Strategiya.az Kulis.Az-a istinaden yazıçı Mübariz Örənin “Balıq gülüşü” hekayəsini təqdim edir.
Yaşını soruşsan, bir əlini tam açardı, o birinin bir barmağını...
Oyanıb mat tavana baxırdı. Yatıb yorulmuşdu sanki, əlini qaldırıb tərli başının üstə hərlənən milçəyi qovmağa ərinirdi. Belinin altı istidən alışıb yanırdı,- bədəni diricə su- sanki dünyanın bütün istisi belinin altında idi. Sıçrayıb qalxdı, bir topa isti çıxdı altından... Əlinin içiylə alnının, boğazının tərini sivirib çılpaq bədəninə yaxdı.
Qalxıb otaqları gəzdi. Anası evdə yox idi. Qapının pərdəsini aralayıb çölə baxdı,- həyət bom-boşdu. Ağ çiçəkli akasiya ilə baş-başa vermiş tutun üstü isə sığırçınla dolu...
“Alağa gedib yəqin,- fikirləşdi.- bəs niyə onu oyatmayıb?” Çölə gedəndə onu mütləq qaldırırdı anası, çayını, çörəyini verib,- “ağıllı ol, deyirdi, evdə otur, heç yana çıxma... Axı sən evin kişisisən.”- o üz-bu üzündən öpüb çıxırdı. Qara mil-mil şalvarının üstündən yubkasını, ağ, qollu köynəyini geyib, üz-başını yaylıqlayırdı,- gözləri çöldə qalırdı təkcə, gözləri ilə sağollaşırdı onnan,- ketmənini çiyninə alıb gedirdi. Qələmə ağacından o tərəfdə, çörəkxananın düz qabağında traktor gözləyirdi onu,- lafeti səs-küylü, şaqraq gülüşlü qız-gəlinlə dolu...
Çömbəlib qapının ağzındaca oturdu...
Qəribə gündü nəsə. Əvvəla Bəxti gözünə dəymirdi. (Qapıbir qonşu idilər Bəxtigilnən). İkitəkər velosipedində min dəfə ötmüşdü qapılarından özgə vaxt. İkincisi,- doğrudan da, məəttəl qalmalı işdi,- günəş yox idi. Həmişə eyni yerdən, Gülən xalagilin çəpərindən boylanıb baxan günəş indi yox idi,- baxmayaraq ki, hava açıq, buludsuzdu... Durub mütləq günəşi tapmalıydı. Sığırçınlar qaynaşırdı tutda. Göyün üzünü almışdı quş. Heyif, quşatanı yoxdu. Heyif ki, yekə deyildi Bəxti kimi... Əyilib yerdən bir daş götürdü, sığırçınlara sarı atdı. Hovuzun üstündəki ləyənə güclə çatdı daş. Danqıltıya sığırçınlar qopdu tutun başından. Səslərini də götürüb getdilər. Bir əsim külək qaldı onlardan. Bir də ağacın yam-yaşıl, sıx yarpaqları arasından ona gülümsəyən günəş,- rahatlandı.
Tutun kölgəsindən çıxan kimi bir ayağı üstə hoppana-hoppana qayıdıb sürütmələrini geydi; günün altında qızmış torpaq ütür adamın ayağını. İstidə ən rahatı bağdı. Hovuzun suyu yay-qış ora axdığından üzünü qurbağa çəni örtmüş balaca bir gölməçə də yaranıb orda,- həndəvəri nəm, yaşıl... Çömbəlib çubuqla suyun çənini tərpətdi,- şonquyub hovuzun göy-mamırlı daşları arasından ona baxan ziyilli qurbağanı görənəcən...
Ayaqyolu bostanın lap ayağındadı,- tək qorxur ora. Özünü lobyalığa verdi. Qısa şalvarını aşağı çəkib oturdu. Dirsəklərini dizlərinə söykəyib üzünü ovuclarına aldı; belə rahat idi. “Anası hər gün alağa gedir harasa, - fikirləşir,- öz bostanlarını ot basıb”. Otun, alağın içində itib lək. Sarmaşığın, çayırın altında haçası əyilib pomidor kolunun. Quruyub dibindən qopmuş xiyar tağı təzə həvəslə dırmanıb nicatını çəpərdə gəzir. Ucu toxumlamış qart bozoğlan burnunun içinə girsin az qala,- dartıb çıxarmaq istədi onu, quruyub çat vermiş, bərkiyib kəsəyə dönmüş torpaqla birgə qopdu ot. “Bəxti, qurbanın olum,- anası yalvarıb ləliyir hər gün.- özünüzə su gətirəndə bizim də qapıya ötü, noolar. İstidən quruyub yanır əkin. Qovrulub cıbrıqdan çıxıb...”
