AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR
Davamı
Azərbaycan xalqı artıq 12 ilə yaxındır ki, ulu öndərin cismani yoxluğunu onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək yad edir. Xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 12 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Dövlət başçısı tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürülmüşdür. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün tapılması nəticəsində Azərbaycan hətta dünya iqtisadi-maliyyə böhranı illərində belə analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola bilmişdir. Bu dövrdə ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirmiş, sosial-iqtisadi, siyasi-diplomatik və hərbi quruculuq sahələrində çox böyük uğurlara imza atmışdır.
Əsərdə yuxarıda qeyd olunan reallıqlar, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu və balanslı xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi gerçəkliklərinə adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirdiyi həqiqəti konkret faktlar və arqumentlərlə əsaslandırılmış, bu məsələlər ətrafında dərin elmi-analitik təhlillər aparılmışdır.
Fundamental tədqiqat əsərinin “Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətləri” adlanan II bölməsinin I, II, III və IV fəsillərində müəllif müvafiq olaraq Avrasiyanın ümumi geosiyasi xarakteristikası və müasir vəziyyəti, postsovet məkanında regional geosiyasi fəaliyətin əsas xüsusiyyətləri, Orta Asiya və Xəzər hövzəsinin ümumi geosiyasi parametrləri, habelə Qara dəniz hövzəsi və Cənubi Qafqazın beynəlxalq və regional maraqlar sistemində yeri və rolu ilə bağlı məsələləri elmi təhlillər süzgəcindən keçirmişdir.
“Avrasiya özünün beynəlxalq dəyəri, zəngin və əhəmiyyətli geosiyasi, geoiqtisadi və geostrateji resursları ilə yanaşı, həm də region xalqlarının yaşadığı, region ölkələrinin mövcud olduğu konkret bir sivilizasiya meydanı, milli-etnik yaşayış məskəni və coğrafi məkandır”, – deyən Əli Həsənov konseptual xarakterli təhlillər aparmaqla müasir dövrdə Avrasiya regionunda dövlətlərarası və milli maraqlar uğrunda mübarizənin əsas istiqamətlərini üzə çıxara bilmişdir. Onlar aşağıdakılardan ibarətdir:
– Regionun böyük dövlətlərinin (Rusiya, İran, Türkiyə, Çin və s.) ayrı-ayrılıqda təzahür edən maraqları;
– dünyanın digər böyük dövlətləri və dövlət birliklərinin maraqları. Bura ABŞ, Avropa İttifaqı və onun bəzi üzv dövlətlərini (Böyük Britaniya, Fransa, Almaniya), Yaponiya və Çini aid etmək mümkündür;
– regionun mühüm geosiyasi və geostrateji maraq kəsb edən dövlətlərinin milli maraqları. Bu sıraya Azərbaycan, Ukrayna, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Türkmənistan və digər region dövlətlərini aid etmək olar.
Professor Əli Həsənovun dərin elmi və siyasi yüklü təhlilləri Azərbaycanın lokal, regional və beynəlxalq səviyyədə cərəyan edən mürəkkəb geosiyasi prosesləri düzgün qiymətləndirməsi və adekvat addımlar atması üçün əlverişli və münbit elmi-siyasi platforma formalaşdırır.
Əsərdə Rusiyanı Avrasiyanın əsas dövlətlərindən biri kimi xarakterizə edən müəllif rəsmi Moskvanın bu arealda yeritdiyi siyasətin kökündə duran əsas məqsədlərdən biri kimi ABŞ-ın arxitektoru olduğu “yeni təkqütblü dünya” nizamına postsovet regionunun buraxılmaması kursunun dayandığını elmi dəlillərlə əsaslandırmışdır. Müəllif bu yanaşması kontekstində fikirlərini davam etdirərək qeyd edir ki, hazırda Avrasiyada Rusiyanın əsas geosiyasi, geoiqtisadi və hərbi- geostrateji rəqibi qismində Avropa Birliyi və ABŞ çıxış edir. Bu reallıqlar kontekstində hörmətli Əli müəllimin növbəti elmi-siyasi qənaəti kifayət qədər düşündürücüdür: “...Keçmiş SSRİ-dən ayrılmış və müstəqilliyinə qovuşmuş Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistanın gələcəkdə daha çox kimin geosiyasi təsirində qalacağı və kiminlə tərəfdaş koalisiyasına daxil olacağı məsələsində tərəflər arasında kompromissiz mübarizə müşahidə olunur." Əsərdə həmin mübarizənin məzmun və mahiyyətini açıb göstərən çoxsaylı faktlar və arqumentlər elmi dövriyyəyə çıxarılmışdır.
Əli Həsənovun əsaslandırılmış elmi qənaətinə görə, ABŞ özünün NATO üzrə müttəfiqləri ilə birlikdə Avrasiyanın, xüsusən də Cənubi Qafqaz bölgəsi və Xəzər-Qara dəniz hövzəsinin regional təhlükəsizliyi ilə bağlı Rusiyadan fərqli olaraq ikinci əsas beynəlxalq mövqenin daşıyıcısıdır. Əsərdə bu düşərgənin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı təhlükəsizlik siyasəti 4 mərhələdə nəzərdən keçirilmişdir. I mərhələ-1990-1993-cü illəri əhatə edir. Bu mərhələdə ABŞ regionu müxtəlif strateji parametrlər üzrə öyrənmək və qiymətləndirmək funksiyasını yerinə yetirmişdir. II mərhələ-1993-2000-ci illər. Bu mərhələdə Xəzər-Qara dəniz hövzəsinin, Cənubi Qafqazın geosiyasi, hərbi-geostrateji və geoiqtisadi əhəmiyyətini nəzərə alan ABŞ və NATO üzrə müttəfiqləri regionda fəal geosiyasət yürütməyə başlayırlar. Bu mərhələdə ABŞ artıq NATO, Avropa Birliyi və Türkiyə ilə yanaşı, ortaq maraqlar əsasında bölgədə bəzi yerli tərəfdaşlarla – Azərbaycan, Gürcüstan, Moldova, Özbəkistan, Qırğızıstan və s. kimi qərbyönümlü siyasət yürüdən ölkələrlə birlikdə hərəkət etməyə başlayır. III mərhələ-2001-2008-ci illəri əhatə edir, yəni ABŞ-da 11 Sentyabr hadisələrindən başlayır və Barak Obamanın prezident seçilməsinə qədər davam edir. Bu mərhələdə ABŞ və NATO Cənubi Qafqazda, Xəzər dənizi hövzəsi və Mərkəzi Asiyada fəal hərbi-geostrateji fəaliyyətə və təhlükəsizlik siyasətinə başlayır. IV mərhələ ABŞ-ın milli təhlükəsizlik siyasətində müasir dövr kimi xarakterizə olunur. Bu dövrdə ölkənin dünya və regional siyasətində, milli təhlükəsizlik siyasətində əsaslı dəyişikliklər edilmiş və onun çoxstandartlılığı bir qədər də gücləndirilmişdir.
Dərslikdə qlobal güc mərkəzləri olan Rusiya və ABŞ ilə yanaşı, Avropa İttifaqının, Türkiyənin, İranın və digər aparıcı dünya dövlətlərinin də Avrasiya siyasəti və Azərbaycanla geosiyasi münasibətlərinin xarakteristikası öyrənilmiş və müvafiq qiymətləndirmələr aparılmışdır.
Məlum olduğu kimi, enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin “müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına maliklik və malik olmamaq üzrə bölgü ilə müəyyən ediləcək”,- fikri təsadüfi sayılmamalıdır.
Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi sahəsində ciddi problemləri mövcuddur. Onlarin bir çoxunun ümumiyyətlə karbohidrogen resursları yoxdur (Yaponiya, Cənubi Koreya, Tayvan, bəzi Avropa ölkələri və s.), digərlərinin malik olduqları köhnə yataqlar isə tükənmək üzrədir (Böyük Britaniya, Norveç, Niderland). ABŞ isə dünya neft hasilatında 8 faizlik paya malik olmasına baxmayaraq, istehlakda payı 24 faizdən artıqdır. Bu fikirlərin təsdiqi kimi onu da qeyd edək ki, ABŞ Neft Şurasının statistik məlumatlarında qeyd olunur ki, 1996-cı ildə neftə olan sutkalıq təlabat 71 milyon barrel təşkil edirdisə, 2030-cu ildə bu göstəricinin 138 milyon barrelə yüksələcəyi proqnozlaşdırılır ki, onun da 30 milyon barreli təkcə ABŞ-ın payına düşəcəkdir.
Dünya neft-qaz bazarı istehlakçılarının strukturunda da dəyişiklik baş vermişdir. Əvvəllər 3 yüksək inkişaf etmiş region neft və qazın əsas istehlakçıları hesab olunurdu: Şimali Amerika (ilk növbədə ABŞ), Avropa İttifaqı ( ilk növbədə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya) və Şimal-Şərqi Asiya (Yaponiya, Cənubi Koreya, Tayvan). Hazırda dinamik iqtisadi inkişaf tempi ilə bağlı olaraq Çin, Hindistan, Braziliya, Tailand və bir sıra digər dövlətlərin karbohidrogen ehtiyatlarına olan tələbatı xeyli dərəcədə artmışdır. Çin, hətta Yaponiyanı bu sahədə ötərək dünya neft istehlakında 9 faizlik göstəriciyə malik olmuşdur və yalnız ABŞ-dan geri qalır.
Başqa bir məlumata əsasən, dünyada sənaye məhsulları istehsalında 80 faizlik paya malik olan böyük dövlətlər təxminən 20 faizə bərabər enerji ehtiyatlarına malikdirlər. Bir çox hallarda onlar bunu tarixi ədalətsizlik kimi dəyərləndirir və belə bölgünün aradan qaldırılmasının vacibliyini vurğulayırlar.
Bir sıra mütəxəssislərin fikrincə, gələcəkdə bu tələbə etiraz edən neft-qaz ölkələrinin “enerji millətçiliyi”ndə və hətta “enerji terrorizmi”ndə ittiham ediləcəkləri istisna deyildir.
Dünyanın müasir enerji xəritəsində mövcud vəziyyətin natamam təqdimatı belə təsdiqləyir ki, dünyada enerji resurslarına olan tələbat ilbəil artmaqdadır və bu strateji məhsulların təkrar istehsalının olmaması reallığı fonunda tələb və təklif arasında qeyri-mütənasibliyin dinamik olaraq artacağını proqnozlaşdırmaq mümkündür. Bu reallıq əsas enerji istehlakçılarını, o cümlədən Avropa ölkələrini alternativ enerji hasilatçıları axtarmağa sövq edir. Belə enerji mənbələri içərisində Xəzər regionu dövlətlərinin, xüsusilə də Azərbaycanın müstəsna rolu vardır.
Təsadüfi deyildir ki, dərsliyin “Azərbaycanın beynəlxalq aləmlə geoiqtisadi münasibətləri” adlanan III bölməsində yuxarıda qeyd olunan reallıqlardan çıxış edərək, ilk növbədə, Xəzər hövzəsi və Cənubi Qafqazın geoiqtisadi xarakteristikası araşdırılmış, onun əsas parametrləri beynəlxalq, regional və yerli maraqlar kontekstində təhlil edilmiş, xüsusilə də Azərbaycanın regional geoiqtisadi maraqları elmi analizlər müstəvisinə çıxarılmışdır. Burada Xəzər hövzəsi və Cənubi Qafqazın enerji mənbələri və onların bölgədə yaratdığı müasir geoiqtisadi vəziyyət dərin elmi təhlillər predmetinə çevrilmişdir. Xüsusilə də Xəzərin neft-qaz ehtiyatlarının Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol təkzibedilməz dəlillərlə əsaslandırılmışdır.
Apardığı dərin elmi-analitik təhlillərin nəticəsi olaraq professor Əli Həsənov Xəzər hövzəsindəki düşərgələrarası rəqabətin əsas hədəflərini üzə çıxarmışdır. Onlar aşağıdakılardan ibarətdir:
– Xəzər hövzəsinin enerji ehtiyatlarına yiyələnmək, yaxud onlardan istifadə sahəsində üstün mövqeyə sahib olmaq;
– hövzənin enerji resurslarının istehsalı və dünya bazarlarına çıxarılmasında iştirak;
– eneji istehsalında istifadə olunan texnologiya və maliyyə vəsaitinə sahib, yaxud malik olmaq;
– hasilatın pay bölgüsü;
– bölgənin enerji ixracı marşrutlarının və nəqliyyat-kommunikasiya sistemlərinin seçiminə təsir və onların fəaliyyətinə nəzarət etmək;
– neft-qaz istehsalı, istehlakı və ixracı sahəsindəki digər geoiqtisadi dividendlərə sahib olmaq və s.
Əsərdə Xəzərdə transmilli maraq daşıyıcısı hesab olunan əsas düşərgələr sırasında, ilk növbədə, Rusiya, ABŞ və Avropa İttifaqı ölkələrinin adları qeyd olunur, onların enerji təhlükəsizliyi problemlərini həll etmək üçün regionda həyata keçirdikləri geoiqtisadi və geosiyasi siyasətin konturları göstərilir və reallaşma mexanizmləri təhlil olunur. Müəllif problemlə bağlı elmi-nəzəri mülahizələrini bəzi məqamlarda ABŞ-ın və Rusiyanın Z. Bjezinski, C. Hantiqnqton, H.Kissincer, A.Duqin, N.Nartov, İ.Yejiyev və digər məşhur politoloq və alimlərinin fikirlərinə istinad etməklə əsaslandırmışdır. Müəllif həmin məşhur ekspertlərə sadəcə istinad etməmişdir, onların fikirləri ilə bir sıra hallarda elmi polemikaya girmiş, arqumentlərə söykənən fərqli mövqeyini ortaya qoymuşdur.
Əli Həsənov kitabın bu bölməsində dünyanın və eləcə də Xəzər hövzəsi ölkələrinin təsdiq olunmuş və ehtimal olunan neft və qaz ehtiyatları ilə bağlı müxtəlif mənbələrdən əldə edilmiş rəqəmləri təhlil edərək maraqlı fikir və mülahizələr irəli sürmüşdür: “Bəzi rus geoloqlarının proqnozlarına görə, Xəzər hövzəsindəki neft ehtiyatlarının ümumi həcmi 7 milyard tondur (təxminən 50 milyard barrel). Başqa rus mənbələri isə bu rəqəmin 13 milyard ton və daha artıq olduğunu qeyd edirlər. Qərb ekspertlərinə gəldikdə isə, hələ SSRİ zamanında ingiltərəli və amerikalı mütəxəssislər hesab edirdilər ki, Xəzər bölgəsində neft ehtiyatlarının həcmi, sovet geoloqlarının təqdim etdiyi rəqəmlərdən qat-qat artıqdır. ABŞ Dövlət Departamentinin və Milli Təhlükəsizlik Şurasının məruzəsində Xəzər hövzəsinin hazırki neft ehtiyatları, təxminən 200 milyard barrel (təxminən 27,5 milyard ton) miqdarında göstərilir”.
Göründüyü kimi, Xəzər neftinin həcmi haqqında Rusiya və ABŞ ekspertləri fərqli rəqəmlər irəli sürürlər. Birincilər bədbin, ikincilər nikbin proqnozları ilə seçilirlər. Bu vəziyyətə diqqəti cəlb edən Əli müəllim real vəziyyətə tam adekvat olan bir tezislə çıxış edir : “Mütəxəssislər bu rəqəmləri və xəritəni dəqiq müəyyən edə bilmir, siyasətçilər isə yaranmış vəziyyətdən asılı olaraq, həmin xəritə və rəqəmlərlə manipulyasiya edirlər.”
Kitabda Xəzər hövzəsinin enerji potensialı, ondan istifadə sahəsində müxtəlif maraqların daşıyıcısı olan düşərgələrin davranışı kontekstində daha bir mühüm problem ətrafında geniş elmi araşdırmalar aparılmışdır. Bu, Xəzərin hələ də həllini tapa bilməyən hüquqi statusu ilə bağlı məsələdir. Bu problem əsərdə tarixi və müasir geosiyasi reallıqlar kontekstində təhlil olunmuşdur. Müəllif qeyd edir ki, Xəzərin hüquqi statusunun təxminən 300 illik tarixi mövcuddur. Bu tarix XVIII əsrin sonlarından başlayaraq Xəzər sahilində Azərbaycana məxsus ərazilər uğrunda Rusiya, Osmanlı və Böyük Britaniya imperiyaları arasında gedən çoxillik və qısa müharibələrlə xarakterizə olunur. Bu tarix Sovet Rusiyası ilə İran, habelə SSRİ ilə İran arasında imzalanmış 1921-ci il və 1940-cı il müqavilələri ilə şərtlənir.
Əsərdə Xəzəryanı 5 dövlətin hər birinin məlum məsələdə mövqeyi təqdim olunmuş və onun elmi-analitik analizi aparılmışdır. Müəllif təhlillərinin nəticəsi olaraq Xəzərin hüquqi statusu ilə əsas və qeyri əsas yanaşmalar içərisində 4 təklifın daha çox diqqəti cəlb etdiyini vurğulayır və onlara münasibət bildirir. Həmin təkliflər aşağıdakılardır:
– Azərbaycanın təklif etdiyi birinci yanaşmaya görə, Xəzər ətrafda yerləşən beş ölkənin milli ərazilərini birləşdirən, xarici su hözələri ilə çay vasitəsilə əlaqəsi olan, unikal bir dənizdir. Müvafiq olaraq BMT-nin “Dəniz hüquqları haqqında” Konvensiyasının bütün tələbləri onun statusunun müəyyən olunmasına və Xəzərətrafı ölkələrin milli hüquqlarının həyata keçirilməsinə tətbiq edilməlidir. Bu yanaşmaya görə, dənizin dibi və səthi orta xətt prinsipi ilə milli sektorlara bölünməli və hər bir ölkə öz sektorunda beynəlxalq hüquqa uyğun olaraq fəaliyyət azadlığı əldə etməlidir.
– İkinci yanaşma Rusiya və İrana məxsusdur. Bu təklıfin tərəfdarları Xəzəri “qapalı su hövzəsi” adlandıraraq, “Dəniz hüquqları haqqında” BMT Konvensiyasının tələblərinin ona tətbiq edilməsinin qeyri-mümkünlüyünü iddia edir, hər hansı ölkənin öz iqtisadi zonasında müstəqil fəaliyyət göstərməsini qəbuledilməz sayır və bütün sahilyanı ölkələrdən su hövzəsinin “ümumi istifadəsi tələbləri”nə əməl etməsini tələb edirlər.
– Üçüncü təklif İran tərəfindən irəli sürülmüş və Xəzərin beş bərabər hissəyə bölünməsini hədəfləyən, müəyyən məqamlarda Türkmənistanın da dəstəyini qazanmış abstrakt bir layihə idi. Bu variant nəinki heç bir yerli və beynəlxalq hüquqa uyğun gəlmirdi, həm də mütəxəssislər tərəfindən “ümumiyyətlə reallaşdırılması coğrafi cəhətdən mümkün olmayan” təklif kimi dəyərləndirilmişdir.
– Nəhayət, dördüncü yanaşma Rusiya və İranın sonradan təklif etdiyi və yenə də heç bir beynəlxalq və yerli hüquqa söykənməyən “kompromis variant” adlanır. Bu varianta görə, Xəzərdə hər bir sahilyanı ölkə 12 millik sahil zonası üzərində suveren hüquqa malik olur, bundan sonra 25 mil ərazi “iqtisadi zona” kimi qəbul edilir, dənizin ortasındakı qalan ərazilərsə 5 sahilyanı ölkənin ümumi istifadəsinə verilir.
Bu təkliflərə toxunan müəllif qeyd edir ki, 1992-ci ildən bu günə kimi hər dörd yanaşma tərəfdarları bəzi kiçik dəyişikliklərlə öz mövqelərini müdafiə etməkdədirlər. Bu reallığa baxmayaraq, “bu gün nə Rusiya, nə də İran Azərbaycanı Xəzər dənizinin ona məxsus sektorunda xarici tərəfdaşlarla birgə transmilli layihələr həyata keçirdiyinə görə, 1994-1998-ci illərdə olduğu kimi, müharibə, yaxud ona bərabər tutula biləcək digər fəaliyyətlərlə hədələmirlər”,— fikri də professor Əli Həsənova məxsusdur.
Dərslikdə Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı Xəzəryanı ölkələrin dövlət başçılarının keçirdikləri sammitlər, burada müzakirə olunan məsələlər və əldə olunan razılaşmalar haqqında da ətraflı bəhs olunmuşdur. Əsərdə müəllif 29 sentyabr 2014-cü ildə Rusiyanın Həştərxan şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının V sammitini real nəticəsi olan görüş kimi xarakterizə etmişdir. Sammitdə 19 maddədən ibarət Həştərxan bəyanatına diqqəti cəlb edən Əli Həsənov qeyd edir ki, bu sənəddə ilk dəfədir ki, Xəzərin su səthinin sahildən başlayaraq orta xətt üzrə 15 millik məsafəsi ölkələrin suveren ərazisi kimi qəbul edilmiş, digər 10 millik (ümumi uzunluq-25 mil-Ə.H.) məsafədə isə dənizin bioloji resurslarının (balıq ovu və s.-Ə.H.) hasilatı sahəsində dövlətlərin müstəsna hüququ təsdiqlənmişdir. Həştərxan sammitində Xəzər dənizinin dibinin və səthinin hamı tərəfindən qəbul olunmuş prinsiplər əsasında milli sektorlara bölünməsi zərurəti də öz əksini tapmışdır. Bu razılaşmaların əldə edilməsində Bakıda keçirilən III Xəzər sammitinin əhəmiyyətindən bəhs edən professor Əli Həsənov bu kontekstdə Prezident İlham Əliyevin Həştərxan sammitindəki dərin məzmunlu çıxışında səsləndirdiyi fikirlərə diqqəti cəlb etmişdir: “2010-cu ildə Bakıda keçirilmiş III Xəzər sammiti zamanı Xəzər dənizinin hüquqi statusuna dair başlıca məsələlərin, xüsusilə də milli zonaların eni və dənizin bioloji resurslarının mühafizəsi üzrə ümumi razılığa gəlinməsi sonrakı danışıqlar prosesinə təkan verdi... Biz Xəzər dənizinə dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi baxırıq. Azərbaycan Xəzəryanı ölkələrlə qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Xəzəryanı ölkələr arasında sıx dostluq əlaqələri və çoxsahəli əməkdaşlıq regionumuzdakı sabitlik, əmin-amanlıq və təhlükəsizliyin rəhnidir”.
Əsərdə Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın transmilli enerji ixracı sistemində yeri və rolu beynəlxalq, regional və yerli maraqlar kontekstində araşdırılmış, Azərbaycanın enerji nəqlinin şaxələndirilməsi siyasəti və onun regionun ümumi geoiqtisadi vəziyyətinə təsiri ilə bağlı məsələlər elmi təhlillər predmetinə çevrilmişdir. Bu məsələlərdən bəhs edən müəllif haqlı olaraq qeyd edir ki, hazırda dünya siyasətinin və geoiqtisadiyyatının ən aktual mövzularından biri Xəzər hövzəsinin zəngin karbohidrogen yataqlarının azad və açıq rəqabət şəraitində işlənilməsi, dünyanın artan enerji tələbatına cəlb edilməsi və bu məhsullar hesabına Avropa enerji bazarlarında Rusiyanın inhisarçı mövqelərinin qismən zəiflədilməsi ilə bağlıdır.
Tədqiqat işində ümummilli lider Heydər Əliyevin misilsiz fədakarlığı və siyasi iradəsinin nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” adlanan transmilli çoxtərəfli sazişin imzalanması ilə əsası qoyulan və keçən müddətdə dönmədən həyata keçirilən yeni neft-qaz strategiyasının bütün istiqamətləri üzrə dərin elmi-analitik təhlillər aparılmışdır. Əsərdə qeyd olunur ki, Azərbaycan üçün enerji təhlükəsizliyi, ilk növbədə, enerji marşrutlarının şaxələndirilməsində öz təsdiqini tapır. Avropa üçün isə enerji təhlükəsizliyi birinci növbədə enerji mənbələrinin şaxələndirilməsində ifadə olunur. Əsərdə xüsusi olaraq qeyd olunur ki,1994-cü ildə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanda XX əsrin layihəsi hesab olunurdusa, 17 dekabr 2013-cü ildə Prezident İlham Əliyevin siyasi iradəsi hesabına imzalanmış “Şahdəniz-2" layihəsi üzrə investisiya qərarı isə Azərbaycan və bütöv region üçün XXI əsrin önəmli layihəsidir. Məhz bu layihə ”Cənub qaz dəhlizi", o cümlədən onun mühüm komponentləri olan TANAP və TAP kəmərlərinin çəkilməsi ilə bağlı tarixi qərarların qəbul edilməsini şərtləndirmişdir.
Müəllif bu məsələlərlə bağlı dərin məzmunlu təhlillərinin yekunu olaraq bir sıra mühüm tezis və proqnozlarını da irəli sürmüşdür. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
– Azərbaycanın malik olduğu enerji ehtiyatlarını xarici transmilli aktorlarla birgə işləmək, istehsal edilən məhsulların sərbəst və alternativ yollarla maneəsiz olaraq dünya və bölgə bazarlarına çıxarmaq təşəbbüsü, dünya ölkələri ilə enerji təhlükəsizliyi sahəsində yaratdığı möhkəm tərəfdaşlıq münasibətləri həm də bütün bölgənin geosiyasi və geoiqtisadi vəziyyətini kökündən dəyişdi.
– Bu layihələr təkcə bu gün deyil, bütün XXI əsrdə Avropanın enerji təhlükəsizliyinə təsir göstərməklə yanaşı, həm də əksər Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz ölkələrinin inkişafına, bölgə xalqlarının sabit və firavan həyatına xidmət edəcəkdir.
– Reallaşdırılması yüz illəri əhatə edən bu layihələrin getdikcə Xəzər hövzəsi və Cənubi Qafqazı daha sürətlə transmilliləşdirməsi və dünya orbitinə daha sıx bağlaması, nəticədə bütün regional münaqişələrin sahmana düşməsinə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Dağlıq Qarabağda və Cənubi Qafqazın digər məkanlarında uzunmüddətli etnik-separatçı meyillərin aradan qalxmasına öz müsbət təsirini göstərəcəkdir.
Əsərin “Azərbaycanın xarici aləmlə hərbi-geostrateji münasibətləri: beynəlxalq, regional və milli təhlükəsizlik siyasətinin əsasları” adlanan sonuncu IV bölümündə beynəlxalq təhlükəsizlik sisteminin əsasları və geosiyasi tələbləri, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın təhlükəsizlik mühiti, Azərbaycanın regional təhlükəsizlik siyasəti və beynəlxalq aləmlə hərbi-geostrateji münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları, habelə Azərbaycanın milli təhlükəsizlk siyasəti əsas milli maraqlar, geosiyasi kod və təhlükəsizlik perspektivləri kontekstində dərin və əhatəli elmi araşdırmalar predmetinə çevrilmişdir.
Əsərdə Azərbaycan dövlətinin təhlükəsizliklə bağlı xarici siyasətinin əsas vəzifə və istiqamətləri göstərilməklə yanaşı, onun özünəməxsus səciyyəvi xüsusiyyətləri də müəyyən edilmişdir. Bu xüsusiyyət özünü, ilk növbədə, beynəlxalq hüquq normaları və prinsiplərinə söykənərək sivil dövlətlərarası münasibətlərə hörmət bəsləməkdə, beynəlxalq, regional və dövlətlərarası münaqişələri sülh və danışıqlar yolu ilə həll etməyə çalışmaqda, bütün dünya ölkələrinin suveren hüquqlarına və təhlükəsizlik maraqlarına hörmətlə yanaşmaqda və s. özünü göstərir. Fikrini davam etdirən Əli Həsənov qeyd edir ki, təhlükəsizlik sahəsində Azərbaycanın xarici siyasət fəaliyyətinin xarakterik xüsusiyyətləri sırasına həmçinin onun çevik, praqmatik və tarazlaşdırılmış təhlükəsizlik siyasəti yürütməsini, qonşu ölkələrlə ortaq təhlükəsizlik maraqlarının tapılmasına üstünlük verilməsini, dünya təhlükəsizlik mühitinə əhəmiyyətli təsir göstərən böyük dövlətlərlə tərəfdaşlıq münasibətlərinin yaradılmasına çalışmasını, ayrı-ayrı sahələrdə onların təhlükəsizlik maraqları ilə öz strateji mənafelərini uzlaşdırmaq cəhdlərini və s. mühüm cəhətləri də aid etmək olar.
“Dövlət müstəqilliyi bərpa olunduğu gündən Azərbaycanın xarici təhlükəsizlik siyasətinin əsas prioritetlərindən biri dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoymaq və Dağlıq Qarabağ münaqişəsini həll etmək, ölkənin beynəlxalq və regional təhlükəsizliyini təmin etmək və bunun davamlı təminatını beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarət olmuşdur”, – deyən cənab Əli Həsənov bu bölümün III fəslində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti hər üç səviyyədə: həm lokal, həm regional, həm də beynəlxalq müstəvilərdə təhlil etmişdir.
Münaqişənin həlli yollarını araşdıran professor Əli Həsənovun elmi və siyasi xarakterli qənaəti kifayət qədər əsaslandırılmışdır. Həmin mövqeyə görə, regionda baş verən proseslərin mənfi inkişaf tendensiyasına baxmayaraq, Azərbaycan tərəfi münaqişənin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun 2004-cü ildə start verdiyi “Praqa prosesinə” sadiqdir. Bu proses çərçivəsində münaqişənin “mərhələli həll” yolu ilə tənzimlənməsi nəzərdə tutulmuşdur. Bu prosesin davamı olaraq 2007-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı “Madrid prinsipləri”ni irəli sürmüşdür. Azərbaycan və Ermənistan tərəfləri bir neçə dəfə bu prinsiplərlə bağlı təkliflərini irəli sürmüş və son nəticədə sənədin yeni variantı 2009-cu ilin dekabr ayında hazırlanaraq münaqişə tərəflərinə təqdim olunmuşdur. Sənədə əsasən, münaqişənin tənzimlənməsi prosesinin birinci mərhələsində Dağlıq Qarabağın hüdudlarından kənarda işğal altında olan Azərbaycanın 7 rayonunun (Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın) azad olunması, məcburi köçkünlərin öz yurd-yuvasına qaytarılması, bölgədə beynəlxalq sülhməramlıların yerləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, kommunikasiyaların bərpası və iki xalqın təhlükəsizlik şəraitdə yaşamasını təmin edən digər addımların atılması nəzərdə tutulmuşdur. Yalnız növbəti mərhələdə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsinə baxılacağı sənəddə əks olunmuşdur. Konfidensial xarakterli “Madrid prinsipləri”ndən geniş ictimaiyyət üçün məlum olan müddəalar bunlardan ibarətdir.
Müəllifin haqlı mövqeyinə görə, münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından nəticəsiz qalmasına baxmayaraq, o hələ ki, davam etdirilməkdədir. Ermənistan tərəfi “müddətsiz danışıqlar” taktikasını yeridir. Bu taktikanı işlək vəziyyətdə saxlamaq üçün dəfələrlə sınaqdan çıxardığı üsulu-danışıqlardan öncə təmas xəttində atəşkəs rejimini intensiv olaraq pozmaq və lokal hərbi insident yaratmaq xəttini tətbiq edir.
Əsərdə Ermənistanın münaqişənin həlli prosesində qeyri-konstruktiv mövqeyini şərtləndirən beynəlxal amillər də geniş təhlil olunmuş və bir sıra mühüm siyasi nəticələr irəli sürülmüşdür. Həmin nəticələrə görə:
— Azərbaycanın dinamik inkişafı və yüksəlişini təqdir edən qüvvələr olduğu kimi, bu tərəqqidən narahat olan, ölkəmizdəki siyasi sabitliyi heç bir vəchlə həzm edə bilməyən, xalqla hakimiyyətin həmrəyliyindən təlaş keçirən, elə bu səbəbdən də “yuxusuna haram qatılan” qatı əleyhdarlarımız da mövcuddur. Onlar hər zaman səfərbər olmağa və bu inkişafın qarşısına sədd çəkməyə hazırdırlar. Bu vəziyyətin təhlili 2 vacib nəticə çıxarmağa əsas verir: bütün sahələrdə qazandığımız uğurlara baxmayaraq, heç bir halda arxayınlaşmaq olmaz. Əleyhdarlarımız və düşmənlərimiz ayıqdır və ölkəmizə münasibətdə “Axilles dabanı” axtarışındadır.
— Dövlət iki halda beynəlxalq güclərin təzyiq obyektinə çevrilir. Birinci hal, dövlət zəif olanda baş verir. Həmin dövlətin, ilk növbədə, ərazi bütövlüyü və suverenliyi böyük təhlükə altına düşür. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan anoloji vəziyyəti yaşamışdır. İkinci hal isə, nə qədər paradoksal səslənsə də, dövlət güclü olanda labüdləşir. Azərbaycan bütün parametrlərə görə regional gücə — liderə çevrilmişdir. Deməli, bu reallığı qəbul edə bilməyən beynəlxalq qüvvələrin və onların miskin əlaltısına çevrilmiş daxili qaragüruhçu seqmentin naqis planlarını alt-üst etmək üçün indi daha güclü milli həmrəyliyə sahib olmalıyıq.
— Ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, ugurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı olan Prezident İlham Əliyevin ətrafında daha sıx və monolit birlik nümayiş etdirməliyik.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevi “dünya siyasətinə təsir gücünə malik beynəlxalq aktor statusunda dövlət başçısı” adlandırmışdır. “Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcısı olan Prezident İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etdirmiş olur. Həmin “siyasi şahmat lövhəsi"ndə siyasət qrossmeysterinin – Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür". Bu fikirlər də akademik Ramiz Mehdiyevə məxsusdur.
Beləliklə, hörmətli və qədirbilən oxucu, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” adlı 1056 səhifəlik fundamental və unikal tədqiqat əsəri oxunmaq, dəyərləndirilmək və faydalanmaq üçün sizin ixtiyarınıza verilmişdir.
Əsərin elmi redaktoru olaraq onun yüksək məzmun-forma mündəricəsi, səciyyəvi cəhət və xüsusiyyətləri haqqında bir sıra fikir və mülahizələrimi, baxış və yanaşmalarımı Sizinlə paylaşdim. Sonda aşağıdakı arzu və təkliflərimi də Sizinlə-dəyərli oxucularla bölüşmək istəyirəm:
* Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə, o cümlədən “Azərbaycanın geosiyasəti” adlı ölkəmizdə geosiyasət elminin əsasını qoyan fundamental və unikal tədqiqat əsərinə görə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə koməkçisi, görkəmli dövlət xadimi, tarix elmləri doktoru, professor Əli Həsənovun Azərbaycanın yüksək dövlət təltifinə-“Heydər Əliyev” mükafatına layiq görülməsi;
* “Azərbaycanın geosiyasəti” əsərinin dövlət səviyyəsində geniş təqdimatının keçirilməsi;
* “Azərbaycanın geosiyasəti” əsərinin BMT-nin rəsmi dillərinə (ingilis, fransız, rus, ərəb, ispan və çin) tərcmə olunması.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM