İclasda Yayım Şurasının qərarı ilə Cəmil Quliyev növbəti dəfə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Muxtar İmanov namizədlərin hər biri haqqında üzvlərə məlumat verib. Qeyd olunub ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Milli Teleradio Şurasının elan etdiyi müsabiqəyə 5 iddiaçı - Tahir Paşazadə, Cəmil Quliyev, İltifat Soltanov, Tahir Məmmədov və Afaq Ağayeva bu vəzifəyə namizədliyini təsdiqləyən sənəd təqdim edib. İclasda Yayım Şurasının üzvləri Fuad Nurullayev, Vüqar Zeynalov və Zemfira Qafarovadan ibarət səsvermə və hesablama komissiyası təşkil edilib. Yayım Şurası üzvlərinin gizli səsverməsi yolu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru müəyyənləşdirilib. Yekdil qərara əsasən Cəmil Quliyev yenidən bu vəzifəyə seçilib. Cəmil Quliyev ona göstərilən bu etimada görə təşəkkürünü bildirib.
Yayım Şurasının üzvləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətini yüksək qiymətləndiriblər. Bu nailiyyətlərin növbəti illərdə də davam etdirilərək, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin təbliğində əhəmiyyətli rol oynayacağına inamlarını vurğulayıblar.