Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru
“Bu gün biz Heydər Əliyev siyasətinə sadiq qalaraq bu siyasəti davam etdiririk. Bu illərdə biz Heydər Əliyev siyasətinin təntənəsini görürük, onun fiziki yoxluğu şəraitində bu siyasət yaşayır və yaşayacaqdır”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcumuzdur.
İlk növbədə qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə (1969-1982; 1993-2003) Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur. Hələ 1969-cu ildən, yəni Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri hətta XX əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələrini ortaya çıxarmışdılar. Ərazi məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi. Ümummilli lider hələ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı dəfələrlə alınmış, onların fitnəkar niyyətlərinə qarşı mübarizəni daha da gücləndirmiş və bu istiqamətdə həyata keçirilən tədbirlərə şəxsən nəzarət etmişdir. 1967-ci ildə Ermənistan SSR-in millətçi dairələri Azərbaycan SSR-in daxili işlərinə qarışaraq DQMV-nin azərbaycanlı əhalinin yaşadığı məntəqələrin inkişafı üçün ayrılan vəsaitin bölünüb təsdiq olunmasına hər vəchlə mane olmağa çalışırdılar. Mərkəzi SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi.
Ulu öndər Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən kimi bu məsələni ön plana çəkdi və bu qərarın icrasını dayandırdı. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev nə qədər təhlükəli olsa da, təzyiqləri rədd edərək prinsipial mövqe göstərdi, erməni millətçilərinin qarşısını
qətiyyətlə aldı. Moskvadakı bəzi qüvvələrin və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq, Heydər Əliyev həmin qərarın həyata keçirilməsinə imkan vermədi.
Ümummilli Liderin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə düşüb. XX əsrin 70-80-ci illərinin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında özünəməxsus və spesifik xüsusiyyətləri ilə səciyyələnən mühüm bir tarix kimi daha dərindən öyrənilməsi olduqca zəruridir. Bu dövrdə həyata keçirilən tədbirlər məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. Həmin dövrdə Azərbaycanda bütün sahələrdə ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atılıb və bu nailiyyətlər o vaxt hakimiyyətdə olan Ümummilli Liderin rəhbərliyi, eləcə də prinsipiallığı nəticəsində mümkün olub.
1969-cu il iyulun 14-də Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Bu baxımdan Ümummilli Lider Heydər Əliyev 1969-cu ilin 14 iyulunda bu millətin və dövlətin taleyinə, eləcə də tarixinə qüdrətli xilaskar rəhbər kimi daxil olaraq öz quruculuq tədbirləri ilə şərəfli bir tarix yazdı. Bu şərəfli tarixdə, 1969-1982-ci illərdə bütün sahələrdə əldə edilən tərəqqi yüksəlişdə Azərbaycan KP MK-nın 1969-cu il 5 avqust tarixli Plenumu böyük bir proqram sənədi olmaqla mühüm əhəmiyyətə malik olub. Heydər Əliyevin hakimiyyətə gəlməsi və bu proqram sənədini irəli sürməsi ilə Azərbaycanda tənəzzüldən tərəqqiyə doğru, xüsusilə dirçəliş, inkişaf, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünüqayıdışa dönüş mərhələsinin başlanğıcı qoyulub.
Bu illərdə Azərbaycanın ictimai-siyasi, o cümlədən sosial-iqtisadi və mədəni həyatında milli intibah dövrü başlayıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həmin illərdə respublikanın digər sahələri kimi, iqtisadiyyatın da dirçəlişi, ölkənin təbii ehtiyatlarından, iqtisadi, təhsil, elm və digər potensialından xalqın maddi rifah halının yüksəlməsi üçün şəraitin yaradılması ilə xarakterizə olunur. Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə respublikanın iqtisadi inkişafının konsepsiyası hazırlanıb, iqtisadiyyatda, o cümlədən kənd təsərrüfatında ixtisaslaşma, maddi-texniki və müasir istehsal sahələrinin yaradılması ilə kompleks tədbirlər həyata keçirilib.
1969-1982-ci illərdə müdrik, zəngin təcrübəyə əsaslanan Heydər Əliyevin rəhbərliyi altında respublika iqtisadiyyatında istehsalın sürəti xeyli genişlənib, məhsuldarlıq yüksəlib, böyük uğurlar, nailiyyətlər qazanılıb, elmi-texniki tərəqqidə böyük irəliləyişlər baş verib, yeni, müasir istehsal sahələri yaradılıb, əhalinin maddi rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bununla yanaşı, ümummilli lider Heydər Əliyevin
respublikaya rəhbərlik etdiyi ilk dövrdə elm, təhsil və mədəniyyətin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində görülən işlər milli ruhun oyanmasına, azərbaycançılıq məfkurəsinin zənginləşməsinə güclü təsir göstərib və gələcəkdə müstəqil dövlətçiliyin bərpası üçün əsaslı zəmin hazırlayıb. Həmin dövrdə xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda milli ruhun oyanışını şərtləndirdi. Ümummilli Lider milli hərbi kadrlar yetişdirilməsi sahəsində böyük işlər görüb, 1971-ci ildə məhz Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb fəaliyyətə başlayıb. 1976-cı ildə hərbi məktəbin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycanın KP MK-nın və Nazirlər Şurasının qərarı ilə tədbirlər görülüb. Həmin dövrdə bütün çətinliklərə baxmayaraq Heydər Əliyev Azərbaycan dilinin respublikanın dövlət dili olması ilə bağlı müddəanın 1978-ci il Konstitusiyasına daxil edilməsinə nail olub.
Bununla yanaşı, erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər. Onların bu niyyətlərinin qarşısını almaq, Yuxarı Qarabağın Aran Qarabağla və digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq üçün strateji əhəmiyyətli mühüm addım atıldı. Bu məqsədlə Ağdam-Xankəndi dəmiryolu çəkildi və 1979-cu il yanvarın 12-də həmin yol Ümummilli Liderin iştirakı ilə istifadəyə verildi. Həmin dəmir yolu xətti ilə muxtar vilayətin respublikanın digər rayonları ilə daha sıx iqtisadi əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi sahəsində gələcəyə hecablanmış böyük tarixi xidməti idi.
1987-ci il oktyabrın 21-də Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sov. İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov. İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü və bu müsahibə həmin il no-yabrın 18-də “L'Humanite” qəzetində çap olundu, nəticədə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı.
Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi zamanı yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq yanvarın 21-də
siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmiş, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını pisləmişdi.
1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.
Yalnız 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən siyasət məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Lider 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən növbəti prezident seçkilərində də böyük səs çoxluğu ilə (76,1 faiz) möhtəşəm qələbə qazandı.
Dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması, həmçinin inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil edib.
Ümummilli Lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il
sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi. 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin qazandığı ən mühüm nailiyyətlərindən biridir.
Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması ilə yanaşı, onların işlərində fəal surətdə iştirak etməsi və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu baxımdan 1994-cü il mayın 4-də Prezident Heydər Əliyevin “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu.
1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanıb. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi istiqamətində hüququ baza rolunu oynayır.
Bunun ardınca, Azərbaycanın Avropa Şurasının bərabərhüquqlu üzvü olması respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının adı çəkilən təşkilata tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi, yanvarın 25-də isə Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda ölkəmizin Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirildi və dövlətimizin üçrəngli bayrağı ucaldıldı.
Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə respublikamız üçün həlledici illər olmuşdur. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, Azərbaycan dünya birliyinə qovuşmuşdur. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların
işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etməsi səmərəli əməkdaşlığımız ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb etmişdir. Həmin illərdə çox ciddi islahatlar aparılmış, bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil etmiş, Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması geniş vüsət almışdır. Bunnunla yanaşı, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, siyasi sistem möhkəmləndirilmiş və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Bu illər ərzində görülmüş işlər hazırda ölkəmizin uğurlu inkişafını şərtləndirmişdir. Həmin dövrdə başlanmış layihələr bu gün çox uğurla davam etdirilir.
2003-cü ildən keçən on altı il ərzində isə Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşayıb, problemlərin böyük hissəsi öz həllini tapıb, istənilən istiqamət üzrə konkret proqramlar icra edilib. Son 16 il ərzində Prezident İlham Əliyevin məqsədyönlü, sistemli, düşünülmüş və müdrik siyasəti sayəsində Azərbaycan sabitlik və təhlükəsizlik adasına çevrilib. Dövlət başçısının qazandığı bütün uğurların kökündə Heydər Əliyev siyasi kursuna sadiqlik və onun uğurla davam etdirilməsi siyasəti dayanır. Prezident İlham Əliyev 16 illik prezidentliyi dövründə, ilk növbədə, daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlədib, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin edib, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olub.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmış, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq genişlənib. Bununla yanaşı, son iki ildə ölkəmizin ev sahibliyi etdiyi, eləcə də, dövlət başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər - 2018-ci ildə VI Bakı Beynəlxalq Humanitar Forumu, VI Qlobal Bakı Forumu, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, 2019-cu ildə VII Qlobal Bakı Forumu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü, Qoşulmama Hərəkatının Zirvə toplantısı, Dünya dini liderlərinin II Sammiti və digər möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.
Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və dövlət başçısının bütün səyləri regionun inkişafına və sabitliyin qorunub saxlanılmasına yönəlib. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Gürcüstan-İran və digər əməkdaşlıq formatları buna əyani
sübutdur. Keçən dövr ərzində müxtəlif regional əməkdaşlıq formatları çərçivəsində öz təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikası ilk dəfə olaraq dövlət başçıları səviyyəsində keçirilmiş Azərbaycan-Rusiya Regionlararası Forumuna, həmçinin Azərbaycan, Gürcüstan, İran və Türkiyənin xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünə də ev sahibliyi edib.
Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilib, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunub, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılıb. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılıb. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümünü qeyd edildi və məhz həmin gün “Cənub” qaz dəhlizinin təməli qoyulub. Bununla yanaşı, hazırda Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaradılıb.
Həmçinin, son 16 il ərzində Azərbaycanın bir sıra yaddaqalan diplomatik uğurlara imza atması ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlət olmaqla yanaşı, yürütdüyü müstəqil xarici siyasətinin milli maraqlara söykəndiyinin bariz nümunəsidir. Xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Qeyd etmək vacibdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.
Bununla da dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü dünyaya bir daha bəyan edərək, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını diqqətə çatdırdı, ölkəmizin milli maraqlarının hər şeydən üstün tutulduğunu bildirdi.
Bununla yanaşı, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı. Bunun davamı olaraq, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur. Eləcə də, son illərdə Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Bu baxımdan, sədr ölkəsi kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, eləcə də mayın 4-də Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşlərinin keçirilməsi onu göstərir ki, artıq ölkəmiz təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal təhlükələrdə də öz sözünü deyir, qətiyyətli mövqe nümayiş etdirir, eləcə də, dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir.
Ümumiyyətlə, bütün bunlar onu deməyə əsas verir ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilməsi, eləcə də dinamik, çoxşaxəli və milli maraqlara əsaslanaraq, həyata keçirilən siyasət nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM