AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR
Avqust ayının əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik cəlb olunduğumuz münaqişənin real vəziyyəti və həlli perspektivləri ilə bağlı dərin elmi-analitik təhlillərin aparılmasını, bu prosesdə geopolitik vəziyyətin, beynəlxalq konyukturanın və dünyada güc balansının köklü olaraq nəzərə alınmasını, atılması mümkün olan diplomatik və hərbi-siyasi addımların risk və faydalılıq əmsalının dəqiq hesablanmasını, xüsusilə informasiya təhlükəsizliyi sahəsində mövcud durumun əlahiddə olaraq qiymətləndirilməsini zərurətə çevirmişdir. “İnformasiya əsri” kimi qəyərləndirilən XXI yüzillikdə sonuncu amilin xüsusi çəkiyə malik olduğu danılmaz həqiqətdir. Digər həqiqət isə ondan ibarətdir ki, müasir münaqişə və müharibələrdə ilkin zəfər meydanı kimi “hərbi cəbhə” deyil, “informasiya cəbhəsi” çıxış edir. İkincidə qalib gələn, elə birincidə də “zəfər çələngi”nı boynuna taxır. Bu, artıq müasir dünyamızın təkzibedilməz aksiomuna çevrilmişdir. Bu baxımdan Almaniya politoloji fikrinin daşıyıcılarının aşağıdakı mühakiməsi kifayət qədər məntiqli və ibrətamizdir: “Vacib informasiyaya malik olmaq hakimiyyətə malik olmaq deməkdir. Vacib informasiyanı qeyri-vacib informasiyadan ayırmağı bacarmaq ikiqat hakimiyyətə malik olmaq deməkdir. Vacib informasiyanı yaymaq və ya yaymamaq qabiliyyəti isə üçqat hakimiyyətə malik olmaq deməkdir.” Deməli, istənilən situasiyanın, xüsusilə də hərbi münaqişə vəziyyətinin qalibi statusuna yüksəlmək üçün informasiya məkanında son dərəcə tədbirli, çevik, ağıllı məsuliiyyətli və peşəkar olmaq lazımdır. Bu reallığa məhəl qoymayan tərəfin üzləşdiyi situasiyanın məğlubu statusuna enişi qaçılmaz olur.
Elə bu məntiqə söykənərək qeyd edək ki, Ermənistanın Azərbaycanla dövlət sərhəddində və qoşunların təmas xəttində törətdiyi növbəti hərbi insident bir tərəfdən Azərbaycan ordusunun qüdrətini və sarsılmaz döyüş ruhunu, erməni ordusunun isə acizliyini və zəifliyini nümayiş etdirsə də, digər tərəfdən həmin hadisələr fonunda ölkəmizin informasiya təhlükəsizliyinin təminatı sahəsində bir sıra qüsur və nöqsanların olduğu reallığını da üzə çıxardı. Hakimiyyətin operativ reaksiyası özünü çox gözlətmədi. Avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirildi. Müşavirədə geniş məruzə ilə çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev vurğuladı ki, kütləvi informasiya vasitələrinin rəhbərləri və dövlət orqanlarının rəsmi şəxslərinin iştirakı ilə keçirilən toplantının əsas məqsədi Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələləri müzakirə etmək və mövzu ətrafında fikir mübadiləsi aparmaqdır. Cənab Ramiz Mehdiyev dərin məzmunlu nitqi bir sıra mühüm dövlət əhəmiyyətli tezis və istiqamətverici mühakimələrin irəli sürülməsi ilə yadda qaldı. Daha dəqiq desək, Ramiz Mehdiyev,əvvəla son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli tərəqqi dövrünü yaşadığını, beynəlxalq nüfuzunun gündən-günə yüksəldiyini qeyd etmiş, ölkədə demokratik islahatların, vətəndaş cəmiyyəti quruculuğunun daha da dərinləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunduğunu vurğulamış, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlarından danışmışdır.
İkincisi, görkəmli akademik vurğulamışdır ki, Azərbaycanın müasir inkişafı, güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirdiyi fəallıq müəyyən xarici qüvvələrin, xüsusilə də Ermənistanın, erməni lobbisinin və onun maraqlarını təmsil edən ayrı-ayrı dairələrin ciddi narahatlığına səbəb olmuşdur. Azərbaycanın mövcud tolerant mühitindən, ölkədəki demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr və bəzi daxili qruplar cəmiyyəti çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin əldə etdiyi mühüm uğurları ləkələmək üçün ciddi səy göstərirlər. O, qeyd etmişdir ki, müxtəlif xarici anti-Azərbaycan dairələrin və onların nəzarətində olan daxili qrupların təxribatçı fəaliyyəti heç zaman hakimiyyəti öz iradəsindən, müstəqil siyasətindən çəkindirməyəcək, cəmiyyəti müəyyən olunmuş inkişaf yolundan, strateji seçimindən geri döndərməyə nail olmayacaqdır. Bundan sonra da Azərbaycanın milli maraqlarına və qanunvericiliyinə zidd fəaliyyətə görə müvafiq ölçü götürüləcəkdir.
Üçüncüsü, Prezident Administrasiyasının rəhbəri kifayət qədər sərt və qətiyyətli şəkildə bildirmişdir ki, avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirmişdir. Ramiz Mehdiyev cəbhə xəttində vəziyyət barədə yanlış məlumatlar, hərbi hissələrimizin dislokasiyası və hərəkəti, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi və bu mövzuda müxtəlif spekulyativ informasiyaların yayılması, cəbhə bölgəsində yaşayan əhali və ölkə ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması və s. barədə konkret faktlar göstərmişdir.
Dördüncüsü, informasiya təhlükəsiliyinin təmin olunması sahəsində buraxılan qüsur və nöqsanların tez bir zamanda aradan qaldırılmasının təxirəsalınmaz vəzifə olduğunu vurğulayan cənab Ramiz Mehdiyev xəbərdarlıq etmişdir ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq məsuliyyət yaradır. Beynəlxalq praktikada belə hallarda qanunvericiliyin tələblərinə uyğun sanksiyaların tətbiq olunduğunu diqqətə çatdıran Ramiz Mehdiyev demişdir: “Formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, bundan sonra da atılacaqdır”.
Nəhayət, akademik çıxışının sonunda müasir dövrdə medianın ən mühüm funksiyalarından birinin də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etmək olduğunu vurğulamışdır. Natiq qeyd etmişdir ki, vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. KİV-lər cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir. Son 11 ildə Azərbaycanın hər bir vətəndaşın fəxr edə biləcəyi inkişaf yolu keçdiyini diqqətə çatdıran Ramiz Mehdiyev bildirmişdir ki, KİV-lər ölkədə görülən işləri, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasəti daha geniş və obyektiv şəkildə işıqlandırmalıdırlar.
Heç şübhəsiz, ərazi bütövlüyümüzün bərpası bütün istiqamətlərdə, o cümlədən informasiya cəbhəsində güclü olmağımızdan son dərəcə asılıdır. Bu halda güclü və qüdrətli Azərbaycanın haqq işinin beynəlxalq birlik tərəfindən layiqincə dəyərləndiriləcəyi şübhə doğurmur. Bu gün dünyada “güclü haqlıdır” məntiqinin işlədiyini nəzərə alaraq, davamlı şəkildə güclənmək xəttimizi daha da möhkəmləndirməliyik. Yalnız bu halda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun ədalətin bərpasına yönəlik siyasətinin formalaşmasının şahidi ola bilərik. Hal-hazırda isə bu qrumun fəaliyyəti sanki münaqişəni həll etməyə deyil, onun müharibəyə çevrilməsinin qarşısını almağa yönəlmişdir. Elə bu səbəbdən də “nə sülh, nə də müharibə vəziyyəti”nin də artıq 20 “yaşı” tamam olmuşdur. Əslində müharibə davam etməkdədir, lakin onu aktiv hərbi fazasında atəşkəsdir. Ermənistanın silahlı qüvvələrinin cəbhə bölgəsində atəşkəsi mütəmadi olaraq pozması, xüsusilə də iyul-avqust aylarında geniş hərbi insident törətməsi müharibənin istənilən anda başlanmasının mümkünlüyünün göstəricisidir. 1992-ci ilin mart ayında yaradılmış və münaqişənin tənzimlənməsində vasitəçi missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu isə permanent atəşkəsdə israrlıdır. Ermənistan da eyni müvəffəqiyyətlə həmin israrları davamlı olaraq qulaqardına vurmaqda davam edir. Yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun nəticə baxımından bir çox hallarda fəaliyyətsizlik kimi təsir bağışlayan “fəaliyyəti”nin də bu ilin mart ayında “22 yaşı” tamam olmuşdur.
1999-cu ildən bəri təxminən 50 dəfəyə qədər münaqişənin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edən ATƏT-in Minsk qrupunun nəticə baxımından öyünməyə haqqı yoxdur. Əvvəllər dəfələrlə olduğu kimi, elə indi də ATƏT-in bəyan etdiyi mövqeyə görə, münaqişə tərəfləri özləri tənzimlənmə prosesində real addımlar atmalıdırlar. ATƏT isə istənilən razılaşmanı dəstəkləyəcəkdir. Qəribə məntiqdir. Əgər doğrudan da münaqişə tərəfləri vasitəçi olmadan razılığa gəlmək iqtidarındadırsa, onda ümumiyyətlə ATƏT-ın Minsk qrupu nəyə lazımdır? Təəssüf ki, münaqişənin həlli prosesi ilə bağlı acı reallıq belədir.
Təsadüfi deyildir ki, ABŞ-ın Con Hopkins Universitetinin Qafqaz araşdırmaları mərkəzindən Svante Kornell də bu fikirlərlə razıdır ki, artıq indiki formatda danışıqları davam etdirməyin əhəmiyyəti yoxdur. Çünki Minsk Qrupu, ATƏT bütün imkanlarını tükətmişdir, Ermənistanı işğaldan geri addım atmağa sövq edə biləcək rıçaqlara malik olmadığını çoxdan sübut etmişdir. Ümumiyyətlə, ATƏT özü beynəlxalq institut kimi hazırda iflic olunmuş durumdadır. Rusiya təşkilatın Avropada insan haqları və təhlükəsizliklə bağlı fəaliyyətini məhdudlaşdırmağa çalışır və 2013-cü ilin əvvəlində onun illik büdcəsinə veto qoymuşdu. Deməli, ATƏT-in və onun Minsk Qrupuna həmsədrlik edən dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı vasitəçiliyində 22 uğursuz ildən sonra hansısa dönüş yaranacağını gözləmək sadəlövhlük olardı.
Münaqişənin tənzimlənməsində maraqlı olduğunun görüntüsünü yaratmaq və növbəti dəfə beynəlxalq ictimai fikri aldatmaq məqsədilə Ermənistan prezidenti S.Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevlə 2008-ci ilin iyun ayında Sankt-Peterburqda, noyabr ayında Moskvada, 2009-cu ilin yanvar ayında Sürixdə, may ayında Praqada, iyun ayında Sankt-Peterburqda, iyul ayında Moskvada, oktyabr ayında Kişinyovda, noyabr ayında Münhendə, 2010-cu ilin yanvar ayında Soçidə, iyun ayında Sankt-Peterburqda, oktyabr ayında Həştərxanda və 2011-ci ilin mart və 2012-ci ilin yanvar ayında yenidən Soçidə, 2013-cü ilin noyabr ayında Vyanada və 2014-cü ilin avqust ayında Soçidə və sentyabr ayında Nyuportda görüşsə də, tutduğu ənənəvi qeyri-konstruktiv mövqe ucbatından problemin həllində real nəticə hasil olmamışdır.
2008-ci ilin mart ayının 1-2-də Ermənistanda prezident seçkilərinin nəticələrinin total şəkildə pozulmasına etiraz edən dinc əhalinin Serj Sarkisyan iqtidarı tərəfindən gülləbəran edilməsi nəticədə 10 nəfərin öldürülməsi və 200 nəfərin yaralanması faktı beynəlxalq birliyə məlumdur. Həm də o da məlumdur ki, Ser Sarkisyan hakimiyyətinin ölkə daxilində avtoritar idarəetmə üsuluna, ölkə xaricində isə təcavüzkar siyasətinə beynəlxalq birlik hələ də göz yumur və bununla da cəzasızlıq rejiminin yaranmasına şərait yaradır. İstənilən halda cəzasızlıq rejimi işğalçını yeni-yeni cinayətlərə sövq edir. XX əsrdə Avropa iki dünya müharibəsinin timsalında bu həqiqətin dəhşətli fəsadlarını yaşamışdır.
Elə məhz bu cəzasızlıq mühitindən qaynaqlanaraq Ermənistan prezidenti Serj Sarkisyan hələ də keçən əsrin 80-ci illərinin ritorikasını xatırladan bəyanatlar verməkdə davam edir. İşğalçı dövlətin rəhbərinin mövqeyinə görə, Dağlıq Qarabağ heç bir halda Azərbaycanın tərkibində qala bilməz. Terrrorizmi dövlət siyasəti səviyyəsinə qaldırmış ölkənin prezidentinin fikrincə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesləri əlahiddə olaraq aparılmalı və burada heç bir paralellikdən söhbət gedə bilməz.
Halbuki hər iki prosesin həlli bir-biri ilə son dərəcə bağlıdır. Burada cox ciddi səbəb-nəticə əlaqəsi vardır. Ermənistanın silahlı qüvvələrinin 1993-cü ildə Azərbaycanın Dağlıq Qarabağ ərazisinin hüdudlarından kənardakı Kəlbəcər rayonunu işğal etməsinə (səbəb) cavab olaraq Türkiyə həmin ildə bu ölkə ilə sərhədlərini bağlamışdır (nəticə). Türkiyənin Baş naziri R.T.Ərdoğanın təbirincə desək, yalnız səbəb aradan qaldırıldığı halda nəticə də öz həllini tapa bilər. ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin himayəsi və təzyiqi altında 2009-cu il oktyabrın 11-də Türkiyə və Ermənistan xarici işlər nazirləri Ə.Davudoğlu və E.Nalbandyan arasında imzalanmış “Sürix protokolları”nın Türkiyə Böyük Millət Məclisində ratifikasiyasının baş tutmaması da, əsasən bu səbəblə bağlıdır.
Xatırladaq ki, Ermənistanın konstitusiya məhkəməsinin ptotokolların mətnində etdiyi qeyri-qanuni və məsuliyyətsiz düzəlişlər rəsmi Ankaranın kəskin etirazına səbəb olmuşdu. Ermənistan prezidenti Serj Sarkisyanın Vaşinqton-Paris marşurutunun ardınca siyasi məsləhətləşmələr üçün Moskvaya yollanması və geri qayıtdıqdan sonra 2010-cu il aprelin 22-də ölkəsinin protokolların ratifikasiyasını təxirə salması ilə bağlı bəyanat verməsi bu prosesin tam olaraq dalana dirəndiyini və perspektivsizliyini növbəti dəfə təsdiqlədi.
Regionda baş verən proseslərin mənfi inkişaf tendensiyasına baxmayaraq, Azərbaycan tərəfi münaqişənin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun 2004-cü ildə start verdiyi “Praqa prosesinə” sadiqdir. Bu proses çərçivəsində münaqişənin “mərhələli həll” yolu ilə tənzimlənməsi nəzərdə tutulmuşdur. Bu prosesin davamı olaraq 2007-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı “Madrid prinsipləri”ni irəli sürmüşdür. Azərbaycan və Ermənistan tərəfləri bir neçə dəfə bu prinsiplərlə bağlı təkliflərini irəli sürmüş və son nəticədə sənədin yeni variantı 2009-cu ilin dekabr ayında hazırlanaraq münaqişə tərəflərinə təqdim olunmuşdur. Sənədə əsasən, münaqişənin tənzimlənməsi prosesinin birinci mərhələsində Dağlıq Qarabağın hüdudlarından kənarda işğal altında olan 7 Azərbaycan rayonunun (Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın) azad olunması, məcburi köçkünlərin öz yurd-yuvasına qaytarılması, bölgədə beynəlxalq sülhməramlıların yerləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, kommunikasiyaların bərpası və iki xalqın təhlükəsizlik şəraitində yaşamasını təmin edən digər addımların atılması nəzərdə tutulmuşdur. Yalnız növbəti mərhələdə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsinə baxılacağı sənəddə əks olunmuşdur. Konfidensial xarakterli “Madrid prinsipləri”ndən geniş ictimaiyyət üçün məlum olanlar müddəları bunlardan ibarətdir.
Azərbaycan tərəfi yenilənmiş “Madrid prinsipləri”nin bir sıra nüanslarından narazı qalsa da, münaqişənin həlli naminə prinsip etibarilə sənədi qəbul etməyə hazır olduğunu bildirmişdir. Bununla da Azərbaycan növbəti dəfə konfliktin həlli prosesində konstruktiv mövqe nümayiş etdirmişdir. Azərbaycanın bu mövqeyi Ermənistanı çıxılmaz vəziyyətə salmışdır. Rəsmi Yerevan problemin həlli yolları deyil, onun yenidən mürəkkəbləşdirilməsi ilə bağlı ssenarilər üzərində baş sındırır.
Məqsəd permanent danışıqlar yolu ilə status-kvonu-Azərbaycan torpaqlarının işğal altında saxlanılması vəziyyətini qoruyub saxlamaqdan ibarətdir.
Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfinin münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Həmin mövqe Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilibdir. Həmin mövqeyə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağın ermənilərinə respublikamızın hüdüdları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir.
Münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından nəticəsiz qalmasına baxmayaraq, o hələ ki, davam etdirilməkdədir. Ermənistan tərəfi “müddətsiz danışıqlar” taktikasını yeridir. Bu taktikanı işlək vəziyyətdə saxlamaq üçün dəfələrlə sınaqdan çıxardığı üsulu-danışıqlardan öncə təmas xəttində atəşkəs rejimini intensiv olaraq pozmaq və lokal hərbi insident yaratmaq xəttini tətbiq edir. Avqust ayının 10-da Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində baş tutan Azərnbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində də eyni ssenari bir daha tətbiq olundu. Prezident İlham Əliyev avqustun 28-də Beyləqanda səfərdə olarkən Ermənistan tərəfinin prezidentlərin Soçi görüşü ərəfəsində belə təxribatçı hərəkətlərə əl atmasının motivlərinə aydınlıq gətirərək aşağıdakıları söyləmişdir:
” Azərbaycan ictimaiyyəti bilir ki, bu ayın əvvəlində Ermənistan təmas xəttində təxribat törətmək istəmişdi. Ancaq Azərbaycan Ordusu düşmənə layiqli cavab vermişdir. Onlarla işğalçı məhv edilmişdir və onların təxribatı baş tutmamışdır. Bu təxribatın səbəbləri də aydındır. Çünki bildiyiniz kimi, Soçi görüşü ərəfəsində Ermənistan rəhbərliyi çalışırdı ki, özü üçün daha da münasib mövqe əldə etsin və Azərbaycanı qane etməyən hansısa məsələyə razı sala bilsin. Ancaq bu, baş tutmadı və əksinə, Azərbaycan mövqeyi Soçidə daha da güclü səsləndi, qəhrəman Azərbaycan əsgərləri və zabitlərinin cəsarəti nəticəsində düşmənə sarsıdıcı zərbə vurulmuşdur və hələ ki, onlar o zərbədən özlərinə gələ bilmirlər.”
Prezident İlham Əliyev rəmi İrəvanın törətdiyi irimiqyaslı son təxribatın bumeranq effekt doğurduğuna diqqəti cəlb edərək vurğulamışdır ki, “Ermənistanda təlaş, təşviş hökm sürür və ən yüksək səviyyədə etiraf olunur ki, ölkədən kütləvi şəkildə köç başlamışdır. Daha doğrusu, bu proses çoxdan gedir. Sadəcə olaraq təmas xəttindəki son hadisələr bunu daha da sürətləndirmişdir. On minlərlə erməni vətəndaşı ölkəni həmişəlik tərk edir və son hadisələr bu prosesə yeni təkan vermişdir. Düzdür, Ermənistan rəhbərliyi bunu izah etmək üçün müxtəlif üsullara əl atır. Bu yaxınlarda hətta etiraf edilmişdir ki, bunun əsas səbəbi diasporun güclü olmasıdır, eyni zamanda, Qarabağ münaqişəsidir. Yəni, artıq Ermənistan rəhbərliyi etiraf edir ki, demoqrafik böhranın əsas səbəbi qorxudur. Ermənistan cəmiyyəti qorxu içindədir. Əlbəttə, güclənən Azərbaycan və qüdrətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri onlar üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün sadəcə olaraq Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır.”
Prezident İlham Əliyev Avqustun 28-də Füzuli rayonuna (Horadizə) səfəri zamanı Azərbaycanın münaqişənin həlli ilə bağlı danışıqlar prosesində mövqeyini gücləndirən, Ermənistanın isə mövqeyinin zəifləməsini şərtləndirən amillərə diqqəti cəlb edərək bildirmişdir: “Ermənistanı bütün layihələrdən təcrid etmişik, orada çox böyük böhran yaşanır, həm iqtisadi, həm siyasi, həm hərbi böhran və eyni zamanda, getdikcə əhalinin sayı azalır. Bizdə artır, orada azalır və tarixin gedişatı ona gətirib çıxaracaq ki, bir neçə ildən sonra bu fərq, bu uçurum o həddə çatacaq ki, bu, özü-özlüyündə danışıqlar prosesində müsbət rol oynayacaq. Biz isə ordumuzu gücləndirməklə, iqtisadi gücümüzü artırmaqla, regionları inkişaf etdirməklə və beynəlxalq arenadakı mövqelərimizi möhkəmləndirməklə güclənirik. Hər gün biz güclənirik, hər gün Ermənistan zəifləyir. Ermənistan özü artıq etiraf edir ki, xarici yardım olmadan yaşaya bilməz, iqtisadi inkişafa nail ola bilməz və hətta öz təhlükəsizliyini qoruya bilməz. Artıq yüksək vəzifəli erməni dövlət məmurları bunu etiraf edirlər. Bu, əslində erməni dövlətinin iflası deməkdir. Çünki hər bir xalq üçün ən böyük nemət müstəqillikdir. Biz bu müstəqillik illərindən səmərəli şəkildə istifadə edərək, bu gün tam şəkildə müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq. Ancaq Ermənistanın işğalçı siyasəti imkan vermədi ki, erməni xalqı da əsl müstəqilliyə qovuşsun. İndi asılı vəziyyətdə, aciz durumda xarici yardım, ianə olmadan yaşaya bilmir. Torpaqlarımızı hələ ki, işğal altında saxlayır. Ancaq özləri də bilirlər ki, bu, müvəqqəti bir vəziyyətdir.”
Həmin vəziyyətin müvəqqəti xarakter daşıması Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin yeni prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın sentyabrın 3-də Azərbaycana ilk rəsmi səfəri zamanı keçirdikləri görüşlərdə və verdikləri bəyanatlarda səslənən fikirlərdə bir daha təsdiqini tapdı. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhdiddir”,-deyən Prezident İlham Əliyev Türkiyə dövlətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində göstərdiyi səylərə görə və Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün minnətdarlığımı bildirərək qeyd etdi ki, “bu, bizim üçün çox önəmlidir. Türkiyə bütün dövrlərdə bu məsələ ilə bağlı öz siyasətini açıq şəkildə aparmışdır, daim Azərbaycanın yanında, haqqın, ədalətin, beynəlxalq hüququn yanında olmuşdur.” Fikrini davam etdirən Prezident İlham Əliyev qeyd etmişdir ki, “Azərbaycan da bütün beynəlxalq qurumlarda daim Türkiyənin yanındadır. Bu gün, eyni zamanda, biz gələn il Ermənistanda qeyd ediləcək qondarma, sözdə “soyqırımı” ilə bağlı fikirlərimizi bölüşmüşük. Türkiyə ilə Azərbaycan həm xarici işlər nazirləri, həm səfirliklər səviyyəsində birgə fəaliyyət göstərir və göstərəcəklər. Diaspor təşkilatlarımız da, ictimai təşkilatlar da bu işlərdə birgə fəaliyyət göstərir və göstərəcəklər ki, biz dünyada qondarma “erməni soyqırımı”nın ifşası ilə bağlı öz işlərimizi əlaqələndirilmiş şəkildə aparaq. Ermənistan və dünya erməniliyi beynəlxalq ictimai rəyi çaşdırmaq, yalan üzərində tarix qurmaq istəyir, Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürür. Bunların heç bir tarixi əsası yoxdur. Bu, yalandır, böhtandır, iftiradır. Biz birgə səylərlə və bizə yaxın olan ölkələrlə birlikdə erməni yalanını bundan sonra da birgə ifşa edəcəyik.”
Türkiyənin dövlət başçısı isə birmənalı olaraq bildirmişdir ki, “əgər Ermənistan-Azərbaycan münaqişəsi həll olunarsa, Türkiyə ilə Ermənistan arasındakı problem də həllini tapacaq. Amma bu münaqişə həll edilmədiyi təqdirdə, Türkiyə ilə Ermənistan arasındakı vəziyyət indiki kimi davam edəcək. Bunu əvvəllər də həmişə ifadə etmişik. Bu, bir daha bilinsin deyə, yenə də söyləyirəm. Bu məsələlərdəki həmrəylimizi bundan sonrakı müddətdə də eyni qətiyyətlə davam etdirəcəyik. Bunun da xüsusilə bilinməsini istəyirəm.” Cənab Rəcəb Tayyib Ərdoğan NATO-nun 4-5 sentyabr tarixlərində keçirilən Uels sammitində Azərbaycanın cəlb olunduğu münaqişənin ərazi bütövlüyü həll olunmasının vacibliyi ilə bağlı alyansın qəbul etdiyi müvafiq sənədlərdə əks olunmuş müddəaların işlək vəziyyətə gətirilməsi məsələsini qaldıracağını da vurğulamışdır.
NATO-nun haqqında bəhs olunan tarixi Uels sammiti Azərbaycanın növbəti diplomatik uğuru, Ermənistanın isə məğlubiyyəti ilə yadda qalmışdır. Sammitin yüksək tribunasından çıxış edərək Ermənistanın işğalçılıq siyasətinin mahiyyəti və ağır nəticələri haqqında məlumat verən Prezident İlham Əliyev xüsusi olaraq vurğulamşdır ki, Azərbaycan regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında mühüm rol oynayan ölkədir. Bununla belə, bu gün regionumuzdakı təhlükəsizliyə ən böyük hədə Azərbaycan ərazisinin iyirmi faizini təşkil edən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal altında saxlayan Ermənistanın işğalçılıq siyasətidir. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bunun nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, Ermənistan onlara məhəl qoymamaqda davam edir və münaqişə həll olunmamış qalır.
"Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir,-deyən Prezident İlham Əliyev
NATO-nun münaqişənin həlli ilə bağlı mövqeyindən razı qaldığını da ifadə etmişdir. Dövlət başçısı bildirmişdir ki,
“biz NATO-nun bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndiririk. Biz qətiyyətlə inanırıq ki, NATO-nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə sadiqliyi bundan sonra da davam edəcək. Beləliklə, o, ədaləti bərpa etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc hesabına dəyişmək kimi səhv düşüncədən yayındırmağa birmənalı şəkildə yardım edir”.
Ermənistan Prezidenti Serj Sarkisyanın isə NATO-nun Uels sammitindəki çıxışı sönüklüyü, məzmunsuzluğu, məntiqsizliyi və ruh düşkünlüyü ilə seçilmişdir. NATO-da qəbul olunacaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sənəd haqqında danışan Serj Sarkisyan bildirmişdir ki, Azərbaycan guya ki, "belə kağızlarla ruhlanır". Bununla da əslində Ermənistanın dövlət başçısı beynəlxalq strukturların qərarlarına münasibətini nümayiş etdirmişdir. Əslində burada yeni heç nə yoxdur. Məhz Ermənistanın BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum 4 qətnaməni tanımadığı və ona məhəl qoymadığı dünya üçün konfidensial məsələ deyildir. Eyni zamanda Serj Sarkisyan çıxıışında qeyd etmişdir ki, NATO-nun belə bir sənəd qəbul etməsi Ermənistan üçün "yaxşı heç nə vəd etmir". O, alyans üzvlərini Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü növbəti dəfə müdafiə etməkdən çəkinməyə çağırmışdır. Son nəticədə işğalçı dövlətin prezidenti bu məslədə istədiyinə nail ola bilməmişdir. NATO sammitinin yekun qətnaməsində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə növbəti dəfə dəstək ifadə olunşmudur.
Ermənistan prezidentinin son hadisələr fonunda məğlub ovqatının növbəti göstəricisi kimi onun NATO-nun Uels sammitindən geri döndükdən sonra sentyabrın 6-da hakim Respublika partiyasının rəhbərliyini toplayaraq Azərbaycanın təbliğat-lobbiçilik məsələsində Ermənistanı sıxışdırdığını etiraf etməsi olmuşdur. Yuxarıda haqqında bəhs olunan son hadisələrin doğurduğu permanent ruh düşkünlüyünün təsiri altında daxili təlaş və gərginlikdən qurtula bilməyən Serj Sarkisyanın növbəti etirafına görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini fərqli müstəviyə çıxarmaq istəyir və bu istiqamətdə müəyyən irəliləyişlərə nail ola bilmişdir. O, NATO və AŞPA müstəvilərində Azərbaycana uduzduqlarını tərəfdaşlarının nəzərinə çatdırmaq məcburiyyətində qalmışdır. Təəcüblü deyildir ki, Ermənistan Prezidenti yalnız ATƏT-in Minsk qrupu çərçivəsində kifayət qədər uğurlar əldə etdiklərini vurğulamışdır. Zənnimizcə, bu yerdə ATƏT-in Minsk qrupunun fəaliyyəti haqqında əlavə şərh verməyə ehtiyac qalmır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, hərbi-siyasi alyansın məlum sammiti çərçivəsində ABŞ-ın Dövlət katibi Con Kerinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün keçirilməsi baş tutmuşdur. Nəticə yoxdur. Azərbaycan tərəfi bundan sonra nəticəi olamayan danışıqlara danışqlar naminə getməyəcəyini bəyan etmişdir.
Beləliklə, yuxarıda apardığımız təhlil və analizlər bir sıra nəticələrə gəlməyə əsas verir:
Birincisi, Serj Sarkisyan hökuməti konfliktin həlli naminə siyasi iradə nümayiş etdirmək iqtidarında deyildir, çünki bu rejimin müvafiq addımları atmaq üçün ciddi sosial bazası yoxdur. Xalqı səfalət, işsizlik və aclıq həddində yaşayan dövlətin iqtidarının bu vəziyyətdə totalitar-terrorçu idarə metodlarına üstünlük verməsi siyasəti anlaşılandır. Bu siyasətin mühüm həlqələrindən birini də ölkədaxili ictimai fikri öz üzücü gündəlik problemlərindən yayındırmaq və onu kənar istiqamətlərə yönəltmək təşkil edir. Belə hallarda cəbhə bölgəsində atəşkəs rejimini kobud şəkildə pozmaqla Azərbaycan tərəfini daha ciddi adekvat addımlar atmağa təhrik etmək və nəticədə ölkədaxili deyil, ölkəxarici problemlərin prioritetliyini qabartmaq hakimiyyətin mövcudluğunu qoruyub saxlamağın Ermənistanda dəfələrlə sınaqdan çıxarılmış üsuludur.
İkincisi, Ermənistan dövləti beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk qrupu tərəfindən sülhə məcbur edilə bilər. Regionda sülh və sabitlik naminə, xüsusilə də daşıyıcısı olduqları milli maraqlardan çıxış edərək həmsədrlər-ABŞ, Rusiya və Fransa Serj Sarkisyan rejiminə müəllifi olduqları yeniləşmiş Madrid prinsiplərini qəbul etdirə bilərlər. Xüsusilə bu istiqamətdə Rusiyanın imkan və potensialı daha böyükdür. Hələ ki, bu baş vermir. Bu, heç də o demək deyildir ki, həmin güclər Ermənistanın müqavimət potensialını qıra bilmirlər. Əsla yox. Sadəcə bu və ya digər səbəblərdən bunu etmirlər. Başqa sözlə, bunu etməli olan dövlətlər üçün hələ ki, Dağlıq Qarabağ probleminin həlli beynəlxalq gündəliyin prioritet məsələsinə çevrilməmişdir. Xüsusilə də Ukrayna böhranı fonunda Rusiya ilə Qərbin münasibətlərinin son dərəcə korlanması, heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinə də öz mənfi təsirini göstərir.
Üçüncüsü, BMT TŞ-nın münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməsi (822, 853, 874, 884-1993-cü ildə qəbul olunmuşdur), təşkilatın nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı 51-ci maddəsi, qurumun qəbul etdiyi qərarlarının yerinə yetirilməsinin icbari xarakter daşıması haqqında 25-ci maddəsi, habelə AŞPA, İKT və Avropa Parlamentinin Ermənistanı işğalçı dövlət elan etməsi kimi məlum hüquqi arqumentlər Azərbaycana öz ərazi bütövlüyünü təmin etməsi məqsədilə istənilən təsir mexanizmlərini, o cümlədən hərbi tənzimləmə variantını işə salmaq səlahiyyəti verir.
Dördüncüsü, Azərbaycanın mükəmməl informasiya təhlükəsizliyinə malik olması, ifrat iqtisadi-hərbi potensialı, demoqrafik üstünlüyü və möhkəm beynəlxalq mövqeləri qarşısında ya Serj Sarkisyan rejimi vahimələnib münaqişənin həlli naminə siyasi iradə nümayiş etdirər, ya da regionda müharibənin yenidən alovlanmasını heç bir halda istəməyən, lakin bunun son dərəcə labüd olduğunun fərqinə varan beynəlxalq güclər Ermənistanı anoloji addım atmağa məcbur edərlər.
Nəhayət, sonda təhlil predmeti ilə bağlı düşüncələrimi heç bir əlavə şərh vermədən Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibəsində səsləndirdiyi olduqca ibrətamiz bir fikirlə yekunlaşdırmaq istəyirəm: “Məsləhətdir ki, Serj Sarkisyan Cənubi Qafqazda gələcək sülhə birbaşa zərbə vuran bu kimi təxribatçı halları davam etdirməkdənsə, erməni xalqını müharibənin girovunda saxlamaqdansa, son illər ölkəsini kütləvi şəkildə tərk edən, iş və çörək axtarışında bütün dünyaya səpələnmiş həmvətənlərinin qeydinə qalsa daha yaxşı olar...” Sitatın sonu.
Elman Nəsirov
Yeni Azərbaycan Partiyasının
Beynəlxalq Əlaqələr Komissiyasının katibi,
siyasi elmlər doktoru, professor
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM