Ekspertlər mətbuatda bu meyarlara sədaqətlə yanaşılmalı olduğunu vurğulayıblar
İyulun 25-də Humanitar Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Mətbuatda və sosial mediada milli-mənəvi dəyərlərin qorunması” adlı layihə çərçivəsində "Elektron mediada milli-mənəvi dəyərlərin təbliğinin vəziyyəti” mövzusunda Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirib. Dəyirmi masada millət vəkilləri, alimlər, jurnalistlər və gənclər iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan İctimai Birliyin sədri Nurlanə Mustafayeva vurğulayıb ki, milli-mənəvi dəyərlər hər bir xalqın fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün lazımlı olduğuna inanıb qəbul edilən ortaq dünyagörüşü, məqsədləri, əxlaq normaları və inanclarıdır: "Xalqımızın minilliklər boyu mövcud olan milli-mənəvi dəyərləri məhz onlara sahib çıxılması sayəsində qorunub və Azərbaycan xalqını digər millətlərdən fərqləndirib. Azərbaycan xalqının formalaşmasına milli-mənəvi dəyərlərin təsiri böyük olduğu kimi, heç şübhəsiz, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Dövlət müstəqilliyinin bərpa edilməsindən, xüsusən 1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması üçün böyük işlər görülüb. Milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin başlıca elementlərindən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan və milli-mənəvi dəyərlərə dayanan islahatların başlıca məqsədi müasir dünya çağırışlarına cavab verən güclü, rəqabətə davamlı və vətəndaşın daha yaxşı yaşadığı dövlətin qurulmasıdır. Bu vəzifələri yerinə yetirmək üçün xalqımızın özünün milli-mənəvi dəyərlərinə, tarixinə sahib çıxması vacibdir. Cənab prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb: "Mən hesab edirəm ki, biz Azərbaycanda elə bir model yarada bildik ki, həm iqtisadi islahatlar, həm siyasi islahatlar paralel şəkildə aparılır və ölkəmizin hərtərəfli inkişafını təmin edir. Azərbaycanın böyük və zəngin tarixi vardır. Milli-mənəvi dəyərlərimiz bizim üçün əsasdır””.
Daha sonra N.Mustafayeva layihənin məqsəd və vəzifələrindən bəhs edərək vurğulayıb ki, başlıca məqsəd mətbuatda və sosial mediada milli adət-ənənələrimizi, milli ideologiyamızı, milli tariximizi, ana dilimizi, ölkəmizdə mövcud olan ənənəvi dinimizi qorumağın, o cümlədən sosial şəbəkələr vasitəsi ilə gənc nəslə təbliğ etməyin yollarını müzakirə etmək, milli adət-ənənələrimizlə mədəni inkişafımızın vəhdətini araşdırmaq və geniş ictimaiyyətə çatdırmaqdır. Gənc nəsildə mətbuat və sosial mediada milli-mənəvi dəyərlərə sahib çıxmaq, onu qorumaq və vətənpərvərlik hisslərini yüksəltməkdən ibarətdir. İctimai Birliyin sədri layihə çərçivəsində müzakirəsi keçiriləcək mövzular haqqında məlumat verib.
Mətbuatının üzərinə düşən əsas vəzifə cəmiyyətin maarifləndirilməsidir
Daha sonra"Şərq” qəzetini baş redaktoru Akif Aşırlı müzakirəyə çıxarılan mövzunun günümüz üçün olduqca aktual olduğunu bildirdi: "Mətbuat cəmiyyətin aynasıdır. Bunu milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabi deyib. Zərdabi dövrünün yenilik tərəfdarı şəxsiyyətlərindən olsa belə, həmişə milli-mənəvi dəyərlərə sədaqətlə yanaşıb. Onun sədaqəti ondan ibarət idi ki, "Əkinçi” qəzetində bir sıra sahələrlə bağlı maarifləndirmə işi aparırdı. Həmin qəzetdə o həmçinin atalar sözlərinə, məsəllərə geniş yer verir. 25 ildir ki, müstəqilliyini bərpa etmiş bir dövlətin mətbuatının üzərinə düşən əsas vəzifə cəmiyyətin maarifləndirilməsidir. Son dövrlər kütləvi informasiya vasitələri tipoloji baxımından daha da genişlənib. Demək olar ki, yeni media tam olaraq həyatımıza daxil olub. Klassik mediada vəziyyət yeni mediaya nisbətən xeyli mütərəqqidir. Çox təəssüf ki, sosial mediamızda bir intizamsızlıq var. Sosial media 90-cı illərdə yaranan klassik medianın bir mənzərəsini yaradır. Hazırda demək olar ki, hər gün yeni sayt yaradılır. Hətta bir kamerası və ya diktafonu, evində kompüteri olan özünü peşəkar bir jurnalist hesab edir.
Əyninə cırıq şalvarı geyinib, əlinə kamera alanı...
Baş redaktor milli mənəvi dəyərlər sistemimizin illərlə formalaşıb gəlib bu günümüzə çatdığını deyir: "Zərdabi həmişə klassik ailə institutunun qorunmasının tərəfdarı olub. 150 il bundan əvvəl formalaşmağa başlayan bu dəyərlər bu günə qədər gəlib çıxıb. Son dövrlər klassik medianın yas mərasimləri ilə bağlı apardığı iş təqdirə layiqdir. İsrafçılığa qarşı mübarizə, bununla əlaqəli verilən tənqidi materialların sosial mediada yayılması insanların düzgün istiqamətlənməsinə, maariflənməsinə yardım edir. Bizim ziyalı ruhanilərlə birgə Azərbaycan mediasının apardığı bu iş yüksək qiymətləndirilməlidir. Azərbaycan mediası olmasaydı, bu maarifləndirmə işini aparmaq çox çətin olardı. Bunu da qeyd edim ki, hazırda xeyli peşəkar, işini bilən elektron media orqanları var”.
A.Aşırlı həmçinin qeyd etdi ki, sosial şəbəkələrdə hər kəs davranış qaydalarına xüsusi fikir verməlidir: "Sosial mediada etik ölçülər var. Heç kim düşünməsin ki, onun paylaşdıqlarını kimsə görmür. Əksinə hamı görür. Nə isə bir paylaşım edən, elə bilir ki, o kompüterin arxasında oturub heç kəsin onun nə etdiyindən xəbəri yoxdur. Amma bilmir ki, artıq onun yazdığı şərhdən, paylaşdığı statusdan çox şey bəlli olur. Bu kimi meyllərin aradan qaldırılmasında jurnalistlərimizin rolu böyükdür. Jurnalistlər həm də cəmiyyətə örnəkdir. Jurnalist davranışı, məsələyə olan münasibəti, fikrilərini ifadə etmək tərzi, insanların marağını önə çəkməsi ilə jurnalistdir. Əyninə cırıq şalvarı geyinib, əlinə kamera alanı mən jurnalist hesab etmirəm. Jurnalist Azərbaycanın milli-mənəvi dəyərlərinə sədaqətlə yanaşmalıdır. Jurnalist onu bilməlidir ki, bu gün Azərbaycan cəmiyyətində ona inam, güvən var. Sosial şəbəkə çox geniş anlayışdır. Nəzarətsiz bir zona kimdir. Burada biz özümüz özümüzə nəzarət etməliyik. Çünki biz özümüzə nəzarət etməsək, kənardan bizə nəzarət edənlər baxıb gülürlər. Xüsusilə də, mənfur düşmənlərimiz ermənilər. Dövlətçilik və milli dəyərlərimizə sahib çıxmalıyıq”.
Mətbuat cəmiyyətin tribunasıdır
"Geostrategiya” jurnalının redaktoru İbrahim Əliyev bu gün mətbuatın çiyinlərində çox ağır bir missiya daşıdığını deyir: "Bəşər övladı iki başlanğıc üzərində qurulub. Bunlardan biri maddi başlanğıcdır. Yəni insan bioloji varlıq kimi doğulur, missiyasını yerinə yetirir və ölür. Digəri və ən vacibi isə mənəvi varlıqdır. İnsan başqa canlılardan onunla fərqlənir ki, onun şüuru, mənəviyyatı, keçmişi, gələcəyi var. Bütün bunlar kompleks olaraq insanın mahiyyətini təşkil edir. Dövlətin varlığı üç ayaq üzərində dayanır. Bunlardan biri var – dövlət, o biri güc, digəri isə informasiyadır. Hansı dövrdə yaşamağından asılı olmayaraq, dövlətin mövcudluğu bu "üçlük”dən asılıdır. Bunlardan hansısa olmasa, həmin dövlət, cəmiyyət iflasa məhkumdur. Bunları deməkdə məqsədim ondan ibarətdir ki, haqqında danışdığımız dəyərin, onun daşıyıcısı olan mətbuatın əhəmiyyətini bir daha vurğulayaq və qeyd edək ki, mətbuat nə qədər məsuliyyətli və ağır missiyanı öz üzərində daşıyır. Mətbuat cəmiyyətin tribunasıdır. Burda mənəviyyatdan da çox danışmaq olar. Bunun özü böyük bir mövzudur. Sadəcə olaraq, bu gün daha konkret şəkildə mətbuat və bu dəyərlər üzərində dayanmaq istəyirəm. Bir anlıq təsəvvür edək ki, mətbuat yoxdur. Cəmiyyətdə hansı boşluq yaranar? Dünya faciə yaşaya bilər. Bir-iki gün qəzetsiz qalmaq olar. Ancaq uzun müddət qəzetsiz, informasiyasız qalmaq mümkün deyil. Bizim də həm mətbuat işçisi, həm də oxucusu olaraq ondan çox umacağımız var. Azərbaycan dövlətinin bu günə qədər ən böyük nailiyyətlərindən biri də informasiya blokadasından çıxmasıdır. Bu gün Azərbaycanın səsi dünyanın hər yerinə çatır. Ölkəmizin maraqları bu və ya digər dərəcədə təmin olunur. Əgər bu gün bizim səsimizi eşidirlərsə, bizim dediyimizi deyirlərsə, düşmənizimi işğalçı adlandırırlarsa, bu, informasiyanın ötürülməsi nəticəsində baş verib. Bu, dövlətimizin gücünü artırır, səsimizin dünyaya daha yaxşı çatmasına imkan verir. Bu mənada, Azərbaycanın dünya miqyasına çıxması və maraqlarını təmin olunması yüksək qiymətləndirilməlidir.”
Daha sonra Bakı Dövlət Universitetinin dosenti Əlimusa İbrahimov çıxış edib: "Ulu öndər Heydər Əliyev kütləvi informasiya vasitələrinin inkişafını demokratiyanın tələbi kimi qiymətləndirərək bu sahəyə diqqət və qayğısını əsirgəmədi. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiyanın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. Ən əsası suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün azərbaycançılığın təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Bu gün Azərbaycan tolerant ölkə kimi digər ölkələrə nümunə kimi göstərilir”.
Layihənin eksperti, millət vəkili Musa Qasımlıçıxış edərək milli mənəvi dəyərlərin qorunmasında həm elektron, həm də çap mediasının böyük rolu olduğunu deyib, bu cür layihələrə maliyyə vəsaiti ayırdığı üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edib.
Sonda iştirakçıların suallarına cavablar verilib və mövzu üzrə müzakirələr aparılıb.
Günel Azadə