Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
“Türk təfəkkür və təhririnin çox canlı və həyəcanlı bir siması”, “Avropa qəzetəçiliyinin Şərqdə çox qüvvətli bir nümayəndəsi”, “Yaxın Şərqdəki tarixi Avropalaşma hərəkatının ən səmimi ideoloqu” (10, s.11) Əhməd bəy Ağaoğlu türklüyün qurtuluşu və inkişafının yeganə çarəsini “qəlblə, hisslə şərqli olmaq, dimağla, qafa ilə qərbli olmaq” idealında görürdü. “Kültür etibarilə türk-islam qalmaq və mədəniyyət etibarilə də avropalı olmaq” (1, s.65) istəyən bu böyük insanın – “Qərb və Şərq mədəniyyətini birlikdə mənimsəmiş, canına hopdurmuş müstəsna bir şəxsiyyətin” (6, s.75), özünün də etiraf etdiyi kimi, zövqü, fikirləri, baxışları da həyat yolu qədər ziddiyyətli olmuşdur. Onun “Altmış yeddi il sonra” başlıqlı xatirə yazısından oxuyuruq: “Ah, bu yarım yamalaqlıq nə tükənməz bir dramdır! Bir iç dramı, bir ruh tragediyasıdır! Mən indi heç bir zaman tam və bütün duya bilmirəm. Və bilirsinizmi, yarım yamalaq duymaq nə cəhənnəm əzabıdır! Mən Avropa musiqisindən də, şərq musiqisindən də xoşlanıram. Eyni zamanda görürəm, hiss edirəm ki, nə birincisini bir avropalı qədər tam və bütün duyuram, nə də ikincisini bir şərqli kimi” 4, s.90). Qərb düşüncəsi ilə Şərq zehniyyəti, çağdaş yaşam tərzi ilə klassik ənənələrin ağıl və hisslərinə, təfəkkür və duyğularına hakim kəsilməsi səbəbindən bəzən şərqlimi, qərblimi olmasını müəyyənləşdirməkdə çətinlik çəkdiyini Ə.Ağaoğlu bir sıra əsərlərində, xüsusilə də xatirələrində etiraf etmişdir.
Həqiqətən, yaradıcılığı qədər şəxsiyyəti də, həyat yolu da, yaşadığı dövrü də mürəkkəb və ziddiyyətli olan Ə.Ağaoğlu irsinin, ümumiyyətlə isə XIX əsrin sonu və XX əsrin əvvəllərini əhatə edən türk düşüncə tarixinin araşdırıcıları bu böyük mütəfəkkirin nəinki bütün əsərlərinin bir araya gətirilməsinin, hətta əsərlərinin mükəmməl biblioqrafiyasının hazırlanmasının nə qədər müşkül bir məsələ olduğu fikrində həmrəydirlər. Bu bir həqiqətdir ki, “əlli ildən artıq qızğın, fırtınalı, həm də fasiləsiz, aramsız bir yaradıcılıq yolu keçən, adı, şöhrəti Parisdən Bakı və Tiflisə, Peterburq və Moskvaya, bir az sonra İstanbul və Ankaraya, nəhayət, bütün Türkiyə və Yaxın Şərqə yayılan, fəlsəfə, tarix, iqtisadiyyat və din tarixinə, ədəbiyyat, hüquq, ictimaiyyat və elm-mədəniyyət məsələlərinə həsr olunmuş ciddi elmi-nəzəri və publisist əsərlərin müəllifinin, fəal mədəniyyət, elm və siyasət xadiminin” (12, s.305), XIX yüzilliyin 90-cı illərindən etibarən dünyanın bir neçə ölkəsinin arxiv və kitabxanalarına səpələnmiş yazılarını toplamaq və nəşr etmək şərəfli olduğu qədər də ağır bir işdir. Ayrı-ayrı şəxslər tərəfindən görülməsi çətin olan bu işə bir çox tədqiqatçılar zəhmət sərf etsələr də, hələ tam bir nəticənin ortada olmaması faktı bu sahə mütəxəssislərini yeni-yeni çalışmalara sövq edir.
Amma həyatının digər dövrləri ilə müqayisədə ən ağır, böhranlı və keşməkəşli illəri Malta adasında keçirdiyi iki il yarımlıq bir dövrdür. İlk günlərdən təzadlı düşüncələr məngənəsində sıxılan, bir müddət hətta “bolşevizm, yoxsa milli istiqlal mücadiləsi” dilemması qarşısında qalan, nəhayət “Azərbaycanmı? Türkiyəmi?” seçimində onu Malta sürgünündən qurtarmış Mustafa Kamal Paşanın xidmətinə getməyə, Anadoludan başlayan milli mücadilə hərəkatına qatılmağa qərar verir.
Gerçəkdən də, Ə.Ağaoğlunun mütarəkə və sürgün xatirələri başdan-başa ziddiyyətli hadisələr və baxışlarla doludur. Özünün də üç sənəlik böhran dövrü adlandırdığı bu sürgün həyatının ümumi təsviri bu ziddiyyətləri bütün çılpaqlığı ilə ortaya qoymaqdadır. İstər Şərq-Qərb mədəniyyət fərqlilikləri, sülh və müharibə zehniyyəti, haqq və ədalətə yanaşmalarda baxış ayrılıqları olsun, istərsə İstanbulun bayram əhval-ruhiyyəli insanları ilə matəm tutan və qan ağlayan əhalisi, eləcə də Türkiyə hüdudları daxilində düşmən işğal və əsarətinə boyun əymiş sultan hökuməti ilə Anadolunun milli mücadilə qəhrəmanları arasındakı ziddiyyət, istərsə də Ə.Ağaoğlunun bolşevizmlə milli hərəkat seçimi qarşısında, Azərbaycan və Türkiyə ayrıcında qalması kimi faktlar həm tarixi olaylardakı, həm də şəxsi düşüncələrdəki böhranlı yaşantıları əks etdirməkdədir.
İşğalçı imperialist dövlətlərin əlaltılarına çevrilmiş İstanbul iqtidarının əxlaq düşkünlüyünün, xəyanətinin səbəblərini açıqlayan Ə.Ağaoğlunun fiziki, maddi, ruhi, mənəvi vəziyyətini dərk etmək üçün dövrün tarixi hadisələri, ictimai-siyasi vəziyyəti hökmən dərindən öyrənilməlidir. Çünki 1919–1921-ci illərin tarixi hadisələrini, dünyada baş verən ictimai-siyasi dəyişiklikləri, Türkiyənin düşdüyü böhranlı vəziyyəti dərindən araşdırmadan, sürgün illərində qələmə alınmış əsərlərin yazılma şəraitini nəzərə almadan Ə.Ağaoğlunun mövqeyini, qətiliyini, hadisələrə, ideallara, ənənə və müasirliyə, nəhayət vicdan, namus, qeyrət, şərəf, ləyaqət kimi əxlaqi sərvətlərə, kültür və mədəniyyət kimi mücərrəd məfhumlara münasibətini aydınlaşdırmaq və qiymətləndirmək mümkün olmaz. Amma, bir şey gün kimi aydındır ki, zaman və məkanından, düşdüyü maddi, iqtisadi, siyasi vəziyyətindən, ruhi, mənəvi, psixoloji durumundan asılı olmayaraq vətənin azadlığı, millətin istiqlalı, fərdin hürriyyəti və demokratik cəmiyyət quruculuğu kimi ideallar Ə.Ağaoğlu şəxsiyyətinin ən mühüm dəyərləndirmə meyarları olmuşdur.
Malta sürgünü dönəmində Ə.Ağaoğlunun dünyagörüşündə ziddiyyətli təbəddülatlar baş vermiş, özünün və ailəsinin çətin müsibətlərə düçar olması onda siyasi nihilizm ovqatı yaratmış, hətta həyatının müəyyən dövrlərini əbəs yerə qurban verməsi haqqında peşmançılıq notları ilə fikirlər söyləmiş, marksizm təfəkkür tərzinə müsbət münasibətini ifadə etmişdir. Lakin bu mövqe, xalqının düçar olduğu böhranlardan, əzab-əziyyətlərdən, məşəqqətlərdən və bütün bunların əsas baiskarı olan imperialist dövlətlərinin işğalından xilası üçün qurtuluş yolu axtaran bir mücahidin psixoloji və ruhi çarpışmalarının ani, keçici məqamlarının ifadəsindən başqa bir şey olmamışdır.
1918-ci ilin 7 dekabrında fəaliyyətə başlamış Azərbaycan parlamentinin qərarına (5) əsasən, Azərbaycanın istiqlalını tanıtmaq məqsədilə Versal Sülh Konfransına göndərilən nümayəndə heyətinin üzvü kimi Bakıdan ayrılaraq yola çıxan Ə.Ağaoğlunun Tiflis, Batum, İstanbul şəhərlərindəki vəziyyətə dair məlumatlarından başlayaraq Malta əsarəti və sürgündən sonrakı hadisələrin gedişatını gözlərimiz önündə canlandıran “Mütarəkə və Malta xatirələri” müəllifin ictimai-siyasi, kültürəl baxışları və ruhi-psixoloji durumu haqqında da bizlərə bilgi verməkdədir. Xüsusilə, öyrənirik ki, Ə.Ağaoğlunun sürgün həyatı, cəmiyyətin bir fərdi, aydını olaraq onun özünə və ailəsinə də olmazın müsibətlər gətirmişdir. Millətinə qarşı olan ədalətsizlik hissinə və mənəvi sıxıntılara, sürgün həyatının ehtiyac və səfaləti, üstəlik ailəsinin güzəranı ilə bağlı iztirablı düşüncələr də əlavə edilmişdir.
Lakin bütün fəlakətlərə, sıxıntılara və məhrumiyyətlərə baxmayaraq qələmini yerə qoymayan, daim mütaliəsini artıran, daha çox öyrənməyə çalışan Ə.Ağaoğlu millətinin qurtuluşu üçün istər Qərbin, istər Rusiyanın ictimai-siyasi quruluşlarındakı müsbət örnək və təcrübələrdən faydalanma yolları aramışdır. Hələ Mondrosda ikən o, ingilislərə bir neçə dəfə diləkçə verərək günahsız olduğunu dəfələrlə təkrarlamışdır: “Lütf ya da əfv istəmirəm… Acınmağı ya da bağışlanmağı əsla qəbul edəməm! Mən ədalət istəyirəm!” (6, s.90-96).
Haqsızlığın, ədalətsizliyin, hər cür qeyri-insani münasibətlərin hökm sürdüyü bir dönəmdə Ə.Ağaoğlu psixoloji sarsıntılara məruz qalmış, “hətta həyatının müəyyən dövrlərini əbəs yerə qurban verməsi haqqında peşmançılıq notları ilə fikirlər söyləmiş, marksizm təfəkkür tərzinə müsbət münasibətini ifadə etmişdir” (7, s.9).
Əslində Ə.Ağaoğlu istər sürgün dönəmində, istərsə də sonra yazdığı əsərlərində hər bir nəzəriyyənin insanlığa faydalı olan dəyərli cəhətlərini əxz etməyə çalışdığı kimi, marksizmə qarşı münasibətdə də tamam əks mövqe, qəti inkar xətti tutmamış, onun tənqidi təhlilini vermişdir. Çünki Ə.Ağaoğlu marksizmi sonralar Sovetlər Birliyindəki təhrif olunmuş halı ilə deyil, müasir Qərb nəzəriyyələrindən biri kimi təhlil etmişdir .
Ə.Ağaoğlu marksizm məktəbinin tarixə aid nəzəriyyəsini qismən qəbul edərək yazır ki, “bu məktəbin iddia etdiyi vəchilə maddiyyat və iqtisadiyyatın bəşərin inkişafı, müqəddəratı və tarixin tərəqqisi üzərinə dərin və geniş bir təsir icra etdiyində şübhə yoxdur. Mədə əndişəsi, fikri, dərdi həqiqətən fərdlərdə olduğu kimi cəmiyyəti-bəşəriyyədə də böyük və qəti rol oynamaqdadır.
Fəqət bu amil yalnız deyildir. Bunun yanı başında eyni dərəcədə mühüm və təsiredici ruhi və mənəvi amillər vardır ki, marksizm məktəbinin bizcə ən böyük qəbahət və qüsuru bu amilləri inkar etməkdən ibarətdir. Cəmiyyətlər fərdlərdən ibarət olar. Fərdlər isə bir mədə ilə bərabər bir dimağ, bir qəlb də daşırlar. Mədənin ehtiyaclarını təminə nə qədər möhtac isələr, dimağ və qəlbin də ehtiyaclarını təminə o dərəcə möhtacdırlar”. Ə.Ağaoğlu marksizmin bir həqiqətə sanki göz yumduğu qənaətinə gəlir. Onun fikrincə bizi əlaqədar edən mənfəətlər arasında yalnız maddiyyat deyil, bir də mənəviyyat və ruhaniyyat vardır: “Bəzən şərəf, namus, heysiyyət kimi mücərrəd və mənəvi qiymətlər bizi çörək və su ehtiyacı qədər müztərib (iztirablı, əzab-əziyyət – M.S.) edər və bunların təmini üçün ölümə qədər vararız” (1, s.53-54).
Ə.Ağaoğluna görə, din kavğaları (mübarizələri) tarixi-bəşəriyyətin ən mühüm və ən uzun səhifələrini təşkil etmişdir. Həqiqətdə də bəşər həyatında maddiyyat və mənəviyyat yan-yana yaşamış, biri o birini tamamlamışdır. Məgər bəşəriyyətin daimi tərəqqisi və təkamülünü təmin edən amil, hər mühit və camaat içində həmişə mövcud olan, münəvvərlər zümrəsinin yüksək və pak bir qisminin ehtiva etdiyi, şəxsi mənafeyi ayaqları altına alaraq mənəviyyat üçün nəfslərini fəda etmələri deyildirmi? Cəmiyyətdə belə bir zümrə təşəkkül edər-etməz, onun yüksək, pak qismi daima həqiqi ilham mənbələrini kəşf edər və camaatın həqiqi səadət və rifah yolunu göstərərlər. Təbiəti ilə belə bir zümrə, hər şeydən əvvəl camaatı təşkil edən ünsürün əksəriyyətini arar, onu anlamağa çalışar, ondan ilham almağa başlar, maddi, mənəvi ehtiyaclarını təminə çalışarlar (1, s.54-55).
Sürgün illərinin Ə.Ağaoğlu zehniyyətinə təsirlərini öyrənmək baxımından, onun həmin dövrdə yazmış olduğu əsərləri, məktub və xatirələri mühüm qaynaq kimi dəyərləndirilməlidir. Bu qaynaqlar incələndikdə belə bir qənaətə gəlmək olur ki, onun bəzən tərəddüd və mübahisələrə yol açan pərişan halı, həm o vaxta qədərki, həm də ondan sonrakı ideallarına, siyasi əqidəsinə, dini, milli, mədəni dünyagörüşünə tamamilə ziddir və bizcə bu da ötəri maddi və mənəvi böhran və sarsıntıların nəticəsi olduğuna dəlalət edir. Çünki Malta sürgünü zamanı qarşılaşdığı dəhşətləri, qəddarlığı və laqeydliyi “Üç mədəniyyət” və “Malta xatirələri” əsərlərində təfsilatı ilə şərh edən müəllif bir müddət inamsızlığa, pessimizmə qapıldığını etiraf etməkdədir: “Ah! Keşkə tale mənə lövhənin bu tərəfini görməyi nəsib etməmiş olsaydı!” (2, s.55).
Zehniyyətdəki bu pessimizm, tarixi şəraitə və düşdüyü vəziyyətə görə təbii hal sayılmalıdır. Çünki özünün də yazdığı kimi, “indiyə qədər tarixdə bir dövlətin öz övladını öz əlilə düşmənlərinə təslim etmiş olduğu görülməmişdir. Osmanlı dövləti pişik kimi öz yavrularını yeyir (…) Tarixdə görülməmişdir ki, bir dövlət şeyxülislamlıq məqamını ihraz etmiş (qazanmış) bir ruhanisini, sədrəzəmini, vükəla (Osmanlı İmperatorluğunda nazirlər, vəkillər), məbus, mühərrir və paşalarını üç dörd ay mühakiməsiz həbs etdikdən sonra düşmənin əlinə təslim etmiş bulunsun! Bu rəzaləti yalnız altıncı Sultan Mehmet kimi səfil birisi irtikap (pislik, hiyləgərlik etmək) edər!” (3, s.84, 90). Şərq aləminin acınacaqlı halını həyatdan aldığı “üz qızardan” misallarla şərh edən Ə.Ağaoğlu bütün bu rəzalətlərin qaynağını hökumət haqqındakı baxış tərzində, hüquqi zehniyyətdə və bu zehniyyətin ilham aldığı əsaslarda görür (2, s.143). O, yazır ki, dövlətdə tək yaşayan və əsaslı olan ünsür, dövləti doğuran millətdir. Bu səbəbdən dövlətin də tək təbii adı o millətin adına bağlı olmalıdır. Bizdə isə tarixən bir-birini əvəzləyən hakim sülalə, iqtidar özlərini ayrı-ayrı düşmən dövlətlər saydıqlarından, hər sülalə özünü əvvəlki iqtidar sülalələrin bütün əsərlərini, bütün miraslarını yıxmaq, pozmaq və dağıtmaqda mükəlləf saymışdır (2, s.121).
Əsl dövlət məsələsini xalqın hissləri, əməlləri və istəklərində birliyin meydana gətirilməsi ilə bağlayan Ə.Ağaoğluna görə tariximizdə şəxsə (hökmdara) bağlılıq qaydası dövlətə bağlılıq prinsipinə hakim olandan bəri, türk idarə sahəsindən qovulmuşdur ki, bu da bu xalqın xarakterinin hakimiyyətin tələblərinə uyuşmazlığından doğmuşdur. Müxtəlif millətlərlə qarışmışlar, digər millətlərdən dönmələr, assimilyasiya olunmuşlar isə daima Türk dövlətinin hakim dairələrində, yanı-başında təmsil olunmuş, yerlərini möhkəmlətmiş, dara düşəndə milləti satmış, vətənə xəyanət etmişlər. Son bir neçə əsrdə milli tariximizə qanlı və müdhiş bir şəkil verənlərin yüzdə doxsanı da məhz elə saraya girmək imkanı tapan, soyu-kökü bəlli olmayan, canında, qanında türk xarakterindən, özəlliyindən əsər-əlamət belə olmayan, dövlətin qurucu ünsürü ilə maddi və mənəvi heç bir ilgisi olmayan “qatır cinsini” xatırladanlardır (2, s.130-132).
Ə.Ağaoğlunun deyiminə görə, “nation”, yəni millət ünvanını “yalnız heysiyyət və şərəfini duymuş, istiqlal və hürriyyət eşqini dadmış və şərəfi-nəfsibəşər üçün, hürriyyət və istiqlalı vücud üçün ölmək lazım olduğunu idrak etmiş və gərək daxil və gərək xaricdə bu hürriyyət və istiqlala və onları təmin və təyin edən qəvaidə qarşı icra olunan bir təcavüzə təhəmmül edəməyən cəmiyyətlərə verirlər” (1, s.60).
“Dövlət millətdir, millət dövləti quran ünsürdür” qənaətində olan Ə.Ağaoğluna görə bütün hakimiyyət millətə aid olduğu kimi, bütün haqlar da ona aiddir. Əgər belə bir hakimiyyət və haqqa öz xoşumuzla, qətiyyət və iradəmizlə, mübarizəmizlə nail olsaq nə yaxşı, yoxsa tarix qarşısında pərişanlığımız və məğlubiyyətimiz labüddür. Məğlubiyyətdən yaxa qurtarmağın yolunu isə Ə.Ağaoğlu Qərb mədəniyyətini mənimsəməkdə görür. Lakin bu proses eyni zamanda cəmiyyətin özünü daxili naqisliklərdən, nöqsanlardan, qatı mühafizəkar ənənələrdən özünütənqid yolu ilə qurtarması sayəsində həyata keçirilə bilər. Ə.Ağaoğlu müasir Qərb aləminin qədim cəmiyyətlərin statik, qapalı sistemlərindən əsaslı fərqini özünüinkar və özünütənqid prinsipinin mahiyyətində axtarır. Çünki qapalı-ənənəvi cəmiyyətlər özünə tənqidi münasibətə dəyər, qiymət verməmiş, geriliyin, “məğlubiyyətin” kökünü özlərində deyil, kənarda aramış, bu səbəbdən də digər toplumlar, çevrələrlə daimi çarpışmalarda olmuşlar.
Ə.Ağaoğlu sürgün həyatı yaşamağa məcbur edilmişlər arasındakı qeyri-insani münasibətlərin dəhşət doğuran mənzərəsini xırdalığına qədər təsvir edir. O, təbii fəlakətlər zamanı, hətta doğuşdan bir-birinə düşmən kəsilmiş vəhşi canlıların da bir-birinə isinməsini nəzərdə tutaraq yazır ki, ilk öncə mənə elə gəldi ki, eyni fəlakətə uğramış, eyni cəmiyyət fərdləri arasında dayanışma və yardım qayət təbii və ən əvvəl olacaq bir hal kimi özünü büruzə verəcək və doğruldacaq. “Halbuki Malta bunu göstərmədi. Gələr-gəlməz parçalandıq. Sayımızdan artıq qisimlərə bölündük. Bu bölünmə fikir və duyğuların, əxlaq və təbiətlərin uyğunluğuna görə deyil, sırf cibdəki paranın miqdarına görə yapıldı. Zatən düşüncə və duyğu birliyi heç yoxdu. Demək ki, yaşamaq, nə olursa olsun yaşamaq! Düşmənin olayları, təhqirləri altında, min türlü alçalışla bulaşmış olsun, yenə yaşamaq!” (2, s.57).
Sürgün zamanı ingilislərin qeyri-insani davranışlarına qarşı protest etmə, etiraz səsini ucaltma təşəbbüslərinə arkadaşlarının laqeyd münasibətlərini xatırlayan Ə.Ağaoğlu təəccüblənir ki, “Biz türklər nə qədər sabır (acı, yoxsulluq, haqsızlıq kimi üzücü durumlar qarşısında səs çıxarmadan onların keçməsini gözləmə fəziləti – M.S.) və mütəhəmmiliz (dözən, ağırlığı çəkən, məhəl qoymayan – M.S.)?! Doğrusu, bu dərəcəsi mənim xoşuma gəlmir və bunu hissizlik hesab edirəm!”. “İnsan nəticə əldə etməsə belə özünə qarşı yapılan haqsız və fəna müamiləni (rəftarı) daim rədd və protest etməlidir. Varsın nəticəsiz qalsın, varsın hətta zalımları daha ziyadə şiddətə sövq etsin! Haqqın müdafiəsi öz başına və bizzat bir zövqdür. Bundan dolayı daha ziyadə şiddəti rəva görənlər yollarında uzun müddət davam edəməzlər. Çünki onlar da insandır, onların da vicdanlarında haqqa qarşı istər-istəməz bir hörmət, bir təzim vardır” (3, s.98-99).
Nəinki sıradan olan insanlar, hətta eyni dövlət və hökuməti, partiya və idealları təmsil edən yüksək mövqe sahibləri arasında birliyin olmamasına acıyan Ə.Ağaoğluna görə bir yerdə eyni taleyi, eyni məhrumiyyəti yaşayan şəxslərin əksəriyyəti ruhi və mənəvi baxımdan bir-birilərindən çox fərqliliklər göstərdilər: “Aramızda dünyalarca məsafələr olan və biri-birimizə heç bir növ sement ilə bağlanmamış fərdləriz” (3, s.99).
Məğlubiyyətin səbəblərini də zehniyyət və xarakter fərqliliyinə bağlayan Ə.Ağaoğlu döyüşən hər iki tərəfi müqayisə edərək yazır ki, avropalılar “Yalnız öz hüquqlarına və bu hüququ müdafiə yolunda mücadilə edənlərə hörmət edərlər. Fəqət biz hələ də bu həqiqəti anlayamadıq. Padşah və ətrafını almış olan budalalar (axmaqlar) zənn etdilər ki, məmləkəti avropalılara təslim və zillət ibraz (ortaya qoyma, göstərmə) etməklə qurtara bilərlər. Halbuki onlar zillət və miskinliyə qatlandıqca, ötəkilər küstahlıqlarını (sayğısız, kobud, tərbiyəsiz), təcavüzlərini artırdılar. Hökmdar və hökumət məşhur komandanlarını, məmləkətin seçkin adamlarını təslim etməklə namuslarından belə vaz keçmiş olduqları halda ötəkilər tərəfindən bir zərrə belə mərhəmət və şəfqət ibraz olunmadı (göstərilmədi)” (3, s.99-100).
Ə.Ağaoğlu ingilislərin onlara qarşı qeyri-insani münasibətlərinə qarşılıq olaraq etiraz əvəzinə təşəkkür, razılıq bildirən bir müraciət təşəbbüsünə nəinki qatılmır, hətta hər fürsətdə protest edir. O, ingilis zabitinə müraciətini belə xatırlayır: “Vəhşi heyvanlar kimi dəmir hörgülər altına alınaraq zəncirli qapılar arxasından ət parçaları almaq mənim heysiyyət-i bəşəriyyəmi təhqir edir. Mən ac qalmağı bu kimi hallardan min kərə üstün tuturam, fəqət bu maddi mülahizələrin fövqündə olaraq günahımın nə olduğunu, nədən buralara qədər sövq edilmiş bulunduğumu, hansı qayda və qanuna görə əsir-i hərb hesab edildiyimi anlamaq istərəm. Əgər məni bir şeylə ittiham etmək istəyirlərsə mən dərhal bir məhkəmə, bir hakim tələb edirəm. Mənə sözünüz nədir? – dedim” (3, s.111).
Bu çarpışmalar sonucunda Ə.Ağaoğlu bir daha bu qənaətə gəlir ki, “haqqını arayan daima möhtərəmdir. Hörmətə layiq olmaq üçün həqiqətən möhtərəm olmalısan. Təəssüf ki, biz şərqlilər bu həqiqəti idrak edə bilməmişik. Məsələn, bizlər ki, məmləkətin mümtaz adamlarıyıq, belə olduğu halda zora, zülmə və maddi qüvvəyə qarşı anlaşılmaz bir itaət göstərməkdəyik. Haqq və hüququ aramaq kimsənin ağlına belə gəlmir. Haqsızlıqlara baş əyərək, itaətlə, mülayimliklə, səs çıxarmamaqla haqqın təslim olunacağını zənn edirik. Bu bəlkə bizim kimi ağlasığmaz davranışlara alışqan, vərdişkar mühitlər üçün doğrudur. Fəqət ümumilikdə Avropa və bilxassə ingilis əhval-ruhiyyəsi nöqteyi-nəzərindən bu təsəvvür həqiqətə müvafiq deyildir. Avropalılar zülm və cəfaya qarşı fəryad və zülmdən şikayət etməni, nalə və fəğanı, lütf və mərhəmət dilənməyi ən az hörmətə layiq bir əskiklik hesab edərlər. Bu kimi düşkünlük, əskiklik və zəifliklər göstərənləri nifrətə və aşağılamağa daha ziyadə layiq görürlər. Onlara qətiyyən üzülməzlər.
Əksinə, haqsızlığa qarşı qəlblərində üsyan və coşma duyanları, haqqı müdafiə edənləri, istər müsəlman olsun, istər olmasın, möhtərəm tutarlar. Hətta onları şiddətlə cəzalandırsalar belə yenə içlərində hörmət duyarlar. Fəqət təəssüf ki, biz hələ də Avropanın bu ən ibtidai ruhi xüsusiyyətini anlaya bilmədik. Zillət və miskinliklə ingilis və fransızların mərhəmət və şəfqətlərini tələb etməyə girişdik. Padşahdan başlayaraq bizlərə qədər hamımız zillət irtikap (pis iş görmək) etdik və müqabilində mərhəmət yerinə şiddət, şəfqət yerinə həqarət gəldi” (3, s.113).
Ə.Ağaoğluna görə “haqqpərəstlik bir zehniyyətdir. Başqalarına və öz şəxsiyyətlərinə hörmət etmək xassəsi belə arzu ilə, söyləməklə hasil olan şeylər deyildir! İqtidar mövqeyində başqalarını aşağılayaraq haqq və haqqaniyyətə riayət etməyənlər zorakı qüvvədən başqa şeylər tanıyamazlar; əsarət halında da başqalarından haqq və haqqaniyyətə riayət etmək xassəsi bəkləməzlər və o yoldakı təşəbbüsləri də faydasız hesab edərlər” (3, s.114).
Sürgün arkadaşları içərisində də məğlubiyyətin səbəblərinə təzadlı münasibətlər bəsləyənlər vardı: “Sait Halim Paşa bütün fəlakətlərimizin səbəbinin özümüz olduğunu, Ziya Bəy də Avropada olduğunu iddia edirdilər. Ziya Bəy bütün fəlakətlərin Avropadan gəlmiş olduğuna, Avropanın fəna niyyətilə işlərimizə qarışaraq bizi fəaliyyətdən akim (qısır, uğursuz) buraxmasına aid edərdi. Sait Halim Paşa isə əksinə, bütün fəlakətlərin bizim cəhalətimizdən və bizim yetərsizliyimizdən gəlmiş olduğunu iddia edib dururdu. Halbuki, iki tərəf da haqlı idi. Bizim yetərsizliyimiz günəş qədər aşkar olduğu kimi, Avropanın da bu yetərsizlikdən istifadə etdiyi rədd ediləməz bir həqiqətdir” (3, s.107-108).
Zahirən məlumatlı, zəki olan türklərdə bu haləti-ruhiyyənin mənşəyini əsasən nəhayətsiz və hüdudsuz eqoizmdə, iradəsizlikdə və qeyri-müəyyənlikdə görən Ə.Ağaoğluna görə “Zavallı türkü öz ruhundan ayırmışlar. Tarix, tarix olalı əfəndi və müstəqil yaşamış olan bu millət, bir sıra əsarət və zillət altında əsrlərcə inləmiş olan millətlərin təmtəraqlı, fəqət boş, parlaq fəqət çürük üslublarına qapılmış, öz mənliyini qeyb etmişdir” (3, s.101).
Sürgün həyatının bu dəhşətləri azmış kimi, Ə.Ağaoğlunu daha çox sarsıdan “üst təbəqənin” əxlaqsızlığı, İstanbul iqtidarının şərəfsizliyi, satqınlığı və xəyanəti olmuşdur. Onun fikrincə, Maltadakılar nə qədər şərəfsizlik, qeyrətsizlik nümayiş etdirsələr də vətənə xəyanət kimi kiçiklik göstərməzdilər. “Burası mühəqqəq (şübhəsiz). Fəqət əcaba bu fəzilətdirmi? Vətənə xəyanət etməmək, milləti satmamaq! Bu nə deməkdir? Bunlar həp sıradan adamların da vəzifəsi deyilmidir? Öndərlik iddiasında bulunan adamlardan, bu kimi mənfi sifətlərin üstündə, daha yüksək və müsbət fəzilətlər istəmək təbii deyilmidir...” (2, s.57-58).
Malta sürgünündəki rəzaləti ürək ağrısı ilə xatırlayan Ə.Ağaoğlu, bütün bunları İstanbulda baş verənlərlə müqayisədə keçiləsi, bağışlanılması mümkün olan hal sayır. Çünki sürgündəkilər nə qədər şərəfsizlik nümayiş etdirsələr də, vətəni satmaq, millətə xəyanət kimi alçaqlığa getmədilər. Amma bu zaman son xəlifə Əbdülməcid İstanbulda ingilis əsgərlərinə şəkərləmə paylayırdı. İqtidar sahibləri taxt-taclarını qorumaqdan ötrü ingilis missionerləri qarşısında şərəf və ləyaqətlərini satırdılar, millətə, vətənə xəyanət edirdilər.
Belə bir acı mənzərənin etirafı zorunda qalan müəllif yazır ki, bir tərəfdən İstanbul iqtidarının doğurduğu bu rəzalət, digər tərəfdən Ankaranın milli istiqlal davası kimi şərəfli bir hərəkat! Ə.Ağaoğlu sonralar da bu mövzuya dönə-dönə qayıtmışdır: “…Bəşərdə ağıl və zəka, iqtidar və istibdad xassələri qaldıqca bir qisminin digər qisim üzərində üstünlüyü, bir qisminin digər qismini idarə eyləməsi zəruri və təbii olaraq qalacaqdır. Hökumət şəkli nə olursa olsun millətlər daima məhdud bir azlıqdan ibarət olan zümrə tərəfindən idarə olunmuşlar və olunacaqlar. Məsələ yalnız bu azlığın müraciət etdiyi ilhamın mənbəyindən və mahiyyətindən, idareyi-dövlətə verdiyi şəkil və istiqamətdən, təqib etdiyi qayələrdən ibarətdir. Əsl mühüm və canlı məsələ budur” (1, s.39).
Nəhayət, M.K.Atatürkün: “Malta əsarətinə qarşılıq Anadoludakı ingilis əsirləri sərbəst buraxılacaq!” – qərarından sonra Malta sürgünündə olanlar ingilis əsirləri ilə dəyişdirilir və beləliklə, Ə.Ağaoğlu da İstanbula doğru min bir müşkülatla qarşılaşdığı yolçuluğa çıxır.
Beləliklə, iki ildən artıq davam edən sürgün həyatı başa çatır. Malta məhbuslarını gətirən gəmi İtaliya sahillərinə yan alır. Azərbaycanda müstəqil sovet respublikası qurulduğunu və onun başında çoxdan tanıdığı fikir və mübarizə dostu Nəriman Nərimanovun dayandığını öyrənən Əhməd bəy doğma vətənə qayıtmaq qərarına gəlir. O, bu haqda İtaliyanın Taranto şəhərindən N.Nərimanova göndərdiyi 11 may 1921-ci il tarixli məktubunda ətraflı yazır. Əsli rus dilində olan həmin məktub “Kommunist” qəzetinin 1921-ci il 19 iyun tarixli 109-cu sayında aşağıdakı qeydlə dərc edilmişdir:
“Doktor Nəriman Nərimanov yoldaşımız namına Azərbaycanda məruf və məşhur Əhməd Ağayevdən bir məktub alınmışdır ki, ruscadan tərcüməsini tamamilə aşağıda dərc edirik”.
Əhməd bəyin dünyagörüşünün və onun sosialist inqilabına münasibətini öyrənmək baxımından mühüm sənəd olan bu məktubda deyilirdi: “Möhtərəm Nəriman! 26 aylıq əsarətdən sonra nəhayət mən buraxıldım və başqa arkadaşlarımız ilə bərabər gətirilib bizim xilaskarımız olan Ankara hökumətinin Romadakı nümayəndəsinə tapşırıldıq.
Doğrusunu söyləsəm, mən indi də bilmirəm ki, məni neyçin həbs etmişlərdi və indi nə səbəbə azad edirlər? Bu uzun müddətdə qoca vaxtımda nə qədər cismani maddi və mənəvi əziyyətlər çəkdiyimi, təhqirlər və istehzalar gördüyümü təsəvvür eləməzsiniz. Mənim ailəm İstanbulda qalıb məndən az əziyyət çəkmirdi. Mən iki dəfə sizə müraciət etmişəm, ailəm də həmçinin müraciət etmişdir. Ola bilsin ki, bizim diləkçələrimiz ya sizə gəlib yetişməmişdir və ya siz belə müavinət etmək imkanı əldə edə bilməmişsiniz” (9, s.36-37). Vilayət Quliyevin tədqiqatlarından da (9) öyrənirik ki, Malta məhbuslarını ingilislərin əlindən xilas etmək üçün Ankara hökuməti ilə birlikdə Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov da mümkün olan bütün yollara baş vurmuşdur. O, hətta Bakıda saxlanan ingilis əsirləri ilə Malta sürgünlərini dəyişdirmək təşəbbüsü ilə də çıxış etmişdi. Bu fakt Əhməd bəyin məktubunda da etiraf olunur: “Bakıda bulunan ingilis əsirləri hadisələrindən və bizi xilas etməyə çalışdığınızdan bizi unutmadığınız məlumumuz idi. Görünür ki, siyasi vəziyyətdən dolayı bunu icra etmək sizə mümkün olmamışdır. Bununla bərabər istər mən, istər mənim arkadaşlarım təşəbbüslərinizə qarşı sizə minnətdardırlar”.
Lakin məktub yalnız iki görkəmli Azərbaycan ziyalısı və ictimai xadimi arasındakı münasibətləri aydınlaşdıran bioqrafik çalarlarla diqqəti cəlb etmir. Bu diqqətəlayiq sənəd eyni zamanda Malta sürgünündə olarkən Əhməd bəyin düşüncələrində, siyasi baxışlarında yaranan mühüm təbəddülatdan xəbər verir. Ə.Ağaoğlu məktubda yazırdı: “Şərsiz xeyir olmaz” – demişlər. Bu əsirlik müddətində mən çox oxudum, fikirləşdim, düşündüm. Qabaqcadan mənə tanış olan ingilis dilini əsaslı surətdə öyrəndikdən sonra onun sayəsində və fransız dilinin köməyi ilə mən Qərb kültürünün əsasları haqqında çox oxudum. Sizə də məlum olduğu kimi, müsəlman millətlərinin dillərini də bildiyimdən mən çoxdan lazımınca Şərqi bilirdim.
Bütün bu mütaliələr, düşüncələr və bu müddətdə görmüş olduğum təcrübələr məni dərin və qəti bir imana gətirdi ki, istər Şərqdə, istərsə Qərbdə bütün ictimai üsul və ictimai quruluş yalan, qaba arzu, güclülərin gücsüzləri əzməkləri üzərində durmaqdadır; o şeyə ki, mədəniyyət, hürriyyət, müsavat deyilir, zəhərli bir yalan, alçaq bir riyakarlıqdır ki, onların sayəsində ancaq qaba zülm və haqsızlıq səltənəti qurula bilər. Bu üsuli-idarə öz yalan riyakarlığı ilə davam etdikcə bəşəriyyətə qurtuluş yoxdur və bəşəriyyət əziyyətə məhkumdur. Ondan ötrü yeganə qurtuluş hal-hazırda Rusiyada hükmfərma olan ideal sayəsində mümkündür. Mən bu hərəkatın rəhbərlərinə, bəşəriyyətin xilaskarlarına, istirahət, məhəbbət və səadət üçün insaniyyətə doğru yol göstərən peyğəmbərlərə baxan kimi baxıram. Bu, Şərq üçün də yeganə qurtuluş yoludur… İştə Şərqi əsarətdən xilas edəcək və onunla bərabər Qərbi də qurtara biləcək budur” (9, s.37).
İngilislərin əli ilə göndərildiyi məhrumiyyətli və ədalətsiz sürgün, Türkiyədə və Azərbaycanda Avropa imperialistlərinin törətdikləri özbaşınalıqlardan doğan sarsıntı, bir zamanlar Qərbi tərəqqinin, mədəniyyətin beşiyi sayan, Qərbdən öyrənməyə çağıran Ə.Ağaoğlunun dünyagörüşündə ciddi təbəddülat yaradır. O, despotik, gerilikçi Şərqi də, imperialist Qərbi də eyni qətiyyətlə rədd edir. O, inanır ki, “bu üsul-idarə öz yalan və riyakarlığı ilə davam etdikcə bəşəriyyətə qurtuluş yoxdur və bəşəriyyət əziyyətə məhkumdur”. Nə qədər qəribə olsa da, Əhməd bəyin nəzərləri bu dəfə Şimala – Rusiyaya yönəlir. O, insanlıq üçün nicat yolunu bolşevik ideyalarında – “Rusiyada hökmfərma olan idealda” görür. Ə.Ağaoğlunun fikrincə, Rusiya inqilabının rəhbərlərinin böyüklüyü onların imperialist istismar üsullarını rədd edərək qurmağa başladıqları yeni cəmiyyətdə “təyini-müqəddərati-milli, millətlərin federasyonu və daxili işlərdə millətlərin ixtiyaratı prinsiplərini” əsas tutmalarında idi. Əhməd bəy Rusiya inqilabı ideyalarını “Şərqi əsarətdən xilas edə biləcək və onunla bərabər Qərbi də qurtara biləcək” bir qüvvə hesab edirdi (9, s.37).
Bu məktubunda özünün əhval-ruhiyyəsini emosional bir tərzdə səciyyələndirən Ə.Ağaoğlunun dünyagörüşündəki ziddiyyətlərə toxunaraq Şahnəzər Hüseynov yazır ki, marksizm təfəkkür tərzinə, Rusiyadakı inqilabi hərəkata müsbət münasibətin səbəbləri böhranlı sürgün illərinin fəsadlarında axtarılmalıdır (7, s.9). Məhz belə bir psixoloji durumda yazılmış olan məktubda bildirilirdi ki: “Biz Şərq millətləri bütün varlığımızla bu ideala iltihaq edərək Şərq naminə onun vücuda gəlməsinə xidmət etməliyik. Ələlxüsus, İslam Şərqi onu qəbul edəcək və bütün Asiyanı, Afrikanı öz arxasınca dartaraq, bütün Qərbi də onun qarşısında səcdə etməyə məcbur edəcək, zəhmətkeş sinfi istismara alan imperialistlərdən onu xilas edəcəkdir. Bu barədə Bakı fövqəladə tarixi bir rol oynaya bilər. İslam Asiyasının yol mərkəzində bulunan Bakı öz coğrafi və iqtisadi vəziyyəti sayəsində bütün Asiya təbliğatı üçün asanlıqla bir mərkəz halını ala bilər. Bu təbliğatı təşkil etmək bir vəzifədir” (9, s.38).
Ə.Ağaoğlunun zəhmətkeş təbəqələrin mənafeyini ifadə edəcək, istər Qərbi, istərsə də Şərqi öz arxasınca dartmağa qabil olacaq bir ideal araması mütəfəkkirin yalnız tarixi-mütərəqqi mövqeyindən irəli gəlir. O, İslam aləmində hər hansı bir mütərəqqi, liberal-demokratik təbəddülatın, hərəkatın və bütövlükdə təkamülün uğurlarını alqışlayır və dəstəkləyirdi. Təsadüfi deyildir ki, o, Türkiyənin respublika quruluşunu, onun ilk prezidenti Atatürkün siyasi demokratik quruculuq dəst-xəttini, daxili və xarici siyasətini müdafiə edir, bu sahədə onun məsləkdaşı rolunda fəaliyyət göstərirdi. Sovet diplomatı S.Aralov özünün xatirələrində (13) Ə.Ağaoğlunun dünyagörüşündəki sosial-demokratiya prinsiplərinin mövcudluqlarından bəhs etmişdir. Ə.Ağaoğlunun “mənəvi təkamülü Avropa maarifçiliyinin, ümumbəşəri mütərəqqi baxışların, dünyanın böyük mütəfəkkirlərinin humanist ideyalarının, məhəlli-milli, islami dəyərlərin və onların zəminində şəxsi, subyektiv təhlil süzgəcindən keçmiş qənaətlərin qovşağında baş vermişdir” (7, s.10).
Nəhayət, Əhməd Ağaoğlu yalnız nəzəri mülahizələrlə, tarixi paralellərlə kifayətlənmirdi. O, konkret fəaliyyət göstərməyə hazır idi və gənc Azərbaycan Sosialist Respublikasına öz xidmətini təklif edirdi: “Möhtərəm doktor, əgər mənim nəzəriyyə və imanımın səmimiliyinə, qabaqca əhəmiyyət verə bildiyinizdən şimdi bir yararlıq göstərəcəyimə inanırsınız isə, əmrinizə əcələ etmək üçün bir sözünüzü bəkliyorum. Açıq söyləyəlim: məni bu işə vadar edən xüsusi bir səbəb də var. Mənim əlli bir yaşım vardır. Qocalığım yaxınlaşır. Bir neçə illik qüvvəm qalmışdır. Mən istərdim ki, bu illərimi doğma vətənimə ithaf edim, son çağlarımı orada keçirim, vətənimin torpağında dəfn olum” (9, s.38).
Məktubundakı fikirləri baxımından Ə.Ağaoğlu nə qədər səmimi olsa da, bu da bir tarixi faktdır ki, Nəriman Nərimanova bu sətirləri yazanda iki yol ayrıcında idi. O, Ankara ilə Bakı arasında qalmışdı: “Məni Ankaraya cəlb ediyorlar və orada yenə geniş fəaliyyət imkanı veriyorlar. Hərgah vətənim imtina edərsə, mən oraya gedərəm”.
F.Gülsevənin yazdığına görə Ə.Ağaoğlu 1921-ci il 28 may tarixində artıq İstanbula yetişmişdi (6, s.96). O, bu vaxt N.Nərimanovdan aldığı cavab məktubunda Azərbaycana dəvət edilirdi. N.Nərimanov Ə.Ağaoğlunu dərhal Bakıya, yeni hökumətdə yüksək bir vəzifəyə dəvət etmişdi. Görünür, Türkiyəyə gəldikdən və soyuq başla, faktlar əsasında hər şeyi araşdırdıqdan sonra Əhməd bəy “Azərbaycanmı? Türkiyəmi?” – dilemmasında ikinciyə üstünlük vermiş, bütün türklərin xilas yeri saydığı yeni Türkiyəyə xidməti amorf sovet rejiminə qulluqdan üstün tutmuşdu. Bütün bunların nəticəsi kimi doktor Nərimanova göndərilən və xalqımızın hər iki böyük oğlunun səciyyəsini, qarşılıqlı münasibətlərinin təmizliyini, saflığını müəyyənləşdirməyə imkan verən ikinci tarixi məktubunu yazmışdır.
Bu məktubunda N.Nərimanovun səmimiliyini qiymətləndirən, şəxsiyyətini uca tutan Ə.Ağaoğlu, onu Azərbaycana dəvət etdiyinə görə minnətdarlığını bildirir və dəvəti qəbul edə bilməyəcəyinin səbəblərini açıqlayır. O, N.Nərimanovdan fərqli siyasi əqidəyə, ideoloji cəbhəyə qulluq etdiyini, onu Malta əsarətindən qurtarmış Atatürkün öndərlik etdiyi milli qurtuluş davasında fəal iştirak etmək arzusunu və istiqlal hərəkatına qoşulmağı özü üçün vicdani və insani borc hesab etdiyini ən mühüm səbəblər kimi göstərir. Azərbaycan elmi ictimaiyyəti üçün maraqlı ola biləcəyini ümid edərək həmin məktubu eynilə təqdim edirik:
“Pək əziz və möhtərəm Nəriman Bəy əfəndi,
Əski bir dost haqqında göstərdiyiniz böyük təvəccöhə (rəğbətə – M.S.) qarşı çox minnətdar və mütəşəkkirəm. Fəqət üç türlü düşüncə məni bu təvəccöhdən yararlanmaqdan menedir (əngəl olmaq – M.S.);
1. Təmsil etdiyiniz fikir sisteminə qatılmamaqdayam,
2. Türklər üçün tək qurtuluş imkanının Osmanlı türklüyündə bulunduğu haqqında sizcə də bilinən əski fikir və qənaətim,
3. Məni əsarətdən qurtararaq mənə yeniden can və varlıq vermiş olan Ankaraya koşmanın mənim üçün bir namus borcu olduğu fikrim.
Bu üç düşüncə, məni doğum yerim olan Azərbaycana gəlməyə və mənə təklif olunan yüksək məqamı qəbul etməyə mane olur. Sizin kimi hər şeydən əvvəl açıqlıq və doğruluğa qiymət verən bir zatın məni mazur (üzrlü) görəcəyindən şübhə etmirəm. Türklük bölünmə qəbul etməyən bir bütündür. Məqsəd ona xidmətdir. Bu xidmət harada yapılırsa mübarəkdir, müqəddəsdir. Sizin kimi doğru və səmimi bir zatın bütün Türk aləminin və özəlliklə Osmanlı Türk mühitinin keçirməkdə olduğu bugünkü faciəli böhran arasında, Azərbaycanın başında bulunması, bütün Türk aləmi üçün xeyirli bir əlamətdir. Siz orada qüvvətli bir məqam sahibi olaraq, mən də Ankarada, Ankara rəislərinin məiyyətində və ikimiz də daşıdığımız fikir və qənaətlər içində – hər şeyin üstündə olan Türklüyə xidmət. İştə məsafələrin uzaqlığına rəğmən bizi birləşdirəcək və təmin edəcək qayə.
Baki (əbədi, sonsuz – M.S.) gözlərinizdən hörmət və məhəbbətlə öpür, qardaşım ilə ailəsini yüksək himayənizə əmanət edirəm” (3, s.141-142).
Ə.Ağaoğlu N.Nərimanova yazmış olduğu sonuncu məktubundan bir neçə gün əvvəl Ankaraya – o zaman Milli Eğitim Bakanı olan Hamdullah Suphi (Tanrıöver) bəyə bir məktub yazaraq Ankaraya gəlmək istədiyini bildirmişdi.
Bu məktubda Ə.Ağaoğlunun həyat amalı öz əksini tapmışdı, – o, dünyanın harasında olursa-olsun, türklüyə xidməti ən müqəddəs vəzifəsi sayırdı. Təbii ki, bu vəzifə və iman gətirdiyi qayələr onu türklüyün taleyi ilə bağlı ən odlu, ən qaynar nöqtələrə çəkirdi. 1921-ci ildə Türk dünyası üçün belə qaynar nöqtə, böyük və qədim bir millətin taleyinin həll edildiyi Anadolu idi. Ə.Ağaoğlu Anadoluya – Milli Mücadilə qəhrəmanlarının sırasına, onu Malta sürgünündən qurtaran Mustafa Kamal Paşanın köməyinə tələsirdi.
Hər iki məktubun tarixi və məzmunu təsdiq edir ki, Ə.Ağaoğlunun Rusiyadakı “ideallara” münasibəti, orada cərəyan edən hadisələrin mahiyyətindən xəbərdar olmamasından, onları yaxından müşahidə etmək imkansızlığından, bolşevik iqtidarının niyyətlərini gizli saxlaya bilmək məharətindən doğmuşdur. “Panislamist”, “pantürkist”, “qatı qərbçi” damğası vurulmuş bir insanın marksizmə və bolşevizmə “ideal” kimi baxması məntiqə sığmayan bir haldır. “Doğunun tək əlacı demokrasidir” deyən bir şəxsin bu əlacı Rusiyada araması səbəbini həm yuxarıda sadaladığımız imkansızlıq və məlumatsızlıqda, həm də Qərb mədəniyyəti çevrəsinə mənsub imperialist dövlətlərin işğalçılıq siyasətlərinin amansız nəticələrində axtarmaq lazımdır. Çünki həmin dövrdə qələmə aldığı bütün yazılarında Ə.Ağaoğlu müasir mədəniyyətin demokratik prinsiplərini Qərbdə aramış, Avropa ölkələrinin ictimai-siyasi quruluşlarını, müəssisə və təşkilatlarını, düşüncə tərzlərini örnək kimi mənimsəmənin Şərq üçün qaçılmaz bir zərurət olduğunu dönə-dönə təkrarlamışdır. Ə.Ağaoğlu Qərb mədəniyyətini tam mənası ilə, bütün müəssisələrilə birlikdə qəbul etməyin tərəfdarı olduğu üçün, habelə “bu və bənzəri fikirlərindən, iqtisadi və ictimai məsələlərdəki fərqli düşüncələrdən dolayı başlanğıcda bərabər olduğu islamçı və türkçü aydınlarla fikri mücadilə içinə girmiş, başda İsmayıl Qaspıralı olmaq üzrə, Babanzadə Əhməd Naim, Süleyman Nazif, Yaqub Qədri, Şövkət Sürəyya Aydəmir və Məhəmməd İzzət tərəfindən şiddətlə tənqid edilmişdir” (8, s.465).
Əslində qərbçi düşüncə tərzi Ə.Ağaoğlunun Paris, Bakı, İstanbul və Ankara dövrü yaradıcılığının bütün sahələrində nəzərə çarpmış və düşüncəsini hər zaman məşğul etmişdir. Onun məhz Qərb fikir və ideyalarını təbliğ etdiyi üçün “Firəng Əhməd” adı ilə tanındığı Bakı mühitindəki yazılarında, 1919-1920-ci illərdə Malta sürgünündə olarkən qələmə aldığı “Üç mədəniyyət” (2) və “Mütarəkə və sürgün xatrələri” əsərlərində (3), 1922-ci ildə Ankarada “Hakimiyyəti milliyyə” qəzetində dərc edilmiş silsilə məqalələrində, 1942-ci ildə isə “İxtilalmı, inqilabmı” adı ilə nəşr edilmiş kitabında (1) Avropa mədəniyyətinin mənimsənilməsi uğrunda apardığı mübarizə qətiliyi və kəskinliyi ilə Cümhuriyyətdən sonrakı yaradıcılığından heç də “geri qalmır”. Əksinə, Cümhuriyyətəqədərki dövr yaradıcılığında problemin qoyuluşu, məsələnin şərhi, böhrandan çıxış yollarının aranması və qurtuluşun yalnız Avropa mədəniyyətinə girilməsi ilə mümkünlüyü ideyası tarixilik prinsipi və müqayisəli təhlil üsulu ilə izah edilmiş, məntiqi, inandırıcı faktlarla sübuta yetirilmişdir.
Ə.Ağaoğlunu həyatı boyu düşündürmüş, narahat etmiş əsas mədəniyyət problemləri sürgün illərində qələmə aldığı “Üç mədəniyyət” əsərində sistemli bir ifadəsini tapmışdır. Ə.Ağaoğlu şəxsiyyətinin və ideyalarının bu əsərdə daha qabarıqlığı ilə özünü büruzə verməsi müasirlərinin də diqqətindən yayınmamışdır. M.Ə.Rəsulzadə bu barədə yazırdı: “Özünəməxsus mücadilə və münaqişə hərarətilə Türkiyəyə idealist Avropa nəşriyyatçılığını götürdüyü üçün arkadaş və akranı (yaşıdları – M.S.) arasında “ustad” avtoritetini qazanan Əhməd bəyin fikri həyatındakı şəxsiyyətini təsbit üçün, Malta əsarəti əsnasında yazdığı “Üç mədəniyyət” risaləsinə müraciət etmək lazımdır” (10).
Ə.Ağaoğlu Maltada sürgündəykən (1919-1921) yazdığı və yalnız Cümhuriyyət dövründə yayınlaya bildiyi “Üç mədəniyyət” əsərində dünyanın tanıdığı üç böyük mədəniyyətdən Budda-Brahma və İslam mədəniyyətinin çökməkdə olduğunu, Qərb mədəniyyətinin isə bütün ünsürlərilə dünyaya hakim olması fikrini irəli sürmüş, təməl prinsipləri insan haqq və hürriyyəti olan Qərb mədəniyyətinin mənimsənilməsinin qaçılmaz bir zərurət olduğunu təkidlə söyləmişdir.
Ə.Ağaoğlu mədəniyyəti daha geniş, bütün tərifləri özündə ehtiva edən və bu kəlməyə ən geniş mənanı verən “həyat tərzi” kimi qəbul edərək yazır: “Mədəniyyət demək – həyat tərzi deməkdir”. Bir şərtlə ki, burada həyat qavramının özü ən geniş və hərtərəfli bir məna daşımalı, həyatın bütün sahə və tərəflərini, maddi və mənəvi hadisələrini özündə ehtiva etməlidir. Belə olan halda mədəniyyət düşüncə və axtarış tərzindən başlayaraq geyiniş şəklinə qədər həyatın bütün təzahürlərini, hadisələrini əhatə etmiş olur (2, s.4).
Müasir mədəniyyətin mənimsənilməsində üstünlüyün yalnız elm və texnikaya bağlılığını qəbul edərək digər tərəflərdən vaz keçmək istəyənləri nəzərdə tutan Ə.Ağaoğlu yazır ki, onlar Avropa mədəniyyətinin nöqsanlı və hətta iyrənc tərəflərindən qurtulmaq niyyətilə o mədəniyyətin bir süzgəcdən keçirilməsini istəyirlər. Halbuki, “Bir mədəniyyət zümrəsi bölünməz bir bütündür. Parçalana bilməz. Qalibiyyət və üstünlüyü qazanan onun bütünlüyüdür” (2, s.11). Vahid orqanizm halına gəlmiş Avropa elmi-texniki tərəqqisi də bu bütünlüklə şərtlənir. Müasir dünyanın elm və bilikləri məhz Avropa şəraitinin, onun ümumi ünsürlərinin, mexanizminin bəhrəsidir. Ə.Ağaoğlu mədəniyyət çevrəsini canlı orqanizmlərlə müqayisə edərək onun bütövlüyünü o bitkilərə bənzədir ki, yetişmələri və inkişafı üçün bəlli şərtlərin olmasına möhtacdırlar. Başqa çevrələrdə, başqa şərtlər içində həmən solub gedərlər. Avropa mədəniyyəti də yalnız elm və texnikası ilə deyil – bütünlüyü, ümumi əlamətləri, xüsusiyyətləri, bütün nöqsanları və fəzilətləri ilə qələbə çalmışdır (2, s.11-12). Odur ki, bu sellab qarşısında öz həyatını elə bu mədəniyyət vasitəsilə mühafizə etmək istəyənlər onu olduğu kimi qəbul etməlidirlər.
Ə.Ağaoğlu eyni mədəniyyət çevrəsində olan, eyni dinə etiqad edən, hətta eyni dildə danışan xalqların milli şəxsiyyətlərinin dəyişməz olduğunu və aralarındakı fərqin daimi olduğunu bildirməklə bərabər, belə bir sual da verir ki, əcəba millətdə dəyişməyən, ölümsüz, müqəddər bir özəllik, bir özlük varmıdır? Əsla yox! Tarixdə dinini ən azı iki dəfə dəyişməyən hansı millət vardır? Əxlaq və hüquq da mahiyyətləri etibarilə dəyişəndir. Dünən fəna və çirkin sayılan bir şey və ya hərəkətin, eyni çevrə içində bu gün yaxşı və gözəl sayıldığı, hər gün hamımızın şahidi olduğumuz hadisələrdəndir (2, s.14). Az-çox “əbədilik qoxusu dildən gəlir. Fəqət bu da gerçək və ümumi deyildir” (2, s.15). Bununla bərabər bir millətin tarixində ən sağlam olan və həmin dəyişməz dərəcəsinə varan amil dildir, yəni yalnız dildir ki, mahiyyəti dəyişmədən inkişaf xüsusiyyətlərini daşıyır. Demək ki, ümumilikdə şəxsiyyət və özlük deyilən məfhum dillə bərabər bir millətin maddi varlığından başqa bir şey deyildir. Hər maddi vücudun bir şəxsiyyəti vardır. Yəni onu başqa vücudlardan, başqa əşyadan ayıran tərəfləri vardır. “Bunun kimi, millət varlığı ilə belə bir şəxsiyyət daşıyır. Digər millətlərdən mütləq surətdə ayrılır. Fəqət bu şəxsiyyət filan əxlaq və hüquqla, filan musiqi və qayğı ilə şərtlənmiş deyildir” (2, s.15).
Ə.Ağaoğluna görə eyni mədəniyyətin bir çox dəyişik əlamətləri və müəssisələri çeşidli millətlərin ruhlarından keçərkən müxtəlif şəkil və rəng alır. Hər millət onlarda özünə xas və doğuşdan gələn şəxsiyyətini əks etdirir. Ə.Ağaoğlu Qərb mədəniyyət çevrəsində ingilis, alman, fransız və s. xalqların, Şərq mədəniyyət çevrəsində isə türk, ərəb, fars və s. xalqların milli xüsusiyyətlərini – belə bir şəkil çoxluğunu, özəlliyi milli şəxsiyyət adlandırır. Onun qənaətinə görə özlük deyilən şey elə bundan ibarətdir. Bu doğuşdandır, müqəddərdir, istəyə bağlı deyildir, istər-istəməz özünü göstərir. Kainatda eyniyyət yoxdur. Eyniyyət olmadıqca şəxsiyyət labüddür. Başqalarından heç bir alış onu təhlükə qarşısında qoymaz. Əksinə olaraq, özünü göstərmək üçün yeni sahələr hazırlar. Milli şəxsiyyəti yalnız hərəkətsizlik öldürər. İstər fərdlərdə və istər millətlərdə həyat nə qədər gerçək və qüvvətli isə, şəxsiyyət də o nisbətdə ziyadədir. Qəlbinin həyəcanlarını yeni ahənglərlə söyləməyən, zəka və dimağının məhsullarıyla insanlığı verimli etməyə qüdrətli olmayan, fəaliyyətinin meyvələrini ümumi bazara çıxara bilməyən cəmiyyətlər hansı şəxsiyyətdən, hansı özlükdən söz edə bilərlər? (2, s.17).
Malta sürgünündə yazılmış “Üç mədəniyyət” əsərini nəzərdə tutaraq M.Ə.Rəsulzadə yazırdı ki, Osmanlı imperatorluğunun I dünya müharibəsindəki müdhiş fəlakəti Əhməd bəyin ötədənbəri daşıdığı düşüncə və tənqidlərini müəyyən bir sistem halında şəkilləşdirməyə sövq etmişdir. Uzaq Şərq – Budda mədəniyyəti kimi, Yaxın Şərq – İslam mədəniyyətinin də Qərb mədəniyyətinə qəti surətdə məğlub olduğunu özünəməxsus kəskin bir əda ilə yazan Əhməd bəy bu risaləsində bizə mütəəssib bir qərbçi sifətilə təqdim olunmaqdadır 10).
Ə.Ağaoğlu sürgün dövründə yazdığı hər iki əsərində qətiyyətlə bəyan edirdi ki, bütün Şərqi öldürən və bizim də bir çox səy və çalışmalarımızı, fəaliyyətlərimizi batil edən – prinsipsizlik, riyakarlıq, cəhalət və təşkilatsızlıqdır. Bütün bunlara “çarə tapmadıqca bəla başımızdan əskik olmaz, toxmaq daima başımızın üzərində asılı durar” (1, s.66-67). “Ya çağa uyaraq müəssisələrini olduğu kimi, qəlbləri və ruhları ilə qəbul edib uyğulayacağıq və ya bunu etməyərək məhvimizə razı olacağıq... Mədəniyyət alanında məğlubiyyətimiz qətidir. Qalib mədəniyyəti mənimsəmək məcburiyyətindən vaz keçilə bilməz” (2, , s.17, 146).
Gətirilən sitatlardan da göründüyü kimi, həyatı boyu gah “panislamist”, “pantürkist”, gah da “qatı, mütəəssib bir qərbçi” və bəzən hətta marksizmə və Rusiya bolşevizminə meyllənən bir fikir və siyasət adamı kimi ittihamlarla üzləşən, tənqidlərə məruz qalan Ə.Ağaoğlunun düşüncələrindəki, yazılarındakı müəyyən ifratçılıq halları tarixi, ictimai, siyasi vəziyyət və Türkiyədə, Rusiyada, Azərbaycanda, bütövlükdə bütün dünyada baş verən hadisələrin sürətli inkişafı və dəyişilmələri ilə izah olunmalıdır. Burada fikri ideallar, qənaətlərlə yanaşı, sürətli dəyişmələrlə müşayiət olunan ictimai durum, daxili və xarici siyasət, xalqın düçar olduğu hadisələrin gedişatı da hökmən nəzərə alınmalıdır. Çünki Ə.Ağaoğluna qarşı qaldırılan “ittihamlar”ın tam, məntiqi bir əsası yoxdur. Bu “ittihamlar”ın hər birini o, öz əsərlərində dəfələrlə cavablandırmışdır. Ə.Ağaoğlu N.Nərimanova ünvanladığı məktublardan bir il sonra – 1922-ci ilin avqustunda bu barədə yazır: “Dünyada heç bir millət xarici siyasətini müsbət, daimi, dəyişməz əsaslar və prinsiplər üzərində qura bilməz. Çünki xarici münasibətin mahiyyət və istiqaməti yalnız o millətin iradəsinə tabe deyildir. Bu iradənin xaricində zühur edən bir çox amillər və hadisələr hər gün o münasibəti poza bilər və siyasi adamların bütün məharət və qeyrətləri bu dəyişmələri vaxtında müşahidə və qeyd edərək mənsub olduğu məmləkətin qurtuluş siyasətini ona görə çevirməkdən ibarətdir. Dünənki düşmən bu gün dost ola bilir və əksinə bugünkü dost yarın düşmən ola bilir. Ona görə də aramızdakı Şərq və Qərbə aid ictihad ixtilafları sırf xarici siyasət sahəsinə məhdud qalırsa, belə bir ixtilafda məmləkət üçün heç bir zərər və ziyan görməyiz. Biz bu gün Şərq siyasəti tərəfdarıyız. Zira məmləkətimin mənafeyini bunda görüyoruz və bugünkü şərait davam etdiyi, Şərq akvamı (qövmləri) və xüsusilə Rusiyada bugünkü vəziyyət davam edildiyi müddətcə, bu siyasətin tərəfdarı olacağız. Lakin yarın hər hansı bir səbəb dolayısıyla, məsələn, Rusiyada əksinqilab olaraq imperialist qüvvələri kara gəlirsə, dərhal siyasətimizin dəyişməsini arzu edərəm. Zira o zaman bugünkü siyasətin məmləkətim üçün pək zərərli olacağına da tamamən qaneyəm” (1, s.64).
Deməli, istər fikir adamı, istərsə də siyasət adamı kimi Ə.Ağaoğlunun məqsədi, amalı təkdir: Türklüyə xidmət, kültürə sahib durmaq şərtilə müasir mədəniyyəti mənimsəmək, demokratik prinsiplərə əsaslanan cəmiyyət qurmaq. Bu mənada fəaliyyətinin ayrı-ayrı dövrlərində, ictimai-siyasi situasiyaların dramatizmindən irəli gələn mövqe dəyişkənliyi fonunda daha çox sabit görünən faktlardan biri bundan ibarətdir ki, Ə.Ağaoğlu ictimai problemlərin həllinin birinci yolunu Avropa mədəniyyətini mənimsəməkdə görmüş və bu məsələyə münasibətində daha səmimi olmuşdur. Gerçəkdən də Ə.Ağaoğlunun yaradıcılığında, baxışlarında, ümumiyyətlə nəzəri və əməli fəaliyyətində daha çox qətiyyətli və səmimi olduğu mövzulardan biri kültür və mədəniyyətlə bağlı idi. O, yuxarıda da vurğuladığımız kimi, bütün həyat və yaradıcılığı boyu qətiyyətlə söylədiyi bir fikri sürgün illərində yazdığı əsərlərində xüsusi bir iddia ilə bəyan edirdi: “Qəlblə, hisslə şərqli olmaq, dimağla, qafa ilə qərbli olmaq, iştə bizim məmləkətimiz üçün arzu etdiyimiz ən yüksək ideal və təsəvvür edə bildiyimiz yeganə çareyi nicat! Bir sözlə kültür etibarilə Türk-İslam qalmaq və mədəniyyət etibarilə də Avropalı olmaq istərəm” (1, s.65).
Şübhəsiz, Ə.Ağaoğlu kimi böyük bir həyat məktəbi keçmiş, nüfuzlu və təcrübəli bir siyasət adamının Azərbaycana gələrək burada fəaliyyət göstərmək istəməsi, hər şeydən əvvəl, onun böyük vətənpərvərliyindən xəbər verirdi. Onun bolşevik ideallarının insanlığı xilas edəcəyi barəsindəki düşüncələrinə gəldikdə isə, bu, təbii ki, daha çox ümidsizlikdən, çıxılmazlıqdan doğan bir aldanış idi. Gizli deyil ki, bolşeviklər ilk baxışdan son dərəcə cəlbedici görünən şüarlar arxasında gizlənərək bir müddət özlərini dünyanın bir sıra mütərəqqi yazıçı, alim və ictimai xadimlərinin nəzərində əzilənlərin dostu, köləliyin, zülm və istismarın barışmaz düşməni kimi qələmə verə bilmişdilər. 1918-1921-ci illərdə Sovet Rusiyasında gedən proseslərə dərindən bələd olmayan Ə.Ağaoğlu da ilk növbədə bolşevik şüarlarının bu zahiri cəlbediciliyinə aldanmış ola bilirdi.
Əhməd Ağaoğlunun mübarizəsinə və ideallarına tərs mütənasib görünən sözügedən məktubla bağlı mühüm bir təfərrüata – məktubun kimə ünvanlandığına da diqqət yetirmək lazımdır. Əhməd bəy, Nəriman Nərimanovu kifayət qədər yaxşı tanıyırdı, onun fikir və düşüncələrinə, millətin, torpağın və dilin taleyi ilə bağlı məsələlərdə prinsipiallığına və dönməzliyinə bələd idi. Əhməd bəy inanırdı ki, Nəriman Nərimanov sadəcə hakimiyyət, rəyasət naminə özünün prinsiplərindən imtina etməz, arxasında qüvvə dayanarsa, onu əymək, sındırmaq o qədər də asan olmaz. Məhz bu baxımdan Ə.Ağaoğlu sovet Azərbaycanında, doktor Nərimanovun rəhbərliyi ilə xalq və millət üçün işləməyi mümkün sayırdı. Və nəhayət, unutmayaq ki, məktub uzaq Romadan, iki ildən çox davam edən sürgün həyatından sonra, kifayət qədər götür-qoy edilmədən və təhlil aparılmadan yazılmışdı. Ona görə də, fikrimizcə, Ə.Ağaoğlu zehniyyətinə təsirləri baxımından yalnız müəyyən məqamlarına toxunmağa çalışdığımız sürgün illərinin təzadlı düşüncə və baxışları (xüsusilə də, cahan savaşı və sonrakı dövrdə dünyanı cənginə almış böhranlı ictimai, siyasi, hərbi, iqtisadi və mədəni hadisələr kontekstində baxıldıqda) təbii sayılmalıdır.
ƏDƏBİYYAT
1. Ağaoğlu Ahmet. İxtilalmı, inqilabmı? Ankara, 1942.
2. Ağaoğlu Ahmet. Üç mədəniyyət. İstanbul, 1972.
3. Ağaoğlu Ahmet. Mütareke ve sürgün hatıraları (Yayına hazırlayan: Ertan Eğribel – Ufuk Özcan). İstanbul, Doğu Kitabevi, 2010.
4. Ağaoğlu Samet. Babamdan hatıralar. Ankara: Zerbamat matbaası, 1940.
5. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (I kitab. Stenoqrafik hesabatlar). Bakı, “Azərbaycan” nəşriyyatı, 1998.
6. Gülseven Fahrettin. Ahmet Ağaoğlunun hayatı, fikirleri, siyasi ve sosyal mücadeleleri. “Azərbaycan” dergisi, Ankara, 1989, sayı: 268, s.72-109.
7. Hüseynov Şahnəzər. Əhmədbəy Ağaoğlunun dünyagörüşü. Bakı, 1998.
8. İslam ensiklopediyası. I-cild. Ə.Ağaoğluya aid məqalə, s.464-466.
9. Quliyev Vilayət. Ağaoğlular. Bakı, Ozan, 1997.
10. Rəsulzadə M.Ə. Ə.Ağaoğlunun vəfatı münasibətilə yazdığı məqalə. “İstiqlal”, Berlin, 1939; “Azerbaycan” dergisi, Ankara, 1952, sayı 4, s.11-13.
11. Süleymanlı Mübariz. Ahmet Ağaoğlunun zihniyetine tesirleri bakımından sürgün yılları. Ahmet Ağaoğlunun “Mütareke ve sürgün hatıraları” əsərinin Ertan Eğribel və Ufuk Özcan tərəfindən hazırlanmış nəşrinə təqdimat (ön söz). İstanbul: Doğu kitabevi, 2010, s.33-46.
12. Talıbzadə Kamal. Əhməd Ağaoğlu və onun “Rus ədəbiyyatının ümumi səciyyələri” əsəri. Seçilmiş əsərləri. İkinci cild. Bakı: Azərnəşr, 1994.
13. Аралов С. Воспоминания советского дирломата. Москва, 1960.
Geostrategiya" jurnalı № 05 (29) SENTYABR-OKTYABR 2015
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM