


Onun "Pərvanə" şeirində isə başqa bir psixoloji məqam əksini tapır. Məlumdur ki, "pərvanə" min illərdir ki, klassik poeziyanın ən məşhur obrazlarındandır və Pərvanə - Şam ideal məhəbbətin Leyli - Məcnun kimi əbədi-ədəbi simvollarındandır. Leyla xanım bu əbədi və əzəli klassik poetik simvola tamamilə yeni bucaqdan, yeni rakursdan yanaşır, xüsusən, Pərvanənin Şama olan məhəbbətini və bu məhəbbət uğrunda özünüfəda, özünü odda yandırması süjetinə, mövzusuna indiyənə qədər heç kimin etmədiyi sosial-ictimai məna və məzmun aşılayır, məhəbbət və sevginin təkcə mənəvi deyil, həm də sosial hadisə olduğunu göstərir:

...Bir qanad saxla, dayan,

Mənim xəfif pərvanəm.

Tənhalıqdan qorxmursan? --

Yalan demə, ay sənəm!

Təkliklə döyüşürsən

Ömür boyu, bir danəm,

Neyləyək ki, özünə

Odu seçmisən həmdəm.

 

Mənim balaca dostum,

İncimə, sadəlövhsən.

Ürəyin gül yarpağı,

Ümid nədir bilmirsən.

Dörd yanın kin və nifrət,

Bunları görməyirsən.

"Qibləgahım -- məhəbbət,

Tanrım -- sevgi" deyirsən.  

 

Pərvanəm, sən isə uç! 
Bilsən ki, öləcəksən, 
Lap külə dönəcəksən, 
Uç! Uç! Alovunu quc! 
Məhəbbət misraları, 
Hədiyyə et bizlərə 
Əsl yaşamaq budur, 
Yaysın bütün qəlblərə.


XXI əsrin nanotexnologiyalar dövründə, ətrafda insan sıxlığının məqbul hədləri keçdiyi bir zamanda adama elə gəlir ki, darıxmaq, sıxılmaq absurddur... Amma əksinə, elə insanı mənən də, fizikalca da sıxan bu sıxlıqdır. Bu sıxlıq insanı darıxdırır və özünə uyğun bir mühit tapmayanda isə mənəvi-psixoloji faciəyə çevrilir. Leylanın "Vaxt" adlı "Ey ulu Vaxt, unutma!" nidalı monoloq-müraciəti, lirik xitabı var. Bu şeirdə həyatın yaşam fəlsəfəsi ilmələnir:


Vaxt! Dayan, yalvarıram,
hara uçursan yenə?
...Tələsirsən de, hara?
Böl dərdini mənimlə.

...Bəlkə də bu həyatda 
çox az şey bilirəm mən. 
Bəzən də düşünrəm: 
Allah, nələr bilirəm..! 
Baxırsan hər şeyim var, 
Ruhumsa itir-batır. 
Dörd yanım adam dolu, 
Təklikdən qulaq batır... 


Gözlərimi bir anlıq 
Açmağımı görürəm, 
Ətrafa, insanlara 
Acıyıram, yanıram. 
Başa düşəndə ki, mən, 
Özüm də çarəsizəm. 
Qalmayır başqa çarəm, 
Gözümü tez yumuram...
 

Bu və bu qəbildən olan "Ana, nə olar getmə", "Sevgi və nifrət", "Səni atmaq istəmirəm", "İnsanlar", "Hardasan, dünyanın yaxşı adamı", "Üç qoca balıqçı və qızıl balıq", "Çərçivəyə sığmaram", "İnsanlar", "Romada. tozlu otracaqda", "Yalan", "Tanrım, sən mənə güc ver", "Uşaqlarım" təkin şeirlərin hərəsi insanın dərin, dramatik psixoloji hisslərinin lirik süjetdə təqdim olunmüş hekayətləridir və mini lirik poemalar təsiri bağışlayır. Bunu əsas tutaraq umarıq ki, Leyla poeziyasının janr imkanlarını genişləndirəcək və insan talelərinin hekayətindən ibarət silsilə poemalar qələmə alacaqdır...


Ümumiyyətlə, Leylanın mövzuları həddən ziyadə həssas mövzulardır, yəni, bir növ, tale məsələsidir, burada həm müəllif taleyi,  həm də oxucu taleyi qəribə bir tərzdə ya paralelləşir,  ya da qovuşur...  Yaxşı olan budur ki, Leylanın poetik mətnləri öz taleyini öz doğma müəllifiylə və öz doğma oxucusu ilə birlikdə yaşayır. Onun şeirlərinin süjetində dramatik dinamikada bir teatrallıq, hadisənin vizual görüntüsü var... Fikrimcə, Leylanın poeziyasında gercəkliyin təlqin elədiyi gerçəkliklə manipulyasiya yoxdur... Gercək var və bu gerçəyə gerçək  hissi-emosional gerçək münasibət var... Uydurma yoxdur... Uydurma həmişə yalanın cəzbedici sarayına qapılar açır... Leylanın poeziyasında isə gerçəyin cazibədar sarayının qapıları oxucularının üzünə daima taybataydır...  


Mənə elə gəlir ki, onun ictimai mesajla dolu lirikası təyinatlı poeziyadır və həyati əhəmiyyət kəsb edir...  Leyla bir xeyirxah ictimai xadim kimi əldə etdiyini qürrələnmədən, səxavətlə ehtiyacı olanlarla paylaşdığı kimi, hissi-emosional duyğularını, düşüncələrini, mərhəm hislərini də, oxucuları ilə poeziya məkanında tam səmimiyyətlə paylaşır... Oxucularını özünə ortaq, mərhəm dost bilir... "Ürək" şeirində olduğu kimi, bütün səmimiyyətilə ürəyinin gizlinlərini oxucusu ilə bölüşür, bu məqamda "qəm də xoşbəxt görünür" :


Ürəyim, ay ürəyim, 
axı sənlə neyləyim? 
Dəsmalmı verim sənə – 
göz yaşımı siləsən? 
Ürəyim, bil ki, səni 
bütün ruhum, qəlbimlə, 
anlamaq istəyirəm. 
Nə vaxtdır bir yerdəyik 
bir can-qəlbik əzəldən; 
Mənsə hələ də səni 
Tanımıram... bilmirəm... 


Təkcə sənə çatmaqçun 
səni əldə etməkçün, 
insanlar yalın əllə 
köksümü parça-parça 
dağıdıb uçurarlar... 
Sən onlardan incimə. –
Bu qəmdən, qüssədəndir 
ürəklərin səninlə 
böləndə, bölüşəndə 
qəm də xoşbəxt görünür... 

Orjinalın bütün ideya-estetik effekti, göründüyü kimi, tərcümə mətninə bacarıqla transformasiya edilib. Çünki Mahir Qabiloğlu bir tərcüməçi kimi şair Leyla Əliyevanın poetik arsenalını mənimsəyib, istedadının potensialını bilir,  onun şeirinin intonasiyasını, daxili ritmini, harmoniyasını tapıb və bütün bunları öz içinin nəğməsinə çevirə bilib...


Belə bir termin var: "Qanın milləti yoxur!" Bu anlayışı da, ictimai mühitə ictimai xadim Leyla Əliyeva bu adla həyata keçirdiyi aksiya ilə gətiribdir. Uğurlu və orjinal anlayışdır. Tətbiq edəsi olsaq poeziyanın əks elədiyi hissi-emosional layın da milləti yoxdur! Varsa da, Leylanın poetik yaradıcılığında belədir. Bunu isə tərcümə etmək olmur. Hiss tərcüməyə gəlmir, gərək onu poetik  mətnə yerləşdirə, kipləşdirə biləsən və Mahir Qabiloğlu bunun öhdəsindən məharətlə gəlibdir... Bu da, ona görə baş tutubdur ki,  Mahir Qabiloğlu da orjinal üsluba malik, əksəriyyət tərəfindən oxunan və qəbul edilən istedadlı, yaradıcı  yazıçıdır.


Qısa arayış:  Mahir Qabil oğlu İmamverdiyev (Mahir Qabiloğlu) -- yazıçı-jurnalist, publisist, tərcüməçi. 1966-cı ildə Bakı şəhərində anadan olub. Bakıdakı 190 saylı məktəbdə təhsil alıb. 1990-cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Müxtəlif illərdə Azərbaycan Yazıçılar Birliyinin "Dədə Qorqud" ensiklopediyasında ədəbi işçi, AzTV-nin "Xəbərlər" redaksiyasında redaktor, "Space" televiziyasının "Hər gün" İnformasiya proqramında redaktor, baş redaktorun müavini, "Xalq qəzeti" qəzetinin Redaksiya Heyətinin üzvü, İnformasiya şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Hazırda sərbəst yaradıcılıqla məşğuldur. Modern.az saytında müəllif kimi bədii-publisistik yazıları və tərcümələri yayımlanır. "Atam Qabilin məzəli əhvalatları"(2011), "Ərmən-Şuşanikin sevgisi" (2014),“Cəncəhim”(2014), “Qurd yağı” (2015), “Sandıq”(2015), “50 yaşında mən...” (2016)  təkin kitabların, 500-dən çox, tamamilə orjinal üslubda, yeni janrda yazılmış bədii-publisist operativ oçerklərin müəlifidir...


Özü də, elə bir imza siferası qazanıbdır ki, bu günmüzün oxucu qıtlığında, öz oxucu auditoriyası olan yeganələrdəndir...   Yuxarıda qeyd etdiyim kimi, Leylanın özü də,  bir şair kimi intellekt səviyyəli oxucu simpatiyası qazanmış bəxtəvərlərlərdəndir... Onun şeirləri gücünə, qüvvətinə, daşıdığı Tanrı sirrinə görə həmişə sevilir və inanırıq ki, həmişə də seviləcəkdir:

Şeirimi çox sevirəm

güc-qüvvətinə görə...

O, bir Tanrı sirridir

anlamağım imkansız...

Şeirimdəki hər kəlmə

mənə əziz doğmadır;

istər gündüzlər yazım,

 istərsə də yuxuda...

Leyla Əliyeva dəyərli bir şair taleyi yaşayan, perspektivli gənc şairlərimizdəndir. Mahir Qabiloğlu da, yaradıcıya məxsus maraqlı tale yolunu seçibdir. Və bura bir poeziya tərcüməçisi taleyi də qoşulubdur... Bu iki yaradıcı taleyin dəyərli meyvəsi isə Leyla Əliyevanın  Mahir Qabiloğlunun tərcümə-təqdimatında azərbaycandilli oxucuları sevindirəcək "Poeziya" kitabıdır. Bizə o qalır ki, hər iki istedadlı qələm sahibini təbrik edək, bu uğurlu əməkdaşlığa yenə də uğurlar arzulayaq...


Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas 



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM