Bu gün səhər saatlarında Şimali Koreya özünün yeni raket sınağını keçirib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Pxenyan indiyədək məlum olmayan tipdə raket buraxıb və həmin raketin göstəriciləri barədə heç nə məlum deyil. Cənubi Koreya rəhbərliyi raket sınağı ilə bağlı təhlükəsizlik kabinetinin xüsusi iclasını çağırıb. Rusiya isə özünün Uzaq Şərqdəki havadan müdafiə sistemlərini döyüşə hazır vəziyyətə gətirib.
ABŞ isə bəyan edib ki, peyk görüntülərinə əsasən Şimali Koreyanın buraxdığı raket Rusiya ərazisinə yaxın, Vladivostokun cəmi 96 kilometrliyinə düşüb. Ağ Evin rəsmisi Şon Spayser bildirib ki, Rusiya çətin bu raket sınağından sevinər. Çünki raket Yaponiya ərazisindən daha çox Rusiya ərazisinə yaxın düşüb. “Raketin Rusiya ərazisinə yaxın düşdüyünü nəzərə alan prezident Tramp təsəvvür edə bilmir ki, Moskva buna sevinəcək”-Şon Spayser bildirib.
Bundan əlavə ABŞ administrasiyası bildirib ki, öz müttəfiqlərini Şimali Koreyadan qaynaqlanan təhdidlərdən qorumaqda tam qərarlıdır. Ağ Evin mövqeyinə görə son təxribat beynəlxalq ictimaiyyəti Pxenyana qarşı daha sərt sanksiyalara vadar etməlidir.
Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına görə raket Şimali koreyanın Pxoyan-Pukto bölgəsindən buraxılıb və 700 kilometrə yaxın məsafə qət edərək Yapon dənizinə düşüb. Lakin Yapniyanın iqtisadi maraq zonasına çatmayıb.