“... qulağ elə, deyir, suyu bizim də qapıya qulağ elə, noolar”.
Bir də: “göz ol, deyir, qaqaşdan da göz ol, Bəxti, qadan alım...”
Lobyanın kölgəsi sərinlik vermir,- bürküdən alnında tər puçur-puçur- əvəzində cod, tüklü yarpaqları tərli bədənini yeyir. Torpağa bitişik uçan acıqlı ağcaqanad dızıldayıb rahat qoymur oturmağa,- ... durdu. Bircə tez böyüsəydi. Bəxti boyda! Qoymazdı anası alağa getsin. Gecələr ayaqlarını tutub zıqqıldayır yazıq, - “ay allah heey, elə bil özümünkü döyül andır. Kötükdü, kötüük...”- səhərəcən ağrıdan eşələnir yerində. Bircə tez böyüsəydi. Özü işləsəydi,- dəqiq bilmirdi o nə işdi elə.- Qazanardı, tapardı. Gətirərdi... Axı evin kişisiydi o.
Niyə evin kişisiydi,- səbəbini anası demirdi heç, özü də soruşmamışdı.- niyə atası yoxdu onun? Hara getmişdi?.. Amma, qayıdacaq bir gün! İnanır! Qələmə ağacından o tərəfdə, çörəkxananın qabağında düşəcək maşından. Qollarını açıb gözləyəcək onu. Bir əlində çamadan,- çamadansız təsəvvür eləmir atasını.- qoltuğunda yüngül boz pencək. O da qaçıb sarılacaq boynuna atasının...
Qəribə gündü nəsə. Hər səhər damdan bir dolu kasa arpa gətirib səpir tutun kölgəsinə, -“ciba-ciba, ciiiba-ciba-ciba...” - həyətin hər küncündən toyuq-cücə cumur dənə. İndi isə dən yerdə qalıb. İstidən qaçıb əncirdə, damın üstündə örnəşib toyuqlar. Əncir ağacından xoşu gəlmir. Lobya kimi əncirin də altı bürkü olur. Yarpağı da cod, tüklü. Damın dalında tək oynamağı xoşlayır amma; toyuqlar həmişə orda eşələndiyindən torpağı kül kimi yumşaqdı. Eh... bir dəfə az qala bir dolu küp tapmışdı orda. Torpağı eşdikcə nəsə “pıppıldıyırdı”. “Küpdü,- fikirləşmişdi.- Qızıl küpü!” Eşdikcə eşmişdi, dırnaqlarının arasını torpaq dağıda-dağıda... Axırda nə çıxsa yaxşıdı? Yerə quylanmış köhnə rezin aftafa! Heyf. Amma fikirləşir ki, atası qayıdanacan, hələlik bir küp tapsaydı nə bir olardı! Ağızbaağız dolu! Qızıl təpili! Görən anası ona velosiped alardı onda? Bəxtininki boyda, yekə, - pedalına ayağı çatmasa da. - İkitəkər!
Möhkəm darıxdı, ürəyi nəsə anasını istədi. Köhnə tapan çəpəri seyrək yerindən aralayıb küçəyə çıxdı; bir də gördün günortalar tez gəlir anası. “Balama dovğa”- dünən lap tez gəlmişdi, qoltuğunda bir köynək salmanca...
Küçə də bom-boşdu, tərs kimi küçədə də heş kəs yoxdu,- illərdi tökülüb qalmış, bərkiyib təpəyə dönmüş qumda öz-özüylə oynayan qızdan savayı. Zəhləsi gedir o qızdan, iyrənir,- qonşu olsalar da, yaşıd olsalar da.- Üstü ziyilli qurbağadan üşənib iyrəndiyi kimi. Üst-başı bütün toz-torpaq olur həmişə, sir-sifəti teyxa kir. Fırtıqlı-pılçıqlı... Qırmızı yun yaylıgı da yay-qış boğazında...
Göyün üzü təndir ağzıdı,- qıpqırmızı. Günəş sanki yumurta sarısıdı, yırtılıb dağılıb göyə. Od ələnir göydən. Gözlə görünür tülyan. Hər tərəf qup-qurudu,- çitəmə çəpərin lap dibində tək-tük gözə dəyən quşəppəyi, əməköməci istisna. Burnu fırtıqlı qızdan sivişib öz çəpərlərinin axırınacan getdi, qələmə ağacının dibində bir qırıq kölgə tapdı... Burdan o yana anası qoymaz. Özü də qorxar. Hər gün anasını burdan yola salır o, burda qarşılayır... Bir gün atası da burda düşəcək maşından,- inanır!- əlində yekə, palıdı rəng çamadan, qoltuğunda yüngül boz pencək... İstəyir anası işdə olanda gəlsin o; sürpriz etmək istəyir anasına. “İçəri evdə gizlədər atasını və... “alee-hop!”- birdən çıxarar üzə...”
Ağzı qırıntı, qılpın dolu yuvalarına yük çəkən qarışqalar dibi qaysaqlayıb qabıq bağlamış arxın içiylə basıb kəsə-çölləmə gedir. “Qarışqa qədər də deyildi o,- heyifsiləndi.- Hətta bap-balaca qarışqalar da öz yuvalarına nəsə dartıb aparır”. İçərisini saran, çulğayan çarəsizliyin, qaramatın əlində ürəyi parçalasın az qala. Yaxşı ki, çörəkxana işləyir; onun göyə millənmiş borusundan qara, gur tüstü çıxır; göydən yerə sakitcə, arın-arxayın qara qurum ələnir, torpağa, daşa, dizinə, qollarına... qonur; onun cəmi beş-altı addımlığında adam var ...
Burnu fırtıqlı qızsa həmişə təkdi.
Onun yaxınlaşdığını görüb sevinirdi qız, gözləri gülürdü. Ağzı açıla qalmışdı. Qızla üzbəüz çöməlib oturanda sanki tok tərpətdi onu; donunun ətəyi yığılıb kök dizlərinin üstündə qalmışdı qızın və... altda heç nəyi yox idi. Daha doğrusu, vardı... Yəni ki, paltar-zad yoxdu. Lütdü orası... Qulaqlarına qədər qızardı. Aşağıda... gərilmə, dikəlmə hiss elədi özündə.
...Ayağa durub gedirdilər. Hara? Özləri də bilmirdi. Dalda yer gəzirdilər. Qalınlıq axtarırdılar. Tələsik qamışlığa girsələr də, pərt döndülər tez; mal-heyvan qamışlıqda qamışlıq qoymamışdı. Gülən arvadın çəpərinə sarı getdilər,- çeçələ barmaqları bir-birinə keçili,- gah o qabağa düşüb tələsdirirdi qızı, gah qız irəli keçib onu dartırdı. Çəpərin dibinə tökülmüş keçənilki pambıq çöpü də köhnəlib; çürüyüb yerə yapıxıb çöp tayası. İki çəpərin arasına keçdilər,- Gülən xalagillə öz çəpərlərinin.- üst-başlarını böyürtkən kolu dartsa da. “İlan-çəyən yığnağıdı ora,- anası bərk-bərk yalvarıb tapşırır hər gün,- bax ha, qurd-quşnan doludu!..” Nə vaxtsa yol olub bura, gediş-gəliş olub. Qamışın, böyürtkənin əlindən cəngəllikdi indi, beş addım aralı görünmür. O, qısa şalvarını tez çəkib dizindən aşağı saldı,- arıların, böcəklərin, cırcıramanın səsindən həlməşik bir qıjıltı asılıb göydən...- qızın da donunun ətəyini qaldırıb özünə sarı çəkdi. Nə idi bu? Nə edirdilər onlar? Üzünü görməsin deyə,- fırtıqlıydı üzü- sifətini qızın boynundakı yaylığa sıxmışdı. Ömrünün sonuna qədər belə qalmağa hazırdı o,- yaylıq kirli olsa da, torpaq qoxusu versə də.- Budu budunda qızın, dizi dizində... Hərəkətsiz, lal.
Qulağı sürətlə yaxınlaşan zəncir “çingilti”sı aldı, - iki şeydən dili-ağzı kilidlənər dünyada, qılçaları çatılanar: qıvrılıb-açılaraq sürətlə irəliləyən ilan görsə, bir də zəncirini qırıb adama sarı qaçan it. - Götürüldü! Qorxudan gəldiyi yolu qoyub, üzü yuxarı qaçdı. “Bu nə gündü belə?!” Bəxtigilin çəpərinə çatıb özünü bir az toxtatmağa çalışdı. Od tutub yanırdı sifəti, gicgahları döyünürdü, ürəyi az qalırdı yerindən qopa. Yaxşı ki, yolun yol vaxtından qalma bir köhnə qapı vardı burda. Ha itələdi, gücü çatmadı aça, birtəhər yuxarıdan aralayıb özünü içəri saldı....
Çəpəri aşıb başqa bir dünyaya, vaxta düşmüşdü sanki; nəsə əlahiddə bir şey baş vermişdi. Nə? Özü də bilmirdi. Ətraf, hər şey dəyişmişdi, bağ-bağat, çal-çəpər başqa rənğ almışdı; boz pərdə çəkmişdin sanki hər tərəfə. Özü də dəyişmişdi. Böyümüşdü! Sinəsində, ayaqlarında, dizlərində hiss edirdi böyüdüyünü...
Qulağına çatan gülüş səsi dizini qatladı,- gülüşdən qorxmağı da təzə çıxıb - ürəyini qoparıb ayaqları altına saldı. Bəxtiynən ilk dəfə balığa getdikləri həmən gün qorxmuşdu gülüşdən. Kanalın sarı-lil suyundan sıyrılıb qarğının dalınca sevincək “uçan” balıq heyrətə salmışdı onu - gözləmədiyi yerdən çıxmışdı balıq! - və qorxutmuşdu; gülürdü balıq! Qarnı ağ-gümüşü, beli göy-qara, şüşə gözlü, xırda qanadcıqlı... Yer üzünə ilk təşrifinə, insanla ilk görüşünə sevinirdi. Az sonra çat-qızmar torpaqda çapalayıb, quru çör-çöp qırıntılarını suvaşıq bədəninə yığıb, ətcə quş dimdiyinə bənzər sarı, xırda ağzını yumub-açıb imdad diləyəcəyindən hələ xəbərsizdi,- körpə uşaq təki sevinirdi! Damağını, ağzını dağıdıb cıran itiuc dəmir qarmağın məhz insanların icad etdiyini bilmirdi...
...Bir də anasının havalı gülüşü qorxutmuşdu onu. Balıqsatan kişi qapılarına gələn gün təzə sudan çıxmış,- suya-seliyə bulaşıb qaralmış yaş kisənin dibində hələ tərpənirdi balıqlar,- əl dəydikcə quyruq çalan balıqlara heyranlıqla baxırdı anası və... Tanımadığı yad, heyvərə kişinin anasının yüngül çit xalatından sezilən “balıq bədəninə”, azacıq açılı qalmış yaxasından görünən ağ döşlərinə necə hərisliklə baxdığını “tutdu”. Deyəsən anası da nəsə duymuşdu; sir-sifəti ani dəyişdi, gözündəki sevinc kisənin dibində qaldı... Həmin gün özünə yer tapmadı anası, hallı-havalı gəzdi, öz-özünə hey güldü...
Bircə atası tez gəlsəydi... İndi ona elə gəldi ki, kimsə onun da anasını çeçələ barmağından tutub hansısa daldaya, qalınlığa çəkə bilər.
Get-gedə artırdı gülüş səsi. Bəxtigilin taxta sürahili, gen artırmalarına çatanda quruyub yerində qaldı; hər axşamçağı olduğu kimi yerdən paltar-palaz sərib yığışmışdı anasıgil, deyib gülürdülər,- qabaqlarında bir qalaq salmanca. Yerdən bardaş quran kim, ayaqlarını rahat irəli uzadan kim... Nə baş verdiyini kəsdirə bilmədi; axı indi hamı işdə olmalı idi.
- Bıy, başıma xeyir, bu uşağa noolub büyün. Özgə vaxt, öldürəsən, gündüz gözünə yuxu getməz.- Anası tez pencəri ətəyindən töküb ona sarı durdu.
- Yuxuda qovurdular səni, a bala? Niyə alataşsan?- Gülən xala niyəsə gülümsədi amma...
Deməli günorta yuxusu aparıbmış onu və ağ, uzunqol köynəyinə salmanca təpib bu günorta gəlib anası. O da elə bilir hələ səhərdi. Deyir axı, yığılı yerin üstündə niyə yatıb?! Bir günü arada salıb itirib o, əvəzinə özündən gün qondarıb; bir gündə iki gün yaşayıb, bir gün artıq yaşayıb. Innən belə nə qədər ömür sürə bir gün artıq yaşayacaq. O, bu günü özü qazanıb,- bu qazancın anasına heç bir xeyri olmasa da,- özü tapıb. Bu - onun ilk qazancıdı. Deməli yekəlib o. Bö-yü-yüb!
Köksünü çulğayıb dolduran yad-nabələd hissləri qavrayıb dərk etməyə səbri çatmadı; təəssüratlarını bölməyə adam axtarırdı. Öz “ikitəkər”ini beliüstə yıxıb guya nəsə təmir edən Bəxtinin ona baxıb pıqqıldamağı, - gülməyini güclə boğurdu Bəxti,- Gülən xalanın da eyhamlı atmacası hisslərinə hiss qatıb. “Əşi, cəhənnəm olsun Bəxti də, onun velsebeti də! Ta o uşaq deyil ki, velsebet oynada. Yekə kişidi!.. Heç atası da gəlmir, gəlməsin innən sora,- o yekələndən sonra,- neynir atasını...”
“Şart!”- anasının çatan kimi yumşaq yerindən çəkdiyi şapalaq göylərdən yerə çaldı onu.
- Bu nədi, a bala, - quş kimi qaldırıb qoltuğuna aldı onu. - Tumançaq niyə gəzirsən? Yekə kişisən ta!..
...Yerə tökülmüş yastı daşlar gah yaxınlaşır, gah uzaqlaşırdı.
"Yazı" dərgisi
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM