Amerikalı yazıçı O.Henrinin yaradıcılığında insanın bədii dərki

09:44 / 25.08.2015

Yeganə Ələsgərova,
Bakı Dövlət Universiteti

Novella janrı İntibah dövrünün bədii təfəkkürünün, sosial-estetik tələblərinin və bədii-poetik zərurətin nəticəsi olaraq meydana gəlmişdir. Cəmiyyətin həyatında baş verən müxtəlif ziddiyyətli məqamların, polemik situasiyaların və həlli bədii cəhətdən zəruri olan hadisələrin təsviri janrın mayasına hopmuş, onun gələcək inkişaf perspektivlərini müəyyənləşdirmişdir. Ədəbi-estetik məzmunu baxımından mütərəqqi rol oynamış İntibah özünün yeniliyi, humanizmi və realizmi ilə bir çox xalqların mədəniyyətində, incəsənətində, eləcə də ədəbiyyatında diqqəti cəlb etdi. Görkəmli tədqiqatçı-alim M.Qocayev yazır: “İnsan özünü müstəqil bir varlıq kimi yalnız renessans dövründə başa düşməyə başladı. Bu, insanın mədəni-tarixi, ruhi-əqli təkamülünün ən vacib mərhələsi və ən yüksək zirvəsi oldu. Renessans dövrünü insanın tarixi, mədəni və əqli yetkinlik dövrü adlandırmaq olar” (1,12).
İntibah təfəkkürünün və mədəni-ədəbi görüşlərinin birbaşa təsiri ilə insanın təbiətdən və ilahi qüvvədən ayrılaraq qismən müstəqil varlığa çevrilməsi və bədii ədəbiyyatda bu tendensiyanın dərindən işlənməsi ilə bərabər dünya söz sənəti tarixində humanizm adlanan mədəni dövr başladı. Renessans dövrünün insanı şəxsiyyət kimi daxilən ikiləşməyə məruz qalır, mənəvi ziddiyyətlərlə üzləşirdi. O, həm təbii və ruhani olmağa çalışır, həm də təbiətlə ruhu birləşdirmək istəyirdi. Onun faciəsinin səbəbi də elə bu iki hikmətdən irəli gəlirdi. “Renessans insanı bir hal olaraq faciəvi aqibətə düçar olmuş insandır” (1,13). Bu xüsusiyyət istər-istəməz intibah dövründə yüksək formalaşma və ədəbi “silahlanma” prosesi keçmiş novellanın sonrakı tarixi mövcudluğu şəraitində də bu və ya digər dərəcədə davam etdi. Bu prosesi zəifləmək, yaxud azalmaq kimi dəyərləndirmək olmazdı. Dünya ədəbiyyatında intibah dünyagörüşünün birbaşa təsiri ilə formalaşmış novella janrı sonrakı müəlliflərin yaradıcılığında da özünün ilkin mayasını, tendensiyasını istər-istəməz qoruyub saxlamalı oldu. Yeni-yeni mövzu və ideyalar novella janrının insan haqqında bəhslərini nəinki azaltmadı, həyatı əksetmə forması olaraq insanın bədii dərki məsələsi zaman keşdikcə qüvvətləndi, gücləndi.
XX əsrin əvvəllərində ədəbi yaradıcılığının çiçəklənmə mərhələsinə qədəm qoyan O.Henrinin novellalarında da intibah dövründən gələn xüsusiyyətlər bu və ya digər dərəcədə özünü büruzə verdi. Yazıçının əsərlərində öz dövrü üçün mütərəqqi ədəbi priyom olan dialoq-mükalimə forması dirçəldi, həyat hadisələrinin inikasında məzmun və forma baxımından realistcəsinə yazı tərzindən istifadə meyilləri artdı. Əlbəttə, XIX əsr dünya ədəbiyyatında, xüsusilə nəsr sahəsində paradiqmanın dəyişiməsi hadisəsi özünü göstərdi. Məsələn, Fransa, İngiltərə, Rusiya ədəbiyyatında əvvəlki dövrlərdən fərqli yanaşmalar, fərqli ədəbi-estetik baxışlar, macəraçılıq meyllərinin ciddi psixoloji aspektdə işlənməsi, insanın mənəvi dünyasının bədi təqdimatı prosesi güclənməyə başladı. Bu proses ABŞ ədəbiyyatından da yan keşməmişdi və bu mədəni və coğrafi ərazidə reallaşan ədəbi düşüncə tərzi özünəməxsusluqları ilə diqqəti cəlb edirdi.
Beləliklə, O.Henri nəhəng bir ədəbi epoxanın üzvü, nümayəndəsi kimi yara-dıcılığı ilə ölməz sənət nümunələri yaratmağa nail oldu. Yazıçı real həyat həqiqətlərini müxtəlif aspektlərdə canlandıraraq ictimai şüurda yenilik, dəyişiklik əmələ gətirirdi. Baxmayaraq ki, O.Henri özü müsahibələrinin birində qeyd edir ki, o, pul üçün yazır, amma yaratdığı nümunələr bundan keyfiyyət zədəsi almamışdır. Doğrudan da, gərgin əmək fəaliyyəti göstərməsi, mətbuatda qonorar müqabilində həftəyə bir mükəmməl novella bitirib çap etdirməsi bunu isbatlayır. Amma istənilən halda yazıçının qələmindən dərin estetik yükə malik nümunələr meydana çıxmışdır. Həmin nümunələr püxtələşmiş qələmin məhsulu idi və bayağılıqdan, səthilikdən uzaq idi. İncə yumor və reallığı əksər hallarda satirik tonda əks etdirə bilmək qabiliyyəti bu ədəbi nümunələrin əsas xüsusiyyəti olmaqla bərabər, həm də yazıçının özünü ifadə forması kimi ortaya çıxır. Yazıçı münasibətini, fikir və məramını satira ilə ortaya qoyur. Satiranın alt qatında sosial bəlaların dərinlikləri gizlənir. İnsan taleyi, insan ömrü və onun məhvə məhkum olunması məsələləri birinci oxunuşda və təhlildə üzə çıxmır. İlk baxışdan müəyyən olunması çətin olan bu xüsusiyyətlər nəinki oxucunu, hətta ədəbiyyatşünası belə dərindən və diqqətlə düşünməyə, təhlillər etməyə vadar edir. Bu əsərlərin təhlili göstərir ki, bunlar birbaşa reallığa və həyata əsaslanır. Hadisələrin mərkəzində yazıçının ortaya qoyduğu insan konsepsiyası dayanır. Bu konsepsiyanın mahiyyəti əsərdən-əsərə ardıcıllıqla açılır, aşkarlanır. Yazıçının insanı istənilən sahənin nümayəndəsi ola bilər, istənilən xarakterə malik ola bilər. Hətta O.Henrinin “xeyirxah dələduz”u asanlıqla quldurluqla məşğul olur, soyğunçuluq edir, fırıldaqçılıq onun az qala həyat tərzinə çevrilir. Amma bütün xarakterik xüsusiyyətlərinə baxmayaraq, o, özündə ilk növbədə yumoru, danışığındakı lətifəliliyi qoruyub saxlayır. Bu yumorun alt qatında aşılanması zəruri olan onlarla mətləb yatır. Ümumiyyətlə, O.Henrinin yaradıcılığını araşdırarkən onun əsərlərinin istismarçı kapitalist dünyasının müəyyənləşdirdiyi müstəqil düşüncə, hərəkət və təşəbbüskarlığa qarşı çıxdığını, ideyalarının, aşılamaq istədiyi qayələrin görünməyən, amma ciddi şəkildə mövcud olan məhvedici buxovlarla daban-dabana zidd olduğunun şahidi oluruq. Yazıçının yaradıcılığında, əsasən, nikbin ruh, sabaha inam, məyusluğa qapılmamaq və cəsarərtli, mübariz olmaq kinayənin, ironiyanın içində görünməz qalır, amma bununla belə həm də gizli şəkildə tərənnüm və təbliğ olunur. Nəzərə almaq lazımdır ki, O.Henrinin hekayələri mətbuat üçün yazılırdı və bu əsərləri minlərlə oxucu mütaliə edirdi. Yazıçı satirik və kinayəli donla təsvir etdiyi həyat həqiqətlərini göstərərək məhz onlara müraciət edirdi. Oxucularını, müasirlərini öz talelərinə biganə qalmamağa səsləyirdi. Elə bu səbəblərdən də O.Henri kiçik həcmli hekayələrində bitkin insan konsep¬siyasını yarada bilmişdir. Bu nümunələrdə insan problemi ana xətti təşkil edirdi. O.Henrinin yaradıcılığında insan problemi ilk əsərlərindən başlasa da, zaman keçdikcə, o ustalaşdıqca, bu problemin ifadəsi yeni mərhələyə qədəm qoyur. Amma ümu¬milikdə Henri yaradıcılığında insan konsepsiyası öz obrazlı ifadəsini parlaq şəkildə tapır.
O.Henrinin “insan”ı təkcə fırıldaqçılıqla məşğul olmur. Onun fəaliyyət sahəsinə müxtəlif istiqamətlər və işlər daxildir. O, maddi cəhətdən sıxıntıya məruz qalmaya da bilər, o varlı, imkanlı biri də ola bilər. Amma insandır, müəyyən əngəllərlə qarşılaşması, müəyyən həyat ziddiyyətlərinin və çıxılmaz problemlərin içinə düşməsi mümkündür. Yazıçı ona - insana həmin əngəllərlə diqqətlə, aram və məntiqlə davranmağı, mübarizə aparmağı aşılayırdı. Bu məram, bu amal onun bir çox novellalarının ana xəttidir. Belə qısa hekayələrdən biri “Pul və məhəbbət”dir. Novellada yazıçının yaradıcılıq üslubuna uyğun olaraq müxtəlif məsələlər əks olunur. Hər cümlə, hər abzas özlüyündə müxtəlif problemlərin daşıyıcısı kimi çıxış edir. Həmin vəziyyət və davranışların əks olunması O.Henrinin baş verən hadisələrə yazıçı münasibətini, estetik qayəsini təsdiqləyir. Görürük ki, O.Henrinin narahat nəsrinin ritmi daim dünyanı və cəmiyyəti düşündürən, əksər hallarda insanların müşahidə edə bilmədikləri məsələləri qabardır. Bu dünya miqyaslı, insanlığın qarşısında dayanan ümdə vəzifələr, həqiqət və mənəvi azadlıq uğrunda axtarışlar əksər hallarda pessimizmi, ekzistensialist təfəkkürü və təhkiyəni özündə əks etdirirsə də, bir çox hallarda ümid, inam və uğur təlqin edir. “Pul və məhəbbət” hekayəsinin əsasında insan intellektinin və təfəkkürünün təntənəsi dayanır. Müəllif burada insana daim müsbət məsələlər və nəticələr haqqında danışmaq və düşünmək, uğur qazanmağın yolları barədə “söhbət” açır. Novellanın baş qəhrəmanı keçmiş sabun fabrikinin sahibi Entoni Rokvolldur. O, oğlunu yanına çağırıb ona öz məsləhətlərini verir. Həyatda uğur qazanmaq, israfçılıq etməmək, aristokratın davranışları ilə bağlı fikirlərini Riçarda çatdırır. Oğlu isə atanın bu nəsihətləri qarşısında belə cavab verir: “Elə şeylər var ki, pulla almaq mümkün deyil”.
Novella boyu aparılan mükalimədən aydın olur ki. Riçard bir qıza aşiqdir, amma ona evləmək təklifi etmək üçün əlinə əlverişli vaxt fürsəti düşməyib. “Elə et ki, düşsün, - Entoni dedi. - Onunla parka get, ya da gəzməyə apar, bu da olmasa, kilsə¬dən çıxanda evə ötürmək təklif et.
- Siz yüksək cəmiyyətin nə olduğunu bilmirsiniz, ata. O, kübar dəyirmanına su tökənlərdən biridir. Hər saatı, hər dəqiqəsi bir neçə gün əvvəldən təyin olunur. Bu qızsız yaşaya bilmərəm, ata. Onsuz mənimçün bu şəhərin iyli bataqlıqdan heç bir fərqi yoxdur. Məktubsa yaza bilmirəm, sadəcə, o halda deyiləm.
- İşə bir bax da! - qoca dedi, - Doğrudanmı, sənə verdiyim o qədər vəsaitlə bu qızın sənə vaxt ayırmasına nail ola bilmirsən?”(2,61).
Səhərisi gün gənc Riçard sevdiyi, amma evlənmək təklif etmək üçün vaxt tapa bilmədiyi Lentrini teatra ötürmək üçün yollanır. Yolda onlar gözlənilmədən faytonların yaratdığı tıxaca düşürlər. Lentriyə evlənmək təklifi etməkdə Riçar üçün vaxt imkanı yaranır. Və o, fürsətdən istifadə edərək evlənmək təklifini edir. Bundan sonra hadisələrin paradoksal və ironik məqamı açılır. O.Henri yaradıcılığında bu məqamın təsviri də, yaradılması da hər zaman çox uğurlu alınır:
“Axşam saat birdə kimsə Entoni Rokvollun qapısını astaca döydü.
- Gəlin! - əynində qırmızı məxmər xalat, dəniz quldurları haqqında kitab oxuyan Entoni çığırdı. Bu, səhvən yer üzündə unudulub qalmış ağsaçlı mələyə bənzəyən Elen bibi idi.
- Onlar nişanlandılar, Entoni, - bibi mülayimcəsinə dilləndi, - qız bizim Riçarda razılıq verdi. Teatra getdikləri vaxt yolda tıxaca düşüblər və düz iki saat yerlərindən tərpənə bilməyiblər. Bilirsən, qardaşım Entoni, bir də öz pullarının qüdrəti ilə öyünmə. Həqiqi sevginin rəmzi olan balaca üzük sonsuz və təmannasız etibarı ifadə edən bizim Riçarda öz xoşbəxtliyini qazanmaqda kömək etdi. O, üzüyü küçədə yerə salıb və faytondan onu götürmək üçün çıxıb. Amma tərpənməyə imkan tapmamış tıxac yaranıb. Fayton dayandığı müddət ərzində isə Riçard sevgisini izhar edərək qızın razılığını alıb. Həqiqi sevgi ilə müqayisədə pul, sadəcə, zibildir, Entoni”(2, 64).
Novellanın sonunda isə məlum olur ki, tıxacı elə Entoninin pulları yaradıb. “Səhəri gün göy rəngli dama-dama qalstuk taxmış və qırmızı əlləri olan Kelli adlı şəxs Entoni Rokvollun evində peydə oldu və dərhal da onu kitabxanaya ötürdülər.
- Nə deyə bilərəm, - Entoni çek kitabçasını çıxararaq dedi, - sabunu pis bişirmədiniz. Baxaq... Sizə beş min verilmişdi?
- Üç yüz dollar da əlavə olaraq özümdən xərcləmişəm, - Kelli dedi. - Smetanı bir qədər artırmaq lazım gəldi. Furqonlardan hər birini beş dollara tutmuşdum; arabalar və ikatlı faytonların hər biri on dollar tələb etdi. Sürücülər on dollardan aşağı razı olmadılar. Yüklü furqonların hamısı isə iyirmi dollar aldı. Ən baha gələni polislər oldu - ikisinə əlli, o birilərinə isə iyirmi və iyirmi beş dollar verdim. Amma gözəl səhnə alındı, düzdürmü, mister Rokvoll? Özü də bircə məşq belə olmamışdı. Uşaqlar saniyəbəsaniyə yerlərində idilər. Düz iki saat Qrilin heykəlinin qarşısında barmaq qoymağa yer olmadı” (2,65).
Məsələnin qoyuluşu və qeyri-adi tərzdə həlli yazıçıdan xüsusi istedad və bədii təfəkkür tələb edirdi və O.Henri bunu maraqlı və labirint üsulu ilə həyata keçirməyə nail olmuşdur. Ənənəvi mövzulardan kənara çıxaraq sırf həyati estetik mövzulara müraciət edən yazıçının insani hislərdən bəhs etməsi bəzən realist mövqedən romantik mövqeyə keçid kimi qiymətləndirilməlidir. İstedadlı qələm ustası üçün həyata estetik münasibət bədii münasibətlə, gerçəkliyin realistcəsinə təqdimi ilə yanaşı durur. O.Henri də çağdaşı olduğu başqa Amerika realistləri kimi cəmiyyətlə insan arasında dayanmış uçurumu aradan qaldırmağa çalışırdı və insanı insana sevdirməklə yanaşı, onu əxlaqi cəhətdən tərbiyələndirmək istəyirdi. O.Herinin yaradıcılığının əsasını, ana xəttini təşkil edən insan axtarışları yazıçının təsvir etdiyi hadisələrlə tərbiyələndirmək, lazım olan informasiyanı şüura mənimsətmək, emal etmək missiyası ilə bağlıdır.
“Qiymətli hədiyyə” novellasının qəhrəmanları Ceyms Yunq və həyat yoldaşı Della, “İncəsənətə sevgidən” novellasının qəhrəmanları Co və Diliya, “Son yarpaq” novellasının qəhrəmanları Consi, Syu və qoca rəssam Berman, “Polis və Xoral” novellasının qəhrəmanı Sopi və onlarla başqa obrazlar mənən saf və təmiz insanlardır. Amma eyni zamanda da, bəlkə də, saf olduqları üçün cəmiyyətin və istismarın qurbanıdırlar. Buna baxmayaraq, kasadlıq, çətinlik və əzab, əziyyət onların mərhəmət hissini azaltmır. Onlar sevirlər, sabaha ümidləri olmasa belə, özlərini xoşbəxt hesab edirlər. Hətta dələduz, fırıldaqçı və yalançılıqla məşğul olduqda belə, onların qəlbləri insani duyğularla döyünür. Eyni xüsusiyyətlər yazıçının müxtəlif məzmunlu əsərləri üçün də xarakterikdir.
O.Henri yorulmaq bilmədən Amerika həyatının istismarçı tərəflərini tənqid etməklə məşğul olurdu. O, qeyri-insani xüsusiyyətləri qəbul etmir və buna qarşı amansız mübarizə aparırdı. Yazıçının təsvir etdiyi dünya əksər hallarda evdən başlayır. Ev obrazı bu novellaların bir çoxunda dünyaya çıxışdır, dünyanın özüdür. İnsan bu dünyanın sahibi deyil. Çünki novellaların qəhrəmanı öz evində ağa deyil. O, dünyada sanki kirayə qalır. Əslində insanın yaşadığı mənzilin sahibi olmaması, deməli, dünyasının sahibi olmamasını mənalandırır. Evin içində dünyanın adilikləri ilə üzləşə bilərsən. Evin içində ağrı, göz yaşı, ölüm, sevgi, əzab və əziyyət var, eyni şeylər evin çölündə də mövcuddur. İnsan çalışır, vuruşur, çapalayır. O.Henri novellalarında özünün həyata baxışını, fəlsəfi-sosial düşüncələrini dilə gətirir. Əsərlərlə yaxından tanış olduqda bu nümunələrin müəllifinin dövrün elmi nailiyyətlərindən, coğrafi və mədəni biliklərində dərindən məlumatlı, xəbərdar olduğu, qədim və orta əsr mədəniyyətinin gözəl bilicisi, Şərq ədəbiyyatının mütaliəçisi olduğu aydınlaşır. İnsan, fərdin cəmiyyətdə yeri və rolu kimi fəlsəfi məsələlər O.Henrinin novellalarında mükəmməl şəkildə şərh olunur. Bu nümunələrdə müxtəlif insanların, obrazların həyatından, davranışlarından, başına gələnlərdən bəhs edilir.
Beləliklə, müəyyən edirik ki, O.Henri yaradıcılığının əsas mövzusu məhz insandır. İnsan və dünya, insan və Tanrı, insan və mühit kimi məsələlər həmişə yazıçının diqqət mərkəzində olan problemlər və istiqamətlər kimi diqqəti cəlb edir. Yazıçı insan şəxsiyyətinə, mənəvi dünyasına və hislərinə də geniş şəkildə maraq göstərir. Buradakı insan maddi sıxıntı girdabı ilə həyat eşqi arasında çırpınan ziddiyyətli və faciəli varlıqdır. Bununla belə insanın aliliyinə olan inam yazıçıda şəxsiyyəti ziddiyyətli və dolaşıq fikirli varlıq kimi təsvir etməyə imkan verir. Yazıçının qəhrəmanları faciəvi, tragikomik insanlar olduğundan sonda gözlənilməz hadisələrin qarşısında istər-istəməz aciz qalırlar.
Öz iddialarına qapılıb sabahını düşünməyən insanı mütləq uğursuzluq gözləyir. İnsan həyatının faniliyini və dünyanın vəfasızlığını göstərmək, insanın sosial və mənəvi əsarətə qarşı mübarizəsini alovlandırmaq, onları buna çağırmağı məqsəd qoymuş O.Henri əsərlərində mükəmməl obrazlarla öz istəyinə nail olmuşdur.
Yazıçının təsvir etdiyi obrazlar, zəngin xarakterlər qalereyası dünya ədəbiyyatının sonrakı inkişafında mühüm rol oynamışdır. Bu personajların davranışları, həyata yanaşmaları, dünyagörüşləri və mənəvi aləmi, bu aləmin təsvir olunma səviyyəsi O.Henri bədii yaradıcılığını ABŞ ədəbiyyatının təkcə XX əsrin əəvvəllərinin deyil, bütün mərhələlərinin ən mükəmməl yaradıcılıq nümunəsinə çevirmişdir.


İstİfadə edİlmİş ədəbİyyat

1. Qocayev M. Nizaminin insan fəlsəfəsi. Bakı, Mütərcim, 2011.
2. O. Henri. Seçmə hekayələr. Bakı: “Altun Kitab”, 2014.
3. American literature, The first quarter of the XX century, Kiev: “Vysa Skola” Publishers Head Publishing House, 1987.
4. О. Генри. Полное собрание рассказов, Том I, Екатеринбург: «У-фактория», 2006.
5. Paşayeva N. Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında). fil. elm. dok. al. dər. almaq üçün təqdim edilmiş dissertasiya, Bakı: 2004

 

Geostrategiya" jurnalı № 03 (27) MAY-İYUN 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM