Bakı Beynəlxalq Mətbuat Mərkəzində Sadıq Zeynaloğlunun “Onları Vətəndən məhrum ediblər” və “Tarixin qan yaddaşı” kitablarının təqdimat mərasimi keçirilib.
ədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Mətbaut Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov kitabların müəllifinin hazırda həyatda olmadığını söyləyib.
Onun sözlərinə görə, “Tarixin qan yaddaşı” kitabında Naxçıvan Muxtar Respublikasınn Culfa rayonunun Milax, Ərəfsa, Şahbuz rayonunun Keçili kəndlərində 1931-cü ilin fevral-mart aylarında baş verən hadisələr təsvir olunub.
Ocerklərdən ibarət olan “Onları Vətəndən məhrum ediblər” kitabı arxiv materialları əsasında hazırlanıb: “Bu kitab bədii xüsusiyyətlərdən daha çox oxucular üçün hələ əlçatmaz olan arxiv materialları əsasında hazırlanıb. Kitabda cibində Kommunist Partiyasının biletini daşıyan NKVD-nin erməni əməkdaşlarının çixardığı qərarlar əsasında Qazaxıstana sürgün edilən qarabağlıların siyahısı verilib. Kitabdakı adlar, soyadlar və digər məlumatlar arxiv materiallarından götürülüb. Onların yazılışındakı səhvlər ya NKVD-nin əməkdaşlarının savadsızlığından baş verib, ya da qəsdən təhrif edilib”.
"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Azərbaycan Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva bildirib ki, Azərbaycan xalqının tarixindən bəhs edən bu kitab həqiqətləri üzə çıxarıb.
S.Vəliyeva qeyd edib ki, repressiya qurbanlarının ailələrindən bəhs edən bu kitab bütövlükdə Azərbaycan xalqının taleyidir: “Bu kitablarda bəhs edilənlər Azərbaycan xalqının başına gətirilən faciələrin, xalqımıza qarşı edilən təcavüzlərin bir hissəsidir. Bu kitablarda bəhs edilən hadisələrə layeyd qalmaq olmaz. İki gün bundan əvvəl dinc sakinlərin başına gələnlər də bir daha göstərdi ki, bütün bunlar öz mənfur əməllərini həyata keçiriən ermənilərin siyasətinin nəticəsidir. Kitabda qeyd edilən ailələrin sürgün edilməsinin arxasında ermənilər durub. Burada kolxoz quruculuğu bir bəhanədir, insanları “kolxoz quruculuğuna mane olur” bəhanəsi ilə sürgün ediblər. Bu 3 kəndin ailələrinin çoxunun başçısı güllələnib, sürgün edilib. Müəllif yazır ki, 93 faiz halda bu hadisələrin birbaşa təşkilatçısı ermənilər idilər”.
S.Vəliyeva qeyd edib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra - 1996-cı ildə “1920-50-ci illər arası repressiya qurbanı olmuş azərbaycanlıların reabilitasiyası haqqında” haqqında sərəncam imzaladı: “Bu sərəncamda sürgündə belə dünyaya gəlmiş uşaqlar repressiya qurbanı hesab edilir. Bu, hələ ki, reabilitasiya haqqında yeganə sənəddir”.
S.Vəliyeva qeyd edib ki, bu sərəncamdan sonra arxivlər tam şəkildə xalqımıza xidmət etdi və onların materiallarından istifadə edildi: “Qoy, bir də başımıza faciələr gəlməsin. Bunun üçün bizim milli yaddaşımız itməməlidir. Bu cür kitablar bizim milli yaddaşımızın itməməsi üçün çox vacibdir”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, tariximizin müstəqilliyə gətirən yollarını yenidən öyrənmək, onları təhlil etmək çox əhəmiyyətldir. Bu baxımdan kitabdakı məlumatları olduqca əhəmiyyətli sayan İ.Həbibbəyli bildirib ki, kitablarda Azərbaycanın müxtəlif rayonlarında 1920-ci illərindən sonra baş verən repressiyalar, faciələr öz əksini tapıb: “Burada məhkəmə prosesləri, yaddaş materialları var. Bütün bunlar insanlara məlumatları dolğun təqdim etməyə imkan verir. Sovet dövründə uzun müddət “Keçili hadisələri” Keçili banditlərinin hadisəsi kimi təqdim edilirdi. Bunu süni şəkildə belə təqdim edənlər də ermənilər idi”.
İ.Həbibbəyli bu kitabların rus və ingilis dilərində nəşrinə görə "Kaspi" Mətbuat və Təhsil Mərkəzinə təşəkkür edib.
Daha sonra xalq şairi Sabir Rüstəmxanlı, deputatlar Elmira Axundova, Musa Qasımlı çıxış ediblər.
Tədbirdə çıxış edənlər 1920-50-ci illərdə SSRİ-də cinayətkar rejimin hökm sürdüyünü, belə rejimin uzun müddət davam gətirməsinin mümkünsüz olduğunu söyləyiblər.
Çıxış edənlər kitabların xarici dillərdə yayılmasının daha lazımlı hesab edərək qeyd ediblər ki, bu cür kitabların çap edilməsi, belə layihələrin davamlı həyata keçirilməsi xalqımızın tarixi həqiqətlərinin üzə çıxarılması baxımından çox zəruridir.//Trend