Strategiya.az Gün.Az-a istinadən xəbər verir ki, konfransda Türkiyənin 35 şəhərində təhsil alan AzeDer-in 70 bölgə təmsilçisi və eyni zamanda, İstanbulun müxtəlif universitetlərində təhsil alan 30 təmsilçi tələbə iştirak edib.
Konfransın birinci hissəsində çıxış edən AzeDer-in Sədr Müavini Abbas Məmmədov təşkilatın quruluşu, fəaliyyəti, bu günə qədər həyata keçirilmiş və gələcək üçün nəzərdə tutulan layihələr haqqında məlumat vermiş, AzeDer barədə geniş məlumat verdikdən sonra təmsilçilərin suallarını cavablayıb.
Staj, təqaüd, diaspora fəaliyyəti, əlamətdar günlərin qeyd olunması və Azərbaycanın müxtəlif tədbirlərdə təmsili və digər məsələlərlə bağlı ünvanlanmış suallara aydınlıq gətirən Sədr Müavini AzeDer-in yeni ideyalara və təkliflərə açıq olduğunu bildirib.
Konfransın ikinci hissəsində Bölgələr üzrə Koordinator Toğrul Məhiyevin moderatorluğu ilə təmsilçilərə söz verilib. Çıxış edən Ankara, İzmir, Eskişehir, Kayseri, Kahramanmaraş təmsilçiləri təmsilçilik etdikləri müddətdə həyata keçirdikləri layihələrdən, tədbirlərdən danışmış və öz təcrübələrini digər təmsilçilərlə paylaşmışlar.
Sonda təmsilçilər AzeDer-ə təşkil etdiyi tədbirə görə təşəkkür etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda çıxış edən AzeDer Sədri Rəşad Abdullayev təşkilatın quruluş məqsədinin Türkiyədə təhsil alan tələbələrimizi bir araya toplamaq, Azərbaycanlı gənclərin bilik, təcrübə və fikirlərini digər ölkələrin gəncləri ilə də paylaşaraq, pozitiv rol almağı səciyyələndirmək, bu gənclərin entuziazmını məhz Azərbaycanın gələcəyinə investisiya etmək və Azərbaycanın tarixi və mədəniyyətinin Türkiyədə tanıtmaqdan ibarət olduğunu vurğulamışdır.
Daha sonra konfransda iştirak edən hər kəsə təşəkkür edərək, gənclərin şəxsi inkişafına və karyera yüksəlişinə töhfə verən layihələrin davamlı olacağını və hər zaman azərbaycanlı tələbələrə dəstək verəcəklərini qeyd etmişdir. Tədbirin yekununda Rəşad Abdullayev təmsilçilərlə birlikdə xatirə şəkli çəkdirib.