Korrupsiya: anlayışı, mahiyyəti və problemləri

19:52 / 11.07.2013

Asif Qədirov

Hüquq üzrə fəlsəfə doktoru

Korrupsiya ictimai həyatın bütün sahələrinə pozucu təsir edir. Bu neqativ təzahür cəmiyyətin mütərəqqi inkişafına maneə olmaqla yanaşı, həm də ölkənin milli təhlükəsizliyi üçün ciddi problem hesab edilir.

 Korrupsiya iqtisadi sahədə sağlam bazar rəqabəti mexanizminin pozulmasına, inhisarçılığın yaranması və inkişafına, dövlət büdcə vəsaitinin, xüsusən dövlət sifarişlərinin bölünməsi və kreditlərin qeyri-səmərəli paylanılmasına, cəmiyyətin əksəriyyətinin hesabına korrupsiya münasibətlərində olan bir qrup insanın əsassız varlanmasına, korrupsiya elementlərinin hesabına malın və xidmətlərin qiymətinin artmasına, gizli iqtisadiyyatın formalaşması və inkişafı üçün əlverişli şəraitin yaranmasına gətirib çıxarır ki, bu da son nəticədə dövlətin öz iqtisadi funksiyasını tam həcmdə, səmərəli və ədalətli şəkildə həyata keçirməsinə maneçilik törədir. 
Korrupsiya sosial sahədə cəmiyyətin üzvlərində hər şeyin pulla ölçülməsinə, insanın dəyərinin əldə etmə vasitəsindən asılı olmayaraq şəxsi vəsaitinin məbləği ilə qiymətləndirilməsinə, insanların əxlaq və davranışlarında sivil sosial nizamlayıcıların - əxlaq, din, hüquq və ictimai rəyin devalvasiyasına və dağılmasına gətirib çıxarır. Korrupsiya ölkənin maddi həyat nemətlərinin kiçik oliqarxik qrupun xeyrinə ədalətsiz şəkildə bölünməsinə, cəmiyyətin böyük hissəsinin yoxsullaşmasına və ölkədə sosial gərginliyin artmasına səbəb olur. Korrupsiya cəmiyyətin ayrı-ayrı strukturlarının həyatını nizamlayan əsas vasitəyə çevrilməklə qanunu, hüququ nüfuzdan salır. 
Siyasi sahədə korrupsiya siyasətin məqsədinin ümummillilikdən oliqarxik klan və qruplaşmaların hakimiyyətinin təmin olunmasına, kapitalı xaricdə gizlədən korrupsionerlərin ölkənin milli təhlükəsizlik maraqlarına xəyanət etmələrinə, beynəlxalq arenada ölkənin nüfuzdan düşməsinə, onun siyasi və iqtisadi cəhətdən təcrid olunmasına, cəmiyyətin hakimiyyətə inamının azalmasına, insanlarda demokratik dəyərlərə dair ümidsizliyin yaranmasına və başqa, totalitar dövlət forması olan diktaturaya yol açır.
Dünyanın demək olar ki, bütün ölkələrində korrupsiya halları mövcuddur. Ona görə də beynəlxalq səviyyədə korrupsiya ilə mübarizənin gücləndirilməsi məsələlərinə BMT, Avropa Şurası kimi təşkilatlar da xüsusi diqqət yetirir. Bu hadisənin yüksək ictimai təhlükəliliyi nəzərə alınaraq BMT Baş Assambleyasının 34-cü sessiyasında «Hüquq qaydalarının qorunması üzrə vəzifəli şəxslərin davranış Məcəlləsi» qəbul olunmuşdur. 1996-cı ildə Avropa Şurası tərəfindən korrupsiya ilə mübarizə üzrə fəaliyyət proqramı qəbul edilmişdir. Beynəlxalq səviyyədə qəbul edilmiş sənədlər sırasında 27 yanvar 1999-cu il tarixli Korrupsiyaya görə cinayət məsuliyyəti haqqında Konvensiya və 4 noyabr 1999-cu il tarixli Korrupsiyaya qarşı mülki-hüquqi məsuliyyət haqqında Konvensiya xüsusi əhəmiyyət kəsb edir
Qeyd etmək lazımdır ki,hüquq ədəbiyyatında hal-hazırda bir təzahür kimi korrupsiyaya birmənalı anlayış verilməmişdir. Korrupsiya termini altında etimioloji olaraq nəyin nəzərdə tutulduğuna, korrupsiyanın tarixən yaranması məsələlərini, hansı növ kriminal əməllərin korrupsiya cinayətləri hesab edilməsinə, ayrı-ayrı hüquqşünaslar və beynəlxalq təşkilatlar tərəfindən korrupsiyaya verilmiş anlayışlara xüsusi diqqət yetirilməsi zəruridir. Göstərilən məsələlərin əhəmiyyətini qiymətləndirərək V.Məmmədov yazır: «insan cəmiyyətinin müasir inkişaf səviyyəsi səmərəli şəkildə öz həllini gözləyən bir çox problemlərlə səciyyəvidir. Bu problemlər əsasən keçid dövrü yaşayan ölkələrdə daha qabarıq şəkildə özünü büruzə verir. Cəmiyyətdə mövcud olan bu problemlər içərisində korrupsiya daha geniş yayılmışdır və onunla mübarizə aparılması məsələsi nəinki dövləti, bütövlükdə hər bir vətəndaşı düşündürməlidir. Bu baxımdan hesab edirik ki, korrupsiyaya qarşı mübarizə aparmaq üçün ilk növbədə onun anlayışı, yaranması tarixi, genişlənməsi səbəbləri, onun subyektləri və təzahür formaları, o cümlədən onun nəzəri və praktiki məsələləri geniş şəkildə araşdırılmalıdır. Ona görə ki, korrupsiyanın iqtisadi, sosial və siyasi sahədə vurduğu ziyan olduqca böyükdür. Onun mövcudluğu isə elə bir cəmiyyətə gətirib çıxarır ki, həmin cəmiyyətdə demokratik prinsiplər və bazar iqtisadiyyatı münasibətləri formalaşa bilmir» (13, s.4). Hüquq ədəbiyyatında korrupsiyanın müxtəlif anlayışlarına rast gəlinir. Bir çox izahlı lüğətlərdə korrupsiya vəzifəli şəxslərin, siyasi xadimlərin rüşvətlə alınması, satılması kimi xarakterizə edilir. Məsələn, A.M.Proxorovun redaktorluğu ilə nəşr olunmuş «Sovet ensiklopedik lüğəti»ndə «korrupsiya - vəzifəli şəxslərin tutduğu vəzifələrdən irəli gələn hüquqlardan şəxsi mənfəət naminə birbaşa istifadə etməsi» kimi (18, s.640); S.M.Lokşinanın redaktorluğu ilə nəşr olunan «Əcnəbi sözlərin qısa lüğəti»ndə «korrupsiya - vəzifəli şəxslərin, ictimai və siyasi xadimlərin ... cəmiyyətdə satın alınması» kimi (10, s.129); A.Y.Suxorevanın redaktorluğu ilə nəşr olunmuş «Hüquq lüğəti»ndə «korrupsiya - hüquq və hakimiyyət səlahiyyətindən istifadə etməklə vəzifəli şəxslərin şəxsi mənfəətini təmin etmək məqsədilə siyasi və dövlət idarəçiliyi sahəsində yol verilən cinayətkar fəaliyyət» kimi (3, s.320); S.İ.Ojeqovun «Rus dilinin lüğəti»ndə «korrupsiya - vəzifəli şəxslərin və siyasi xadimlərin.... Cəmiyyətdə rüşvətlə satın alınması» (17, s.256) kimi xarakterizə edilərək bu cür anlayışlar verilmişdir. 
Dünya ölkələrində, o cümlədən, Azərbaycanda korrupsiyanın yayılmasının səbəbləri çoxsaylı və müxtəlif amillərlə şərtlənir. Təzahür xarakterinə görə onları siyasi, iqtisadi və hüquqi (ilk növbədə korrupsiya hallarına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemindəki boşluq və çatışmazlıqlar) səbəblərə bölmək mümkündür. Onu da qeyd etməliyik ki, artıq Azərbaycan Respublikasının antikorrupsiya qanunvericiliyi daha səmərəli və daha kəsərli olmuşdur. Lakin respublikamızın ictimai həyatının müxtəlif sahələrində həyata keçirilən uğurlu islahatlar qanunvericiliyin təkmilləşdirilməsini tələb edən zəruri şərtlərdən biri kimi hüquqşünas alimlərin qarşısına qanunvericilikdə mövcud olan boşluqlarla əlaqədar problem və ziddiyyətlərin həllini mühüm bir vəzifə kimi qoyur. 
Rüşvətxorluq korrupsiyanın ən təhlükəli təzahürüdür, çünki rüşvət alma-vermə bir sıra hallarda digər cinayətlərin törədilməsi ilə müşayiət olunan, çətin açılan latent cinayətdir. Rüşvətxorluq siyasi və iqtisadi quruluşundan asılı olmayaraq dövlətin inzibati idarəçilik sistemində kök salan və onun normal inkişafına zərbə vuran mənfi hallardan biridir [19, s. 21].
Digər ölkələrdə olduğu kimi respublikamızda da ictimai həyatın müxtəlif sahələrinə rüşvətxorluq sirayət etmişdir. Bir çox dövlət və bələdiyyə orqanlarında rüşvət götürülür və verilir. R.M.Mirzəyev yazır: «Müasir dövrdə mülkiyyət münasibətlərində və digər sahələrdə baş vermiş dəyişikliklər rüşvətxorluğun keyfiyyət xarakteristikasının da dəyişməsinə səbəb olmuşdur. Rüşvətin məbləği müqayisə olunmaz dərəcədə artmış, predmeti də dəyişmişdir. Rüşvət əksər hallarda qiymətli predmetlərlə (mebel, mənzil, avtomaşın, zinət əşyaları və s.) verilir..... Dövlət banklarına yeni funksiyaların verilməsi, kommersiya banklarının yaranması, banklar tərəfindən birgə müəssisələrə, cəmiyyətlərə borc, kredit və nəğd pulun verilməsi, eləcə də banklar tərəfindən digər maliyyə əməliyyatlarının aparılması bank işçilərinə rüşvət verilməsi üçün şərait yaratmışdır. Vergi və gömrük idarələrində, mənzillərin, ictimai iaşə, ticarət və sair müəssisələrin özəlləşdirilməsində, texnikanın, tikintilərin və torpaq sahələrinin icarəyə verilməsində rüşvət alınması hallarına rast gəlinir» [8, s.598].
Korrupsiya fəaliyyətinin ən təhlükəli təzahürlərindən biri kimi rüşvətxorluq iqtisadi islahatların həyata keçirilməsinə mane olur, dövlət hakimiyyətini və yerli özünüidarə orqanlarını nüfuzdan salır. Bundan başqa, rüşvətxorluğun təhlükəliliyi həm də bu hadisənin bəziləri tərəfindən cinayət kimi qəbul edilməməsi, sanki həyat norması və ya adət hesab edilməsidir. Hüquq-mühafizə və məhkəmə orqanları əməkdaşlarının korrupsiya hallarına yol vermələri problemi bir çox dövlətlər üçün aktualdır.Ç.F.Mustafayev düzgün qeyd edir: «Təəssüf doğuran haldır ki, cinayətkarlığa qarşı mübarizə aparmalı olan müvafiq dövlət orqanlarında çalışan ayrı-ayrı vəzifəli şəxslər cinayətkar qruplarla əlbir olub onların vasitəçiliyi ilə varlanır, cinayətkar birləşmələrin bədnam niyyətlərinin hasil olmasına lazımi «dövlət mühafizəsi»ni təmin edirlər... Bu fikirlərlə müvafiq dövlət strukturlarında çalışan adamların hamısının üzərinə kölgə gətirmək niyyətində deyilik. Onların arasında qanunlara hörmət bəsləyən, cinayət təzahürlərinə qarşı barışmaz mövqedə duran sağlam qüvvələr də az deyildir. Lakin açıq etiraf edilməlidir ki, cinayət yolu ilə yaşamaq ayrı-ayrı adamların dünyagörüşünü elə buxovlamışdır ki, bu cür həyat tərzi bir qrup insanın həyat normasına çevrilmişdir» [15, s.6]. 
Korrupsiyanın mütəşəkkil cinayətkarlığa qovuşması, əksər iqtisadi cinayətlərin törədilməsi ilə qarşılıqlı bağlılığı da təhlükəli amillərdən hesab edilməlidir.
Korrupsiya ilə mübarizə məsələlərinin uğurlu həlli hüquq-mühafizə orqanları tərəfindən cinayət-hüquqi və kriminalistik tədbirlərin fəal və səmərəli tətbiqi olmadan mümkün deyildir. Qeyd etmək lazımdır ki, korrupsiya cinayətlərinin istintaqı üzrə tövsiyələr işləyib hazırlamalı olan kriminalistika elmi də bu istiqamətdə öz inkişafını davam etdirməlidir.
Korrupsiyanın mövcudluğunu inkar edən kommunist ideologiyasının hökm sürdüyü keçmiş Sovetlər İttifaqında bu təzahür sosializmə yad olan, kapitalist sisteminə məxsus olan element kimi qəbul olunurdu. Bu hüquq mühafizə orqanlarının korrupsiyaya biganəliyinə gətirib çıxarırdı, bəzi hallarda isə bu orqanların özləri də korrupsiya qruplaşmalarının mənginə düşürdü. Bununla belə Sovetlər İttifaqında korrupsiya ilə mübarizənin əsasını qoyanlardan biri məhz ümummilli liderimiz Heydər Əliyev olmuşdur. R.İ.Cəfərov yazır: «Hamımıza bəllidir ki, hələ Sovetlər hakimiyyəti dövründə rüşvətxorluğa qarşı ilk mübarizə aparanlardan biri olan möhtərəm Heydər Əliyev cənablarının «Literaturnaya qazeta»da «Qoy ədalət zəfər çalsın» başlığı ilə verilmiş böyük müsahibəsində xüsusi olaraq qeyd edilmişdir ki, rüşvətxorluq ictimai bəla olduğundan burada fəal vətəndaşlıq mövqeyinin olması, yəni vətəndaşların daha fəal çıxış etməsi xüsusi əhəmiyyət kəsb etməlidir. 25 il bundan əvvəl deyilmiş bu kəlam indii də öz aktuallığını itirməmiş və rüşvətxorluğa qarşı mübarizə üçün olduqca böyük stimullaşdırıcı, istiqamətləndirici əhəmiyyət kəsb edir» (4, s.12-13). Bu məsələyə toxunaraq N.Həsənov qeyd edir: «Keçmiş Sovetlər İttifaqında korrupsiya və rüşvətxorluğa qarşı proqram üzrə mübarizənin təşəbbüskarı da məhz Azərbaycan olmuşdur. 1970-1980-cı illərdə korrupsiya və rüşvətxorluğa qarşı ardıcıl mübarizədə gizli «sexlər», korrupsiya və rüşvətxorluqla bağlı çoxsaylı cinayətlərin açılması, yüksək vəzifələrdə çalışan şəxslərin məsuliyyətə cəlb edilməsi o vaxt təkcə Sovetlər Birliyində deyil, bütün dünyada böyük əks-səda doğurmuşdu» (5, s.14).
Transperensi İnterneşl təşkilatının «Ümumdövlət Davranış etikası sistemləri» barədə tərtib etdiyi vəsaitdə «korrupsiyaya, şəxsi mənfəət əldə etmək məqsədilə dövlət hakimiyyətindən sui-istifadə etmək» kimi anlayış verilmişdir. Orada daha sonra göstərilir: «korrupsiya» - dövlət qulluqçularının elə bir hərəkət tərzidir ki, bu zaman həmin qulluqçular qanunun və mənəviyyat normalarının ziddinə olaraq varlanırlar və yaxud onlara verilmiş hakimiyyətdən sui-istifadə edərək yaxın adamlarının varlanmasına şərait yaradırlar. Korrupsiyanın əsas növlərindən biri kimi inzibati korrupsiya daha çox təzahür edir (19, s.1).
«Korrupsiya ilə beynəlxalq mübarizə haqqında» BMT tərəfindən qəbul edilmiş sənəddə korrupsiyanın daha yığcam və daha məzmunlu tərifi verilmişdir: «Korrupsiya - şəxsi məqsədlərlə fayda, mənfəət əldə etmək üçün dövlət hakimiyyətindən sui-istifadə etmək deməkdir» (11, s.81). Bu məfhum özündə rüşvətxorluğu (vəzifə borcu mövqeyindən şəxsi çəkindirmək üçün ona mükafatın verilməsi), qohumbazlığı (himayəçiliklə qohumların və ya «öz adamlarının» gəlirli və ya sərfəli vəzifəyə qoyulması) və dövlət vəsaitlərinin şəxsi istifadə üçün qeyri-qanuni mənimsənilməsini əks etdirir.
Korrupsiya əməllərinin subyekti anlayışını xeyli genişləndirən daha tutumlu anlayışı Avropa Şurasının «korrupsiya üzrə xüsusi işçi qrupu» tərəfindən verilmişdir. Bu fenomen təkcə «rüşvətxorluq» kimi deyil, həm də «dövlət və ya xüsusi sektorda müəyyən vəzifələrin yerinə yetirilməsi tapşırılmış şəxslərin özləri və ya digərləri üçün istənilən hərəkətlə və ya hərəkətsizliklə, qanunsuz fayda əldə etmək məqsədi ilə, öz vəzifə səlahiyyətlərindən, statusundan qanunsuz sui-istifadə»si kimi qiymətləndirmişlər (11, s.14).
Fikrimizcə, belə bir anlayışın meydana gəlməsi korrupsiyanın transmilliləşməsindən, onun sürətlə intensifikasiyasından irəli gəlir və artıq korrupsiyanın subyektlərinin strukturunda kommersiya və digər qeyri-dövlət strukturlarının nümayəndələrinin də təmsil olunması ilə əlaqədardır.
BMT-nin 12-15 dekabr 2000-ci ildə qəbul edilmiş Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasında «korrupsiyaya - vəzifəli şəxs tərəfindən öz vəzifə borcunu yerinə yetirən zaman hər hansı hərəkət və ya hərəkətsizliyə yol verməsi müqabilində şəxsən və ya vasitəçi vasitəsilə həmin vəzifəli şəxs və ya digər fiziki və ya hüquqi şəxs üçün hər hansı qeyri-qanuni əmlakın ona vəd edilməsi; təklif edilməsi və ya təqdim edilməsi, eləcə də həmin vəzifəli şəxs tərəfindən hədə-qorxu ilə tələb edilməsi və ya qəbul edilməsi kimi anlayış verilmişdir».
Problemin elmi tədqiqi ilə məşğul olan hüquqşünas-alimlərin də korrupsiya anlayışına yanaşma tərzləri müxtəlifdir
N.Həsənov korrupsiyaya belə bir tərif verir: «Mütəşəkkil cinayətkarlığın bir forması kimi korrupsiya, əsasən dövlət orqanlarında və hakimiyyət dairələrində çalışan məmurların öz statuslarından, dövləti funksiyaları həyata keçirmələrindən, bununla bağlı imkan və nüfuzlarından qanunsuz olaraq maddi, digər nemətlərin və üstünlüklərin əldə edilməsi məqsədilə «öz xidmətlərini» dövlət nüfuzuna xələl gətirib fiziki və hüquqi şəxslərə «satmaq»; sonuncuların isə bunun əvəzində dövlət və cəmiyyətin maraqlarına ziyan vuran, dövlət büdcəsinə toplanan və s. vəsaitin talanması, digər imkanların əldə edilməsi üçün dövlət və qeyri-strukturlardan öz maraqları naminə istifadə etmələri kimi başa düşülməlidir» (5, s.14).
F.Y.Səməndərov tərəfindən korrupsiyaya daha yığcam və dolğun tərif verilmişdir: «Korrupsiya - vəzifəli şəxslərin dövlət və iqtisadi mənafeyin zərərinə olaraq hüquqazidd və başqa əqdlərinə əsaslanan müəyyən münasibətlər sistemidir» (2, s.6). 
Korrupsiyanın bitkin xarakteristikasını A.İ.Kirpiçnikov verir: «Korrupsiya - hakimiyyətin korroziyasıdır. Pas metalı dağıtdığı kimi, korrupsiya da dövlət aparatını dağıdır, cəmiyyətin mənəvi dayaqlarını laxladaraq sarsıdır. Korrupsiyanın səviyyəsi cəmiyyətin özünəməxsus termometridir, onun mənəvi vəziyyətinin göstəricisi, dövlət aparatının öz xüsusi məqsədləri üçün deyil, cəmiyyətin maraqları ilə bağlı olan vəzifələri həll etmək bacarığının göstəricisidir. Metal üçün korroziya yorğunluğunun onun davamlılıq qabiliyyətinin aşağı düşməsinin göstəricisi kimi, cəmiyyət üçün də korrupsiya yorğunluğu onun neqativ hadisələrə müqavimət qabiliyyətinin aşağı düşməsini göstərir» (6, s.17). 
V.Məmmədov qeyd edir ki, «Korrupsiya - dövlət qulluqçularının və onlara bərabər tutulan şəxslərin vəzifələrindən öz şəxsi maraqları naminə, qabaqcadan əlbir olub sui-istifadə və saxtakarlıq edərək qeyri-qanuni qərarlar qəbul etməklə normal prosesləri pozması və başqasına məxsus pul, qiymətli kağız, əmlak, əmlak xarakterli mənfəət və üstünlükləri əldə etməsi və ya digər maraqlı tərəflərin sərəncamına verməsidir və ələ alınmasıdır ki, bunun nəticəsində dövlətin, ictimai təşkilatların, bələdiyyələrin və vətəndaşların qanunla qorunan mənafelərinə ciddi ziyan dəyir» (13, s.37). Hesab edirik ki, əslində bu termində öz kriminoloji xarakteristikasına görə bir-birindən fərqlənən təzahürlər birləşdirilmişdir. Qeyd edilənləri ümumiləşdirməklə korrupsiyaya aşağıdakı kimi anlayış vermək mümkündür.Korrupsiya dövlət və bələdiyyə,qanunvericilik,icra və məhkəmə hakimyyəti orqanlarının məmurları,işçiləri və numayəndələrinin və ya kommersiya təşkilatlarının və müxtəlif təşkilatların (o cümlədən beynəlxalq ) işçiləri və üzvlərinin öz statusundan istifadə edərək hər hansı üstünlüyə nail olmasıdır.
Korrupsiya cinayətləri arasında rüşvətlə bağlı cinayətlər xüsusi yer tutur.Çünki rüşvətxopluq korrupsiyanın ən təhlükəli təzahürlərindəndir.
Azərbaycan Respublikası CM-nin 311-ci maddəsində rüşvət alma 312-ci maddəsində isə rüşvət vermə cinayətləri nəzərdə tutulmuşdur. Rüşvət alma və rüşvət vermə korrupsiyanın ən geniş yayılmış və təhlükəli təzahür formalarından hesab edilir. Rüşvət alma cinayətinin təhlükəliliyi ondadır ki,o, hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıdır,dövlət orqanlarını əhali qarşısında hörmətdən və nüfuzdan salır, vətəndaşların hüquq və mənafelərinin,mühüm sosial prinsiplər olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olur. Rüşvət vermənin spesifik xüsusiyyətlərinə gəlincə isə onu qeyd etmək lazımdır ki,bu zaman dövlət qulluqçularının korrupsiyaya qurşanmasına əlverişli zəmin yaradılır,vətəndaşlar arasında qanun çərçivəsindən kənara çıxan davranışa yol verməyə meyl yaranır,insanların qanun və dövlət hakimiyyəti qarşısında bərabərliyi və sosial ədalət prinsipləri ciddi şəkildə pozulur.
Bir qayda olaraq, rüşvət, onu verənin və ya təmsil etdiyi şəxsin xeyrinə konkret hərəkətin (hərəkətsizliyin) edilməsinə görə verilir. Professor F.Y.Səməndərov qeyd edir ki, CM-nin 311-ci maddəsində xidmət üzrə ümumi himayədarlığa və ya laqeydliyə görə vəzifəli şəxsə pul,qiymətli kağız və sair vermə rüşvət alma hesab edilmişdir.Bir sözlə,vəzifəli şəxsin rüşvət verənin mənafeyi üçün etdiyi hərəkət (hərəkətsizlik) həm qanuni,həm də qanunsuz ola bilər.Burada qanunsuz hərəkət (hərəkətsizlik) dedikdə, vəzifəli şəxsin öz qulluq səlahiyyətlərinə aid olmayan və ya xeyrinə iş görülən şəxs barəsində edilə bilməyən,yaxud ümumiyyətlə,qanunvericiliyə zidd olan fəaliyyəti nəzərdə tutulur.Bu cinayət növünün korrupsiyanın ən geniş yayılmış təzahür forması olmasını nəzərə alsaq,onun qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi xüsusiyyəti diqqəti cəlb edir (2, s.853 ).
Rüşvət vermənin ictimai təhlükəliliyi onda ifadə olunur ki,bu əməlin törədilməsi ilə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən,yaxud da dövlət orqanlarında,yerli özünüidarə orqanlarında,dövlət və bələdiyyə müəssisə,idarə və təşkilatlarında,habelə kommersiya və qeyri kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxslərin korrupsiyaya qurşanmasına münbit zəmin yaradır,vətəndaşlar arasında qanun çərçivəsindən kənara çıxan davranışa yol verməyin mümkünlüyünə meyl yaranır,insanların qanun və dövlət hakimiyyəti qarşısında bərabərliyi və sosial ədalət prinsipləri ciddi surətdə pozulur.
Göstərilənlərdən və məhkəmə praktikasının təhlilindən belə nəticəyə gəlmək olar ki,çox sayda cinayətkar qruplar hakimiyyət və hüquq mühafizə orqanlarının nümayəndələri ilə əlaqə yaratmağa səy göstərirlər.
Korrupsiya ilə məşğul olan qrupların başçıları aktiv fəaliyyət göstərmək üçün müxtəlif vəzifə adamları ilə münasibətlər qurmaqdan ötəri hər bir imkandan istifadə etməyə çalışırlar.Hər bir vəzifəli şəxs və ya hakimiyyət nümayəndəsi cinayətkar qrupla razılığa gəldiyi təqdirdə qrup tərəfindən onun üçün müəyyən olunmuş konkret funksiyanı yerinə yetirir və tutduğu vəzifədən,göstərdiyi xidmətdən asılı olaraq əvəz alır.Qeyd etmək lazımdır ki,korrupsiyanın mahiyyətində yalnız rüşvətxorluq deyil, həmçinin açıq rəqabəti məhdudlaşdıran inhisarçılıq,möhtəkirlik kimi cəmiyyət həyatının bütün sahələrində problemlərin meydana gəlməsinə səbəb olan əməllər dayanır. 
Beynəlxalq təcrübənin təhlilinə əsasən söyləmək mümkündür ki, korrupsiyaya qarşı mübarizə yalnız cinayət-hüquqi vasitələrlə deyil,eyni zamanda korrupsiyaya şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması məqsədi ilə qabaqlayıcı tədbirlər həyata keçirməklə aparılmalıdır.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan höküməti korrupsiyaya qarşı mübarizə məsələlərinə xüsusi diqqət yetirmiş və bu istiqamətdə müsbət nəticələrə nail olmuşdur.Belə ki,1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev hüquq qaydalarını möhkəmlətməklə, məmurların məsuliyyətini yüksəltməklə, ictimai və hüquqi nəzarəti artırmaqla, sosial problemləri həll etmək istiqamətində həyata keçirdiyi tədbirlərlə korrupsiyanı doğuran elementlərin qarşısını almağa başladı. Böyük öndər korrupsiyanı təhlükəli sosial bəla adlandırırdı və ona qarşı ümumxalq mübarizəsi elan etmişdir. Bu mübarizənin səmərəliliyinə nail olmaq üçün zəruri təsisatlar yaradılmış, qanunlar qəbul edilmişdi. 2000-ci il iyunun 8-də "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında" Prezident fərmanı imzalandı, respublikamız insan hüquq və azadlıqlarının qorunması sahəsində 40-dan çox beynəlxalq konvensiyaya qoşuldu.
Bu gün isə həmin mübarizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə daha qətiyyətlə aparılır. Hakimiyyətin üç qolunun nümayəndələrindən ibarət Korrupsiyaya qarşı mübarizə üzrə xüsusi komissiya yardılıb. Bu mübarizənin səmərəliliyinə nail olmaq məqsədilə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı qəbul edilib. "Milli Strategiya"dan aydın görünür ki, həyata keçiriləcək mübarizə tədbirləri iqtisadi inkişafa, sosial rifaha, hüququn aliliyinə, şəffaflığın təmin olunmasına, insan amilinə xidmətə yönəlib.
Qeyd edilməlidir ki, artıq respublikamızda korrupsiyaya qarşı mübarizə sahəsində zəruri qanunvericilik və institusional baza yardılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" ölkəmizdə şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizə üzrə həyata keçirilən tədbirlərin ardıcıl xarakter daşıdığını bir daha təsdiqləyir. Şəffaflığın təmin edilməsi ictimaiyyətin dövlət orqanlarının qərarları haqqında daha çox məlumata malik olması, dövlət orqanlarına ictimai etimadın güclənməsi və onların məsuliyyətinin daha da artırılması kimi səciyyələndirilir. Şəffaflıq dövlət orqanlarının hesabatlılığının və məsuliyyətinin daha da artmasına, onların fəaliyyətinin daha səmərəli şəkildə təhlil edilməsinə və qiymətləndirilməsinə xidmət edir.

 

                                    İstifadə olunmuş ədəbiyyat

1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. "Hüquq ədəbiyyatı". Bakı - 2008.
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası. F.Y.Səməndərovun redaktəsi ilə. Digesta. Bakı 2006.
3. Большой юридический словарь / Под ред. А.Я.Сухарева, В.Д.Зорькина, В.Е.Крутских. М.: Инфра-М, 1998, 790с.
4. Cəfərov R.İ. Rüşvətxorluq - cəmiyyətin əsasını sarsıda bilən ciddi bəladır. // Qanunçuluq, 1999, №2, s.11-17
5. Həsənov N. Korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq və digər hüquq-mühafizə orqanları arasında olan münasibətlər // Qanunçuluq. 1998, №1, s.14-19.
6. Кирпичников А.И. Взятка и коррупция в России. СПб.: Альфа, 1997, 352с.
7. Korrupsiyaya qarşı mübarizəyə dair normativ hüquqi aktlar. Bakı 2008.
8. Kriminalistika / K.Q.Sarıcalinskayanın redaktəsi ilə. Bakı: Hüquq ədəbiyyatı, 1999, 716 s.
9. Криминология / Под ред. В.Н.Кудрявцева, В.Е.Эминова. М.:Юристь, 2002, 686с.
10. Локшина С.М. Краткий словарь иностранных слов. / Сост. С.М.Локшина. 8-е изд. М.: Рус.Яз., 1985, 352с.
11. Лунев В.В. Коррупция, учтенная и фактическая // Государство и право. 1990, №8, с.79-83.
12. Максимов С.В. Коррупция. Закон. Ответственность. М.: Учебно- консультационный центр «Юринформ», 2000, 143с.
13. Məmmədov V.Q. Korrupsiya ilə bağlı cinayətlərlə mübarizənin problem məsələləri. Bakı: Adiloğlu, 2006, 186s. 
14. Монтескье Ш. Избранные сочинения. М., 1955, с.289.

15. Mustafayev Ç.F. Müasir şəraitdə cinayətkarlığa qarşı mübarizənin bəzi problemləri // Qanunçuluq, 1997, №10, s.3-9.
16. Müslümov A.T. Korrupsiya və onunla mübarizə // Qanunçuluq, 2003, №2, s. 20-23.
17. Ожегов С.И. Словарь русского языка / Под ред.Н.Ю.Шведовой. 16-е изд. М.: Рус.Яз., 1984, 797с.
18. Советский Энциклопедический словарь / Гл.ред. А.М.Прохоров. 4-е изд. М.: Сов.энциклопедия, 1989, 1632с.
19. Ümumdövlət davranış etikası sistemləri. Transpransi İnterneşnl vəsaiti. Bakı: Mütərcim, 2000, s.11.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM