Azərbaycandan külli miqdarda valyutanın çıxarılması cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hədəflənmə və risk faktoru əsasında müəyyən olunmuş tədbirlər nəticəsində Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı Ələsgərov Sakit Vilayət oğlunun idarə etdiyi "Volkswagen" markalı, "05 BF 398" dövlət nömrə nişanlı minik avtomobilində yoxlama aparılması nəzərdə tutulub.
Vətəndaş gömrük nəzarəti üzrə gömrükçülərin qanuni fəaliyyətinə mane olmağa çalışıb, lakin kənar müdaxilə cəhdlərinə baxmayaraq avtomobil yoxlamadan keçirilib.
Nəticədə avtomobilin gizli saxlanc yerlərindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə 3 540 000 Rusiya rublu (59 000 ABŞ dolları ekvivalentində) aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.