Azərbaycan Səfəvi dövlətinin Venesiya və Papalıqla münasibətləri Türkiyə tarixşünaslığında

10:06 / 01.04.2015

Tofiq Nəcəfli

Tarix üzrə elmlər doktoru

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin yaranması və getdikcə daha da qüvvətlənməsi Osmanlı imperiyası ilə müharibə vəziyyətində olan Avropa dövlətlərinin nəzər-diqqətinin yenidən Şərqə yönəlməsinə səbəb oldu. Azərbaycan Səfəvi dövlətinin banisi I Şah İsmayılın fəal xarici siyasət yeritməsi Avropa diplomatiya dairələrində belə bir ümid doğurdu ki, Səfəvi dövləti Osmanlı imperiyası ilə hərbi-siyasi qarşıdurmada Avropa dövlətlərinin müttəfiqi ola bilər [4,212]. I Şah İsmayılın fəal xarici siyasəti Qərbi Avropa dövlətləri içərisində hamıdan daha tez Pa-palıq və Venesiyanın diqqətini cəlb etdi. Məqsədimiz bu məqalədə Azərbaycan Səfəvi dövlətinin Venesiya və Papalıqla qarşılıqlı əlaqələrinin müasir Türkiyə tarixşünaslığında təqdiqi səviyyəsinə aydınlıq gətirməkdir.
Osmanlı dövləti ilə müharibə vəziyyətində olan Venesiya respublikası özünün ənənəvi müttəfiqi olan Ağqoyunlu dövlətinin yerində yeni, daha qüvvətli Səfəvi dövlətinin meydana gəlməsini sevinclə qarşıladı. İtaliyanı ələ keçirmək üstündə Fransa və İspaniya İtaliyada uzun sürən müharibələrə başladığı üçün İtaliya dövlətlərindən lazımi kömək ala bilməyən Venesiya Osmanlı dövlətinə qarşı (1499-1502) təkbaşına müharibə aparmağa məcbur olmuşdu. Məhz buna görə də Venesiya hökuməti bir tərəfdən Qaramanda Osmanlılara qarşı mövcud olan narazılıqdan istifadə etmək, digər tərəfdən Səfəviləri Osmanlılara qarşı müharibəyə cəlb etmək imkanını öyrənmək qərarına gəldi [11,173].
Uzun illər İstanbulda və Kiprdə yaşadığı üçün Şərq aləminə yaxından bələd olan Kons-tantino Laskari Qaramana və Səfəvilərin hərbi düşərgəsinə yola salındı. O, Qaramana və Səfəvilərin hərbi düşərgəsinə səyahətdən qayıtdıqdan sonra, öz səfəri barədə Venesiya hökuməti qarşısında geniş hesabatla çıxış etdi. Beləliklə, Səfəvi dövlətinin Qərbi Avropa ilə ilk diplomatik təması Venesiya ilə yarandı [11,180; 2,90-91].
G.Rota yazır ki, Venesiya senatının Səfəvilərlə hərbi ittifaq yaratmaq istəklərinə baxmayaraq, Osmanlılarla müharibənin sonunda Venesiyanın Səfəvilərlə diplomatik əlaqələrə daha az maraq göstərdiyindən xəbər verir. 1503-cü ildə Kiprin Venesiya valisinin Təbrizə göndərdiyi ankaralı Muradın missiyası diplomatik vəzifədən daha çox casusluq məqsədi daşımışdır [14,900].
1502-ci ilin dekabrında Osmanlı dövləti ilə Venesiya arasında 1499-cu ilin mayından bəri davam edən müharibə başa çatdı. İki dövlət arasında bağlanmış müqaviləni 1502-ci il dekabrın 14-də Osmanlı sultanı, 1503-cü il mayın 20-də isə Venesiya doju imzaladı [5,411; 16,224; 11,182].
Buna görə də, Səfəvilərin Venesiya respublikası ilə bu ilk diplomatik təması hər iki tərəfin Osmanlı imperiyasına qarşı eyni zamanda hərbi əməliyyata başlaması ilə nəticələnmədi.
Osmanlı dövləti ilə sülh bağlandığı üçün Venesiya respublikası G.Rotanın qeyd etdiyi kimi, Səfəvilərlə diplomatik əlaqələrə daha az maraq göstərməyə başladı [14,900]. Bu dövrdə Venesiya hökuməti Səfəvi hökmdarının çağırışına cavab olaraq heç bir real addım atmadı.
Qeyd etmək lazımdır ki, Səfəvi dövlətinin qərb ölkələri ilə ilk diplomatik təmasından aydın olur ki, Şah İsmayılın həmin əlaqələri yaratmaqda başlıca məqsədi Avropa ölkələri ilə ticarət əlaqələrini genişləndirmək və Səfəvi ordusu üçün qərbdən odlu silahlar almaq idi.
Qərbdən göndəriləcək odlu silahları və artilleriya mütəxəssislərini qəbul etmək üçün Aralıq dənizi sahillərinə çıxış yolu əldə etmək lazım idi. Bunun üçün ya Osmanlı dövlətinə müharibə elan edib Qaraman sahillərinə çıxmaq, ya da Misir sultanını məğlub edib Suriyanı tutmaq gərək idi. İ.H.Uzunçarşılının fikrincə, Şah İsmayılın Suriyanı ələ keçirmək niyyəti olmuşdu, buna görə də, qərb ölkələri ilə Misir əleyhinə danışıqlar aparmışdı. O, qərb dövlətlərini Aralıq dənizi tərəfdən Misirə qarşı qaldırmaq, özü isə Suriyaya qoşun çəkmək niyyətində idi [16,259].
Qızılbaşlığın geniş yayıldığı Qaramanda və Suriyada Səfəvilərin təsiri güclü idi. Bundan istifadə edən Şah İsmayıl öz elçilərini Qaraman və Suriya vasitəsilə göndərirdi. Suriyadakı Venesiya konsulu Səfəvi-Avropa əlaqələrinin tənzim olunmasında vasitəçilik edirdi. Səfəvi tacirləri Hələbdə venesiyalılardan qırmızı parça alır, Dəməşqdə isə ipək və yun parçalar satırdılar. Venesiyanın Dəməşqdəki konsulu Bartolo Kontarini 1505-ci ilin avqustunda öz hökumətinə məlumat verirdi ki, əlində Şah İsmayılın Venesiya dojuna yazılmış məktubu olan Qaraman şahzadəsinin elçisi ilə görüşmüşdür. Kontorini az sonra şahın məktubunu italyancaya çevirtdirib Venesiyaya yola salmışdı. 1506-cı ilin yanvarında Venesiyaya yetişən məktubda deyilirdi ki, şah Venesiyaya əldə etdiyi qələbələr barədə məlumat verməklə yanaşı, Venesiya hökumətinin dostu olmaq arzusunda olduğunu vurğulayırdı [14,900; 2,97; 11,188-189].
G.Rota yazır ki, 1508-ci ilin sentyabrında Cənubi Yunanıstandakı Nauplianın Venesiya valisi Səfəvi şahının dərviş qiyafətində olan nümayəndəsi ilə görüşdü. Onun verdiyi məlumata görə, Şah İsmayıl Venesiyanın və xristianların dostudur və yaxınlarda Osmanlılara hücum edəcəkdir [14,900].
1509-cu ilin martında Venesiya gəmisində I Şah İsmayılın və Qaraman şahzadəsinin elçisi Venesiyaya gəldi. Səfəvi elçiləri Venesiyada olduqca yaxşı qarşılandılar. Martın 9-da Səfəvi elçisi Venesiya hökuməti qarşısında çıxış etdi. Səfəvi elçisi Venesiya hökuməti ilə danışıqlar zamanı bildirdi ki, o, İtaliyadan Suriya yolu ilə odlu silahlar və artilleriya mütəxəssisləri aparmaq üçün gəlmişdir. Səfəvi ordusunun Osmanlılara qarşı başlayacağı hərbi əməliyyatlara Venesiya donanmasının yardım göstərməsi tələb edildi [14,900]. A.Allouş Venesiya qaynaqlarına istinad edərək yazır ki, I Şah İsmayıl Zülqədəroğulları üzərinə yürüşdən sonra Osmanlı imperiyasına qarşı Venesiyanın yardımını əldə etmək üçün fəaliyyətini xeyli genişləndirdi. O, beş nəfərlik Səfəvi elçi heyətini top ustaları əldə etmək və Osmanlı dövlətinə qarşı hərbi ittifaq yaratmaq təklifi ilə Venesiyaya göndərdi. 1509-cu ilin mayında Səfəvi elçiləri Venesiyaya gəldi [2,100-101].
Venesiya hökuməti Səfəvi elçilərini nə qədər yaxşı qarşılasa da, danışıqlar heç bir real nəticə vermədi. Venesiya hökuməti şah İsmayılın məktubuna və elçisinə ancaq “nəzakətli” cavab verməklə kifayətlənməli oldu. Venesiya respublikası Avropanın ən qüdrətli dövlətləri ona qarşı müharibəyə başladığı üçün son dərəcə ağır vəziyyətə düşmüşdü. Venesiya Kambre liqasında birləşmiş Avropa dövlətlərinə qarşı müharibə aparırdı. 1509-cu il mayın 14-də Aqnadello döyüşündə Venesiya ordusunun ağır məğlubiyyəti onun varlığı üçün ciddi təhlükə yaratmışdı. Buna görə də, Səfəvi elçisi heç bir nəticə əldə etmədən sentyabrda Kiprə və oradan da Suriyaya gəldi və Dəməşqdəki Venesiya konsulu Pyerto Zenoya danışıqların nəticəsi barədə məlumat verdi [14,900; 11,193].
G.Rotanın fikrincə, Venesiya ilə Səfəvi dövləti arasında diplomatik əlaqələrin inkişafı Venesiya ilə Məmlük dövləti arasında siyasi gərginliyin yaranmasına səbəb oldu [14,900]. Suriyada qızılbaş təsirinin güclənməsindən narazı qalan və Osmanlı imperiyası ilə yaxınlıq edən Misir sultanı, Osmanlı kəşfiyyatının təkidi ilə Səfəvi dövləti və Qərb ölkələri arasında vasitəçilik etdikləri üçün Venesiyanın Dəməşqdəki və Qahirədəki konsulları Pyetro Zeno və Toma Kontarinini zindana atdırdı. Yalnız Venesiya hökuməti Pyetro Zeno ilə Səfəvi elçiləri arasındakı danışıqların şəxsi xarakter daşıması barədə rəsmi izahat verdikdən sonra Venesiya konsulları azad olundular [11,193].
Bu bir daha göstərir ki, I Şah İsmayıl yaxınlaşmaqda olan Səfəvi-Osmanlı müharibəsi ərəfəsində Avropa dövlətlərini qərbdən Osmanlı imperiyasına qarşı qaldırmaq üçün yenidən Venesiya hökumətinə müraciət etməli olmuşdu. 1510-cu ildə o, hətta bu məqsədlə əslən Kiprli olan Nikolo Sororu Təbrizdən Hələbə qayıdan italyan tacirlərinə qoşaraq elçi kimi yola salmışdı. Lakin elçinin şahın məktubu ilə birlikdə ələ keçməsi Venesiya ilə Misir arasındakı siyasi gərginliyin yaranmasına gətirib çıxardı.
Bu hadisə Səfəvi-Venesiya əlaqələrində durğunluq dövrünün başlanmasını göstərdi. G.Rotanın fikrincə, bir tərəfdən Venesiyanın Osmanlı imperiyasına qarşı sakitləşdirici siyasətə üstünlük verməsi, digər tərəfdən Çaldıran döyüşündə məğlub olan Səfəvilərin daxili vəziyyəti və ardınca da Şah İsmayılın vəfat etməsi bu durğunluğa öz təsirini göstərdi [14,901].
Qeyd etmək lazımdır ki, əvvəlki dövrlərdə olduğu kimi, I Şah İsmayılın Çaldıran döyüşü ərəfəsində də Venesiya respublikasını Osmanlı imperiyasına qarşı qaldırmaq planı baş tutmadı. Bu zaman Venesiya hökumətinin başı İtaliya müharibələrinə (1494-1559) qarışdığı üçün Osmanlı imperiyasını Səfəvi dövlətinin əlilə zəiflətməyə çalışır, özü isə həm Osmanlı, həm də Misirlə münasibətlərini sahmanda saxlamaq siyasəti yeridirdi [11,196].
Osmanlı imperiyasının daha da qüvvətlənməsi, Avropa ölkələrini Şərqlə birləşdirən bütün karvan yolları üzərində nəzarəti qəti olaraq ələ keçirməsi bir sıra qərb dövlətləri kimi Venesiyanı da Osmanlı imperiyasına qarşı düşmənçilik siyasətindən əl çəkərək onunla yaxınlaşmaq siyasətinə keçməsinə səbəb oldu. Buna görə də, Çaldıran döyüşündən sonra Venesiya ilə Səfəvi dövləti arasında diplomatik əlaqələr arxa plana keçdi.
Bu, Venesiya respublikasının ikili siyasət yeritdiyini aydın göstərirdi. Sultan Süleymanın Azərbaycana 1533-1535-ci illər yürüşü başa çatan zaman Venesiyadan Tomazo Moçeniq adlı diplomat sultanın yanına göndərildi. O, həm Səfəvilər dövlətinə səfərinin nəticələri ilə bağlı sultanı təbrik etməyi, həm də Venesiyadan Suriyaya göndərilən malların gömrük haqqının artırılması və müqavilənin bəzi maddələrinin pozulması ilə bağlı şikayət etmək istəyirdi [7,493; 10,45].
Qeyd etmək lazımdır ki, 1537-ci ilin avqustunda Osmanlı ordusunun Venesiya mülkü olan Korfu adasına hücumu iki dövlət arasında 1503-cü ildən bəri davam edən sülhün pozulması demək idi. Açıq düşmənçiliyin üzə çıxmasına cəld reaksiya verən Venesiyanın “Onlar Şurası” Səfəvi şahı I Təhmasibin yanına Dojun məktubu ilə öz təmsilçisini göndərmək qərarına gəldi. Onun qarşısına qoyulan vəzifə Səfəvi şahını Osmanlı sultanına qarşı hərbi əməliyyatlara təşviq etmək idi. Bu çətin və təhlükəli tapşırığın icrası kiprli Mikele Membreyə həvalə edildi [17,5].
1539-cu il martın 1-də o, Nikosiyadan yola düşdü, Anadolu yarımadası və Qara dənizdən keçərək Gürcüstana çatdı və Səfəvilərin əlində olan Lori qalasına gəldi. Avqust ayında o, I Şah Təhmasibin Mərənd yaxınlığındakı yay düşərgəsinə gəldi. Sonra o, Səfəvi dövlətinin paytaxtı Təbrizə gəldi və bir il sarayda qaldı [17,5,6]. M.Membre ilə I Şah Təhmasibin ilk görüşündə şahın “Müqəddəs Liqa”ya münasibətinin müsbət olduğu üzə çıxdı [10,46].
İ.H.Uzunçarşılının fikrincə, Osmanlı imperiyası əleyhinə ittifaqın yaradılmasında Roma papası fəallıq göstərirdi. Osmanlı imperiyası ilə Venesiya arasında sülh müqaviləsinin olduğu bir vaxtda Venesiyanı bu ittifaqa sövq edən də Roma papası III Pavel idi [16,374; 10,46]. Papalıq, Venesiya, Almaniya və Avstriya Osmanlı imperiyası və Fransaya qarşı birgə fəaliyyət göstərməyə razılaşdılar və bununla da 8 fevral 1538-ci ildə “Müqəddəs Liqa” yaratdılar [10,46].
Lakin 1538-ci il sentyabrın 28-də Osmanlı donanmasının Preveze dəniz döyüşündə müttəfiqlərin donanmasını darmadağın etməsi Venesiyanı Osmanlı imperiyası ilə sülh müzakirələrinə başlamağa vadar etdi. Bu məqsədlə İstanbula göndərilən elçi 1539-cu ilin aprelin əvvəllərində geri qayıtdı və sülhə ümidlərin olduğunu xəbər verdi [7,505; 10,46]. Bu Venesiya hökumətinin ikili si-yasət yeritdiyini bir daha göstərdi. Sülh danışıqlarına başlamaq üçün İstanbula elçi göndərən Venesiya, məhz bu dövrdə Səfəvi sarayına öz nümayəndəsi M.Membreni yollayaraq I Şah Təhmasibi Osmanlı imperiyasına qarşı müharibəyə sövq etməyə çalışdı.
I Şah Təhmasib İstanbulda Osmanlı-Venesiya danışıqlarının gedişi barədə dəqiq məlumat əldə edənə kimi M.Mebrenin Səfəvi sarayından dönüşü yubadıldı. Lakin Venesiyanın Osmanlı imperiyası ilə sülh danışıqlarının davam etməsi Səfəvi-Venesiya danışıqlarına öz təsirini göstərdi. M.Membre yazır: “Bunlar baş verdikdən sonra onun İstanbuldakı xəfiyyələrindən xəbər gəldi ki, Əlahəzrət Venesiya Sinyorluğunun səfiri sülh istəyərək Türkün sarayında olub. Beləliklə, mən özümü sarayda rüsvay olunmuş kimi hiss etdim, çünki o vaxt şah məni, əvvəl dediyim kimi, təyin etdiyi səfirlə birgə göndərmək üçün hər şeyi hazırlamışdı” [17,66].
Beləliklə. M.Membrenin missiyası Venesiya hökumətinin ikili siyasət yeritməsi, Osmanlı imperiyası ilə sülh danışıqları aparması nəticəsində öz əhəmiyyətini itirdi. Buna görə də I Şah Təhmasib Venesiya hökumətinin ikiüzlü siyasət yeritməsinə qəzəblənmiş və M.Membrenin saraydan getməli olduğunu bildirmişdi.
Türkiyə tarixçilərinin qənaətinə görə, 1528-1540-cı illər Osmanlı-Venesiya müharibəsi Osmanlı imperiyasının qələbəsi ilə başa çatdı. 1540-cı il oktyabrın 20-də iki dövlət arasında bağlanmış müqaviləyə əsasən, müharibə zamanı Osmanlıların ələ keçirdiyi bütün ərazilər Osmanlıların əlində qaldı; Venesiya Osmanlı imperiyasına 300 min dukat məbləğində təzminat ödədi [16,379; 6,220]. Bununla belə, Venesiya Osmanlı imperiyası ərazisi vasitəsilə Şərqlə ticarət əlaqələri saxlamaq hüququnu itirmədi [11,232-233].
Osmanlı sultanı 1540-cı ildə Venesiya və 1547-ci ildə isə Avstriya-Almaniya bloku ilə sülh bağlayaraq dərhal Səfəvi dövlətinə qarşı yeni müharibəyə hazırlaşmağa başladığı üçün daim Səfəvi şahını Osmanlılara qarşı müharibəyə təhrik edən Venesiyanın Səfəvi dövləti ilə münasibətləri yenidən durğunluq dövrünə daxil oldu. 1555-ci ildə Səfəvi dövləti ilə Osmanlı imperiyası arasında Amasiya sülh müqaviləsinin bağlanması Avropada böyük narahatlığa səbəb oldu [11,239].
G.Rotanın qeyd etdiyi kimi, XVI əsrin II yarısında Osmanlı imperiyası ilə müharibənin başlanması diplomatik əlaqələrin yenidən canlanmasına səbəb oldu [14,901]. Osmanlı imperiyasına qarşı təkbətək müharibə aparmağa qadir olmayan Venesiya ənənəvi müttəfiqi olan Səfəvi dövləti ilə əlaqə yaratdı. Məqsəd Səfəviləri arxadan Osmanlı dövlətinə qarşı qaldırıb onun hərbi qüvvələrini iki cəbhəyə parçalamaq idi [11,253].
Venesiya hökumətinin 1570-ci il oktyabrın 27-də Venesiyadan vətənə qayıdan Səfəvi taciri Xoca Əli ilə I Şah Təhmasibə göndərdiyi məktubunda iki dövlət arasındakı “qədim və səmimi dostluq münasibətləri” xatırladılır, Venesiya respublikasının Osmanlı imperiyasına qarşı müharibə üçün gördüyü hərbi hazırlıq barədə məlumat verilirdi. Venesiya hökuməti Şah Təhmasibi inandırmağa çalışırdı ki, əgər Səfəvi dövləti şərqdən, Venesiya və başqa xristian dövlətləri isə qərbdən eyni zamanda hücuma keçsələr, Osmanlı hərbi qüvvələrini iki cəbhəyə parçalayıb məğlub etmək olar [11,253-254].
1570-ci ilin sonlarında Osmanlı ordusunun Kipri ələ keçirməsi tərkibinə Venesiya, İspaniya və Roma papasının daxil olduğu və osmanlılara qarşı yönəlmiş “müqəddəs ittifaqın” yaradılmasını xeyli sürətləndirdi. Venesiya hökuməti Osmanlılara qarşı ittifaq yaratmaq məqsədilə tanınmış diplomat Vinçenso Alessandrini xüsusi tapşırıqla 1571-ci ilin əvvəllərində Xoca Əlinin ardınca I Şah Təhmasibin sarayına yola saldı [15,119].
1571-ci il iyulun 17-də Təbrizə, avqustun 14-də isə Qəzvinə gələn italyan diplomatı Vinçenso Alessandri I Şah Təhmasiblə görüşə bilməsə də, onun oğlu Heydər Mirzənin qəbuluna düşərək Venesiya hökumətinin I Şah Təhmasibə göndərdiyi məktubu ona təqdim etdi. Venesiya diplomatının bu missiyası uğursuz oldu. Çünki Səfəvi hökmdarı Osmanlı imperiyası ilə bağlanmış Amasiya (1555) sülhünü pozmağa niyyətli olmadığını nümayiş etdirdi [14,901].
Göründüyü kimi, Venesiya respublikasının Səfəvi dövlətini Osmanlı imperiyasına qarşı qaldırmaq planı növbəti dəfə də baş tutmadı.
1572-ci il noyabrın 16-da papa V Piy (1566-1572) I Şah Təhmasibə məktub göndərərək xristian dövlətlərin silahının gücünü mədh edərək şaha xristian dövlətlərlə birlikdə həqiqi düşmənlərə qarşı birgə mübariz aparmaq üçün əlverişli vəziyyətin yarandığını bildirdi. Papanın Səfəvi şahına xüsusi müraciəti heç şübhə yox ki, Qərb dövlətləri arasında Osmanlılara qarşı mübarizədə əsas rol oynayan və “müqəddəs ittifaq”ın üzvü olan İspaniya kralı II Filippin razılığı ilə edilmişdi [15,120].
1578-1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı Osmanlı imperiyasına qarşı təkbaşına müharibə aparmağa qadir olmayan Azərbaycan Səfəvi dövləti onun hərbi qüvvələrini iki cəbhəyə parçalamaq məqsədilə yenidən Qərb dövlətlərinə müraciət etdi. 1579-cu ilin sonlarında təcrübəli diplomat Xoca Məhəmmədin başçılığı altında yeddi nəfərdən ibarət elçi heyəti Venesiyaya yola salındı [11,263]. G.Rota yazır ki, 1580-ci ilin aprelində Venesiyaya çatan Səfəvi elçisi Xoca Məhəmməd Venesiya doju tərəfindən çox yaxşı qarşılandı. Venesiya Müqəddəs liqanı tərk edərək 1573-cü ildə Osmanlı imperiyası ilə sülh bağlamışdı. Buna görə də Xoca Məhəmmədin apardığı danışıqlara baxmayaraq, Venesiya bağladığı sülhü davam etdirməyi üstün tutdu [14,901].
XVI əsrin sonlarında Osmanlı imperiyasına qarşı birgə mübarizə aparmaq zərurəti Avropa dövlətlərini, o cümlədən Venesiyanı Səfəvilərə yaxınlaşdıran başlıca amil olaraq qalırdı. Səfəvi dövləti ilə Osmanlı imperiyası arasında yeni müharibənin başlaması Venesiya respublikasının mənafeyinə uyğun idi.
Osmanlı imperiyasının Habsburqlarla müharibə vəziyyətində olduğunu bilən I Şah Abbas başqa Qərb dövlətlərini də Osmanlılara qarşı müharibəyə qaldırmaq siyasəti yeridirdi. Bu məqsədlə Səfəvi hökmdarı, ilk növbədə İtaliya ilə ənənəvi əlaqələri genişləndirdi [11,271].
1600-cü ilin mayında İffət bəyin başçılığı etdiyi Səfəvi elçiləri Venesiyaya gəldilər. İyunun 8-də Venesiya doju I Şah Abbasın elçilərini qəbul etdi. Səfəvi elçisi danışıqlar zamanı Venesiya dojuna bildirdi ki, onun hökmdarı Venesiya ilə ənənəvi ticarət əlaqələrini davam etdirmək niyyətindədir [11,271].
G.Rotanın fikrincə, Səfəvi elçisinin adı Əsəd bəy olmuşdur. Vaxtı ilə Berşe tərəfindən onun adı yanlış olaraq Efet kimi tələffüz olunmuşdur. Əsəd bəy şahın adından mal alıb satmaq və Antoni Şerliyə pul çatdırmaq məqsədilə göndərilmişdi. O, vətənə döndüyü zaman Bağdadda ölmüşdür [14,901-902].
Y.Öztuna yazır ki, Şah Abbas Osmanlı dövlətini məğlub etməyin və III Murad dövründə ələ keçirilən ərazilərin geri alınmasının asan olmayacağını dərk edən böyük əsgər, dövlət və siyasət adamı idi. Avropada geniş müharibə aparan Osmanlı dövlətini Şərqdə məğlub etmək üçün ciddi hazırlıqlar görmək lazım idi. Buna görə Osmanlı dövlətinin Avropadakı düşmənləri ilə müştərək hərəkət etmək lazımdı. I Şah Abbas da belə hərəkət etdi. Səfəvi şahı 1599-cu ildə Hüseynəli bəy Bayatı Antoni Şerlinin müşayiəti ilə Avropaya göndərdi. Şahın ittifaq təklifi Osmanlı basqısı altında olan Avropada hərarətlə qarşılandı [13,177].
1601-ci ilin yazında Səfəvi elçi heyəti Praqada imperator II Rudolfla danışıqları başa çatdıraraq İtaliya hərəkət etdi. Səfəvi elçiləri Şimali İtaliyaya çatdıqda məlum oldu ki, Venesiya Osmanlı dövləti ilə danışıqlar aparır və buna görə də Şah Abbasın elçilərini qəbul edə bilməyəcəkdir [9,251 qeyd 15; 14,901; 3,247; 1,492, 11,282]. Buna görə də, Hüseynəli bəy Bayat Venesiyaya səfəri təxirə salaraq Florensiyaya getdi. Florensiya hersoqu ilə danışıqları başa çatdırdıqdan sonra 1601-ci il aprelin 5-də Romaya çatdı. Roma papası VIII Klement (1592-1605) aprelin 12-də Səfəvi elçilərini qəbul etdi. Hüseynəli bəy Bayat papa ilə danışıqlar zamanı bildirdi ki, əgər xristian dövlətləri qərbdən Osmanlı imperiyasına qarşı vahid cəbhədə müharibəyə başlasalar, onun hökmdarı şərqdən 150 min nəfərlik süvari və 60 minlik piyada ilə hücuma keçəcəkdir; bu şərtlə ki, Qərb dövlətləri Səfəvi hökmdarının razılığı və ya iştirakı olmadan Osmanlı imperiyası ilə danışıqlar aparmasınlar [11,282; 3,247-248].
Türkiyə tarixçilərinin qənaətinə görə, Romada olan zaman Hüsenəli bəylə Antoni Şerli arasında ciddi ixtilaf yaranır. Buna səbəb, Antoni Şerlinin 1600-cü il dekabrın 11-də imperator II Rudolfun I Şah Abbasa yazdığı cavab məktubu ilə birlikdə Səfəvi hökmdarının xristian krallara göndərdiyi məktubların da daxil olduğu diplomatik sənədlər qovluğunu oğurlatdıraraq Osmanlı baş vəzirinə satdırmasıdır. Buna görə də, Antoni Şerli elçi heyətindən ayrılaraq aradan çıxdı [9,251; 8,151; 3,247; 1,492].
1602-ci ildə I Şah Abbasın Hüseynəli bəy Bayat və Antoni Şerli ilə bağlı məlumat əldə etmək və üzərində qızıl hərflərlə şahın adı yazılmış dəmir əlcəyi çatdırmaq üçün göndərdiyi venesiyalı tacir Angelo Qradenigo Venesiya doju tərəfindən qəbul edildi [14,902].
Bu bir daha göstərir ki, XVII əsrin başlanğıcında Səfəvi-Venesiya əlaqələri genişlənməkdə davam etmişdir. 1603-cü il martın 5-də “şahın xüsusi nümayəndəsi və böyük istedad sahibi” olan Fəthi bəyin başçılığı altında 9 nəfərlik Səfəvi elçi heyəti Venesiyaya gəldi. Fəthi bəy I Şah Abbasın məktubunu Venesiya dojuna təqdim etdi [14,902; 11,273].
Lakin Fəthi bəy Venesiyadan aldığı odlu silahları və şaha göndərilən hədiyyələri Səfəvi sarayına yetirə bilmədi. 1603-cü ilin sentyabrında Səfəvi-Osmanlı müharibəsi başlandığı üçün Venesiyadan qayıdan Səfəvi elçiləri Aralıq dənizinin Suriya sahilinə çıxan kimi Osmanlılar onları yaxaladılar və Venesiyadan gətirdikləri bütün malları müsadirə etdilər. Suriyadakı Venesiya konsulunun səyləri nəticəsində Fəthi bəyin mallarının yalnız bir qismini xilas etmək mümkün oldu [14,901; 11,275].
Səfəvi-Osmanlı müharibəsi (1603-1612) davam etdiyinə görə Osmanlı ərazisi vasitəsilə Avropaya rəsmi elçi heyəti göndərmək mümkün olmadığı üçün Şah Abbas Fəthi bəyin səfirliyindən xəbər bilmək və Venesiyanı Osmanlı dövlətinə qarşı müharibəyə qaldırmaq üçün 1609-cu ildə erməni taciri Xoca Kirakosu, 1610-cu ildə isə Xoca Səfəri Venesiyaya göndərdi [14,901; 11,277].
Səfəvi elçiləri ilə aparılan danışıqlar zamanı Venesiya hökuməti Səfəvi dövləti ilə ənənəvi dostluq münasibətlərini davam etdirəcəyini bildirdi və Fəthi bəyin bütün əmlakı xüsusi aktla Xoca Səfərə təhvil verildi [11,272-273].
G.Rotanın fikrincə, 1613-cü ildə Səfəvi tacirləri Əlaəddin Məhəmməd və Xoca Şahsuvar Venesiyaya gəlmişdi [14,901]. I Şah Abbasın Venesiya hökumətinə yazdığı 1613-cü il tarixli məktubundan aydın olur ki, o, Osmanlı dövləti ilə yaranmış sülh münasibətlərindən istifadə edərək İtaliya ilə ticarət əlaqələrini genişləndirməyə çalışırdı. O, Venesiya hökumətini əmin edirdi ki, “əgər Venesiya şəhərindən, həmçinin Venesiya torpaqlarından olan xristian tacirləri bizim məmləkətə ticarətə gəlsələr, biz onları yaxşı qarşılayacaq və hər cür kömək göstərəcəyik; onlara istədikləri hər şeyi, arzu etdikləri bütün malları almaq üçün hər cür imkan yaradacağıq” [11,194-195].
G.Rotanın fikrincə, Səfəvi şahının bütün bu yaxşılıqlarına baxmayaraq, Venesiya hökumətinin öz səfirini göndərərək bunlara qarşılıqlı cavab vermədiyi görünür. Buna səbəb, 1608-ci ildə I Şah Abbasın Hələbdə olan Venesiya konsulu Ciovanni Françesko Saqredoya “İran konsulu” adını verməsi və 1611-ci ildə onu Venesiya şəhərində və bütün Venesiya torpaqlarında “özünün nümayəndəsi” təyin etməsi idi [14,901].
1621-ci ilin əvvəllərində Xoca Şahsuvarın və zəngin Təbriz tacirlərindən Hacı Eyvazın başçılığı altında Səfəvi elçiləri Venesiyaya gəldi [14,901; 11,298-299]. Səfəvi elçiləri 1621-ci il fevralın 1-də Venesiya hökuməti tərəfindən qəbul edildi. Səfəvi-Venesiya danışıqlarında ticarət məsələlərinə üstünlük verildi. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi zərurəti qeyd edildi [11,299].
G.Rotanın fikrincə, 1627-ci ilin sonlarında Hələbdəki Venesiya konsulu Ciovanni Francesko qardaşı oğlu Alviseni Səfəvilərlə ticarət etmək məqsədilə çağırdı. Venesiya hökuməti 1629-cu ildə ona İrana getməyə icazə verdi. O, Hələbə gələn zaman Şah Abbasın öldüyündən xəbər tutdu və Şah Səfinin adına etimadnamə hazırlanması üçün gözləməli oldu. Az sonra isə Venesiyaya qayıtdı. 1630-cu ildə Xosrov paşanın yürüşü ilə bağlı quru yolu bağlandığı üçün bu səfəri gerçəkləşdirmək mümkün olmadı. Beləliklə, Saqredonun Venesiyanın quru yolla həyata keçirilən ipək ticarətini bir daha canlandırmaq və İranda ticarət faktoriyası yaratmaq üçün hazırladığı plan gerçəkləşdirilmədi [14,901].
1634-cü ildə Şah Səfinin taxta keçməsini xəbər vermək və I Şah Abbasla Alvise Saqredo arasındakı əlaqələri xatırlatmaq məqsədilə Əli Balinin başçılığı altında Səfəvi elçi heyəti Venesiyaya gəldi. Əli Bali Səfəvi şahına məxsus ipəyin satışından sonra satıcılar arasında ortaya çıxan münaqişə nəticəsində zərbxanaya yerləşdirilən pulları geri almaq vəzifəsini həyata keçirməli idi [14,901-902].
G.Rotanın fikrincə, 1645-ci ildə Osmanlı dövləti ilə Krit adası üstündə müharibənin başlanması Venesiyanın Səfəvi dövləti ilə diplomatik əlaqələrinin yenidən fəallaşmasına gətirib çıxardı. 1645-ci ildə Venesiya respublikası Polşaya səfir göndərdiyi Ciovanni Tiepolonu Səfəvi şahına yazılmış məktubu Səfəvi sarayına göndərilən və Polşa elçisi Jerzi İliczeni müşayiət edən dominikan keşişi Antonio da Fiandraya verdi. Bunun ardınca isə Venesiya hökuməti tacir Domonike de Santesi Hələb yolu ilə Səfəvi sarayına göndərdi. 1647-ci ilin noyabrında isə keşiş Ferdinado Geoverida həm papanın və həm də Venesiya respublikasının elçisi kimi Səfəvi sarayına yola salındı. Onlar Səfəvi şahının Venesiya ilə dostluq münasibətində olduğunu, lakin hərbi ittifaqla bağlı kəskin cavab vermədiyini nəzərdə tutan məktubu ilə geri döndülər. Venesiya elçisi keşiş Antonio Gioverida II Şah Abbasın (1642-1666) Qəndahara yürüşünə ciddi hazırlıq görüldüyünün şahidi olmuş və bu şəhərin ələ keçirilməsindən sonra şahın Bağdada yürüş edəcəyinə “heç bir şübhə qalmadığını” çatdırmışdır [14,902].
Qeyd etmək lazımdır ki, 1639-cu ildə Səfəvi və Osmanlı dövlətləri arasında Qəsri-Şirin sülhü bağlandığı üçün Qərb dövlətlərinin, o cümlədən Venesiya respublikasının Səfəvi şahını Osmanlılara qarşı yeni müharibəyə cəlb etmək siyasəti heç bir nəticə vermədi. XVII əsrin II yarısında Səfəvi və Venesiya respublikası arasında qarşılıqlı əlaqələr daha çox diplomatik xarakter daşımış, Səfəvi şahının və senatın din xadimləri vasitəsilə məktublar göndərməsi ilə kifayətlənmişlər. 1661 və 1662-ci illərdə Venesiya hökumətinin Səfəvi şahını müharibəyə cəlb etmək məqsədilə göndərdiyi məktublar, eləcə də 1669-cu ildə naxçıvanlı Mateos Avanik vasitəsilə göndərilən məktublar cavabsız qaldı. 1673-cü ildə Şah Süleyman (1666-1694) dominikan keşişlə Venesiya hökumətinə göndərdiyi məktubunda 1669-cu ildə Osmanlıların Kandiyə qalasını ələ keçirməsi və müharibənin başa çatmasından məyus olduğunu bildirdi [14,902].
G.Rotanın fikrincə, sonrakı illərdə də Venesiya hökuməti Səfəvi dövləti ilə diplomatik əlaqələri davam etdirdi. 1695-ci ildə papa nümayəndəsi, 1697-ci ildə Pietro Paolo Piqnatelli və 1699-cu ildə isə Felike Maria da Sellano vasitəsilə Səfəvi sarayına məktublar göndərildi. Bu məktublarda Səfəvi şahı Osmanlılarla müharibəyə təhrik edilir və Venesiya respublikasının Səfəvi şahı ilə xoş münasibətdə olduğu vurğulanırdı [14,902].
Azərbaycan Səfəvi dövləti ilə Venesiya respublikası arasında qarşılıqlı əlaqələrin müasir Türkiyə tarixşünaslığındakı tədqiqi səviyyəsinin öyrənilməsi göstərir ki, bu əlaqələr iki mərhələdən keçmişdir. XVI əsri əhatə edən birinci mərhələdə tərəflərdən hər biri digərini Osmanlı imperiyasına qarşı mübarizədə əsasən müttəfiq saymışdılar. Bu məqsədlə bir-birinə elçilər göndərmişdilər. XVII əsrdə, ikinci mərhələdə isə qarşılıqlı münasibətlərdə iqtisadi ticarət əlaqələri üstünlük təşkil etmişdi. Bu məqsədlə daha çox tacirlər göndərilmişdi. I Şah Abbas və xələfləri dövründə də Səfəvi-Venesiya münasibətlərində daha çox iqtisadi-ticarət əlaqələri üstünlük təşkil etmişdir [14,903].

 


Mənbələr və ədəbiyyat.

1. Acar S. Kızılbaş türk Don Juanın Avrupa seferati // TTK Belleten, c. LXXVI, sayı 276. Ankara: 2012, s. 479-501.
2. Allouche A. Osmanlı-Safevi ilişkileri. Kökenleri ve gelişimi. Çeviren: Ahmed Emin Dağ. Anka Yayınları, İstanbul: 2001, 232 s.
3. Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı (1587-1629). Berikan Yayınevi, Ankara: 2013, 327 s.
4. Azərbaycan tarixi, Yeddi cilddə, üçüncü cild. Bakı, elm, 1999,
5. Danişmend İ.H. İzahlı Osmanlı tarihi kronolojisi. c.1. Türkiye Yayınevi, İstanbul: 1947, 530 s.
6. Danişmend İ.H. İzahlı Osmanlı tarihi kronolojisi. c. II. Türkiye Yayınevi, İstanbul: 1948, 565 s.
7. Hammer C. Osmanlı tarihi. c. I, Çeviren Mehmet Ata. Bugünkü dille özetleyerek yeniden yazan prof. Dr, Abdulkadir Karahan. MEB Yayınları, İstanbul: 1990, 522 s.
8. Kılıç R. XVI ve XVII yüzyıllarda Osmanlı- İran siyasi Antlaşmaları. Tez Yayınları. İstanbul: 2001, 237 s.
9. Kütükoğlu B. Osmanlı-İran siyasi münasibətləri (1578-1612). Özal Matbaası, İstanbul: 1993, 340 s.
10. Quliyev Ə. Ə. XVI əsrin ortalarında Azərbaycan Səfəvilər dövlətinin ictimai-siyasi vəziyyəti (Mikel Membrenin “”Səyahətnamə”si əsasında). Bakı: Şərq-Qərb, 2011, 192 s.
11. Mahmudov Y.M. Azərbaycan diplomatiyası. Bakı: Təhsil, 2006, 416 s.
12. Öztuna Y. Başlanğıcından zamanımıza qədər Türkiyə tarixi, с. 4. Hayat Yayınları, Анкара: 1964, 301 s.
13. Öztuna Y. Başlangıcından zamanımıza kadar Türkiye tarihi. c. 8. Hayat Yayınları, Ankara: 1965, 304 s.
14. Rota G. Safevi İranı ile Venedik Cumhuriyeti arasındakı diplomatik ilişkilere genel bir bakış. //Türkler. Yeni Türkiye Yayınları, Ankara, 2002, s. 899-906.
15. Шахмалиев Э. Дипломатические отношения Испании с Сефевидским государ-ствов во второй половине века. //Ученные записки Азербайджанского Госу-дарственного Университета им. С.М.Кирова. Ваку, 1955, с.117-127.
16. Uzunçarşılı İ.H. Osmanlı tarihi. c. II. Türk Tarihi Kurumu Basımevi, Ankara: 1988, 808 s.
17. Venesiyalılar Şah Təhmasibin sarayında (Mikel Membre ve Vinçenso Alessandri). İngilis dilindən tərcümə, ön söz, giriş və şərhlər AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevindir. Bakı, 2005, 112 s.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM