Elçin Əhmədov: Azərbaycan-Türkiyə dostluğu, həmrəyliyi və strateji tərəfdaşlığı bütün dünya üçün nümunədir

14:03 / 26.04.2018

Elçin Əhmədov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub.

Bu sözləri  açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Elçin Əhmədov qeyd edib ki, Azərbaycanın neft strategiyasının həyata keçirilməsi regional sabitliyin möhkəmləndirilməsində və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Xəzər regionunda fəal mövqeyi ilə seçilən və Azərbaycanın bütün məsələlər üzrə müttəfiqi hesab edilən Türkiyə dövləti əsas diqqətini respublikamızın neft ehtiyatlarının xarici bazarlara marşrutu üzərinə cəmləşdirib. Bu məqsədlə də Türkiyə hökuməti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri marşrutunu irəli sürüb və kəmərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış edib.

1999-cu il noyabrın 18-də ATƏT-in İstanbulda keçirilmiş Zirvə toplantısı çərçivəsində XX əsrin çox mühüm layihəsi hesab edilən və mübahisəli müzakirələrə səbəb olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən xam neftin nəql edilməsinə dair Sazişin Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ prezidentləri tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində mühüm addım oldu. Bundan əlavə, İstanbul Zirvə toplantısında regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın və Türkiyənin iştirakı ilə “Qafqaz paktı” yaradılması ideyası irəli sürüldü. Bununla yanaşı, “Şahdəniz” yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql olunması üçün qaz boru kəmərinin də inşasının həyata keçirilməsi haqqında qərar qəbul edildi. Heç şübhəsiz, bu layihənin reallaşması Azərbaycanın və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin genişlənməsində və hər iki dövlətin dünya birliyinə hərtərəfli inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə, çox uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətlərin daha da inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynayıb. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan limanında Şərq-Qərb enerji dəhlizinin mühüm qolunu təşkil edən və ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilib. Bu hadisə Ümummilli Liderin uzaqgörən və düşünülmüş siyasətinin, eləcə də uğurlu neft strategiyasının nəticəsi və vaxtilə bəzi mütəxəssislərin inanmadığı üç dəniz əfsanəsinin reallığa çevrildiyi gün kimi tarixə düşüb. Daha sonra regionda əməkdaşlığın genişlənməsi istiqamətində növbəti addım Bakı-Tbilisi-Qars layihəsinin 2007-ci il fevralın 7-də Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri tərəfindən imzalanması olub.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Hazırda regionun ən böyük və mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir. Eyni zamanda, Azərbaycanın iştirakı ilə həyata keçirilən, Asiya ilə Avropanı birləşdirən, tarixi İpək Yolunun bərpasına mühüm töhfə olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionda yaşayan xalqlara rifah gətirəcək.

Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərini daha da möhkəmləndirməsi dövlətimizin xarici siyasətinin mühüm tərkib hissəsidir. 2010-cu il avqustun 16-da Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin, eləcə də Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamənin imzalanması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında adıçəkilən sənədin imzalanması çox düzgün və gələcəyə hesablanmış bir addım oldu. 2011-ci il oktyabrın 25-də İzmir şəhərində keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısı çərçivəsində iki dövlət arasında danışıqlar aparılıb və Türkiyə ilə Azərbaycan arasında qaz tranziti, qaz təchizatı və qaz alqı-satqısına dair sazişlər imzalanıb. 2012-ci il sentyabrın 11-də Qəbələdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının keçirilməsi Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilə bilər. 2013-cü il noyabrın 13-də Ankarada keçirilən üçüncü, 2015-ci il yanvarın 15-də isə dördüncü iclasda Azərbaycanla ilə Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tbilisi-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub, ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Strateji Əməkdaşlıq Şurasının beşinci iclası əslində Bakıda keçirilməli olsa da, Türkiyədə baş vermiş terror hadisələri ilə əlaqədar bu toplantı təkrar Ankarada keçirildi. Azərbaycan Prezidentinin bu addımı həm bu hadisə ilə bağlı iki ölkənin birlikdə gücünü, həmrəyliyini, həm də bütün terror hücumlarına qarşı birlikdə olduğumuzu milli və beynəlxalq miqyasda göstərmək baxımından çox yüksək qiymətləndirildi. 2016-cı il martın 15-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən V iclasında enerji, nəqliyyat məsələləri ilə yanaşı, müdafiə, hərbi və digər istiqamətlərdə əməkdaşlıq da müzakirə edilib və altı müqavilə imzalanıb.

2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirildi. Bu tarixi mərasimdə layihəyə Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, bütün Avrasiya coğrafiyasının ehtiyacı olduğu qeyd edilərək bildirildi ki, layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz Boru Kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

Azərbaycanın geostrateji mövqeyi bizə Avropanı Asiya ilə birləşdirən körpü olmağa nadir imkan yaradır. Bu baxımdan, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük əhəmiyyət daşıyır. Bu dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Bakı-Tbilisi-Qars dəmir yolu Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artıracaq, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldacaq. Bakıdan Türkiyənin Qars şəhərinə aparan yol oradan Ankara və İstanbula qədər uzanacaq, Avropa üzərindən La-Manşa və Londona keçəcək. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu Ermənistanın təcridini dərinləşdirməklə yanaşı, eyni zamanda, bu təcavüzkar dövlətin işğalçılıq siyasəti ilə təcrid edilməyə çalışılan Naxçıvanın daha etibarlı dəmir yolu şəbəkəsi vasitəsilə Bakı ilə birləşməsi üçün də mühüm imkan yaradır. Belə ki, Ermənistanın təcrid etməyə çalışdığı Naxçıvan gələcəkdə Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin də çəkilməsi ilə Qars vasitəsilə Azərbaycanın digər əraziləri və Avropa ilə fasiləsiz dəmir yolu əlaqəsi qura biləcək.

2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirildi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Azərbaycanın beynəlxalq tranzit və logistika mərkəzinə çevrildiyini bir daha sübut etdi. Bu strateji layihə Azərbaycan iqtisadiyyatının inkişafında da əhəmiyyətli rol oynayacaq. Azərbaycanın ilk illərdə tranzitdən minimal gəliri 50 milyon dollar təşkil edəcək. Digər tərəfdən, Azərbaycanın beynəlxalq siyasətin subyekti kimi nüfuzu daha da artacaq və çox əhəmiyyətli tərəfdaşlar qazanacaq.

Oktyabrın 31-də isə Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısı keçirildi. Toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olundu və 6 mühüm sənəd imzalandı. İqtisadi sahədə imzalanmış sənədlərin böyük əhəmiyyət kəsb etdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyev preferensial, yəni, imtiyazlı ticarət sazişinin böyük məna daşıdığını və bu Sazişin qüvvəyə minməsi nəticəsində dövlətlərimiz arasında olan ticarət dövriyyəsinin də xeyli dərəcədə artacağını diqqətə çatdırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il aprelin 24-25-də Türkiyə Respublikasına rəsmi səfəri iki dost və qardaş dövlətin gələcək əməkdaşlığının daha da möhkəmləndirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci toplantısı keçirildi. Toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunaraq Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu və iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair 5 sənəd imzalandı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edərək seçkilərdən sonrakı ilk rəsmi xarici səfərində onu Ankarada qonaq etməkdən məmnunluq hissi keçirdiyini bildirdi. İki dövlət arasındakı qardaşlıq əlaqələrini real layihələrlə daha da gücləndirmək əzmində olduğunu bildirən Türkiyə Prezidenti 2017-ci ildə açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttini çox önəmli hadisə kimi qiymətləndirdi: “Bu dəmir yolu xəttinin funksional və davamlı istifadəsi ilə bağlı gördüyümüz işlər davam edir. Bu işləri tez bir zamanda bitirməliyik. Dünyanın ən mühüm nəqliyyat dəhlizlərindən biri olan bu dəmir yolu xəttinin daha da məhsuldar işləməsi üçün əlimizdən gələni etməliyik. Trans-Anadolu təbii qaz boru kəməri - TANAP prioritet layihələrimizdən biridir. Enerji sahəsindəki əməkdaşlığımızın zirvəsi olan bu layihənin açılışı, inşallah, bu ilin iyun ayında olacaq... Digər irihəcmli layihə olan Cənub Qaz Dəhlizi ölkələrimizlə yanaşı, bölgəmizə və Avropaya da rifah gətirəcək və enerji təhlükəsizliyinə çox böyük töhfə verəcək”.

Türkiyə və Azərbaycanı tariximiz, soyumuz, mədəniyyətimiz, dinimiz, dilimiz bir olan iki dövlət kimi dəyərləndirən Prezident Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Qafqaz İslam Ordusu bundan yüz il əvvəl qardaşlarını zülmdən xilas etmək üçün Azərbaycana gedərkən bu düşüncə ilə hərəkət etmişdir. Bununla yanaşı, Azərbaycanın illərdir qanayan yarası olan Qarabağ problemini həmişə Türkiyənin öz problemi, orada yaşanan faciələri öz faciəsi hesab etdiyini deyən Türkiyə Prezidenti vurğuladı ki, Azərbaycanın müstəqilliyinin yüzüncü ildönümünü qeyd etdiyimiz bu il ərzində Qafqaz İslam Ordusu şəhidlərinin də xatirəsini layiqli şəkildə yad etmək üçün müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq.

Prezident seçkilərindən sonra ilk səfərini qardaş ölkəyə etdiyini bildirən dövlət başçısı İlham Əliyev qeyd edib ki, bu, bir ənənədir. Bu, müasir dövrdə Türkiyə və Azərbaycanın dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr, ən yaxın müttəfiqlər olduğunu göstərir.

Dövlətimizin başçısı Azərbaycanda Türkiyəni sevən insanların qardaş ölkədə inkişaf proseslərini çox böyük sevinclə qarşıladığını diqqətə çatdıraraq Prezident Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyənin iqtisadi, siyasi, sosial inkişafının bizi ürəkdən sevindirdiyini bildirib: “...Türkiyə bu gün dünya çapında bir gücdür və getdikcə bu güc daha da böyüyür, dostlar sevinir, istəməyənlərin isə kefi pozulur. Əminəm ki, Türkiyə bundan sonra da yalnız və yalnız uğurlar, qələbələr yolu ilə gedəcəkdir... Biz bütün məsələlərdə bir yerdəyik. Mən qeyd etdiyim kimi, bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da biz daim bir yerdəyik”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli həll olunmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyini bildirən Prezident İlham Əliyev deyib ki, məsələnin həllində Türkiyə qədər bizə dəstək verən ikinci ölkə olmayıb. Türkiyə hər zaman bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir və bu dəstək, eləcə də həmrəylik bizə əlavə güc verir.

Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın da, öz növbəsində, bütün beynəlxalq təşkilatlarda Türkiyəni daim dəstəklədiyini, Türkiyənin terrorla mübarizə yolunda hər zaman həmrəylik göstərdiyini, hər zaman Türkiyənin yanında olduğunu vurğulayaraq, “Zeytun budağı” əməliyyatının uğurla keçirilməsi ilə bağlı bütün qardaş türk xalqını təbrik edib, Azərbaycan xalqının bu məsələdə də hər zaman həmrəylik göstərdiyini və bunun bizim ümumi məsələmiz olduğunu bildirib.

Müasir dövrdə Türkiyə və Azərbaycanın bölgəmizdə birgə səylərlə çox böyük layihələr gerçəkləşdirdiyini diqqətə çatdıran dövlət başçısı İlham Əliyev deyib: “Bakı-Tbilisi-Qars, TANAP tarixi layihələrdir. Bizim iradəmiz, bizim təşəbbüsümüz və birliyimiz bu layihələri həyata keçirdi. Bu gün biz Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edirik. Bu layihələr bizim gücümüzü artırır, regional işbirliyini möhkəmləndirir və bölgədə sabitliyi təmin edir. Yəni, bizim birgə həyata keçirdiyimiz təşəbbüslər və layihələr, sadəcə olaraq, iqtisadi məna daşımır, bunların çox böyük siyasi mənası var. Bu layihələr təhlükəsizliyi, sabitliyi möhkəmləndirən layihələrdir. Əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz layihələr uğurla başa çatacaq”.

Prezident İlham Əliyev bildirib ki, biz qarşılıqlı sərmayə qoyuluşunu da artırırıq. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 14 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox sərmayə qoyub: “Ancaq qardaş ölkələrə bu qədər yatırım qoyula bilər. Yaxın gələcəkdə TANAP-ın, “Star” neft emalı zavodunun açılışı, əlbəttə ki, bizim imkanlarımızı daha da artıracaq. Azərbaycan sərmayəsi hesabına Ege bölgəsinin ən böyük limanı olan “Petlim” limanı inşa edilib. Bu, Türkiyənin üçüncü böyük limanıdır. Biz bu gün güzəştli ticarət anlaşmasının imzalanmasına yaxınlaşdıq. Ümid edirəm ki, yaxın gələcəkdə bu anlaşma imzalanacaq və beləliklə, ticarət dövriyyəsi daha da artacaq”.

Bununla yanaşı, müdafiə sahəsində birgə hərbi təlimlərin həyata keçirildiyini qeyd edən dövlət başçısı bildirib ki, Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi var, istehsal olunan məhsullar ən yüksək standartlara uyğundur və biz ordumuzun ehtiyacını həm də Türkiyədə istehsal olunan hərbi məhsullar hesabına təmin edirik. Bütün sahələrdə - mədəniyyət, təhsil, incəsənət, humanitar sahələrdə daim birlikdə olduğumuzu, eləcə də bizi birləşdirən qədim tarixin mövcudluğunu diqqətə çatdıran Azərbaycan Prezidenti deyib: “Bu ilin may ayında birinci Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Ondan sonra biz Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birlikdə Bakını erməni quldur dəstələrindən azad etməsini birlikdə qeyd edəcəyik. Bu, şanlı tariximizdir. Bu tarix göstərir ki, biz hər zaman bir yerdə olmuşuq, bu gün də bir yerdəyik. Əminəm ki, hər zaman bir yerdə olacağıq”.

Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli şəkildə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb, ikitərəfli dostluq, həmrəylik və strateji tərəfdaşlıq münasibətləri bütün dünya üçün nümunə olub.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM