Azərbaycanda sosial rifah dövləti quruculuğu və qlobal çağrışlar

10:23 / 08.10.2019

Üzeyir Şəfi

BDU-nun “Sosial iş” kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, dosent

       Müasir dövrdə qlobal miqyasda sosial dövlət, sosial rifah dövləti quruculuğu bəşəri meylə çevrilmişdir. İnkişaf etmiş, yaxud inkişaf etməkdə olan dövlətlərin bir çoxu sosial təminatın yüksək pilləsi olan sosial rifah dövləti qurmağı hədəf  kimi qarşısına məqsəd qoymuş və bunu öz konstitusiyalarında, qanunlarında təsbit etmişlər. Qədim yunan müdriki Aristotel (e.ə. 384 – 322) qeyd edirdi ki, "dövlət sadəcə yaşamaq üçün deyil, firavan yaşamaq üçün yaradılır" [1.142 ].

    Sonrakı dövrlərdə müsəlman şərqində  də  ədəbi-fəlsəfi düşüncələrdə axtarılan ideal dövlət  müasir sosial dövlətin eynisi idi.Belə mütəfəkkirlərdən biri dahi Azərbaycan  şairi Nizami Gəncəvi “iskəndərnamə” poemasında yazırdı [8.154 ]:

 ...Bizdə bərabərdir hamının varı,

Bərabər bölərik bütün malları.

Bizdə artıq deyil heç kəsdən heç kəs...

Yaxud  başqa bir bəndə mütəfəkkir şair yazırdı:

Ədalət səadətlə abad eylər ölkəni.

Bu dünyanın nəbzini kim tutsa İsa kimi

İnsafı, mürvətiylə olar dünya hakimi.

Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,

Yer üzünün fatehi ədalətdir, ədalət!

Ədalətin - müjdəsi, bu dünyanı şad eylər,

Ədalətin işidir, - ölkəni abad eylər.

Məmləkətin dayağı ədalətdir hər zaman,

Ədalətlə nəsibin səadətdir hər zaman.

     Elmi ictimaiyyətə məlumdur ki, sosial dövlət ideyasını  alman alimi Lüdviq fon Ştayn (1815-1890) 1850-ci ildə özünün “1789-cu ildən başlayaraq Fransada sosial hərəkat tarixi” adlı əsərində  təqdim edir.  O, sosial dövlət dedikdə, bütün ictimai siniflərin və şəxsiyyətlərin tam hüquqi bərabərliyini nəzərdə tuturdu. Lorens fon Şteynin fikrincə, sosial dövlət hakimiyyəti qanuniləşdirmək və qorumaqla yanaşı xalqın maraqlarına xidmət etməlidir. Lorens fon Şteyn əmin idi ki, islahatlar aparmayan hər cür monarxiya nə vaxtsa süqut edəcək, bu fikirlə mütəfəkkir sonradan sosial dövlət nəzəriyyəsinə transformasiya edən sosial monarxiya konsepsiyasının əsasını qoymuşdu. Ştayna görə: “sosial dövlətdə son nəticədə bir nəfərin inkişafı hamının inkişafının şərti kimi çıxış edir, məhz bu mənada sosial dövlət haqqında belə demək olar: sosial dövlət bəşəri ləyaqətin təsisatlı təminatçısıdır” [7. s.71].

     Sosial dövlət qurulmasının başlıca şərti o dövlətdə sosial ədalətin, demokratiyanın və hüququn aliliyinin təmin olunmasıdır.  “Sosial dövlət” termini 1949-cu ildə Almaniya Federativ Respublikası özünü sosial dövlət elan etdikdən  sonra geniş yayıldığı qeyd olunsa da tarixi ədalət naminə qeyd edək ki, müasir Azərbaycan dövlətinin sələfi Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu istiqamətdə diqqətçəkən addımlar atılmışdı. Azərbaycan Demokratik Respublikası dövründə  sosial siyasət və sosial iş istiqamətində  mütərəqqi  işlər görüldü. Bu  islahatlar  ADR-in  sosial xarakterli dövlət təbiətindən xəbər verir.İlk növbədə onu qeyd edək ki, ADR hətta bir sıra avropa ölkələrindən də öncə qadınlara seçki hüququ tanıyan şərqdə ilk demokratik respublika idi.Bundan başqa,Müsavat partiyasının bəyannaməsində xüsusilə qeyd olunurdu ki, dövlət büdcəsinin yükünü yoxsullar yox, maddi imkanı yüksək olan siniflər daşımalıdır [6.s.150 ] .

Bütövlükdə isə “Müsavat” partiyası açıq - aşkar solçuluğa istiqamətlənmə ilə fərqlənirdi. O özündə 8 saatlıq iş günü tələbini, gecə işləmə, 16 yaşına kimi uşaqların əməyə cəlb olunması qadağalarını, kapitalistlərin maliyyəsi ilə yaradılmış fond hesabına işçilərin sığortasını, fabrik inspektorlarının və sanitar nəzarətçilərin müəssisədə paritet şərtlər əsasında işçilər və sahibkarlar arasında münaqişələrin araşdırılması üzrə komissiyanın təşkilini, həmçinin müəssisədə südəmər uşaqlar üçün bağçaların yaradılmasını əks etdirirdi [ 6.s.152] . Bundan əlavə, kapital və əməyin qarşılıqlı münasibətlərinə aid olan ciddi sosial problemlərin operativ həlli üçün Əmək Nazirliyi nəzdində yeni struktur bölmələr  yaradılırdı (1919). Əmək Naziri A.Safikürdski parlamentin sosialist fraksiyasına məktubunda qeyd edirdi ki, hər gün həyatın “bahalaşması” ilə bağlı nazirlik Bakı şəhərinin fəhlələri və sənaye müəssisələrinin işçilərinin maaşlarının artırılması ilə əlaqədar məsələ qaldırmışdır və bu məqsədlə xüsusi komissiya yaradılmışdır [6. s.173] . 

Eyni zamanda, cumhuriyyət dövründə uşaq ölümü ilə mübarizə aparan cəmiyyət də yaradılmışdı. Bakı millionerlərinin həyat yoldaşları və övladları da belə xeyriyyə təşkilatlarında aktiv fəaliyyət göstərirdilər.  Bu cəmiyyətin məqsədi o dövrdə geniş yayılmış uşaq ölumləri ilə mübarizə və milliyətindən, dini əqidəsindən asılı olmayaraq bütün yaşlarda olan uşaqların düzgün fiziki inkişafı üçün qayğının təşkili idi. Bu cəmiyyət yoxsul ailələrdən olan uşaqları qida məhsulları ilə təmin edirdi, evdə və xəstəxanada pulsuz tibbi yardım təqdim edirdi, uşaqları bağçalara, uşaq evlərinə, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə, sanatoriyalara yönəldirirdi. Cəmiyyət tərəfindən pulsuz uşaq yeməkxanaları, pulsuz dərman, süd və s. təqdim edən ambulatoriyalar təşkil edilirdi [ 6. s. 188.] .

Bəzən yoxsullar üçün ianələr kifayət qədər özünəməxsus forma alırdı. Belə ki, 1918-ci ilin noyabr ayının əvvəlində Bakı şəhərinin Ağsaqqalar Şurası uşaq müəssisələrinin xeyrinə Bakıda oyun kartları üzrə vergi təyin etdi [6. s.188]. Həmçinin cümhuriyyət dövründə Bakı müsəlman xeyriyyə cəmiyyəti fəaliyyət göstərirdi. Bu cəmiyyət həm qaçqınlara, həm də yaralanmış türk əsgərlərinə yardım göstərirdi.  Qaçqınlar keçmiş əsgər kazarmasında və “Səfa” məktəbinə, onların övladları isə  uşaq müəssisələrinə yerləşdirilmişdilər. 1919-cu ilin sentyabrından  cəmiyyətə ayrı-ayrı şəxslər tərəfindən ianələr (pul və geyim formasında) verilirdi. Bu cəmiyyət həm də valideynsiz qalan uşaqlara peşə tədrisini də reallaşdırırdı  [6. s.188]. Digər iri qeyri-hökumət təşkilatı kimi Mərkəzi Mənzil Komitəsinin adını qeyd etmək lazımdır. Komitə işsizlik və həyat səviyyəsinin aşağı düşməsilə bağlı şəhər əhalisini ərzaqla, ucuz çörəklə, epidemiyalarla mübarizə üçün ilkin yardım vasitələrilə təmmin edirdi, qida məntəqələri təşkil edirdi  [ 6.s.184] .

Elmi ədəbiyyatda qeyd edildiyi kimi ümumilikdə bir sosial dövlətin iki növ siyasi və sosial yanaşması ola bilər: Bu modelə görə dövlət vətəndaşların firavan həyat şəraitinin yaradılmasında əsas məsuliyyət daşıyan qurumdur. Bu modeldə dövlətin vəzifəsi daha geniş əhatəli olur, çünki bir vətəndaşın rifahının hər bir istiqaməti üçün məsuliyyət dövlətin üzərinə düşür və bu məsuliyyət heç bir fərq qoyulmadan ölkənin bütün vətəndaşları üçün ümumi məna daşıyır. İkinci növ yanaşmada isə bir sosial dövlət vətəndaşlarının həyat səviyyələrinin əvvəlcədən müəyyən olunmuş minimum standartların altına enməməsi üçün bir "sosial təhlükəsizliyi təmin etmə şəbəkəsi" yaradılması nəzərdə tutulur. Dövlət tərəfindən işsizlərə və ya az gəlirli şəxs və ya ailələrə gəlir subvensiyası verilə bilər. Buna uyğun olaraq dövlət öz evini ala bilməyəcək və ya özəl kirayə ev bazarındakı yüksək kirayə haqqını verə bilməyəcək qədər kasıb olanlara, ya subvensiya şəklində ev kirayəsi verə bilər, ya da ucuz xərc hesabına başa gələn evlər inşa etdirib, onları müəyyən qiymətlə kirayəlik verə bilər. Bunu etmək üçün yüksək vergilər təyin edilməsi zəruri ola bilər. Əgər vergi sistemi proqressivdirsə, adətən varlı insanlar daha çox vergi verənlər olurlar. Proqressiv vergi sistemində səviyyələr dəyişkən olur, səbəbi isə, gəliri az olanların bu vergini daha rahatlıqla verə bilməsini təmin etməkdir. Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünü təmin etmək, daxili siyasətin sosial yönümlülüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir.

Sosial dövlət ideyasını daha da inkişaf etdirən digər alman alimi H.Heller "Sosial - hüquqi dövlət" anlayışını siyasi arenaya daxil etmişdir. Əlbəttə, hüquqi təminatlar və tənzimləmə olmadan sosial rifah dövləti yaratmaq mümkün deyildir. Sosial dövlətə məxsus bütün  əsas əlamətlər, o cümlədən  sosial sahədə mükəmməl qanunvericiliyin olması, dövlət tərəfindən müxtəlif sosial yönümlü proqramların hazırlanması və həyata keçirilməsi,vətəndaş cəmiyyətinin qurulması, dövlətin vətəndaşlar qarşısında sosial məsuliyyəti, dövlət tərəfindən hər bir vətəndaşın sosial müdafiəsinin təmin olunması və layiqli həyat şəraitinin yaradılması, layiqli sosial, iqtisadi, mədəni həyat təminatları əldə etmək üçün hər kəsə bərabər imkanlar yaradılması,ölkənin iqtisadi inkişafının yüksək səviyyədə olması və.s  müasir Azərbaycan  dövlətinin götürdüyü  kursda  əsas prioritetlərdir.

   Son illərdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə sosial dövlətin bir çox parametrləri öz təsdiqini tapmışdır. Azərbaycanda yoxsulluqla mübarizə ciddi nəticələr vermiş, 2001-ci ildən bu yana ötən dövr ərzində yoxsulluğun səviyyəsi 49 % - dən 5,2 % - ə düşmüşdür. Sosial müdafiə tədbirləri ardıcıl olub və təminatlılıq səviyyəsi yüksəkdir. Müşahidələr onu deməyə əsas verir ki, Azərbaycan dövləti tərəfindən təqribən 38 istiqamətdə sosial müdafiə tədbirləri həyata keçirilir. BMT-nin Minilliyin İnkişaf Məqsədləri Bəyannaməsinə qoşulan ölkəmizdə yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə “2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” hazırlanaraq təsdiq edilib və bu, uğurla icra olunub. Ölkəmiz inkişaf etdikcə sosial müdafiə, sosial təminat sahəsində daha innovativ sosial xidmətlər zərurəti yaranır .

Azərbaycan Dünya Bankının adambaşına düşən ümumi milli gəlir təsnifatına görə "yuxarı orta gəlirli" ölkələr qrupuna daxil olmuş, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının insan inkişafı ilə bağlı 2010-cu il üzrə hesabatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupuna keçmişdir. Bu gün bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda həyata keçirilən innovativ sosial xidmətləri və texnalogiyaları örnək nümunələr kimi başqa ölkələrdə də yayılmasının arzu olunduğunu vurğulayırlar. Əlbətdə bu bizim üçün qürurverici bir haldır. Ölkəmiz artıq innovativ sosial xidmət ideyaları, humanist dəyərlər ixrac edən bir ölkə kimi qlobal müstəvidə tanınmaqdadır.

       Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2013-cü ildə Azərbaycanın sosial xarakterli dövlət olduğunu bəyan edərək bildirmişdir ki,…Mən dəfələrlə qeyd etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycan dövləti sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Qeyd edək ki, 2018-ci ilin büdcə xərclərində sosial yönümlü xərclərin xüsusi çəkisi bunu bir daha təsdiqləyir. 2018-ci ilin büdcə xərclərində dövlət büdcəsindən sosial yönümlü xərclərə 7 milyard 656,3 milyon manat vəsait yönəldiləcək ki, bu da dövlət büdcəsinin xərclərinin 36,6 faizinə, cari xərclərin isə 71,1 faizinə bərabər olacaqdır [5. http://www.president. az/articles/4098/print].

   Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev "Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları"nın icrasına həsr olunmuş 5 fevral 2014-cü il tarixli konfransda dediyi: "Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidir" fikir ölkə rəhbərinin sosial rifah dövləti quruculuğunda prinspiallığını, siyasi iradəsini, qətiyyətini nümayiş etdirməklə yanaşı, hər bir dövlət qulluqçusunun sosial məsuliyyətini daha da artırır.

     Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (bundan sonra – DOST Agentliyi) yaradılması haqqında  9 avqust  2018-ci ildə  fərman imzalamışdır.Bu fərman da vətəndaşlara xidmətin çox mühüm göstəricilərindən biridir.

    Azərbaycanda ölkə başçısı meqasosial layihələrin təşəbbüskarı, icraçısı kimi  təkcə dövlət tərəfindən deyil, qeyri dövlət sektorunun sosial layihələrin həyata keçirilməsində daha fəal iştirakını məqsədəuyğun hesab edir. Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında çıxışı zamanı xeyriyyəçilik, filantrop fəaliyyət və sosial işlə bağlı son dərəcə əhəmiyyətli çağrış etmişdir:“...  İmkanı olan şirkətlər ehtiyac içində yaşayanlar üçün gərək şərait yaratsın. Bu gözəl təşəbbüs əminəm ki, Azərbaycanda geniş vüsət alacaq” [4.https://president.az/articles/28737] .

Respublikamız Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Qarşıya qoyulan hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir.Dövlət başçısı cənab İlham Əliyevin 6 oktyabr 2016-cı il tarixli fərmanı ilə “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdır.Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün aparılan siyasətdə daha çox səbəblərin aradan qaldırılması məsələsinə diqqət yetirilir. Bununla bağlı son vaxtlar bir sıra qanunların qəbul olunması, bəzi qanunlara isə müvafiq əlavə və dəyişikliklərin edilməsi bunun bariz ifadəsidir. Məsələn, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması” haqqında qəbul edilən qanun ölkədə endokrinik xəstəliklərin 7 dəfə azalmasına gətirib çıxarıb. BMT qurumları ilə əməkdaşlıq şəraitində körpələrin, erkən yaşlı uşaqların qidalanması, şəkərli diabet xəstəliyinə tutulan şəxslərə dövlət qayğısı və uşaqların icbari dispanserizasiyası haqqında hazırlanan qanun layihələri ölkədə xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.

Bildiyimiz kimi, 30 oktyabr 2018-ci ildə Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının Qanunu qəbulu olunmuşdur. Bu da cəmiyyətin sağlam gələcəyini sığortalamaq baxımından mühüm məna kəsb edir.Milli Məclisdə qəbul olunan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında Qanun da belə hüquqi sənədlərdəndir.

Ölkə başçısının 7 aprel 2017-ci il tarixli müvafiq sərəncamı ilə özünüməşğulluq sistemi yaradılıb və bu məqsədlə ilkin olaraq 16 milyon manat vəsait ayrılmışdı.Ötən müddət ərzində bu məbləğ bir qədər də artırılmışdır.Sözügedən sərəncamın davamı olaraq “İşsizlikdən sığorta fondu”nun büdcəsi üçün nəzərdə tutulan 89 milyon manatın 35 milyon manatı özünüməşğulluq məqsədlərinə yönəldilib. Ölkə başçısının təşəbbüsü ilə “Asan xidmət” brendində yaradılan “ABAD” qurumu gənclərin, evdar qadınların, əlillərin işlə təmin olunmasına əlverişli şərait yaratmaqdadır.Özünüməşğulluq sistemi artıq ölkədə sosial müdafiənin ələbaxımlıqdan kiçik sahibkarlığın yaradılmasına yönələn bir qoluna çevrilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə iş təcrübəsini daha dərindən, praktik öyrənərək, tətbiq etmək məqsədilə hazırda BMT-nin Əmək Təşkilatı ilə birlikdə  layihələr həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09 fevral 2018-ci il tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır və bu Sərəncam pensiya təminatında artım dinamikasının, ümumən əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin cari ildə də uğurla davam etdirildiyini təsdiq edir.

2004-cü ildən başlayaraq hər 5 il müddətinə fəaliyyət göstərən "Regionların sosial-iqtisadi inkişaf proqramları" qəbul edilmiş, 2 belə layihə uğurla həyata keçirilmiş, 3-cü layihə isə 2014-2018-ci illəri əhatə etmişdir. Bu gün respublikamızın paytaxtında mövcud olan sosial - mədəni infrastruktur eyni səviyyədə bölgələrdə də mövcuddur.Bu illər ərzində ölkəmizdə yüzlərlə təhsil müəssisəsi,  tibb müəssisəsi ya yenidən tikilmiş, yaxud da əsaslı təmir olunaraq müasir avadanlıq və cihazlarla təchiz edilərək vətəndaşların istifadəsinə verilmişdir. Azərbaycan hökumətinin təhsil sahəsində 30-a, səhiyyə sahəsində 20-yə yaxın dövlət proqramı qəbul etməsi və həyata keçirməsi, uşaq hüquqları ilə bağlı 40-dan çox qanunun fəaliyyət göstərir. Bu müddət ərzində ölkə ərazisində 15 min kilometrdən yuxarı yol çəkilmiş, körpülər salınmış, yüzlərlə mədəniyyət evləri, idman Olimpiya kompleksləri tikilmiş, parklar açılmışdır. İnsanların sağlam həyat şəraitini təmin etmək üçün min kilometrlərlə su və kanalizasiya xətləri çəkilmiş, sutəmizləyici qurğular quraşdırılmışdır. Artıq ölkədə çadır şəhərciyi qalmamış, məcburi köçkünlər üçün 3,2 milyon kvadratmetr mənzil tikilmiş, 100-ə yaxın qəsəbə inşa edilmiş, 200 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin olunmuşdur.

Son illərin ən uğurlu sosial layihələrindən biri də sosial evlərin inşası ilə bağlı layihədir.Bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaradılmışdır. Müharibə iştirakçıları, şəhid ailələri, əlillər, hərbçilər, alimlər, KİV işçilərinin sosial təminatının yüksəldilməsi, mənzil-məişət problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilməkdədir.

Ünvanlı sosial yardım layihəsi çərçivəsində ildə bir milyona yaxın şəxs dövlətdən maliyyə dəstəyi alır ki, bu məbləğ ildən - ilə artmaqdadır. Ünvanlı sosial yardım üçün müəyyən edilən ehtiyac meyarı 2006-cı ildəki 5 manatdan 2017-ci ildə 116 manata qaldırılıb, başqa sözlə, 23 dəfə artırılıb.

Layiqli həyat səviyyəsinin parametri yaşayış minimumu, minimal əmək haqqı, orta aylıq əmək haqqı və orta aylıq pensiyanın artım dinamikası ilə şərtlənir. Azərbaycanda 2019-cu il ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib. 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsi nəzərdə tutulur.Hər iki qanun 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minmişdir.Minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilib.Məlum oldğu kimi qeyd olunan rəqəmlər 2019-cu il ərzində yüksək dinamika ilə artmışdır (məsələn, bu gün artıq minimun əmək haqqı 250 manat həcmindədir və.s.). Orta aylıq əmək haqqı isə 2003-cü ildəki 80 manata rəğmən hazırda 500 manat təşkil edir.İqtisadi liberallaşma tədbirlərinin uğurlu nəticələrindən biri olaraq, Azərbaycanın Davos Forumunun hazırladığı "Qlobal rəqabətlilik hesabatı"na görə dünyada 144 ölkə arasında 37-ci, MDB məkanında isə 1-ci yerə çıxmasını qeyd etmək mümkündür.

      Sosial dövləti xarakterizə edən parametrlərdən biri də sosial müdafiə tədbirlərinin ardıcıllığı və təminatlılıq səviyyəsidir.Məlum olduğu kimi, Azərbaycan dövləti tərəfindən 38 istiqamətdə sosial müdafiə tədbirləri həyata keçirilir, əmək haqqı, pensiya, müavinət (yaşa, işsizliyə, ailə başçısını itirməyə, əlilliyə, şəhid ailəsinə, veteranlara, xəstəliyə, hamiləliyə, doğuşa, çoxuşaqlılığa və s. görə), təqaüd (tələbələrə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə, şəhid ailələrinə, yaradıcı şəxslərə və s.) verilir, icbari təhsil və tibbi xidmət dövlət vəsaiti hesabına həyata keçirilir, sığorta xidmətləri genişləndirilir. Azərbaycanda 2006-cı il yanvarın 1-dən beynəlxalq standartlara uyğun müasir sığorta-pensiya sisteminin tətbiqi ilə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə başlanılıb və 2007-ci ildən etibarən Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 10-dan yuxarı Sərəncam verilib. Ölkəmizin sığorta-pensiya sistemində islahat tədbiri kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş və 2017-ci il iyulun 1-dən tətbiqinə başlanılan mütərəqqi dəyişikliklər bu sistemin tam sığorta prinsipləri üzərində formalaşmaqla uzunmüddətli və etibarlı maliyyə dayanıqlığına, bazar iqtisadiyyatı şəraitində sosial rifah tələblərinə uyğun layiqli pensiya təminatı imkanlarının artırılmasına xidmət etmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən daxil olan rəsmi məlumatına əsasən, 2017-ci ildə ölkəmizdə orta aylıq nominal əmək haqqının illik artım tempi 5,7 faiz səviyyəsində müəyyən edilmişdir. 01 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır. Sərəncama əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunur. Bu istiqamətdə də bu gün yüksək artım dinamikasını görməmək mümkün deyildir.Hətta bəzi göstəricilər üzrə bir ildə 3 dəfə artımın şahidi olduq.

     19 Aprel 2018 – ci ildə prezident İlham Əliyevin imzaladığı fərman  sosial istiqamətdə da əhəmiyyətli bir sənəddir. Sənədə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə təmin edilməkdədir.

     Əlillərin problemlərin həllinə yönəldilmiş hüquqi-normativ bazanın möhkəmləndirilməsi istiqamətində müvafiq sənədlər qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli Sərəncamı ilə "Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası üzrə 1999-2002-ci illər üçün Dövlət Proqramı"nın qəbul olunması bu sahədə irəliyə doğru daha bir addım oldu. Dövlət Proqramının icrasını təmin edərək ölkədə əlilliyin qarşısının alınması, əlillərin tibbi, sosial və peşə reabilitasiyası, məşğulluğu, təhsili, sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası məsələləri ardıcıl olaraq həyata keçirilir. Əlillərin asudə vaxtlarının daha maraqlı keçməsi, onların arasında yaradıcı istedadların aşkara çıxarılması məqsədilə ölkədə 1995-ci ildən başlayaraq hər il ümumrespublika sərgi-müsabiqələri keçirilir. Parolimpiya və Xüsusi Olimpiya hərəkatları inkişaf etdirilir. Ölkədə əlillərdən ibarət musiqi kollektivləri fəaliyyət göstərir. İş qabiliyyətli əlillərin məşğulluq problemlərini həll etmək məqsədilə işəgötürənlərə müəyyən olunmuş qaydada kvota tətbiq olunur.

Qadınların hüqüq bərabərliyinin təmin edilməsi istiqamətində Pekin Ümumdünya Konfransında və Kopenhagen Ümumdünya Zirvə Toplantısında qəbul olunmuş platforma və proqramları rəhbər tutaraq son illər qadınların cəmiyyətdə, ictimai həyatda daha fəal iştirakının, faydalı əməklə məşğulluğunun təmin edilməsi sahəsində müəyyən işlər görülmüşdür. Azərbaycan Respublikasının qoşulduğu "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyanın və IV Ümumdünya Qadınlar Konfransında qəbul olunan öhdəliklərin həyata keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasında "Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı"nın və "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası davam etməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı"nın icrası ilə əlaqədar sosial, əmək və məşğulluq sahələrində müəyyən işlər görülmüşdür. Gənc əlillərin tibbi, sosial, peşə reabilitasiyası, onların fəal həyata inteqrasiyası məsələlərinə xüsusi diqqət yetirilmişdir.

Azərbaycan Respublikası "Uşaq hüquqları haqqmda Konvensiya"ya qoşulmaqla öz üzərinə böyük məsuliyyət və öhdəliklər götürmüşdür. Bu öhdəlikləri yerinə yetirərək ölkədə bu sahədə müxtəlif dövlət tədbirləri həyata keçirilir. Sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qruplarının - pensiyaçıların, tənha qocaların, əlillərin, şəhid ailələrinin, çoxuşaqlı və aztəminatlı ailələrin problemlərinin həll edilməsi məqsədilə dövlət tərəfindən müvafiq proqramlar və ünvanlı sosial siyasətin gücləndirilməsi üzrə əlavə tədbirlər həyata keçirilir. Sosial İşçilər tərəfindən əlillərə, tənha və ahıl vətəndaşlara evdə xidmət göstərməklə onlar üçün hərtərəfli yardım üzrə tədbirlər görülür. Sosial xidmət sahəsinin inkişaf etdirilməsi məqsədilə bu sahə ilə bağlı qanunvericilik bazası təkmilləşdirilir .Əlbəttə yaxşı olardı ki, müvafiq strukturlarda sosial işçi və sosial xidmətçi ştat vahidi artırılsın, ali təhsil müəssisələrinin sosial iş ixtisasında oxuyan tələbələrdən könüllü kimi istifadə imkanları üçün normativ hüquqi sənədlər təkmilləşdirilsin.Onların işinin mənəvi,fiziki ağırlığını,emosioanal yanma riskini  nəzərə alaraq əmək haqları yüksək səviyyədə təmin olunmalıdır.

Son illərdə əhalinin sağlamlığının bazar iqtisadiyyatı şəraitində mühafizəsi üçün hüquqi-normativ bazanın yaradılması həyata keçirilir.Azərbaycan Respublikasında “Sosial xidmət haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Qan və onun komponentlərinin donorluğu haqqında", "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında", "Əczaçılıq fəaliyyəti haqqında", "Tibbi sığorta haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında", "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında, "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" qanunlar qəbul edilmişdir.Azərbaycan dövlətinin əsas məqsədlərindən birinin sosial dövlət olması barədə Konstitusiyaya 2002-ci ildə edilən əlavə və dəyişikliklərdə sosial rifah dövlətinin qurulması ilə bağlı müddəa öz əksini tapmışdır. Konstitusiyamızda Azərbaycan dövlətinin başlıca vəzifələrindən birinin vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması, iqtisadi azadlıqlarının təminatçısı olduğu göstərilir: "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir" Konstitusiyanın 16-cı maddəsi "Sosial inkişaf və dövlət" adlanır. Bu maddənin 1-ci bəndində göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır [ 3. s.64 ].

     Azərbaycan sosial dövlət quruculuğu yolunda inamla irəliləyir. Ölkə başçısı respublikamızın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, vətəndaşa diqqət və qayğı dayandığını bəyan edir və ölkəmizin 2020-ci ildə dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxacağını qarşıya məqsəd qoyur. 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası da bu məqsədlə işlənib hazırlanmışdır. 6.12. 2016-cı il tarixli fərmanla “Azərbaycan Respublikasının Milli İqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” təsdiq edilmişdir. Milli iqtisadiyyatımızın əsas 11 istiqaməti üzrə inkişaf xəttini müəyyən edən bu proqramda birmənalı şəkildə nəzərdə tutulur ki, Azərbaycan 2025-ci ildən sonrakı dövrdə sosial rifah dövlətinə çevriləcəkdir. Azərbaycan -2020: gələcəyə baxış” inkişaf  konsepsiyası [2. www.mincom.gov.az/media/xeberler/details/352].

 

 

Ədəbiyyat:

 

1.      Аристотель. Политика // Аристотель. Сочинения: В 4 т. М.: «Мысль», 1983. Т. 4. –С. 376–644. Перевод с древне-греч. С.Жебелева.

2.       Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 noyabr tarixli 1862 nömrəli Sərəncamı.www.mincom.gov.az/media/xeberler/details/352

3.      Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, “Qanun”, 2005, 64 s.

4.      Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında çıxışı [https://president.az/articles/28737]

5.      İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadiinkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. 16 yanvar 2012.12.Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi. http://www.president. az/articles/4098/print

6.      Дж. Рустамова, Национальная буржуазия в период Азербайджанской Демократической Республики. Баку, 2007s.162).

7.      Кочеткова Л. Н.Теория социального государства Лоренца Фон Штейна//Философия и общество,No3,2008, с. 69-79.

8.      N.Gəncəvi .İskəndərnamə  ( iqbalnamə) . Bakı.”Lider nəşriyyat” 2004.

 


Etiket:

Strategiya.az

Xəbərlər
07.12.2019

Bir gündə 33 şübhəli şəxs saxlanılıb

07.12.2019

Qaşıq, çəngəl, bıçaq dəstində narkotik keçirmək istədi

07.12.2019

“Hər hansı dəyişiklik yoxdur” - Xəzər TV-dən rəsmi açıqlama

07.12.2019

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası istifadəyə verilib

07.12.2019

Magistraturaya qəbul olunacaq tələbələrin sayını Nazirlər Kabineti müəyyənləşdirəcək

07.12.2019

Avtobus sürücüsü saxlanıldı

07.12.2019

Şahin Mustafayev sədr təyin edilib

07.12.2019

Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi bu TARİXDƏN başlayacaq

07.12.2019

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı təsdiqlənib

07.12.2019

MSK-nın növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclası başlayıb

07.12.2019

Azərbaycana qışın gəlmə vaxtı açıqlandı

07.12.2019

Bakının bu rayonunda su olmayacaq

07.12.2019

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

07.12.2019

Azərbaycanın Bakı Dövlət Universiteti kimi elm məbədi var - MÜSAHİBƏ

07.12.2019

Rob Sobhani: Azərbaycanda ağacəkmə təşəbbüsü digər ölkələr üçün modelə çevriləcək

07.12.2019

Səudiyyəli əsgər ABŞ bazasına hücum etdi: Ölənlər var

07.12.2019

Neftin qiyməti bahalaşır

07.12.2019

Deputatlığa namizədlərin irəli sürülməsi prosesi başladı

07.12.2019

Boliviyanın keçmiş prezidenti Kubaya getdi

07.12.2019

Avstriyalı diplomat BMT İnsan Haqları Şurasının rəhbəri təyin edilib

07.12.2019

AQTİ mütəxəssisi toksiki zəhərlənməyə aydınlıq gətirdi

07.12.2019

Trampdan Dünya Bankına çağırış: Çinə kredit ayırmayın, onların pulu çatmasa, özləri yaradacaqlar

07.12.2019

“Real Madrid”in prezidenti Avropa Superliqası keçirməyi təklif edib

07.12.2019

Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

07.12.2019

Ağ Ev Trampın impiçmenti ilə bağlı dinləmələri boykot edir

07.12.2019

Boris Consonun “gizli” planı ifşa olundu

07.12.2019

Dünyanın ən qədim qəzetlərinin TOP 10-luğu

07.12.2019

Atəşkəs 24 dəfə pozulub

07.12.2019

Mərkəzi Bank 150 milyon manat cəlb edir

07.12.2019

Gülnarə Kərimovanın cinayət işi ilə bağlı istintaq başa çatdı

07.12.2019

Ən məşhur məktəblidən etiraf: İqlim böhranına məhəl qoymurlar

07.12.2019

Zelenski Putinlə görüşdə nədən qorxduğunu boynuna aldı

07.12.2019

Dekabrın 9-na dolların rəsmi məzənnəsi

07.12.2019

Ərdoğan Moskvada keçiriləcək Qələbə paradına dəvət olunub

07.12.2019

Şeydayevə şans verilmədi

07.12.2019

ABŞ düşmənlərinə qarşı “Qızıl Orda”nı işə salacaq

07.12.2019

Qırğızıstanın sabiq baş nazirlərinə hökm oxunub

07.12.2019

Bakıda bu işçilərin maaşları artıb

06.12.2019

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib

06.12.2019

Ərdoğan dördtərəfli zirvədə: Siz bu haqqı haradan almısınız?

06.12.2019

Angela Merkel: Nasistlərin törətdikləri cinayətlərə görə xəcalət çəkirəm

06.12.2019

Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir

06.12.2019

Putinlə Zelenskinin təkbətək görüşü baş tutacaq

06.12.2019

Bu gün əkilən ağacların sayı 650 mini keçib - ETSN

06.12.2019

İstirahət günlərində gözlənilən hava proqnozu

06.12.2019

“Çelsi”nin transfer qadağası ləğv edildi

06.12.2019

Türkiyə Rusiyadan növbəti partiya "S-400" raketləri alır

06.12.2019

NATO-nun ən güclü orduları açıqlandı - SİYAHI

06.12.2019

Artıq “Apple” dünyanın ən dəyərli şirkəti deyil

06.12.2019

"Fitch": Rubl və lirə dollara nisbətdə ucuzlaşacaq - PROQNOZ