Bakı nefti orta əsr mənbələrində

12:00 / 20.01.2018

Tofiq Nəcəfli

Tarix üzrə elmlər doktoru

Bəşəriyyət tarixində ilk neft yataqları Xəzər dənizinin qərb sahilində yerləşən Abşeron yarımadasında və Bakı şəhərində kəşf olunmuşdur. Qədim Bizans, erməni və ərəb mənbələri Bakı ətrafında sönməyən yanar qazın və neftin olduğu haqda məlumat verirlər. Bakı ətrafında yanar qazın və neftin olması barədə V əsr Bizans tarixçisi Prisk Paniyski məlumat vermişdir. O, 395-ci ildə hun tayfalarının şimaldan – Dərbənd keçidindən Azərbaycana və Ön Asiyaya yürüş etdiyini, geri qayıdarkən Xəzər dənizi sahillərində yanar odların mövcud olduğu ərazidən keçdiyini qeyd etmişdir [17,46]. Bakı şəhəri öz yanar odları ilə atəşpərəstlərin müqəddəs ziyarətgahlarından birinə çevrilmişdir. Hələ qədim dövrlərdən Bakıda üç atəşgah mövcud olmuşdur. Atəşgahlardan biri Suraxanıda, digəri Pirallahı adasında, üçüncüsü isə Şubanı dağında idi [33,4].
Bakıda “Şirvanşahlar sarayı” ərazisində aparılan arxeoloji qazıntılar zamanı neftdən istifadə olunmasının izləri aşkar olunmuşdur [5,65; 16,164]. Musa Kalankaytuqlu “Alban tarixi” əsərində bölgənin zəngin təbii ehtiyatları arasında neftin olması barədə məlumat vermişdir [19,31]. VIII əsrdə Azərbaycanın Ərəblər tərəfindən işğalından sonra ərəb coğrafiyaçıları və tarixçiləri Bakı nefti ilə bağlı ətraflı məlumat verməyə başladılar. Bəlazuri yazır: “Hələ xəlifə Mənsurun dövründə Azərbaycan hakimi Yəzid ibn Useyd “öz adamlarını Şirvanda neft və duz çıxaranların yanına göndərdi və bu adamlar onlardan vergi aldılar; sonralar o, vergi alınmasını (xüsusi adamlara) tapşırdı” [10, 338; 11,132]. Şirvanda neft mədənlərinin olduğunu Dərbənddə 733-cü ildə neft anbarlarının tikildiyi təsdiq edir” [11,132]. “Dərbəndnamə” müəllifinin verdiyi məlumata görə, 733-cü ildə Azərbaycan valisi Məsləmə ibn Əbdülməlik 20 minlik qoşunla Dərbənd şəhərini ələ keçirən zaman dağıdılmış evlərin yerində cəbbəxana, ərzaq və neft saxlamaq üçün anbar tikdirmişdi [27,62, 75]. “Dərbəndnamə” müəllifinin verdiyi məlumata görə, Ərəblər xəzərlərə qarşı mübarizədə neftdən istifadə etmişdilər [11,133].
Xilafətin şimal sərhədində mühüm dayaq məntəqəsi olan Dərbəndin xüsusi üstünlükləri var idi, xəlifələr həmişə bunu nəzərə alaraq ətraf ərazini və gəlir mənbələrini vəqf adı ilə onun müdafiəçilərinə verirdilər. Dərbənd müdafiəçilərinə gəlir mənbəyi kimi vəqf olunan ərazilər arasında Bakı nefti mühüm yer tuturdu. “Dərbəndnamə” müəllifinin verdiyi məlumata görə, 883-cü ildə xəlifə əl-Mötəmid yenidən Şirvanın neft və duz mədənlərinin yarısını vəqf olaraq Dərbənd əhalisinə (döyüşçülərinə) verdi” və nəhayət, 885-ci ildə həmin xəlifənin verdiyi fərmanla Bakının neft və duz mədənləri vəqf olaraq Dərbəndə verildi. “O, Məhəmməd ibn Əmmarı həmin mədənlərin vergi toplayanı təyin etdi. Məhəmməd bu mədənlərin illik gəlirini Dərbənd döyüşçüləri arasında bölüşdürdü. Ondan sonra bu mədənləri Şirvan valisi Məhəmməd ibn Yəzid idarə etdi. Xəlifənin neft və duz gəlirlərinin Dərbənd əhalisinin haqqı olduğuna dair yazdığı fərmanlar əhali tərəfindən müqəddəs hesab olunmuşdur” [27,75; 2,79; 11,133]. Xəlifənin təyin etdiyi bu məmurların başlıca məqsədi neft və duz mədənlərinin mühafizəsini təmin etmək və əldə olunan gəlirləri Dərbənd mühafizəçilərinə göndərmək idi [6,65-66; 16,167].
Qeyd etmək lazımdır ki, IX əsrin II yarısında Azərbaycanda Xilafətin mövqeyi zəiflədiyi üçün Şirvanşahlar və Dərbənd əmirləri Bakıda çıxarılan neft və duzun gəlirlərini öz aralarında bölüşdürməyə başladılar.
944-cü ildə Dərbəndi nəzarəti altına almağa çalışan Şirvanşah Əbu Tahir Yəzid deyləmlilərin hücumuna məruz qaldığına görə Dərbənd əhalisindən yardım almaq məqsədilə onlarla sülh bağlamağa razı olmuşdu. O, bunun müqabilində onlara Şabran şəhəri ilə bərabər neft və duz mədənlərinin əmlakını da qaytarmağa məcbur oldu. Dərbəndlilərin yardımı ilə o, deyləmlilərin hücumunu dəf edə bildi [34,45]. “Dərbəndnamə”nin verdiyi məlumata görə, Əbu Tahir Yəzid Şirvan ərazisinin neft və duz çıxarılan torpağına göndərildi, o, onlara üstün gəldi, ona səlahiyyət verildi, o, isə onlardan aldığı Şabranı, onun kəndlərini, neft və duz rüsumlarının hamısını onlara qaytardı [34,43]. Göründüyü kimi, Bakı nefti daha əvvəllər Xilafətin, sonra Şirvanşahların, bəzən isə Dərbənd haşimilərinin düşmənə qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı ordunun xərclərini qarşılamaq üçün başlıca gəlir mənbəyi olmuşdur.
X-XIII əsr ərəb coğrafiyaçıları Bakı nefti ilə bağlı ətraflı məlumat verirlər. Əl-İstəxri, Əbu Dulaf, Məsudi, İbn-Hövqəl, Yaqut Həməvi Bakıda neft çıxarılması və satılması barədə ətraflı məlumat verirlər. X əsr müəllifi Əbu Dulaf Bakı ətrafına gəlişi zamanı neftin çıxarılması barədə mühüm məlumat verir. O, yazır: “Mən Mukandan böyük Təbəristan (Xəzər) dənizi sahili ilə ağaclar altında 80 fərsəx yol getdim, nəhayət, Şirvan vilayətinin Bakuya adlanan yerinə çatdım. Mən orada bir neft mənbəyi gördüm; bunun gündəlik icarə haqqı min dirhəmə çatır; onun yanında isə gecə-gündüz, ara vermədən yasəmən yağı kimi ağ neft verən başqa bir mənbə var idi; bunun da icarə haqqı birinciyə bərabərdir” [28,35; 11,132-133].
X əsr ərəb coğrafiyaşünası əl-Məsudi “Xəbərdarlıq və yenidən gözdən keçirmə” adlı əsərində Xəzər dənizi haqqında məlumat verərkən bu dənizin sahilində Bakuh (Bakı) adlı şəhərin yerləşdiyini və Şirvan ölkəsinin bu şəhərinin neftli torpaqlara malik olduğunu qeyd edir. O, Bakıda ağ neftin çıxarıldığını və digər ölkələrə göndərildiyini də qeyd edir [35,74]. Əl-Məsudi “Muruc əz-zəhəb və kitab əl-tanbih” adlı əsərində də dünyanın heç bir yerində Bakının ağ nefti kimi neftin olmadığını qeyd etməklə yanaşı, yanan neft quyularının alovlarının gecələr uzaq məsafədən göründüyünü və Bakının qarşısındakı dənizin içində üç günlük məsafədə olan adadakı vulkandan bəhs etməkdədir. Bu adada yüksək dağlarla eyni boyda göy üzünə alovlar saçan böyük bir atəş mənbəyinin olduğunu və bu atəş mənbəyinin dənizin önəmli bir bölümünü işıqlandırdığını və qurudan 100 fərsəx uzaqlıqdan göründüyünü bildirir [26,78-79; 34,42; 24,253]. Ə.Z.Vəlidinin fikrincə, belə bir adanın o vaxtlar mövcud olub indi batmış olduğunu demək mümkündür [34,42].
Əl-İstəxri Bakıda yaşıl və ağ neftin olduğunu, bununla Muğan şəhəri arasında şəmayi balıqları tutulan yerlərin mövcudluğunu bildirir [34,42]. Bu məlumatı XI əsr müəllifi əl-Biruni də təsdiq edir. O, “Məsud cədvəli” adlı əsərində “Bakı ağ neft mədəni ocağıdır” deyərək şəhərin eni və uzunluğu barədə məlumat vermişdir [34,42; 35,145-146; 24,253].
XII əsrin Ərəb coğrafiyaşünası Əbu Hamid əl-Əndalusi öz əsərində Şirvan ölkəsinin Bakuh (Bakı) adlı şəhərində qara torpaqdan mazut, ağ və qara neft çıxarıldığını yazır. O, Bakıda və qarşısındakı adadan gecələr kükürd alovuna bənzəyən alovun yüksəldiyini və mavi alovun istiliyi olmadığını, odun üstünə yağış yağdığı anda alovun artdığını və göyə yüksəldiyini qeyd edir. Onun fikrincə, Bakıdakı neft mədənləri dünyanın möcüzələrindən biridir [34,43; 35,162; 24,253-254]. “Hu-dudül-aləm” müəllifi yazır ki, “Bakı dağların yaxınlığında dəniz sahilində bir şəhərdir. Deyləman ölkəsində istifadə olunan bütün neft buradan aparılır” [29,145].
XIII əsrin əvvəllərində bir neçə dəfə Azərbaycanda olan ərəb coğrafiyaşünası Yaqut əl-Həməvi “Mucəm əl-buldən” (“Ölkələrin lüğəti”) adlı əsərində Bakı şəhərindən bəhs edərkən yazır: “Orada icarə haqqı gündə min dirhəmə çatan çox böyük neft mənbəyi var. Yanında civə yağına oxşayan ağ nefti sel kimi gecə-gündüz axan başqa bir mənbə də var. Onun icarə haqqı da əvvəlki mənbədə olduğu kimidir. İnandığım mənbələrdən biri mənə danışdı ki, o, orada həmişə yanan bir yer görüb. Mən belə güman edirəm ki, kimsə təsadüfən ora od salıb, yer mədən tərkibli olduğundan o da sönmür” [15,144; 34,43; 24,254].
XIV əsrin əvvəllərində ibn Mühənnanın öz lüğətində “yer yağı” adı altında neft və neft yağı barədə məlumat verməsi, bu dövrdə neftin Azərbaycanda geniş istifadə olunduğunu bir daha təsdiq edir [1,90; 24,254].
XIV əsrin əvvəllərində Elxani hökmdarı Olcaytu Xudabəndənin (1304-1316) Bakı şəhərinin qala hissəsində Cümə məscidi minarəsinin bünövrəsinə bitişik daşda aşkar olunan fərmanının mətnindən bəlli olur ki, şəhərin və vilayətin rəiyyətlərindən adam başına neftə görə alınan “nefti” vergisi ləğv olunmuşdur. “Nefti” termini neft çıxarılan rayonlarda, yəni Bakıda və onun həndəvərində tutulan yerli vergini bildirirdi. XIV əsrin əvvəllərində bu verginin ləğv olunması sübut edir ki, “nefti” vergisi neft çıxarmaqla məşğul olan əhali üçün çox ağır idi. Güman etmək olar ki, Elxanilər dövrünə kimi bu cür vergi tutulmuş və Şirvanşahların xəzinəsinə daxil olmuşdur [3,266].
XIV əsrin tanınmış tarixçisi və coğrafiyaşünası Həmdullah Qəzvini “Nüzhətül-Qülub” adlı əsərinin Şirvan maddəsində və əsərinin sonundakı “Əcayibi-aləm” hissəsində Bakı nefti barədə mühüm məlumat verir. “Neft quyuları çoxdur və onlardan ən çox yanacaq verənləri Bakıdadır. Burada torpaqda dayaz quyular qazıb neftli laya çatırlar və bu quyulara vurulan su nefti basıb yuxarı qaldırır” [36,58; 8,174; 24,254]. Neft quyularına və laylarına su vurmaq üsulunun tətbiq edilməsi haqqında Həmdullah Qəzvininin verdiyi məlumat Azərbaycanda neftçıxarma işinin qədim ənənəsi olduğunu göstərir. Kimyəvi çəkisinə və sıxlığına görə su neftdən ağır olduğu üçün onu öz ağırlığı ilə basıb yuxarı qaldırır, özü isə onun yerini tutur. Yüz illərin sınağından çıxmış bu üsul indi də Abşeron neft quyularında daxili təzyiqi qaldırmaq və quyuların məhsuldarlığını artırmaq üçün istidə edilməkdədir.
XIII-XVII əsr Qərbi Avropa səyyahları da Bakıda neftin çıxarılması barədə geniş məlumat verirlər. Məşhur venesiyalı Marko Polo ilk avropalıdır ki, Bakıda “qara qızılın” çıxarıldığı haqqında məlumat verir. Marko Polonun yolu Cənubi Azərbaycan, Təbrizdən keçirdi. O, Bakıda olmasa da, neftlə bağlı onun verdiyi məlumat çox maraqlı idi. “Gürcüstanla sərhəddə yağ mənbəyi var, özü də lap çox, həmin yağı birdəfəyə yüzədək gəmiyə yükləmək mümkündür. Yeməli deyil, yandırmaq, qotur və qartmaqlı dəvələrin dərisinə sürtmək olur. Bu yağ üçün uzaq yerlərdən gəlirlər, onu ölkənin hər yerində yandırırlar [23,56-57; 14,1]. Marko Polonun bu qısa məlumatında söhbət, şübhəsiz ki, Bakı neftindən gedir. O, xeyli neft çıxarıldığını, onun müalicə məqsədilə istifadə olunduğunu, ölkənin hər yerində yanacaq və işıq vasitəsi kimi işlədildiyini bildirir.
1320-ci ildə Azərbaycandan keçən Fransa missioner rahibi Jurden Katalani de Severak öz qeydlərində yazır ki, “Bakı adlanan bir yerdə quyular qazmışlar, bu quyulardan “naft” adlı yağ çıxarırlar. Bu yağ əla yanır və müalicə edir, o, həqiqətən çox yaxşı alovlanır” [7,108; 14,1]. Jurdenin məlumatı ona görə maraq doğurur ki, Marko Polodan fərqli olaraq, o, neft yatağının Bakıda olduğunu, quyulardan çıxarıldığını, həmçinin yanan yağın yerli əhali tərəfindən “naft” adlandırıldığını bildirir.
Məşhur Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi “Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” adlı əsərində Bakı nefti haqqında yazır: “Burada qatran (qır) yataqları və neft bulaqları var və hər gün iki yüz dəvə yükündən çox neft hasil olunur. Bunların yaxınlığında arası kəsilmədən, gecə-gündüz, yasəmən yağı kimi ağ neft axıdan başqa bir bulaq var. Bunun icarə haqqı təxminən min dirhəmə yaxındır. Bulaqların yanında şam kimi yanan sarı rəngli bərkimiş torpaq var. Bundan parça-parça qoparıb şəhərə aparırlar və evlərin, hamamların qızdırılmasında istifadə edirlər” [13,117; 24,255]. Ə.Bakuvinin verdiyi məlumata görə Bakı şəhərindən bir fərsəx aralı bir yer var ki, oradan heç vaxt sönməyən alov çıxır. Deyirlər ki, bu kükürd mədənidir. O, həmçinin Bakı şəhərinin yaxınlığında yerləşən adada bəzi illərdə dənizdən çıxıb yüksəkliyə qalxan və uzaqlardan, iki günlük və daha çox məsafədən görünən böyük alov müşahidə olunduğunu qeyd edir [13,117].
Azərbaycanda olmuş Venesiya səfiri İosafat Barbaro 1474-cü ildə Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında olmuş və Bakıda olmasa da, şəhər haqqında eşitdiklərini yazmışdır. “Dənizin (söhbət Xəzərdən gedir-T.N.) bu tərəfində Bakı adlı başqa bir şəhər var, dəniz də buna görə Bakı dənizi adlanır. Bu şəhərin yaxınlığında ucalan dağdan çox üfunətli qara yağ axır ki, onu gecələr çıraqlarda yandırırlar və ildə iki dəfə dəvələrin dərisinə sürtürlər, çünki sürtməsələr dəvələrdə qoturluq olar” [9,107; 14,2; 16,165].
XV əsrin son rübündə Bakıya səyahət dən rus səyyahı Afanasi Nikitin də burada yerdən çıxan yanar qazları görüb heyrət etmiş və əsərində Bakıda “atəş sönmədən yanmaqdadır” yazaraq yanar odla bağlı mühüm məlumat vermişdir [22,56-57; 24,255].
XVI-XVII əsr Avropa səyyahlarının əsərlərində də Bakı nefti ilə bağlı son dərəcə qiymətli məlumat vardır. Bu dövrdə Qərbi Avropa dövlətlərinin Şərqlə, o cümlədən Azərbaycanla ticarət əlaqələrinin yaradılması və inkişaf etdirilməsində marağının güclənməsi müşahidə olunurdu.
1955-ci ildə Londonda yaradılmış “Moskva şirkəti” özünün ticarət agentlərini Rusiyadan keçməklə Azərbaycana göndərmişdi. İngilislər Azərbaycana altı səfər etmişdilər, lakin ən mühüm səfər Tomas Benisterin və Ceffri Düketin rəhbərliyi ilə şirkət agentlərinin 1568-ci ildən 1574-cü ilədək davam edən beşinci səfəri idi. C.Düket Bakı nefti haqqında aşağıdakıları yazırdı: “Şəhərin (Bakının – T.N.) yaxınlığında qəribə hal müşahidə olunur – burada yerin altından heyrət doğuran qədər yağ çıxır; İranın uzaq yerlərindən bura gəlib həmin yağdan aparırlar; ölkənin hər yerində bu yağ işlədilir. Rəngi qaradır və “nefte” adlanır. Onu 400-500 qatıra və ulağa yükləyib ölkənin hər yerinə daşıyırlar, belə karvanlara tez-tez rast gəlirsiniz. Göstərilən Bakı şəhərinin yaxınlığında başqa növ yağ da var – ağ rəngli və çox qiymətlidir, güman edilir ki, bizdə petroleum adlanan mayenin eynidir” [18,439-440; 14,2; 16,169].
İngilis tacirinin təsvir etdiyi karvanlardakı heyvanların sayı göstərir ki, o zaman Bakıda böyük həcmdə neft çıxarılırdı və xeyli neft daşınırdı. C.Düketin verdiyi məlumatlar təsdiq edir ki, o dövrdə neftdən həm də gəmilərdə istifadə edilmişdir [18,439]. Görünür, gəmilərin taxta hissələrini qorumaq və suyun sızmasının qarşısını almaq üçün neft qatranından istifadə edilmişdir.
1578-1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı Özdəmiroğlu Osman paşanın şəxsi katibi olan Asafi Dal Mehmed Çələbi “Şücaətnamə” əsərində içi neftlə dolu olan quyuların olduğu Bakıda minlərlə yük neft çıxarıldığını və burada ağ neft mədənlərinin olduğunu qeyd etmişdir [4,114]. O, Bakı nefti barədə daha ətraflı məlumat verir. Asafi burada neft quyuları ilə yanaşı, neft anbarlarıın olduğunu, neftdən istifadə olunan sahələr və eləcə də onun ticarəti barədə məlumat verir. O, neftin hasilatının gün ərzində min yük həcmində olduğunu və bundan da on yük axça gəlir əldə edildiyini göstərir. O, eyni zamanda bulaq kimi yerdən qaynayan ağ neftin olduğunu da qeyd edir:
Neçə min yük olur neft hasilləri Nəqd on yük aqcadır gəlirləri.
Ağ neftin mədəni var orda həm Su kimi çah içrə qaynar dəmbədəm.
Var daha yanında bir duz mədəni Doldurur hər il otuz yüz məxzəni.
Balıq bəndi var, adı “Şil” adıdır Qızıl simli balıqların damıdır.
Gündə on min aqcadır bil xəracı Belə ayrılmış ilk zamandan bacı.
Gəmilər ilə gəlir hər dəm qumaş Neftlə əvəz edib alırlar maaş.
Gilan gəmisinin kəsilməz ardı Xocalar sevdadan ilmazlar ayrı.
Satdığı malları tam alacadır Sanki Misir malıdır, əlacadır
Hər malından iyirmi beşdə bir Alınır, tamqa deyə, ey binəzir
[4,114; 34,45-46; 32,39].

Asafinin məlumatına görə, neft quyularında qaynayan neft qatranından Bakı hamamlarında geniş istifadə olunurdu. Hamamların suyunu və hamamın qızdırılması üçün neft qatranından istifadə edilirdi [4,114; 33,45-46; 31,39].
Asafi Mehmed Çələbi Bakı neftinin satılmaq üçün daha çox Gilan limanına aparıldığını qeyd edir. O, gəmilərlə daşınan neftin başlıca olaraq ipək parçalara dəyişdirildiyini yazır. Müəllif bu idxal prosesində hər maldan iyirmi beşdə bir tamğa (gömrük) vergi alındığını xüsusi olaraq vurğulayır [4,114; 34,45-46; 32,39].
Asafinin Bakı ilə bağlı məlumatları arasında şəhər ətrafındakı Yanar dağla bağlı verdiyi məlumat xüsusi maraq doğurur. O, yağış və qar altında sönmədən yanan bu odun onu heyrətləndirdiyini qeyd edir.
Hem o sahralarda çok müddet ile, Üstüne kar ile yağmurlar yağar,
Sönmeyip odlar yanar kudret ile. Yine dinlenmez o sahralar yanar
[4,114; 34,45-46; 32,39].

İtaliya səyyahı Pyetro della Valle də Bakı neftindən bəhs edərək şəhərin yaxınlığında ucuz başa gələn xeyli neft çıxarıldığından və bunun şaha böyük gəlir gətirdiyindən danışır [7,225; 14,3].
XVII əsr Osmanlı müəlliflərindən Katib Çələbi “Cihannuma” adlı əsərində Bakının Şamaxının şimal-şərqində Xəzər dənizi sahilində məşhur şəhər olduğunu qeyd edərək yazır: “Ətrafı 10 fərsəxə yaxın daşlıq olub bitkisi çox azdır. Amma 10 qarış qazılsa torpaq çıxar. Bu daşların bəzilərini odun yerinə yandırırlar. Bu şəhərə bağlı olan yerlərdə biri ağ və 500 yaxın qara neft yağı çıxarılan quyusu vardır” [20,485; 16,165]. Katib Çələbi əsərində Xəzər dənizi haqqında məlumat verərkən dənizdəki adaların çoxunda ağ və qara neft yağı çıxarıldığını da qeyd etmişdir [20,488; 16,165].
1647-ci ilin fevralında Bakıya gələn tanınmış türk səyyahı Evliya Çələbinin neft haqqında məlumatı xüsusilə maraqlıdır. O, göstərir ki, şəhərin “suyundan neft yağının iyi gəlir. Çünki bu şəhər yaxınlığında yeddi yerdə neft mədənləri vardır ki, hər biri bir rəngdədir. Sarı, qırmızı və qara nefti olur. Bu diyarın nahiyələrindən olan Müskir, Səndan, Rinəbin əhalisi əsla bal mumu və yağ yandırmayıb qara neft yağı yandırırlar” [12,107; 25,265; 16,165-166]. Evliya Çələbinin səyahəti zamanı neft artıq dövlətin iqtisadi həyatında xüsusi rol oynayırdı. Bakı nefti dünyanın bir çox ölkələrinə ixrac olunur, ondan yanacaq kimi və hərbi işdə istifadə olunurdu. Bakı ətrafındakı neft quyularını o zaman öz gözləri ilə görmüş səyyah yazır: “Neft dövlət gəlirinin xüsusi mənbəyidir və hər il şaha yeddi min tümən gəlir verir. Neft çıxarmaqla məşğul olan adamlar gecə-gündüz quyulara düşüb neft çıxarır və onu keçi dərisindən olan tuluqlara doldururdular. Sonra onu tacirlər alır və müxtəlif ölkələrə aparırlar. Yedd-səkkiz cür neft olur, amma sarı neft ən çox istifadə ediləndir. Qara neft şahın mülkiyyətidir... Qara nefti Özbəkistan, İraq, Hindistan, Gürcüstan, Dağıstan və Osmanlılarla sərhəddə yerləşən qalalara göndərirlər və həmin yerlərdə bundan işıq üçün istifadə edirlər. İslam ordusunun qalalarına hücum etdikdə üzərlərinə və ayaqlarının altına neftli yorğan, köhnə əşyalar atıb alovlandırırlar. Bəzisinə də qalaların və şəhərlərin işləri üçün lazımdır. Hətta İran şahı və Osmanlı paytaxtı üçün hazırlanan çıraqlar da Bakı nefti ilə yandırılır. Neft gündüz də, gecə də qarovulçular tərəfindən qorunur. Çünki ona od düşsə, yanıb qurtaranadək sönməz. Elə buna görə də neft mədənlərinin yanında həmişə hazır qum təpələri düzəldib saxlayırlar. Neft mənbəyi alışdıqda əhali hamılıqla yüyürüb alovun üstünə qum tullayıb söndürür. Çünki neft quyularındakı yanğını söndürmək üçün başqa vasitə yoxdur” [12,108-109; 25,265-266].
Evliya Çələbinin Bakı nefti haqqında verdiyi mühüm məlumatı 1683-cü ildə İsveç səfirliyinin katibi sifəti ilə Bakıda olan alman səyyahı Engelbert Kempferin məlumatları bir daha tamamlamış olur. E.Kempferin 1693-cü ildə latın dilində yazdığı beş hissədən ibarət olan əsərinin ikinci hissəsində bakının və Abşeron yarımadasının neft quyuları haqqında qiymətli məlumat verilir [21,264-286].
Kempfer Abşeronun Balaxanı, Ramana, Binəqədi, Suraxanı kəndlərində neft yataqları sahələrinə getmişdi. Onun yazdığına görə Suraxanıda uzunluğu təqribən 100, eni 200 addım olan sahədə ağ neft çıxarmaq üçün qazılmış iki işləyən quyu vardı, səkkiz işləməyən quyu. Dar quyuların dərinliyi təqribən 70 metr olardı. Quyuların ağzına daş və kol döşənmişdi [21,274-275; 14,3]. Quyular primitiv üsulla – bel və kərki ilə qazılsa da, “gilli süxur quyunun divarlarını möhkəmlətməkdə, kankanların həyatı üçün təhlükə doğurmadan istənilən dərinliyə çatmağa imkan verir” [21,277-278].
Alman səyyahı Balaxanıda qərbdən şərqə 100 addım uzanan sahədə qara neft yatağı ərazisini də gəzmişdi. Burada neft çıxarılması üçün müxtəlif yerlərdə nizamsız şəkildə çoxlu quyu qazılmışdı, hamısı da işləmirdi. O, daha sonra yazırdı: “Quyular otuz qulac və daha dərinliyə qazılmışdır, ona görə yox ki, neft damarları bu dərinlikdən axır, ona görə ki, səhər açılanda fəhlələrin çıxaracaqları mayenin gecə sızılıb yığılacağı çox dərin xəndək olması gərəkdir” [21,276-277; 14,4].
Kempferin neftin çıxarılması üsulları barədə verdiyi məlumat xüusi maraq doğurur. Onun fikrincə, neft yuxarıdan endirilən tuluqlarla və ya vataşırı dəyişdirilən bir cüt atın hərlətdiyi dolamaçarxlar vasitəsilə quyudan çıxarılırdı. İş ancaq gecələr, cəmi bir neçə saatlığa dayandırılırdı. Digər quyular arasında daha çox neft verən quyunun ağzına bayırdan daş düzülmüş, üstündə qurğu düzəldilmişdi. “Neft güclü şırıltı ilə ora axırdı”. Kempferin sözlərinə görə, neft xüsusi olaraq düzəldilmiş tağlı tikililərdə saxlanılırdı – “eni yeddi addım, uzunluğu on yeddi addım idi, dərinliyini ölçmədim... Təkcə neft saxlanması üçün deyil, həm də oradan neft çıxarılması üçün çox münasib idi, çünki hər iki tərəfdən açıq idi, istənilən səviyyəyə enməkdən ötrü pillələr düzəltmişdilər” [21,278; 14,4].
Kempferin məlumatına görə, Suraxanıda hər gün 8 mindən 10 min batmanadək neft çıxarılıb daşınırdı, hərçənd onlar 100 min batmanadək neft çıxara bilərdilər. Hər gün 80 arabada neft daşınırdı; hər arabaya müxtəlif ölçülü 7 və 8 dəri kisələrdə 10-20 batman neft yüklənirdi. Neft quyuları əsas etibarı ilə şah xəzinəsinə məxsus idi, neftin satışından əldə edilən gəlir ora verilirdi. Kempferin dediyinə görə, xəzinə neft quyularından hər il 7 min tümən xalis gəlir əldə edirdi. Bir batman ağ neft 1 şahıya satılırdı, qara neft ucuz idi. S.Aşurbəylinin hesablamalarına görə, Kempferin bildirdiyi gündəlik 8-10 min batman neft hasilatı orta hesabla təqribən 600 min pud deməkdir [7,228; 14,4,7].
Kempfer Bakıda zəngin ağ neft yataqlarının nəzarətsiz, başlı-başına buraxıldığına heyrətlənərək yazırdı: “Quyuları heç bir çəpər və ya divarla dövrəyə almamışdılar, üstünü qapaqla örtməmişdilər; ağzına daş düzüb torpağı bərkitmişdilər, daşlar burada quyu olduğunu bildirir, qoymurdu ki, içəriyə zirzibil düşsün. Məni iki şey heyrətə saldı: 1) zərif maye açıq quyunun dibində qalsa da azalmırdı, öz təsirini və büllur saflığını itirmirdi, halbuki ağzı kip bağlanan bardaqlarda saxlananda korlanırdı və 2) təbiətin nadir dəfinəsi qıfılsız və mühafizəsiz qalırdı” [21,275; 14,6].
Bakı ağ nefti ölkənin hüdudlarından kənara aparılırdı. Neft çıxarıldığı yerlərdən tuluqlarda qatır, eşşək ilə, at arabaları və dəvələrlə Bakıya çatdırılırdı. Bakıdan onu dəniz yolu ilə İranın Xəzər sahilindəki vilayətlərinə, Orta Asiyaya, Dağıstana və Şimali Qafqaza aparırdılar.
Qeyd etmək lazımdır ki, Bakıdakı neft quyularının bir qismi Bibiheybət türbəsi vəqfinə məxsus idi və gəlir şeyxlərin ixtiyarına keçirdi. Quyuların digər hissəsinin sahibləri olan ayrı-ayrı şəxslər dövlətə vergi ödəyirdilər [14,5]. Azərbaycan Səfəvi hökmdarı şah I Abbasın 1607-ci ilin fevral tarixli, Şah II Abbasın 1650-ci il yanvar tarixli fərmanlarından görünür ki, Bakı şəhəri yaxınlığında yerləşən Zığ kəndinin bütün əmlakı və o cümlədən üç neft quyusu Bibiheybət türbəsinə vəqf olunmuşdur [30,65-68].
XVII əsrdə daxili və xarici bazarlarda neftə böyük tələbat onun həm məişətdə, həm də hərbi işdə müxtəlif məqsədlər üçün işlədilməsi ilə bağlı idi. Kempferin yazdığına görə, neft “çıraqlarda və məşəllərdə yandırılan yağ” kimi işlədilirdi. Kənd sakinləri gün altında qatılaşıb bərkiyərək qır şəklinə düşən nefti yerin səthindən yığıb hamam qızdırmaq üçün arabalarda şəhərə və uzaq kəndlərə aparırdılar [21,282; 14,6]. Bakuvinin qeyd etdiyi kimi, hələ XIV-XV əsrlərdə hamamları qızdırmaq üçün neft qatranından istifadə edilmişdi. Asafi bir daha təsdiq edir ki, XVI əsrin sonlarında Bakıda evlərin və hamamların qızdırılmasında neftdən istifadə edilmişdi.
Kempfer yazır ki, ağ neft əşyaları pardaxlamaq, lak hazırlamaq üçün də işlədilirdi. “O, üstünə yaxıldığı qabları misilsiz şəkildə parıldadırdı; işlənməkdən qaralan əşyalar onunla (ağ neftlə) pardaxlanarkən parıltı dərhal bərpa olunurdu” [21,276; 14,6].
Orta əsr mənbələrinin Bakı və Abşeronda neftin çıxarılması haqqında verdiyi məlumatlar bir daha təsdiq edir ki, o dövrdə neftdən məişətdə, tibdə və hərbi işdə geniş istifadə etmişdilər. Dövrün mənbələrinin verdiyi məlumatlara görə, Bakı və Abşeron yarımadası özünün strateji təbii ehtiyatları – nefti ilə yüz illərdir ki, beynəlxalq əlaqələrdə öz yerini qoruyub saxlamışdır.
Neft kəşf olunduğu andan günümüzə qədər xalqımızın sosial-iqtisadi inkişafında ən mühüm güc mənbəyi olmuşdur. Dünyanın qüdrətli və rəqibsiz xam maddəsi olan neftə sahib olmaq güc sahibi olmaq deməkdir. Dünyanın neftlə zəngin olan əraziləri neftin kəşfi ilə əlaqədar olaraq son dərəcə diqqət çəkici olmuşdur. Beynəlxalq ticarət yollarının üzərində yerləşən Bakı şəhəri Qərb və Şərq ölkələri arasında ticarətdə önəmli rol oynamışdır. Neft insanlıq üçün bəzən bir nemət, bəzən də çəkilməz bir yük olmuşdur. “Neft elə bir qüvvədir ki, bütün dünyanı özünə məhkum etmişdir. Rusiya bütün əzəmət və qüdrətini neftə bağlamışdır. Qafqaz onunla canlı yaşamaqdadır. Avropanın yanacaq həsrəti ilə yanan könlü, neft eşqi ilə yanmaqdadır. Azərbaycanın həyatı isə damarlarında cərəyan edən bu qara qanla ayaqları üstünə durmaqdadır. Nefti ondan aldığınız gün, o bütün gözəlliklərini itirər və iflic olmuş bir halə gəlir” [31,39; 24,256].

Ədəbiyyat
1. Abdullah Battal. İbn Mühenna lüğatı. Ankara, 1997.
2. Акташи М.А. Дербенднаме. Махачкала, 1992.
3. Ализаде А. Социально-экономическая и политическая история Азербайджана XIII-XIV века. Баку, 2012.
4. Asafi Dal Mehmed Çelebi ve Şeca`atname. Hazırlayan Doç.dr. H.Mustafa Eravçı. İstanbul, 2009.
5. Aşurbəyli S. Bakı şəhərinin tarixi. Bakı, 2006.
6. Aşurbəyli S.B. Şirvanşahlar dövləti. Bakı, Avrasiya Press, 2006.
7. Ашурбегли С.Б. История города Баку. Баку, 1992.
8. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989.
9. Barbaro İosaphat. Anadoluya ve İrana Seyahat. Çeviri ve notlar:Tufan Gündüz. Yeditepe Yayınları, İstanbul, 2005.
10. Belazuri. Fütuhul-Buldan. (çeviren Z.K.Ugan), cilt 2. İstanbul, 1956.
11. Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989.
12. Evliya Çələbi Səyahətnaməsində Azərbaycan. Nəşrə hazırlayan Mehmet Rıhtım. Bakı, Qafqaz Universiteti Nəşriyyatı, 2012.
13. Əbdürrəşid əl-Bakuvi. Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri. Ərəbcədən tərcüməsi, müqəddimə və şərhləri akademik Ziya Bünyadovdur. Bakı, 1992
14. Əfəndiyev O.Ə. XIII-XVII əsrlərin Qərbi Avropa səyyahları Bakı nefti haqqında. //Azərbaycan neft sənayesi tarixinə dair Birinci Beynəlxalq Konfransın Materialları. Bakı, 1996, s. 1-7.
15. Əliyava N. Azərbaycan Yaqut Həməvinin əsərlərində. Bakı, 1999.
16. Gökçe M. 9-17. Yüzyıl Kaynaklarına göre Hazar denizi çevresinde neft (petrol) üretimi ve ticaret. //History studies İnternasional Jurnal of History, Prof.dr. Enver Konukçu Armağanı, 2012, s. 159-172.
17. Grek seyyahı Priskos (V. Asır)`a göre Avropa Hunları. Neşre hazırlayan Ali Ahmedbeyoğlu. İstanbul, 1995.
18. Jenkinson A. Early Voyages and Travels to Rusia and Persia. (Ed. E.Delmar Morgan), Volume II. Burt Frnklin Press, New York, 1964.
19. Kalankatlı M. Alban tarihi. (Tercüme Yusuf Gedikli), Selenge Yayınları, İstanbul, 2006.
20. Katib Çelebi. Cihannüma. (Neşre hazırlayan Said Öztürk). İstanbul Büyükşehir Belediyesi Yayınları, İstanbul, 2008.
21. Kaempfer E. Amoenitatum exoticarum politicopfisico-medicarum, facisuli 5, Lemgo, 1712, page 264-286. (M.A.Baybakovun latın dilindən rus dilinə tərcüməsi. AMEA Tarix İnstitutunun Elmi arxivi, inv. №5091).
22. Kəmərov N. Qırx il səyahətdə. Bakı, 1977.
23. Книга Марко Поло. Перевод старофранцузского текста И.П.Минаева. М., 1955.
24. Kürkçüoğlu E. V-Xv. Yüzyıllarda Bakü petrolleri ve bölgenin sosyo-ekonomik hayatına etkileri. //A.Ü.Türkiyat Araştırmaları Enstitüsü Dergisi, sayı 27. Erzurum, 2005, s. 247-256.
25. Mahmudov Y.M. Səyyahlar, kəşflər, Azərbaycan. Bakı, Təhsil, 2012.
26. Mesudi. Muruz ezZehab. (Çeviren Ahsen Batur). Selenge yayınları, İstanbul, 2004.
27. Minorsky V. A history of the Sharvan and Darband in the 10.th -11 th centuries. Cambridge, 1958.
28. Minorsky V. Abu Dulaf Mis`ar ibn Muhalhil`s Travels in İran. Cairo University Press, Cairo, 1955.
29. Minorski V. Hududül-Alem. (çeviren Murat Ağaları, Abdullah Duman). Kitabevi Yayınları, İstanbul, 2008.
30. Musəvi T.M. bakı tarixinə dair orta əsr sənədləri. Bakı, 1967.
31. Rəsulzadə M.E. Əsrimizin Siyavuşu. Bakı, 1992.
32. Rıhtım M. Azerbaycan tarihi için kaynak bir eser: Şecaatname ve XVI. asrda Bakü. // Journal of Qafqaz University, Number 20, 2007, s.
33. Süleymanov M. Eşittiklərim, oxuduqlarım və gördüklərim. Bakı, 1989.
34. Vəlidi Ə.Z. Azərbaycanın tarixi coğrafiyası. Türkcədən çevirəni, ön sözün, şərh və qeydlərin, göstəricilərin müəllifi əməkdar elm xadimi, t.ü.e.d., prof. Vaqif Piriyevdir. Bakı, Təhsil, 2009.
35. Vəlixanlı N. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. Bakı, 1974.
36. Йагут ал-Хамави. Муджам ал-Булдан (Сведения об Азербайджане), Хамдуллах Казвини. Нузхат ал-Кулуб (Материалы по Азербвйджану). Баку, 1983.

Key words: Azerbaijan, Baku, Caspian Sea, oil well.
Ключевые слова: Азербайджан, Баку, Каспийское море, нефтяные колодцы.

Summary
Baku oil in the medieval sources
The first oilfields in the history were discovered in the Absheron peninsula on the west coast of the Caspian Sea and in Baku. Ancient sources provide us üith information that still two thousand years ago there was burning gas and oil in the Absheron peninsula. The goal of the presented article is to provide the scientific community and large readers with detailed information about oil extraction and export to neighboring countries in the Absheron peninsula, including Baku namely in the Middle Ages referred to those sources.
The information provided by medieval sources of oil extraction in Baku and Absheron once again confirms that oil was widely used in household, medicine and military operations at that time. According to the sources of the period, Baku and the Absheron peninsula due to their strategic natural resources - oil for many centuries have been preserving their place in international relations.

Бакинская нефть в средневековых источниках
Резюме
Впервые в истории нефтяные залежи были обнаружены на расположенном в западном побережье Каспийского моря Апшеронском полуострове и городе Баку. Как сообщают древние источники, ещё две тысячи лет назад на Апшеронском полуострове имелись не угасающие горючие газы и масла. Основной целью статьи является, опираясь на данные источники, дать подробную информацию о добыче в средние века на Апшеронском полуострове, в том числе в Баку нефти и её вывозе в соседние страны.
Средневековые источники доказывают, что в тот период нефть использовалась в быту, медицине и военном деле. По сведению источников стратегические природные ресурсы Апшеронского полуострова и Баку x- нефть и газ на протяжении столетий сохраняли свое значение в международных связях.

 

 

"GEOSTRATEGİYA" jurnalı №06 (42) NOYABR-DEKABR 2017


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM