1956-cı ildən 1990-cı ilə qədər şairin ruhu narahat edilməyib. Müstəqillik qazandıqdan sonra isə müəyyən qüvvələr tərəfindən Vurğuna qarşı hücumların yeni mərhələsi başlayıb və fasilələrlə indi də davam etməkdədir. Paradoks odur ki, şair sağlığında sovet quruluşuna qarşı çıxmaqda, kommunist partiyasının rəhbərlik rolunu danmaqda, millətçilikdə, xalq düşməni elan edilmiş H.Cavid, Ə.Cavad, M.Müşfiq, H.Sanılı kimi şairləri müdafiə etməkdə günahlandırılır və cəzalandırılırdısa, indi əksinə sovet quruluşunu və kommunist partiyasını mədh etməkdə kosmopolitlikdə, milli şairləri güdaza verməkdə ittiham edilir. Şairə qarşı irəli sürülən son ittihamların həm “sərhəddi” genişləndirilib, həm də onların bir qismi “yenidir”.
Son hücumlara rəhbərlik edən S.Cəlaloğlu, A.Yenisey və digərlərinin ustad şairə qarşı irəli sürdükləri ittihamlara kifayət qədər cavab verildiyindən onların üzərində geniş dayanmaq istəmirik. Sadəcə S.Cəlaloğlunun diqqətinə çatdırmaq istəyirik ki:
1. Əsərləri müəlliflər qələmə alsa da, müəlliflərin özlərini də formalaşdıran (“yazan”) mühitdir. Başqa sözlə dolayısı ilə mətni yaradan da mühitdir. Bu səbəbdən də hər bir sənətkarın, o sıradan Vurğunun da yaradıcılığı və şəxsiyyətinə qiymət verilərkən mühitin rolu hökmən nəzərə alınmalıdır;
2. Nadir şahı yaxud Ağa Məhəmməd şah Qacarı S.Vurğun “xalq düşməni” elan etməyib. Bizim xalqa xidmətlərini deyə bilmərik, amma mərkəzləşdirilmiş İran dövlətinin yaradılmasında bu fatehlərin hər ikisi cəhd etmişlər. Eyni zamanda onlar tarixə qəddar, qaniçən, əzazil, hakimiyyət uğrunda mübarizədə minlərlə günahsız insanın gözlərinə mil çəkdirən, qətlə yetirən despotlar kimi daxil olmuşlar. Onlar, nəinki M.Ə.Rəsulzadənin, Ziya Göyalp və Kamal Atatürkün də yol başçısı – mənəvi atası olan Əlibəy Hüseynzadənin “Siyasəti-fürusət” əsərində də belə təsvir ediliblər;
3. Cəlaloğlu Vurğuna qarşı hücumlarını guya adi bir həqiqətlə – “26-lar” və “Vaqif” əsərlərinin nəşri və təbliğinin qarşısını almaq istəyi ilə “əsaslandırır”. Halbuki, adı çəkilən poema son 20 ildə nə nəşr, nə də təbliğ edilir. “Vaqif” dramı isə nəşr edilməlidir: həm də ona görə ki, Cəlaloğlunun özünə mənəvi ata hesab etdiyi M.Ə.Rəsulzadə ondakı vətənpərvərlik ruhunu yüksək dəyərləndirib…
4. Əgər, S.Vurğunun, təkcə “Azərbaycan” şeiri haqqında mütəxəssislərin-ədəbiyyatşünasların yazdıqlarını bir yerə yığsaq, əminliklə deyirik ki, cildlərlə kitab alınar. “Azərbaycan” şeiri ilə dil açmayan azərbaycanlı körpəsi və «Azərbaycan» şeirini yüksək dəyərləndirməyən ədəbiyyatşünas yoxdur. Biz “Azərbaycan” şeiri haqqında bircə böyük alimin – professor Qorxmaz Quliyevin fikirlərini təqdim edirik: “Biz hələ S,Vurğunun “Azərbaycan” şeirinin “Azərbaycan” adlı məkanın SSRİ daxilində, Azərbaycan xalqının sovet xalqı içində əriyib yoxa çıxmasının qarşısını almaqda, bu gün öyünə-öyünə vurğuladığımız mentallığımızın qorunub saxlanmasında rolunu lazımınca dəyərləndirməmişik. “Azərbaycan” şeirindən sonra azərbaycanlılar üçün Azərbaycan əbədi olaraq Ana Vətəndir… “Azərbaycan” şeirindən sonra poeziyamızda Vətənin vəsfi ilə bağlı yaranmış bütün bədii nümunələr bu və ya digər şəkildə S.Vurğunun dünyaduyum və deyim tərzinə söykənir, S.Vurğun ənənələrini davam etdirir… Bu baxımdan, məhz S.Vurğunun “Azərbaycan” şeirinin pafosu B.Vahabzadənin uzun illər keçəndən sonra “Gülüstan” poemasını yazmasına imkan yaratdı” (“Mən bir uşaq, sən bir ana” – Bədii fikirdə Vətən mövzusu. “Azərbaycan” j., 2011, №2, s.169).
Təsəvvür edin ki, A.Yenisey “Azərbaycan” şeirini şeir saymır, onu “nənəsi qocalanda – üstünə babası günü gətirəndən sonra” nənəsinin yazdığı iki misralıq “şeir”lə” müqayisə edir, üstünlüyü nənəsinin “əsəri”nə verir. Burada heç nə deyə bilmirik, sadəcə Vaqif Bayatlının ikicə cümləsini əlavə edirik: “Bir dəfə Azərbaycan demək – Azərbaycan deməkdir. İki dəfə Azərbaycan, Azərbaycan demək – Səməd Vurğun deməkdir…”.
Çoxlarıının da təklif etdiyi kimi, şairin ünvanına söylənən absurd iddialara baş qoşmamaq da olar. Amma bu hücumların çox məkrli üsullarla həyata keçirildiyini nəzərə alıb, yalnız sənədlərin və faktların köməkliyi ilə şairin həyatı və yaradıcılığına qısaca toxunmağı, “görünməyən Vurğun”u da (bəziləri Vurğunu, yalnız “ağ günlər şairi” kimi görür) oxuculara tanıtmağı lazım bilirik.
Doğrudur, haqqında yazılan elmi əsərlərdə, məqalələrdə S.Vurğun sovet ədəbiyyatını yaradan şairlərdən biri kimi təqdim edilir. Hətta, belə bir fikir təlqin edilir ki, «S.Vurğundan danışmaq elə sovet ədəbiyyatından danışmaq deməkdir. Əlbəttə, S.Vurğunun sovet dövrü ədəbiyyatının inkişaf etdirilməsində xidmətləri az olmayıb, amma, sovet ədəbiyyatını yaradan o olmayıb. Əksinə, yaradıcılığının ilk dövrlərində o, yeni dövrün yeni ədəbiyyatına qarşı çıxıb. Proletar ədəbiyyatının yaradılması uğrunda mübarizə və «yarış» gedəndə – 1928-ci ildə o, qardaşına yazdığı məktubda deyirdi: «Mən bugünkü yekrəng ədəbiyyatın amansız bir düşməniyəm». Doğrudur, 1930-cu illərdən başlayaraq şair quruluşu tərənnüm edən əsərlər yazır, amma o dövrün tənqidindən də aşıkar görünür ki, onun bu əsərləri heç də dövrün tələblərinə, partiyanın ədəbiyyat qarşısında qoyduğu tələblərə cavab vermir.
1930-cu ildə şairin ilk kitabı – «Şairin andı» çapdan çıxır. Kitab haqqında bir-birinin ardınca iki eyni adlı məqalə çap edilir. Birinci məqalədə deyilir: «İnqilab yurdu» şerini Vurğun öz anasına ithaf etmişdir. Bu şerindən də hicran və bədbinlik qoxusu gəlir… Burada da S.Vurğun başqa şeirlərində olduğu kimi, yalnız özünün daxili xırda burjua varlığı ilə məşğul olaraq irəli yürüyə bilməyir…
«Kür çayı» Sanılıya ithaf edildiyi kimi, büsbütün onun təsiri altına düşmüşdür. «Kür çayı» şerinin bu gün üçün heç bir əhəmiyyəti yoxdur. Səməd Vurğun Sanılı mahnılarını çalır. «Konsert axşamı» da Sanılının bir sıra əsərləri kimi, şəhərdən qorxaraq əski kəndə qaçmaq məfkurəsinin aydın bir ifadəsidir.
S.Vurğun ən qüvvətli şerlərində hələ Sanılı kimi əski kəndi idealizə edir… O, şerlərinin bədii dəyəri etibarilə bəzi qüvvətli cəhətlərə malikdir. Bunu görməmək yaramaz. Lakin S.Vurğunun bu bədii qüvvəti onun əski məfkurəvi istiqaməti ilə əlaqədar olduğu üçün çox yerdə bu da zəif nəzərə çarpır.
Hər halda S.Vurğun özünün yenidən tərbiyəsinə əhəmiyyət verməlidir» («İnqilab və Mədəniyyət» j., 1931, №3-4, s.68).
İkinci məqalənin müəllifləri (məqalə müştərək yazılıb) şairin ilk kitabına daha kəskin yanaşırlar: «Şairin andı» kənddən ayrılmış, şəhərdə ziyalılaşmış, kəndin «bağlarını, bağçalarını», «mehriban dağlarını», «göy yaylaqlarını», «şahinlərin qıy vurmasını» xatırlayaraq məhzunlaşan bir sentimentalist şairin əsərləri kimi ortaya çıxır… O, proletariatın arxasınca gedən kommunist firqəsi rəhbərliyi altında sosializm quran kəndlilərin, kolxozçuların əhval-ruhiyyəsini təsvir və ifadə etmir. Eyni zamanda «Şairin andı» proletar yazıçısı əsəri olaraq da yaxşı qiymətləndirilə bilməz… Vurğun bu hadisələri uzaqdan təsvir edərək öz fikrini bildirmədən, öz sinfi borcunu vermədən keçir… Nədənsə ictimai mənşəyi etibarilə kəndin yoxsul bir ailəsindən çıxmış, onun bütün ağırlıqlarını hələ çocuq yaşında ikən öz boynunda daşımış olan Səməd Vurğun yoldaş kəndi təsvir edərkən ondan bir qolçomaq ləzzəti alır…
Səməd Vurğun yoldaşın yaradıcılığı qəti bir günəşə möhtacdır. O, ya birdəfəlik üçtelli saza yapışmalı, el aşıqları ilə ağız-ağıza verərək «yaşıl dağları, əlvan buludları, çırpınan titrək könülləri şairanə bir surətdə» təsvir etməli və yaxud mübariz proletariatın qalibiyyət marşını çalmalıdır» («Kommunist» q., 8 may 1931, №102).
S.Vurğun «Mən nə Sanılıyam, nə də Cavadam; Onlara düşmənəm, onlara yadam» – misralarına görə ittiham edənlər təqdim etdiyimiz bir neçə cümləni diqqətlə oxusunlar. Haqqında o illərdə yazılan bütün məqalələrdə S.Vurğunun, H.Cavidin, xüsusilə də H.Sanılı və Ə.Cavadın təsiri altına düşməsi, üstəlik onların «havalarını daha ustalıqla çalması» qeyd olunur. Bu səbəbsiz deyildir. Həqiqətən də S.Vurğunun, eləcə də Ə.Cavad və H.Sanılının təbiət şeirləri arasında bir yaxınlıq, doğmalıq var idi. Amma o illərdə Ə.Cavad və H.Sanılı «burjua və qolçomaq şairləri» adlandırılırdı. Vurğunun ünvanına deyilən «kəndi təsvir edərkən ondan bir qolçomaq ləzzəti alır» və başqa ittihamlar onun da Ə.Cavad və H.Sanılı kimi burjua və qolçomaq şairi olduğunun təsdiqinə istiqamətlənmişdi. Bundan əlavə 1920-ci illərdə həm Sanılı, həm də Cavad hər biri bir neçə dəfə həbs edilmişdi. O dövrdəki tənqidin onlara münasibəti daha kəskin və qorxulu idi. Öz taleyi təhlükə altında olan Vurğun təbii ki, əlavə təqib və təzyiqlərə məruz qalmaq istəmir və özünü bu şəkildə müdafiə etməyə məcbur idi. Bir şairin başqalarını inkar etməsi, əleyhinə əsərlər yazması o dövrdə adi hal idi…
S.Vurğunun yaradıcılığı sonrakı illərdə də tənqid atəşinə tutulur. Şairin 1934-cü ildə qələmə aldığı «Həsrət» şerindəki:
Gecənin sarvanı o ulduz, o ay,
Anamın örtdüyü sarı kəlağay,
Gözümdə qalmışdır ömrüm uzunu,
Bəlkə də şairin taleyidir bu – misraları özü sonradan repressiya qurbanı olmuş tənqidçilərdən biri belə dəyərləndirir: «Səməd nahaq yerə «anasının örtdüyü kəlağayını» arzu edir. Kəndli anaların indi şlyapa aradıqlarından görünür ki, xəbərsizdir… Səməd inqilabi axın qarşısında bir an duraraq yıxılana qarşı bir «həsrət» çəkdi. Bu isə əfvolunmaz bir günahdır. O, üzərinə düşən bu çirkin ləkəni inqilabi yolla silməli və öz təqsirini təmizləmək üçün Şura ədəbiyyatı qarşısında yazıları ilə bəraət qazanmalıdır» (Səmədin «həsrət»i. «Ədəbiyyat qəzetəsi», 9 yanvar 1935, №1).
Əslində deyilənlərin şərhə ehtiyacı yoxdur. Amma, hər halda xatırlatmağı lazım bilirik ki, tənqidçi kəlağayını köhnə quruluşun – feodalizmin qalığı, şlyapanı isə yeni quruluşun – sosializmin rəmzi kimi təqdim edir. Şairin “kəlağayını arzu etməsi” onun yeni quruluşa qarşı çıxması, köhnə quruluşu qaytarması kimi təlqin edilir.
«Fanar» kitabı çap edildikdən sonra, 1932-34-cü illərdə S.Vurğunun yaradıcılığına həsr edilmiş məqalələrdə “müəlliflər şairin yaradıcılığında «ən prinsipli və böyük nöqsanlara təsadüf etdiklərini» göstərir və onun ən ciddi qüsuru kimi «öz dünyagörüşü səviyyəsini işçi sinfinin, firqənin dünyagörüşü səviyyəsinə yüksəldə bilməməsi», «quruluşa olan əlaqəsini kənardan gələn tənbəl bir simpatiya halında verməsi, sənətində firqəvilik uğrunda az çalışmasını” qeyd edirlər.
Şairin yaradıcılığının ilk dövrlərində yazdığı şeirlər bu məqalələrdə də inkar edilirdi: «Səməd yaradıcılığının ilk dövrlərində xırda burjua dünyagörüşünün şiddətli təsirinə məruz qalmış, qarşısına qoyduğu məsələlərin heç birini proletar sinfi nöqteyi-nəzəri ilə həll edə bilməmişdir… O bu zamanda tipik bir romantikə bənzəyir. Şeirləri «bəşəri humanizm» siması daşıyır. İctimai hadisələrə NEP dövrünün böyük təbəddülat və yeniliklərinə kənardan bir tamaşaçı kimi baxır». («Hücum» j., 1932, №5-6, s.31- 32).
Doğrudur, 1920-30-cu illərdə çap edilən bu cür tənqidi məqalələr “yeni ədəbiyyat uğrunda mübarizə” kimi izah və qəbul edilir. Burada müəyyən həqiqət var, amma o da diqqətdən yayınmamalıdır ki, sosioloji tənqid əsərlərlə yanaşı, onların müəlliflərinə qarşı hücuma keçmək, onların həyatını, xüsusilə keçmişini təftiş etməklə kütləvi repressiyaya da birbaşa zəmin hazırlayırdı.
1936-38-ci illər S.Vurğunun da həyatı və yaradıcılığında çox mürəkkəb, ağrılı və qorxulu illərdən olur. Əslində S.Vurğun da bu illərə H.Cavid, Ə.Cavad, M.Müşfiq və b. sənətkarlar kimi «hazır xalq düşməni» qismində gətirilib çıxarılmışdı. Çünki, «xırda burjua və qolçomaq görüşlərini daşımaq, kəndi şəhərə qarşı qoymaq, şəhərə nifrət etmək, kəndi təsvir edərkən ondan bir qolçomaq ləzzəti almaq, qolçomaq şairləri Sanılı və Cavadın təsiri altına düşmək, ümumiyyətlə inqilabi hərəkata və öyləcə də Şərq inqilabına rəhbərlik edən kommunist firqəsinin rəhbərlik rolunu danmaq, proletar ədəbiyyatına düşməncəsinə münasibət bəsləmək», bir sözlə yeni quruluşa qarşı çıxıb, köhnə quruluşu arzulamaq, idealizə etmək o illərdə, doğrudan da «əfvolunmaz günah», başqa sözlə «xalq düşməni» olmaq demək idi. Bunlardan əlavə o illərdə S.Vurğun həm özü millətçilikdə ittiham edilir, həm də Yazıçılar İttifaqının katibi kimi «millətçi ünsürlər»i (xüsusilə H.Cavid və M.Müşfiqi) «qanadının altına almaqda» günahlandırılır.
Bunu 1937-ci ilin payız günlərindən birində istintaqa çağrılan və ertəsi gün “səhər çay vaxtı” qayıdan S.Vurğunun qardaşı Mehdixana dedikləri də təsdiq edir: “Onlar mənim “Azərbaycan” şeirimdən bərk yapışıblar. Başa düşə bilmirlər ki, bu şeir mənim həyatımın və bütün yaradıcılığımın mənasıdır, rəmzidir… Məndən ötrü ən müqəddəs torpaq Azərbaycandır. Ən doğma xalq isə Azərbaycan xalqıdır, onun dili və şeiri mənim vicdan səsimdir, o, mənim doğma anamdır. Əgər buna görə məni millətçi etmək istəyirlərsə, qoy etsinlər. Bir gün gələr tarix həqiqəti açar” (M.Vəkilov. Ömür dedikləri bir karvan yolu. B., “Yazıçı”, 1986, s.135).
1937-ci ilin iyununda Yazıçılar İttifaqının rəhbərləri – S.Şamilov sədrlikdən, S.Vurğun isə katiblikdən azad edilir. Tənqidçilərdən biri yazır: “Necə ola bilər ki, Ə.Cavadın, H.Cavidin yuvasından çıxmış… Müşfiq İttifaqın plenumunu və “Ədəbiyyat qəzeti”ni öz tribunasına çevirmişdir. Necə ola bilmişdir ki, Müşfiq kimi xain düşmən Sovet Yazıçıları İttifaqı rəhbərləri S.Şamilov və S.Vurğunun qanadı altında son günədək öz kontrrevolyusion pozucu işlərini yerinə yetirməyə imkan tapmışdır. Ədəbiyyatda xalq düşmənlərinin bütün qalıqları axıradək ifşa olunmalı, böyük sosializm quruluşumuza qarşı azğıncasına kin və ədavət bəsləyən müsavatçı və trotskist quduzlar yox edilməlidir” (“Kommunist” q., 1937, 20 iyun).
M.Müşfiqin və S.Şamilovun məqalə çap edilənə qədər, artıq “ifşa” edildiklərini nəzərə alsaq, “xalq düşmənlərinin bütün qalıqları” adı altında (yəni, hələ həbs edilməmiş) S.Vurğunun nəzərdə tutulduğu şübhə doğurmur…
Bir neçə ay sonra haqqında sifarişlə yazıldığı açıq-aşkar görünən başqa bir məqalədə deyilir:«Gənc Səməd Vurğun yaşadığı köləlik kəndinin ibtidailiyinə, «idiotizminə» göz yumaraq onu «vətən» deyə sevmiş, sinif xaricində bir aləm kimi mənimsəmişdir…
Ən acınacaqlı hal S.Vurğunun son illərdəki şeirlərində belə keçmişə həsrət residivlərinin özünü göstərməsidir.
1934-cü ildə yazdığı «Həsrət», 1935-ci ildə yazdığı «Acı xatirələr», «Sevgi» və s. buna parlaq bir misaldır. «Acı xatirələr» şerində S.Vurğun öz uşaqlığını və onunla əlaqədar olan keçmiş patriarxal-feodal kəndini bu sözlərlə arzulayır:
Yenə ixtiyarsız düşdü yadıma,
Ömrün unudulmaz, əziz günləri.
İçimdə bir bülbül ötür daima,
Bir də qayıtmadı o gündən bəri,
Ömrün unudulmaz əziz günləri.
Bu şeri oxuyan hər kəs anlaya bilər ki, S.Vurğun Azərbaycan işçi və kəndlilərinin revolyusion əli ilə bir daha qayıtmamaq üzrə tarixin arxivinə atılmış köhnə kəndin həsrətini çəkir, onun içində bir bülbül deyil, bir bayquş ötür və «əziz günlər»i daim onun yadına salır. «Ellər dünyası»nın, «əziz günlər»in, «köçərilik həyatı»nın geriyə qayıtmayacağı hissi şairi bəzən ümidsizliyə salır. O, pessimistləşir, keçmişin həsrətini və pessimizmin motivlərini, demək olar ki, S.Vurğunun bütün şeirlərində hiss edirik.
S.Vurğun köhnə patriarxal həyatı təsvir edərkən ruhlanır, coşur, yeni dünyanın yeni insanlarına gəldikdə isə onun səsi və rəngi zəifləşir…
Daim səmimiyyətdən danışan S.Vurğun Lenin-Stalin dünyagörüşünü səmimi olaraq bir çox şeirlərində göstərə bilməmişdir. O, bəzən şeiri, sənəti sosializm quruluşunun praktiki işlərindən, siyasətdən, partiya tarixindən ayırmağa, şeiri kulturanın hər sahəsindən üstün tutmağa və beləliklə də özünü bütün biliklərə qarşı qoymağa çalışır… İlhama, talanta arxalandığı üçündür ki, S.Vurğun çox lovğalanır, özünü Qafqazın tək şairi adlandırır, özünü dahi rus şairi Puşkinin tələbəsi qələmə verir, öz Humayını böyük şairin Tatyanası ilə yan-yana qoyur. Bir çox şairlərdə belə özünü öymə zəifliyi olmuşdur, lakin bizim Sovet epoxamızda bu zəifliyin çox dərin və sağalmaz nəticələri ola bilər…
S.Vurğunda poetik talant vardır, bu şübhəsizdir; o da şübhəsizdir ki, inkişaf etməyən, bu gün Sovet epoxamızın qabaqcıl ideyaları səviyyəsində möhkəm dura bilməyən talant, mənasız və boş bir şeydir» («Ədəbiyyat qəzeti», 20 sentyabr 1937, №39).
Şair daha nələrdə günahlandırılmır? «Günahlar»ını yumaq üçün yenə də «məsləhət»: «Səməd ASYİ ümumi iclasının qərarına əsasən, yaradıcılığındakı ideologiya və bədii nöqsanları aradan qaldırmaqla, burjua nasionalistlərinə qarşı ifşaedici şerlər yazmaqla partiya və hökumətin ona olan etimadını doğrultmalıdır». («Ədəbiyyat qəzeti», 20 sentyabr 1937, №39).
Şairə qarşı hücumlar 1940-cı illərdlə də davam edir. 1943-cü ildə onun dramlarının səhnədən götürülməsi haqqında göstəriş verilir. 1950-ci illərin əvvəllərində S.Vurğuna qarşı hücumun növbəti həmləsi başlayır: ədəbiyyatşünaslardan biri S.Vurğunun «Aygün» poemasında «bolşevik partiyalılığı prinsipindən, sosializm realizmindən geri çəkildiyi, sovet varlığını, sovet adamlarının simasını təhrif edən müvəffəqiyyətsiz, bədii cəhətdən sönük, zəif əsər yaratdığı» qənaətinə gəlir və bildirir ki: «Bu əsər partiyamızın sovet ədəbiyyatı qarşısında qoyduğu məfkurəvi-bədii tələblərə cavab vermir». («Kommunist» q., 13 mart 1952, №62).
Məqalə müəllifi əsərdəki Əmirxan obrazının baxışları ilə S.Vurğunun həyata münasibətini eyniləşdirir, «şairi həyatı bilməməkdə», «mədəni gerilikdə» təqsirləndirir, hətta «Aygün, Ülkər kimi adların da həyatda olmayan uydurma, qeyri-təbii adlar» olduğunu iddia edirdi. Tənqidçi əsərdə dövrlə səsləşən, həyatdan gələn kiçik bir işartı belə görmür. Lakin bir həqiqəti–Vurğunun «xalqımızın məhəbbətini qazanmış istedadlı şair» olduğunu o da əvvəlki həmkarları kimi inkar edə bilmir. Eyni zamanda, əvvəlki həmkarları kimi, o da şairin istedadına siyasi müstəvidən yanaşmaqla oxucuda şübhə oyatmağa çalışır: «… yalnız öz istedadına güvənib həyatı öyrənməyə, öz nəzəri, elmi və mədəni biliyini artırmağa laqeyd yanaşan hər hansı bir şair mütləq geri qalacaqdır». («Kommunist» q., 13 mart 1952, №62).
Müəlif Vurğunun ədəbi karyerasının artıq sona yetdiyinə əmin olduğundan (doğrudan da bu, belə planlaşdırılmışdı) əvvəlki tənqidçilərdən fərqli olaraq ona «özünü doğrultmaq» üçün «tövsiyə» vermir. Əksinə, məqaləsinin sonunda Yazıçılar İttifaqını və «İnqilab və Mədəniyyət» jurnalını «Aygün» poemasının nəşrinə imkan yaratdığına görə ittiham edir (əslində, o yazının üzərində bir müəllif yox, xüsusi bir qrup işləmişdir).M.C.Bağırovun Azərbaycan K/b/P-nin XIX qurultayında (sentyabr 1952) çıxış edən Vurğunun sözünü kəsərək, «Sən ləngimədən kommunizmin əlifbasından başlamalısan, yoxsa məhv olacaqsan» təhdidi elə həmin ayda da şairin həbsinə order verilməsi ilə nəticələnir. Əlavə edək ki, rəsmi mənbələrdə 1937-38-ci illərdə də M.C.Bağırovun göstərişi ilə Vurğunun həbs edilməsi barədə məlumatlar var. C.Qasımov yazır: “S.Vurğun, həqiqətən, Xalq Daxili İşlər Komissarlığı (NKVD) orqanları tərəfindən həbs olunmuş və tezliklə həbsxanadan azad olunduğu üçün onun barəsində cinayət işi qaldırılmamışdır. MTN-nin arxivində qorunub saxlanılan siyasi repressiya qurbanlarının istintaq materialları fikrimizi tamamilə təsdiqləyir. Belə ki, Tağı Şahbazinin PR – 24690 saylı istintaq işinin 71-ci səhifəsində S.Vurğunun həbsxanada olduğu qeyd edilir.
Eyni fikri Mir Cəfər Bağırovun məhkəməsi zamanı şahid kimi ifadə verən, Xalq Daxili İşlər Komissarlığının əməkdaşı Xentov Pavel Vladimiroviç də təsdiqləyir. O,öz ifadəsində deyirdi: “Məlumdur ki, 1937-38-ci illərdə Bağırovun sanksiyası ilə Azərbaycanın istedadlı şairi Səməd Vurğun həbs edilmişdir. Maraqlıdır ki, istintaqın gedişində ondan heç bir şey əldə edə bilmədikdə Bağırov “Allah tərəfindən göndərilmiş xilaskar” rolunda çıxış etdi. Ancaq onun əleyhinə material toplamağa da özü icazə verdi. Yemelyanov 1952-ci ilədək bu işlə məşğul olurdu”. (Şair, hökmdarın hüzurundasan! Repressiyadan deportasiyaya doğru. B.,1998, s.179).
Məhkəmədə mərhum yazıçı Süleyman Vəliyevin S.Vurğundan onun millətçi olduğunu təsdiq üçün «danos» toplamağa təhrik edilməsi faktı da açıqlanır. Bu faktı sonralar S.Vəliyevin özü də təsdiqləmişdir: “Böyük Vətən müharibəsində düçar olduğum qəzalarla (yazıçı mühasirədə olarkən kontuziya alıb düşmənə əsir düşməsini nəzərdə tutur – A.S.) əlaqədar olaraq məni Daxili İşlər İdarəsinə çağırıb dindirirdilər. Əsas məqsəd bu idi: bəzi məsələlərdə onlara “kömək etmək”, ən başlıcası Səməd Vurğuna qarşı çıxmaq, onu izləmək, böhtan atmaq.
Görün, kimin haqqında və kimə müraciət edirdilər?! Səmədə həyatı boyu minnətdar olan adama. İstəyirdilər ki, tale yollarıma şeiriyyət nuru səpən şairin gülümsər gözlərindən sevinc yox olsun. Yox, yox, qara külək nəhəng palıd ağacını yıxa bilmədi.
Məni sorğu-suala çəkən müstəntiq Artur Baxşıyevin bu sözləri indi də qulağımdadır:
-Səməd Vurğunun evinə gedin. Ona ağır həyatınızdan danışın. O, ürəyi rəhmlidir, kömək edər… Ona yeni əsərinizi oxuyun, elə edin ki, ürəyi sizə qızsın… Söhbətarası eşidəcəksiniz ki, o, millətdən danışır, pantürkistləri müdafiə edir və sonra… Bu sözləriniz bizə çox lazımdır. Mən qəti etirazımı bildirdim” (S.Vəliyev. «Qanadı sınmış quş» da uçarmış. «Azərbaycan» j., 1988 №3 s.98).
Doğrudur, S.Vəliyev “tale yollarına şeiriyyət nuru səpmək”lə yanaşı, onu Yİ-yə işə götürmüş – bölmə müdiri təyin etmiş, müharibədə olarkən ailəsinə maddi yardım göstərmiş, S.Vurğuna qarşı çıxmamışdır. Amma, həm azadlıqda, həm də həbs edildikdən sonra təzyiqlərə, işgəncələrə tab gətirməyib, şairin əleyhinə ifadə verənlər də az olmamışdır.(Son illər çap edilən kitablarda bu və digər sənətkarların da bir-birinin əleyhinə etdiyi çıxışlar kifayət qədər yer alıb).
S.Vəliyevin dediklərində iki məqama diqqət yönəltmək istəyirik. Birincisi, Vurğunu ləkələmək təklifinin ona müharibədən sonra, konkret desək, 1948-ci ildə edilməsidir. Bu, şairə qarşı hücumların kütləvi repressiyadan xeyli sonra da davam etdiyini bir daha təsdiqləyir. İkinci məqam isə müstəntiqə və onun təmsil etdiyi idarələrə Vurğunun rəhmdilliliyi ilə bərabər, millətçi çıxışları və pantürkistləri müdafiə etməsinin aşkar olmasıdır. Və onlar Vurğunun əleyhinə çıxmağa təhrik etdikləri digər sənətkarlara da, məhz bunları yazdırmışlar. Şübhəsiz bu çıxışlar respublikanın o vaxtkı rəhbəri M.C.Bağırovun göstərişinə əsasən təşkil edilirdi. Ona görə də “ölümə gedənləri suçlamaq” günahdır. Və bu məsəli Vurğuna qarşı çıxanlarla yanaşı, onun özünə də aid etmək lazımdır.
«Literaturnaya qazeta»nın 12 may 1953-cü il tarixli sayında dərc edilmiş «Şairin hüquqları» məqaləsi S.Vurğuna qarşı hücumları genişləndirir və sərtləşdirir. S.Vurğun bu məqaləsində sosializm realizmi və milli-mənəvi dəyərlər problemini qaldırır, bədii ədəbiyyatın başlıca vəzifəsini və gələcək yolunu «millətlərin, milli dillərin və milli mədəniyyətlərin çiçəklənməsində» görürdü. Onun bu fikirlərinə qarşı, təkcə “ali irq”in nümayəndələri çıxmır, azərbaycanlı şair və yazıçıların da ona qarşı hücumları təşkil edilir…
Stalinin ölümü və M.C.Bağırovun işdən götürülməsindən sonra şairə qarşı hücumlar səngiyir.
Təəssüf ki, S.Vurğunun ağrı-acısız, sakit günləri uzun sürmür. Mütəmadi hücumlar, təqib və təzyiqlər şairin səhhətinə öz təsirini göstərmişdi. Artıq 1955-ci ilin ortalarından şair sağalmaz xəstəliyə düçar olur, təxminən bir il sonra da başının üstünü «vaxtsız əcəl» kəsir.
Şairin həyatının son günlərini görkəmli yazıçı İ.Şıxlı belə təsvir edir: “Gəldiyimiz kimi də sakitcə otaqdan çıxdıq. Lal-kar pilləkənləri endik. Bütün yolboyu onun sifətindəki əzab-ağrılar, ümidini itirməyən qırğı gözlərindəki işartlar, xatirələrlə dolu təbəssümlər, vaxtsız ağarmış saçlar, zamanın, iztirablar, çarpışmalarla dolu qeylü-qallı həyatın üzünə saldığı qırışlar gözümün qabağından getmirdi. O, qocalmışdı, yaman qocalmışdı. Qocalmışdı yox, zamanla çarpışmada yanıb kül olmuşdu. Ağarmış saç-saqqal sönmüş odun üstünə qonmuş külü xatırladırdı. Bədəni sönməyə hazırlaşan vulkana bənzəyirdi. Səməd Vurğunun ömür karvanı əbədi səfərə hazırlaşırdı, gedər-gəlməz səfərə…”. (Nə böyük dərd imiş şair yaranmaq. «Azərbaycan» j., 1990 №5, s.7).
Əlbəttə, yaşadığı ağrı-acılı, əzablı günlər, keçirdiyi sarsıntılar şairin yaradıcılğında öz əksini tapmalıydı və tapırdı da. Onun bu mövzuda yazıb çap etdirmədiyi xeyli əsəri var.
S.Vurğun üstünə yeriyən vaxtsız ölümü, başqa sözlə qətlə yetiriləcəyini—ömrünün “bada” gedəcəyini (Bir gün ömrüm gedər bada), zamanın onu yelkən kimi dəryada “qərq” edəcəyini (Məni yelkən kimi qərq etsə də, dəryada zaman) aşkar görürdü və bu təhlükə 1934-35-ci illərdən şairi təhdid edirdi:
Üzərimdə qara-qara,
İlan başlı buludlar var.
Gəril, sinəm hücumlara,
Ayğır dalınca toz qopar (1934; yalnız “Könül dəftəri” kitabına daxil edib);
Yaxud:
Döyür pəncərəmi qışın rüzgarı,
Vaxtsız ölümmüdür üstümə gələn?!
Çəkilsin gecənin qaranlıqları,
Ömrə son sözümü deməmişəm mən,
Vaxtsız ölümmüdür üstümə gələn?! (1935; kitablarına daxil etməyib);
Yaxud: İndi bu böhtanlar mənə dar gəlir,
Saçlarım ağarır, ömrüm gödəlir.
Qapımdan çəkilsin qara buludlar,
Mənim Günəş adlı bir vicdanım var (“Böhtan”, 1937; şairin vəfatından sonra çap edilib);
Yaxud: Qərib bir səs gəldi bu gün qəlbimdən,
Ömrün baharında öləcəyəm mən…
Didib parçaladı bağrımı bu qəm,
Üzümə boylandı əlimdə qələm! (“Bir səs”, 1940; şairin vəfatından sonra çap edilib);
Yaxud:Biri gedir, biri gəlir paxılların bu dünyada,
Bir iblisdir ilan başlı, balıq qanlı bu insanlar.
Bir şairin yalnız ömrü tor içində gedir bada,
Nə yazıq ki, bu sirrimi nə anlayan, nə duyan var. (“Ah paxıllar!”, 1945; şairin vəfatından sonra çap edilib);
Yaxud: Məni yelkən kimi qərq etsə də, dəryada zaman,
Vurğun öldü deməyin, bir əbədi sənəti var. (Yazılma tarixi məlum deyil; şairin vəfatından sonra çap edilib);
Və yaxud:
El istər hər sözüm, şeirim cahanda bir şüar olsun,
Paxıllar cəhd edirlər ki, sözüm gülzarı xar olsun.
…Rəzillər can atırlar ki, rübabım sınsın aləmdə,
Nəsibim, taleyim, haqqım – soyuq bir intihar olsun.
Yeri gəlmişkən xatırladaq ki, S.Vurğunun canına qıymaq istəməsi M.Rahimin şair haqqındakı xatirəsinin əlyazmasından da (nəşrə düşməyib) məlum olur. 1946-cı ilin aprelində bağına gələn Rahimə S.Vurğun deyib: “Bu qədər də adama böhtan atarlar… Sən bilirsən, mən haqsızlığa, ədalətsizliyə dözə bilməyirəm. Bu günlər canıma qıymaq qərarına gəlmişdim. Bəlkə də bağda tək qalmaq bu fikrimi gücləndirmişdi. Bağçaya çıxdım, elə bil torpaq dil açdı: “Şairim, sən torpaq oğlusan, torpaq öz oğlunu möhkəm saxlar, bərk dayan, dəyanətli ol.” Sanki, yatmışdım, ayıldım” (Surəti bizdədir).
S.Vurğun – H.Cavid və S.Vurğun – M.Müşfiq münasibətlərinə də vurğunşünaslıqda və şair haqqında xatirələrdə müəyyən qədər toxunulub. Vurğunla Müşfiqin gənclik illərindən dost olmaları, Dilbər ilə görüşə gedərkən Müşfiqin Vurğunu da özü ilə aparması, ailə tədbirlərində və ədəbi görüşlərdə birlikdə iştirak və çıxış etmələri, Vurğunun toyunda Müşfiqin bədahətən gözəl bir şeir deməsi (bunlar barədə Xavər Vəkilovanın “Vurğunlu günlərim” xatirə-müsahibəsində, Dilbər Axundzadənin “Müşfiqli günlərim” kitabında və b. mənbələrdə geniş danışılır) və Vurğunun “Şairin səsi” şeirini M.Müşfiqə ithaf etməsi çoxlarına məlumdur.
S.Vurğun Müşfiqin istedadını yüksək dəyərləndirmiş, onun sonrakı taleyinə acımışdır. M.Vəkilov yazır: “Bu xəbər (Müşfiqin həbsi – A.S.) Səməd Vurğunu sarsıtmışdı. Həmin gün biz Kommunist küçəsi ilə aşağı enirdik. Səməd dərin düşüncələr içində idi, o, ətraf aləmi tamamilə unutmuşdu, dinməz-söyləməz addımlayırdı. Biz Sabir bağına çatdıqda Səməd Vurğun dayandı və mənim daha yaxşı eşidən sol qulağıma əyilərək rusca “Poqib velikiy talant” – dedi. Səməd Vurğun ömrünün sonuna qədər Müşfiqi unuda bilmirdi” (M.Vəkilov, göstərilən əsəri s.135). Vurğunun Müşfiqi unuda bilməməsi Xəlil Rzanın xatirələrində də özünə yer alıb: “Bakıdan bir ağıllı şair çıxmışdı, onu da məhv etdilər – deyə S.Vurğun Müşfiq haqqında xeyli danışır, şeirlərindən oxuyur, axırda da qəzəbli, cəsur bir cümlə işlədir: – 1937-ci ildə gedənlərin çoxu günahsız getdi” (X.R.Ulutürk. Bir odlu gözləri, bir də xoş səsi. B., “Çinar-Çap”, 2007, s.43).
Haqqındakı xatirələrdə və öz çıxışlarında S.Vurğunun H.Cavidə də böyük hörmətlə yanaşdığı, yaradıcılığını yüksək dəyərləndirdiyi təsdiqlənir: “Səməd Vurğun Hüseyn Cavidi çox sevirdi, onun poeziyasını, həqiqi şair təbiətini və şeir rübabını yüksək qiymətləndirirdi. Səməd həmişə Hüseyn Cavidin:
Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var.
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım gözəllikdir, sevgidir – misralarını böyük vəcdlə təkrar edərdi. Səməd gözəllik və məhəbbət haqqında bu qədər ülvi, şairanə və romantik nəğmədən sanki mənəvi qida alırdı. O, bir dəfə həmin misraları təsirli və şairanə bir ahənglə oxuduqdan sonra dedi ki, bu şeir parçasında Hüseyn Cavid insana məxsus olan ən ülvi və müqəddəs sifətləri, duyğuları, insan gözəlliyini və məhəbbəti Allah məqamına qaldırır, burada bir növ Nəsimi poeziyasının müqəddəs ruhunu duyuruq” (M.Vəkilov, göstərilən əsəri, s.122-123).
Onu da qeyd edək ki, 1930-cu illərin tənqidində S.Vurğunun bəzi əsərləri, xüsusilə “Dəli şair” poeması ilə H.Cavidin “Azər” poeması arasında bir yaxınlıq olduğu və S.Vurğunun R.Tofiq, T.Fikrət, Ə.Hamid yolunu “təqib etdiyi” ona irad tutulmuşdur. Bunlardan əlavə S.Vurğunun “Sızıltılarım” şeirini (1926) “Möhtərəm və əziz Hüseyn Cavidə” qeydi ilə ona ithaf etməsi, məqalə və çıxışlarında böyük sənətkara “hamımızın sevdiyi Cavid” deyə müraciət etməsi, “Cavidin yaradıcılığında biz şairlər üçün öyrənməli şeylər çoxdur” qənaətində olması, hətta mövzularını Azərbaycan həyatından götürmədiyini tənqid edəndə belə, onu “Böyük şair” (“Böyük bir şairin yazdığı dastan”) kimi dəyərləndirməsi də onun H.Cavid sənəti və şəxsiyyətinə rəğbətini ifadə edir.
H.Cavidlə S.Vurğun ailəvi yaxın olmuşlar. Cavid Vurğunun Xavər xanıma elçiliyində, toyunda, eləcə də sonrakı ailə tədbirlərində iştirak etmişdir: “Məclisdə (1936-cı ildə evində təşkil etdiyi məclisdə – A.S.) Səməd “Cavid əfəndi bizim iftixarımızdır” – deyə onun sağlığına olduqca səmimi sözlər söylədi. O, Hüseyn Cavidin sonrakı taleyinə də ürəkdən acıyırdı” (M.Vəkilov, göstərilən əsəri, s.123).
Ə.Vəliyevin xatirəsində də, S.Vurğunun böyük dramaturqun faciəsinə acıdığına şahid oluruq: “Bir gün işə gələn vaxt məni bikef gördü. Dərhal yanına çağırdı. Böyük şair və dramaturqumuz Hüseyn Cavid barəsində bəd xəbər eşidəndə Səməd Vurğun həm sarsıldı, həm kövrəldi, həm kədərli dedi: – Kaş bir gün qabaq Cavid vəfat eliyəydi, heykəlini ucaldaydıq” (Ə.Vəliyev. Nadir istedad, qüdrətli sənətkar. “Ulduz” j., 1976 №6, s.20).
Şairin sonralar Cavid və Müşfiqlə bağlı keçirdiyi sarsıntılar maraqlıdır ki, xeyli əsərini rus dilinə yüksək səviyyədə tərcümə etmiş A.Adalisin də xatirələrindən keçir: “S.Vurğun 1937-ci illə bağlı olan faciələri görmüşdü. 1953-cü ildən sonra bu faciələr bütün çılpaqlığı ilə meydana çıxanda Vurğunun daxili yaraları köz-köz olmuşdu, açılmışdı. Ömrünün son illərində Vurğun daha fikirli, daha pərişan idi. O Müşfiqi həyəcansız, hətta bəzən göz yaşısız xatırlaya bilmirdi. Müşfiqin adı çəkiləndə tutqunlaşır, papiros yandırır, bəzən bir saat fikirləşir, yalqız düşünməyi üstün tuturdu… Hüseyn Cavid kimi böyük dramaturqun, Müşfiq kimi büllur istedadın məhv olmasını öz gözləri ilə görən və sonralar bunun ən çirkin vasitələrlə həyata keçirildiyindən xəbər tutan Səməd Vurğun kimi həssas bir sənətkar çoxmu ömür sürə bilərdi? Səmədin ölümü labüd idi… ” (X.R.Ulutürk, göstərilən əsəri, s.153).
Onu da qeyd edək ki, S.Vurğun Yİ-nin katibi olarkən 1937-ci ildə H.Cavidi və M.Müşfiqi gücü çatana və mümkün məqama qədər müxtəlif üsullarla müdafiəyə çalışıb. Şair çıxışlarından birində deyir: “S.Ordubadi yoldaş Kirov haqqında roman yazır. Yoldaş Mir Cəlal “Qayğılar” adlı roman yazmış… Bu roman kolxoz quruluşunu və həyatımızın inkişafını göstərən romandır. A.Şaiq “İki şam ağacı” adlı işçi həyatından alınmış roman yaratmaq istəyir. H.Cavid faşizm və müharibə əleyhinə yeni pyes yazmış. Bu günlərdə haman əsər oxunacaqdır. Müəyyən yoldaşlıq köməyi olduqdan sonra o, pyes üzərində çalışacaqdır… S.Rüstəm kolxoz quruluşundan poema yazmaq fikrindədir və bunu yazacaqdır. Yoldaş Müşfiq canlı insan temasından yazmaq istəyir. Əvvəl o, ziyalılar haqqında yazmaq istəyirdi, mən buna razı olmadım. Elə qərara gəlmişik ki, Müşfiq gedib, bir neçə ay kolxozda oturub, kolxoza dair bir şey yazsın” (“Ədəbiyyat” q., 1937, 6 aprel). Nəzərə çatdıraq ki, Cavid də Müşfiq də artıq “gedənlərin siyahısı”na daxil edilmiş və bundan Vurğun da xəbərdar idi. Buna baxmayaraq, o, hər iki sənətkarı müdafiə etməyə çalışır. Təxminən bir aydan sonra başlanacaq kütləvi qırğının “qara siyahısı” dəqiqləşdirildiyi, “işçi həyatı” və “kolxoz quruluşu”nun ədəbiyyatın baş mövzusuna çevrildiyi bir məqamda Vurğun başa düşür ki, Müşfiq “ziyalılar haqqında” , yaxud “insan temasından” yazmaqla, artıq “batmaqda olan gəmisi”ni xilas edə bilməyəcəkdir. Ümid edir ki, “kolxoza göndərib, kolxoza dair bir şey” yazdırmaqla (məsul katib kimi), bəlkə dostunu fəlakətdən xilas edə. Vurğunun işlətdiyi “bir şey” ifadəsi də diqqət çəkir. O, demir ki, Müşfiq kolxoza dair “əsər” yazsın, deyir ki, kolxoza dair “bir şey” yazsın, təki bəladan canını qurtarsın.
H.Cavidin də “gedənlərin siyahısı”na çoxdan qatıldığını nəzərə alsaq, Vurğunun onun da adını məhrəmliklə çəkməsi, ona yoldaşlıq köməyi göstəriləcəyini vəd etməsi də eyni istəkdən qaynaqlanırdı. Təbii ki, Vurğun nə Cavidi, nə də Müşfiqi xilas edə bilir, əksinə özü Yİ-nin rəhbərlərindən biri kimi “siyasi korluq” göstərməkdə, “millətçi ünsürləri qanadının altına almaqda” (Cavid və Müşfiqin adı daha çox çəkilir) günahlandırılır. O, 1937-ci ilin iyununda Yİ-nin katibi vəzifəsindən kənarlaşdırılır, həbs edilməsinə ciddi cəhdlər göstərilir.
Bura qədər dediklərimizlə heç də elə təsəvvür yaratmaq istəmirik ki, S.Vurğun sovet quruluşunu birmənalı olaraq inkar edib. Yaxud, Vurğunu yaşadığı dövr ümumiyyətlə qəbul etməyib. Və yaxud da, cəmiyyətdə gedən mübarizələrdə onun özünün heç bir günahı olmayıb. Əksinə, yazdıqlarını nəzərdən keçirərkən məlum olur ki, müəyyən müddətdən sonra onun inanıb sevdiyi sovet quruluşunu tərənnüm etdiyi əsərlər də az deyil. Yaxud, şair şiddətli tənqid ediləndə də dövrün obyektivliyi qorumağa çalışan tənqidçiləri tərəfindən təqdir edilib, zamanının ən yüksək mükafatlarına layiq görülüb, yüksək vəzifələrdə çalışıb. Özünün də etiraf etdiyi kimi, “yanıldığı” məqamlar da olub. Bunlarla yanaşı, S.Vurğun daim nəzarətdə saxlanılıb: Zamanın nəbzini tutub yaşadığı dövrü, quruluşu öyəndə rejim də onu yüksəklərə qaldırıb, mükafatlandırıb. Belə məqamlarda şair fəxarətlə:
Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən,
Bundan da gözəl bir daha dövran ola bilməz – deyib (bu görünən – çoxlarının gördüyü Vurğundur). Zamanın müəyyənləşdirdiyi çərçivəni, qadağaları aşanda isə rejim onu yüksəltdiyi zirvədən endirmiş, “artıq adam”a çevirmişdir. Bu dəfə şair dünyaya gəldiyinə və şöhrət zirvəsinə yüksəldiyinə peşman olmuş:
Böyük bir hünərim yoxdur, bilirəm,
Bəzən öz-özümə baxıb gülürəm,
Artıq can üstəyəm, artıq ölürəm,
Şöhrətim quru bir səsdir, a “dostlar”! – deyə fəryad qoparmışdır (bu isə görünməyən – təəssüf ki, çoxlarının görmədiyi, yaxud “görmək” istəmədiyi Vurğundur).
… Biz demirik ki, “görünən Vurğun”u daha “görməyək”, deyirik ki, görünən Vurğunla yanaşı, “görünməyən Vurğun”u da “görək”. Çünki, Vurğun olduğu kimi bu sərhədlərin içində, bətnindədir və ikili ömür yaşamaq məcburiyyəti Vətənini, millətini sevən bütün istedadların faciəsi olmuşdur. Bunu Vurğun özü də dərk etmiş və qarşısına çıxan “vaxt payı” ilə razılaşmalı olmuşdur:
Fəqət durur gözlərimin qarşısında bu iblislər,
Ürəyimdə külək əsir, yarpaq düşür, çiçək solur…
Gecəm keçir xəyal ilə, sual verir mənə səhər,
Hansı şair, hansı qələm öz vaxtında xoşbəxt olur?
Aslan Salmansoy, Filologiya üzrə fəlsəfə doktoru
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM