Görkəmli ədəbiyyat tarixçisi və istedadlı ədib - Mir Cəlal Paşayev

09:13 / 28.09.2019

Böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevin vəfatından 41 il ötür

 

Böyük zəhməti, parlaq istedadı, ürəyində gəzdirdiyi mərhəmət və xeyirxahlıq hissi onu daim yüksəklərə səsləyirdi. Elə buna görə də onun mənalı ömrü tutduğu vəzifəsindən asılı olmayaraq mənsub olduğu millətə xidmət etməklə keçib.

XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayev həm də yüksək insani keyfiyyətləri ilə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb. Bu gün görkəmli alimin və yazıçının vəfatından 41 il ötür.

Filologiya elmlər doktoru, professor Alxan Bayramoğlunun böyük ədibə həsr etdiyi yazını oxucularla bölüşürük.

Milli ədəbiyyat tarixinin özül daşlarının hazırlanmasında və elmi istiqamətinin nəzəri baxımdan müəyyənləşdirilməsində professor, Əməkdar Elm xadimi Mir Cəlal Paşayev mühüm rol oynamış, elmi məktəb yaratmışdır. Bu fikri söyləməyə 1943-44-cü illərdə görkəmli alimin yaxından iştirakı və müəllifliyi ilə çap edilən ikicildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” əsəri əsas verir. Həmin fundamental əsərin II cildində əhatə olunan dövrlərdən XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı bölməsinin həm icmalı, həm də portret oçerklərinin müəllifi Mir Cəlal Paşayevdir. O, həmin cildin redaktəsındə də yaxından iştirak etmişdir.

Təsadüfi deyil ki, dəqiq müşahidə, dərin mühakimə, iti qələm, işıqlı zəka, geniş erudisiya, aydın, anlaşıqlı və obrazlı dil, təhkiyə sahibi olan professor Mir Cəlal Paşayev N.Gəncəvi, M.Füzuli, M.F.Axundzadə haqqında da bir-birindən dəyərli elmi əsərlərin müəllifidir. XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının araşdırılması onun elmi fəaliyyətinin mərkəzində durur. Bu dövr ədəbiyyatı haqda alimin fundamental araşdırmaları XX əsrin 20-ci illərin sonlarından meydana çıxmağa başlamışdır. O, “Ədəbiyyatda romantizm”, “XX əsr ədəbiyyatı” adlı tədqiqatların ardınca “Azərbaycanda ədəbi məktəblər (1905-1917-ci illər)”, “Cəlil Məmmədquluzadənin yaradıcılığı haqqında”, “Cəlil Məmmədquluzadə realizmi haqqında”, “Sabirin surətlər aləmi”, “Sabir şeiri haqqında” və s. adlı bir-birindən maraqlı araşdırmalarını elmi ictimaiyyətin mühakiməsinə təqdim edərək bitkin elmi-nəzəri səviyyəli əsərlər müəllifi kimi şöhrət və nüfuz qazanır.

Araşdırmalar göstərir ki, Mir Cəlal müəllimin XX əsrin əvvəllərində yaranan ədəbiyyata bu qədər yaxından bağlanmasının başlıca səbəbi həmin “tarixi dönüş” zamanı ictimai-bədii düşüncədə məfkurəvi keyfiyyətin qabarıq və çoxçalarlı ideya-estetik ifadəsi olmuşdur. O, ədəbiyyatla həyat arasında bağlılığa, ədəbiyyatın həyatdan doğub orada əmələ gələn sosial-mənəvi prosesləri əks etdirməsinə üstünlük verirdi. XX əsrin başlanğıcını milli məfkurə mərhələsinin başlanğıcı hesab edən Mir Cəlal yazırdı: “İyirminci əsr Azərbaycan ədəbiyyatında yeni bir intibah dövrünün başlanğıcı oldu. Əgər qədim dövrlərdə ölkə Nizami, Xaqani, Füzuli kimi, bir əsr bundan qabaq Mirzə Şəfi və yarım əsr bundan qabaq M.F.Axundzadə kimi tək-tək böyük simaları ilə dünya ədəbiyyatı sahəsində görünə bilirdisə, indi Azərbaycanın tərəqqipərvər şair və ədiblərinin əksəriyyəti dünya mədəniyyəti, dünya siyasəti ilə səsləşməyə başlamışdılar. İyirminci əsrin görkəmli ədib və şairləri böyük bir ictimai hərəkat içərisində yetişərək, mübarizə sahəsinə atılmışdılar”.

Göründüyü kimi, Mir Cəlalın qəlbini vətəndaşlıq qüruru ilə dolduran cəhət Azərbaycan ədəbiyyatının həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksəlib dünyanın qabaqcıl düşüncə axarında öncül mövqeyə çıxması olmuşdur. O, M.F.Axundzadə, C.Məmmədquluzadə, N.Vəzirov, Ə.Haqverdiyev və başqalarını təsadüfən Azərbaycanın həqiqi ziyalıları, ədibləri hesab etmirdi. C.Məmmədquluzadə, Ə.Haqverdiyev və b. yazıçıların yaradıcılıqlarında yığcamlığı, fikir aydınlığı və məna dərinliyini yüksək qiymətləndirən Mir Cəlal Paşayev həmin kəmiyyət və keyfiyyət yüksəlişinin sosial-tarixi, milli-mədəni səbəblərini də son dərəcə dəqiq və yığcam, həm də elmi baxımdan tutumlu şəkildə izah edərkən diqqəti cəmiyyət həyatında baş verən iqtisadi və mənəvi-psixoloji proseslərə cəlb edirdi.

XIX əsrin ortalarından başlanan maarifçilik hərəkatına XX əsrin əvvəllərinə doğru siyasi düşüncə axarı da əlavə olunmaqda idi. Bu işdə mövcud siyasi dərnək və partiyaların ictimai həyatda getdikcə artan rolu da öz təsirini göstərirdi. Professor Mir Cəlal Paşayev sosial-mənəvi mühitdəki bu çoxçalarlığı, onların mahiyyətcə bir amala doğru yön almalarını nəzərdə tutaraq yazırdı: “Hamı azadlığa eyni dərəcədə həris və möhtac idi. Amma bu məfhumu hamı eyni şəkildə və məzmunda düşünmürdü. Xüsusilə, ədəbiyyat aləmində söz və mətbuat azadlığı ilə əlaqədar bir sıra nöqteyi-nəzərlər gözə çarpmaqda idi. İstər mərkəzdə və istərsə əyalətlərdə onlarla qəzet nəşr olunmaqda idi. Bu zaman əmələ gələn qruplaşmalar, fikir ixtilafları, tərəddüdlər adi bir hal idi”.

Burada ictimai-milli mühitdə meydana çıxan mövqe və fikir rəngliyini, onların məzmununu, bu çoxçeşidliyin sosial-tarixi köklərini bütün aydınlığı ilə dərk etdiyi kimi onları obyektiv elmi mövqedən qiymətləndirən Mir Cəlal müəllim ictimai-ədəbi mühitdə mövcud olan vaxtı keçmiş qəzəl ədəbiyyatının, epiqonçuluğun, “firəngməablığın” mövcudluğunun sosial-tarixi və milli-mədəni səbəblərini, o cümlədən realist, romantik, maarifçi-realist ədəbi hərəkatların yaranmasını şərtləndirən cəhətləri də obyektiv şəkildə əsaslandıra bilmişdir.

Mir Cəlal Paşayevin əsərlərində obrazlı düşüncə ilə məntiqi təfəkkür qovuşuq şəkildə üzə çıxaraq dövrün real mənzərəsini elmi dəqiqliklə ifadə etmişdir. Həmin elmi tezisdən sonra ayrı-ayrı fikir cərəyanlarını təmsil edən mətbuat orqanları və ədəbi-publisistik şəxsiyyətlərin izlədikləri məfkurənin xarakteristikasını verərkən “Azərbaycanın məşhur mətbuat və ədəbiyyat xadimlərindən” biri kimi təqdim etdiyi Haşım bəy Vəzirov və onun nəşr etdiyi mətbuat orqanları haqda söylədiyi fikir də obyektiv və təqdirəlayiqdir. O, Haşım bəy Vəzirovu (1868-1916) Azərbaycanın məşhur mətbuat və ədəbiyyat xadimlərindən biri, fəal publisist, mübariz ruhlu vətəndaş kimi yüksək dəyərləndirilir. Mir Cəlal özünün doktorluq dissertasiyası olan “Azərbaycanda ədəbi məktəblər (1905-1917-ci illər)” adlı fundamental tədqiqatında da milli ictimai-siyasi və ədəbi-mədəni fikir tarixində Haşım bəyin xidmətlərinə və mövqeyinə obyektiv elmi qiymət vermişdir.

Mir Cəlal müəllim “yağışdan sonra buluddan sıyrılıb çıxaraq sayrışan ulduzları” xatırladan milli mətbuat aləmində və ictimai mühitdə publisistik janra duyulan ehtiyaca uyğun olaraq, bu sahədə nəzərə çarpan canlanmanı təbii sayıb təqdir etdiyi kimi, Azərbaycan ədəbiyyatında hekayə janrının dünya standartlarına uyğun, lakin milli zəmində inkişaf etdirilməsində rolu olan ədiblərin xidmətlərini də doğru və düzgün qiymətləndirirdi. Alim həmin məsələ ilə bağlı elmi qənaətlərini Ə.Haqverdiyevin nəsrindən danışarkən obrazlı və sərrast şəkildə belə ifadə edirdi:

“Hekayə forması bu zaman kənar torpaqdan gətirilib əkilmiş, hələ iqlimə öyrənməmiş bitkiyə oxşayırdı. Bu “bitkini” yeni torpağa alışdırmaq, yaymaq, bağ-bağça halına salmaq lazım idi. Bu şərəf XX əsr Azərbaycan realistlərinə, klassik nəsrimizin banilərinə – Cəlil Məmmədquluzadəyə, Əbdürrəhim bəy Haqverdiyevə və S.S.Axundova qismət olmuşdur. Bu ədiblər kənardan gətirilən ağaclar ilə yox, öz ağaclarımızı kənar ölkələrdə tapılan yeni üsulda bəsləməyə müvəffəq olmuşlar”.

Göründüyü kimi, Mir Cəlalı burada cəlb edən həmin ədiblərin Azərbaycan hekayəsini Avropa üsulu ilə məhz milli zəmində inkişaf etdirib ona “həyat vəsiqəsi” vermələri olmuşdur. Mir Cəlal müəllim M.Ə.Sabirin poeziyasını da yenilik ruhuna, işıqlı sabaha ünvanlanan parlaq ideal axtarışlarına görə qiymətləndirirdi.

Bütün bu keyfiyyətləri ilə yanaşı Sabir satiralarının mövzu genişliyi, tiplər qalereyasının əlvanlığı və çoxçalarlığı, təsvirlərinin qabarıq və canlı olmaqla, bitkin və yığcamlığı da yüksək ideya-estetik keyfiyyət kimi qiymətləndirərək göstərilirdi ki, şairin “…mövzuları konkret olduğu kimi, çəkdiyi real bədii mənzərələr də qabarıq, yığcam və müxtəsərdir. Burada epik sahədə olduğu kimi geniş lövhələr, təfsilat, məişətin, personajın mənzərələri yox, ictimai xarakter, tipik xüsusiyyətlər, həm də ecazkar bir ümumiləşdirmə ilə verilmiş səhnələr vardır”.

Ədəbiyyatşünaslıqda belə bir qeyri-elmi fikir mövcuddur ki, “Molla Nəsrəddin”mi əvvəlcə meydana çıxıb, yoxsa bir şair kimi Sabirmi?” Bu suala elə məsələnin səhv qoyuluşu kimi, əsaslandırılmamış və subyektiv cavab verilir ki, guya, “Molla Nəsrəddin” jurnalı olmasaydı, Sabir də olmazdı. Əslində isə elmi və tarixi həqiqət onların hər ikisini zəmanənin, tarixin özünün yaratdığını göstərməkdədir. Mir Cəlal sanki bu məsələyə münasibət bildirərək elmi obyektivliklə yazmışdır: “Jurnalın (“Molla Nəsrəddin” jurnalı) ruhu Sabirin də şair təbiətinə müvafiq idi. Mirzə Cəlili düşündürən ictimai-siyasi məsələlər Sabiri də eyni dərəcədə məşğul edirdi. Sabir jurnalda inqilabi şeir tribunası tapdığı kimi, jurnal da Sabirin simasında kəsərli satira ustası tapdı. Sabirdə uşaqlıqdan mənalı bir gülüş qabiliyyəti var idi. O bu gülüşə inqilabi məzmun verdi və bundan azadlıq və tərəqqi yolunda iti bir silah kimi istifadə etməyə başladı”.

Mir Cəlal müəllim realizmlə yanaşı, romantizmin problemlərini də araşdırmışdır. O, M.Hadi, A.Səhhət, H.Cavid, A.Şaiq, A.Divanbəyoğlu və b. romantiklərin hər birinin sənətkar özgünlüyünü müəyyənləşdirməyə çalışmış və onların hər biri haqqında orijinal elmi qənaətlərini irəli sürüb məntiqi şəkildə əsaslandırmışdır. Məsələn, o, Məhəmməd Hadini Azərbaycan romantizm ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri olmaqla “coşqun, alovlu, hərarətli təb sahibi, müasir ictimai hadisələrə vaxtında səs verməyə cəhd edən bir şair”, Azərbaycan şeirində Nəsimi və Füzulidən belə davam edib gələn milli romantik ənənələrin yeni, müasir romantizmə keçid dövrünün bütün xüsusiyyətlərini öz yaradıcılığında ifadə etdirməklə mövzularının hamısını həyatdan, siyasi və ictimai mübarizələrdən alan vətənpərvər sənətkar hesab edirdi. M.Hadini fərqləndirən cəhətlərdən birini də onun şeirlərində yalnız hiss deyil, həm də ən çox fikir axtarışının qabarıq olmasında görürdü.

Sənətə, şeirə baxışı yeni olan Abbas Səhhətin şeirdə təbii, insani hisslərin tərənnümünü vacib bilib, inandırıcı olmayan, qeyri-təbii mübaliğələri, məcazları faydasız hesab etməsini şairin poeziyasında zəmanənin gərdişindən doğan pərişanlıqla yanaşı qüvvətli bir ümidin çırpındığını diqqətə çatdırırdı.

A.Səhhət kimi Qərb ədəbiyyatına yaxşı bələd olan Abdulla bəy Divanbəyoğlunu az və səliqəli yazan, təbii və inandırıcı süjetlər qurmağı bacaran yazıçı kimi təqdir edirdi.

Romantizmin ümid və arzularını yerdə deyil, göylərdə axtarmaq, hissiyyat və sevgi dalğınlığı nöqtəsi, tarixi şəxsiyyətlərin ideallaşdırılması kimi xarakterik xüsusiyyətlərinin Hüseyn Cavid sənətində aydın göründyünü bildirirdi.

Sabirin mətbuata gəlişinin tarixi haqda Mir Cəlal yazır: “Çox zaman ədəbiyyat tarixçiləri Sabirin mətbuata çıxmasını, yeni üsulda, yeni ictimai dövrün dili ilə səslənməsini 1905-ci ilə aid edirlər, “Müsəlman və erməni vətəndaşlarımıza” şeiri, yaxud “Molla Nəsrəddin”də nəşr olunan “Millət necə tarac olur olsun” həcvi ilə əlaqələndirirlər. Ancaq həqiqətdə Sabir bu şeirlərin hər ikisindən çox əvvəl, hələ 1903-cü ildə mətbuat aləminə çıxmış, yeni ruhda ilk şeirini “Şərqi-Rus” qəzetində çap etdirmişdir”.

Bu cümlələrdə alim həm hələ 1960-cı illərin əvvəllərində Sabirin mətbuata ilk gəlişinin tarixini və poetik nümunəsini dəqiqləşdirmiş, həm də “Molla Nəsrəddin” jurnalında “Nə işim var?!” satirası ilə iştiraka başladığını təsdiqləmiş olur.

Professor Mir Cəlal Paşayev həm də istedadlı nasir olmuşdur. O, elmi əsərlərində olduğu kimi hekayə və romanlarında da həyatiliyi, həqiqət və təbiiliyi, ümumiləşdirməni – zərrədə ümmanı, ilk baxışda adi, xeyli epizodik görünən həyati fakt və detalda dövrün ümumi və mürəkkəb sosial-siyasi, mənəvi-psixoloji mənzərə və proseslərini məharətlə ümumiləşdirmiş, oxucunun təsəvvüründə aydın, dolğun və həyati, ibrətamiz mənzərə canlandıra bilmişdir. Məsələn, “Anket Anketov” hekayəsində Hamamlar İdarəsinin rəisi Anket Anketov bütün adamları istisnasız olaraq onların şəxsi anketləri əsasında dəyərləndirib, hər kəsə münasibətini həmin anket məlumatları əsasında qurmaqla özündə sovet rejiminin iş üslubunu klassik şəkildə əks etdirir. O, azacıq sərbəst iradə nümayiş etdirən hər kəsi də həmin anket məlumatları əsasında şantaj edib repressiya xofu ilə susdura, zərərsizləşdirə bilir. Hekayədə göstərildiyi kimi, Anket Anketov onun qərarına etiraz edən Mürsəl Hadıyevi susdurmaq, mənəvi-psixoloji və iradi cəhətdən zərərsizləşdirmək üçün onun ictimai vəziyyətinin şübhəli olduğunu bildirir. Ona deyir ki, mən sənin anketini diqqətlə oxusam da, bir şey anlamadım. Çünki çox örtülü yazmısan. “…Məsələn, vajni bir yer: yazırsan atan nalbənd olub. Nalbənd cürbəcür olur…

- Cürü-mürü yoxdur bunun: At nallayıb, öküz nallayıb…

Anketov sifətində istehzalı bir təbəssüm doğurmağa gücəndi. Başını tərpətdi:

- Məsələ atda, öküzdə deyil. Məsələ onun sahibindədir. Görək sənin atan qaniçən, istismarçı hampaların heyvanını nallayıb, yoxsa füqərayi-kasibənin…

Hadıyevi gülmək tutdu:

- Hər kəs pul veribsə, onun heyvanını nallayıb.

- Şübhəsiz ki, burjuaziya dövründə, hansı ki, sənin atanın həyat fəaliyyəti təsadüf edir, hampanın pulu çox idi, çem füqərayi-kasibə.

- Əlbəttə ki, hampa pullu idi.

- Deməli, sənin atana gələn pulun çoxu, görürsən ki, istismarçılardan…

Hadıyev dedi:

- Axı nə olsun?

- …..

- Düzdürmü ki, hampalar daha çox at nalladır?

- Duzdur:

- Elə mənə də bu bəsdir, gedə bilərsən.

Hadıyev dedi:

- Mən anlamıram ki, siz nə üçün mənim atamın nalbəndliyi ilə bu qədər maraqlanırsınız. Nallanası şeyiniz varsa, buyurun deyin”.

Lakin Anketov valideynlərinin ictimai vəziyyətini “öz hesabına aydınlaşdırmaq” üçün Hadıyevə on gün vaxt verir və bildirir ki, əks təqdirdə işə buraxılmayacaqsan. Bütün bu çək-çevir və insanların işdən, ictimai həyatdan təcrid edilməsi faktı, Anketovla Hadıyev arasındakı dialoq özündə 1937-ci ilin repressiya ab-havasını və xofunu qabarıqlığı ilə əks etdirir. Hekayənin 1937-ci ildə yazılıb çap edilməsi faktı da bu fikri söyləməyə əsas verir.

Ümumiyyətlə yazıçı Mir Cəlal hekayə və romanlarında sözü, fikri, istədiyi ideyanı oxucuya birbaşa deyil, ikibaşlı ifadələrlə çatdırmağa üstünlük verir. Bununla həm özünü sovet senzurasından və repressiya təhlükəsindən qorumuş olur, həm də dövrün sosial-siyasi, mənəvi-psixoloji mənzərəsini, ruhunu canlı, obrazlı və daha təsirli şəkildə əks etdirə bilir. “Dirilən adam” romanında da belədir…

Romanda cərəyan edən hadisələr Qədirin təkcə cismani, bioloji ölülüyündən və dirililiyindən irəli gəlmir. Burada Bəbir bəylərin, sarıqlı mollaların və s. adamların təmsil etdikləri istismar dünyası ilə Qədirin, Qumrunun, Məşədi İslam və başqalarının təmsil etdikləri məzlumlar, əzilənlər dünyası üz-üzə dayanmışdır. Birincilər ikinciləri sosial-mənəvi və iqtisadi-hüquqi baxımdan ölü hesab edir, bu düşüncə və əxlaqla da onların hər şeylərini, hətta şərəflərini, namuslarını belə qəsb etməyi özlərinə haqlı bilirlər. Hakim qüvvələr – çarizm ümumən Azərbaycan kəndlisini, füqərayi-kasibəsini hər cəhətdən diri ölülər cərgəsinə daxil etmişdi. Sosial-mədəni, hüquqi həyatın bütün sahələrində onlara sanki ölü kimi baxılırdı. Ona görə də başına olmazın müsibətlər açılan, azından-çoxundan olan-qalan maddi-məişət mülkündən də məhrum edilən Qədiri (qədirləri) diri ikən ölü qələminə çıxararaq, onun şərəf və namusunu qəsb etmək istəyirlər. Bu zaman təsəvvürlərinə belə gətirmirlər ki, nəhayət, bıçağın sümüyə işlədiyinə dözülməyib mübarizəyə qalxacaq Qədir kimilər, qədirlər üzünü hakim qüvvə təmsilçilərinə tutub uca səslə deyəcəklər:

“… Necə deyərlər, ölmüşdümsə də dirilmişəm…”.

“İstədiyim odur ki, mən dirilmişəm. Qoymaram arvad-uşağıma Bəbir bəy kimi canavarın əli dəyə! Görək… Qoymaram…”.

İstismar dünyasının təmsilçiləri Qədirlərin diriliyini hiddət və qəzəblə qarşılayır. Qədirin diriliyi, onların başı üzərində ildırım kimi şaqqıldayır. Ona görə Qədirin üzərinə belə kükləyirlər:

“ - Kim səni diriltdi. Ədə, dnuz oğlu? Həə? Allahu əkbər ha!..”

“- Ədə, müsəlman, bədbəxt müsəlman! Sənin kimi müsəlmanı çayaşağı axıdım, çayyuxarı axtarım! De, görüm səni urusmu dirildəcək, a qırxıq? Nikolay nə belə fazil müştəhid oldu sənə? Ay urus quyruğu… Ay qudurmuş!”

Burada yazıçı Mir Cəlal ölülükdə diriliyi iki mənada işlətməklə Qədirin şəxsində Azərbaycan xalqının sosial-psixoloji, mənəvi-hüquqi baxımdan oyanıb öz diriliyi, qəsb edilmiş hüquq və azadlığı uğrunda mübarizəyə qalxması prosesinin inkişaf mərhələlərini məharətlə canlandıra bilmişdir. Əgər “Anket Anketovun timsalında 1937-ci ilin repressiya xofu bütün dəhşəti ilə canlandırılıbsa, Qədirin şəxsində istismar dünyasının canlı meyit, ölü vəziyyətinə, siyahısına saldığı Azərbaycan xalqı və onun azadlıq mübarizinə çevrilməsi prosesi ümumiləşdirilmişdir.

Bütövlükdə Mir Cəlal Paşayev həm elmi-nəzəri, həm də ədəbi-bədii fəaliyyətində Azərbaycanın, Azərbaycan xalqının, intellektual, mənəvi, ideya, siyasi, etnik-mədəni diriliyinin təsdiqinə, vətəndaşlıq hüququnun hər cəhətdən tanınmasına, bu amalın təntənəsinə çalışmışdır.//Azertac


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM