Siyasi elmlər doktoru
Türkiyə II dünya dövləti və I dünya dövləti olmağa namizəd kimi ciddi tarixi, coğrafi, mədəni, mental, iqtisadi, demoqrafik və s. potensialla yanaşı, həm də qlobal proseslərin, dünya tarixinin 20 il əvvəldən başlayaraq yaratdığı və yaratmaqda davam etdiyi fürsət və imkanlara malikdir. Belə ki, soyuq müharibədə sosialist blokunun məğlubiyyəti bir sıra dövlətlər və qlobal güclər üçün yeni, lakin bir-birindən fərqli istiqamətlərə, proseslərə yol açdı, yeni mərhələni gətirdi. Uzunmüddətli perspektiv baxımından bunların içində Türkiyə xüsusi yeri alır. Türkiyə Qərb blokunda soyuq müharibənin önəmli aktorlarından biri oldu. NATO çərçivəsində ordunun infrastrukturunu təkmilləşdirmə ilə yanaşı NATO-nun vacib bir elementinə çevrildi və onun siyasi rəhbərliyində rol oynamağa başladı. Soyuq müharibə dövründə Şərq-Qərb qarşılaşmasında Şərq blokuna liderlik edən SSRİ Türkiyənin suverenlik və bütövlüyünə ciddi təhdid yaratdığından soyuq müharibənin özü Türkiyə ordusunun inkişafı və güclənməsinə, modernləşməsinə səbəb oldu. Ordu bərk güc kimi bir qlobal aktor üçün daimi vacib ünsürdür. I Dünya dövləti olma yolunda bu günkü türk ordusu Türkiyənin əldə etdiyi ciddi şansdır.
Bir qütblü dünya dövrü də bu təkamül prosesində yerin aldı. Belə ki, bu dövr Rusiyanın xarici siyasətində, ilk növbədə Türkiyə ilə bağlı mövqeyində ciddi yumşalmalara yol açdı. Rusiya, xüsusən Putin dövründə daha çox praqmatik xarici siyasət apardı. Bu da Türkiyə ilə imkanların ciddi inkişafına imkan verdi. Hazırda Rusiya türk şirkətləri üçün əhəmiyyətli bazar, Rusiya əhalisi Türkiyənin turizm sahəsində böyük bir mənbə olması ilə bərabər, siyasi münasibətlərdəki antoqonizm əməkdaşlıq və dialoqla əvəz olundu. Ərəb dünyasının bir hissəsində sovet-rus ideoloji təsiri aradan qalxdı, liberal-demokratik dəyərlər, xüsusən də Türkiyənin bir örnək model olaraq ərəb ölkələrinin cəmiyyətlərində diqqət mərkəzinə gəldi ki, bu da Türkiyənin bu regionda yenidən əlaqələrinin qurmaq və genişləndirmək, təsir və nüfuz dairəsini artırmaq imkanı verdi. Ərdoğan hakimiyyəti bu tarixi imkandan yararlanmağı bacardı, fürsəti qaçırmadı.
Türkiyənin son 20 ildə inkişafı qlobal hadisə olan SSRİ-nin dağılması ilə bağlıdır. O, Şərq-Qərb münasibətlərində qütbdən mərkəzə gələ bildi və post-sovet məkanının böyük bir hissəsini bazara çevirə bildi. Üstəlik, SSRİ-nin dağılması post-sovet respublikaları ilə yanaşı Orta Şərqdə də əlaqələr qurmaq, orada nüfuzu artırmaq, yeni bazarlar tapmaq imkanı verdi. Şevket Pamukun bunu haqlı olaraq AKP hökumətinin xarici və iqtisadi siyasətinin müvəffəqiyyəti kimi izahı (11), Davudoğlunun qonşu dövlətlərlə "sıfır problem" tezisinə söykənən geosiyasətinin (2, §2.) müsbət tərəfləri ilə bərabər tarixin verdiyi imkan və missiyanı da unutmaq lazım deyil. Burada iqtisadi inkişafla bərabər həm də bu məkanın intellektual imkanlarından (xüsusilə, Azərbaycan və Orta Asiya) yararlanaraq yumşaq güc olan mədəni gücü artırmasını da qeyd etmək lazımdır. Azərbaycan və Orta Asiya respublikalarından intellektualların Türkiyəyə axını ilə yanaşı buraya mədəni təsirini yaymaq (TV, kinosənaye, litseylər vasitəsilə) oldu.
Qloballaşmanın - yeni qlobal sistemə keçid prosesinin isə Türkiyənin II dünya dövlətinə cevrilməsi və I dünya dövləti olmaq yolunda yaratdığı imkanları bir neçə istiqamətdə səciyyələndirmək olar: 1) Vətəndaş cəmiyyəti təşkilatları formalaşdı; 2) Diasporalarda təşkilatlanma getdi; 3) İqtisadi inteqrasiya genişləndi; 4) İqtisadi şirkətlər və xaricdəki diaspora təşkilatları dövlətin xarici siyasətində rol aldılar, bəzən də təkanverici qüvvə oldular ki, bu da yeni dünya sisteminin tələblərinə cavab vermə istiqamətində beynəlxalq yumşaq güc əldə etmə üçün bazadır.
Qərbin güc itirməsi onun Orta Şərqdəki təsir imkanlarının güclənən Rusiya və Çinə ötürülməsi problemini törədir. Burada, təbii ki, Türkiyənin güclər nisbətini saxlamaqda Qərb üçün önəmi artır. Belə bir məqam indiyəcən Orta Şərqdə onun qarşısına çəkilmiş səddləri qaldırmaqdadır. Proses beynəlxalq sistemdə Türkiyənin güclənməsi, önünün açılması ilə yanaşı onun daxilindəki ən böyük problem olan kürd məsələsinin həllinə də şərait yaradır. Bilirik ki, PKK-nın fəaliyyəti soyuq müharibədən qalib çıxmış Qərbin, xüsusilə də Avropanın güclü və özündən əmin vəziyyətə çatması ilə bağlıdır. Soyuq müharibə dövrü bitdikdən sonra PKK-nı ciddi şəkildə dəstəkləyən, ona bütün vasitə və formalarla yardım edən, bununla da PKK-nın güclənməsində və aktivləşməsində (hərbi və siyasi) əsas səbəbkarlardan olan Avropanın böhranlar yaşaması PKK-nın ilk növbədə maliyyə qaynağının azalması ilə onun zəifləməsi üçün əsas olur.
Bəs Türkiyə çoxqütblülüyə necə hazırlaşmalıdır? Soyuq müharibənin başa çatması və onun gətirdiyi regional, qlobal şərait Türkiyəyə regional güc olma fürsəti verdi. Lakin çoxqütblü sistem Türkiyəyə qlobal aktor olma imkanları yarada bilər. Təbii ki, əgər potensialdan maksimum faydalana, regional bloklaşmalar apararsa. Bütövlükdə Türkiyənin çoxqütblülüyə - yeni qlobal sistemə hazırlığı istiqamətində vacib görünən fəaliyyətləri ümumiləşdirərək aşağıdakı tezisləri irəli sürmək olar:
1) Regional bloklar yaratmaq. Bu zaman mümkün variantlar və imkanlarda sistemləşmələrə gedilməlidir. Türkiyənin AB-nin üzvü olma ilə yanaşı, həm də digər regional bloklarda iştirakı məsələsinə "Türkiyə - 2023" proqramında toxunulub (5, s.41). Lakin təəssüf ki, bu məsələyə sistemli bir konsepsiya, ən azı bir strategiya kimi baxılmayıb. Yerləşdiyi regionun sistemləşməsi istiqamətində bir təsəvvür cızılmayıb, baxış sistemi sərgilənməyib. Halbuki coğrafi şəraiti, qlobal proseslərin istiqaməti və Türkiyənin I dünya dövləti olma hədəfi bunu tələb edir. Regionun sistemləşməsi, burada altsistemlərin - regional blokların variant, imkan və missiyaları, bloklar arasında əlaqələrin xarakteri, tənzimlənmə vasitələri istiqamətində Türkiyə yaradıcı, aparıcı, aktiv aktor kimi fəaliyyət göstərməlidir. Bu bloklar regional sistemlərlə formalaşacaq qlobal sistemdə qlobal aktor olmaq imkanı verəcək. Nəzərə alsaq ki, Türkiyə sadəcə bölgənin güclü dövləti deyil, eyni zamanda bir neçə regionun əlaqələrini bir neçə aspektdən təmin edir, onun bu bloklarda olması bölgə dövlətləri, həmçinin AB üçün get-gedə zərurət olacaqdır. Enerji ixracatçıları və idxalatçıları enerjinin təhlükəsiz, etibarlı, siyasi mübahisələrə alət olmadan ötürülməsinin marağındadırlar. Bütün bunlara baxdıqda Türkiyə coğrafi olaraq regionlar, qitələr arasında münasibətlərin mərkəzində durur və bütün dəyər və imkanları, dövlətçilik ənənəsi, bərk və yumşaq güc vasitələri ilə regionlar arasında tarazlıq yaratmaq, sürətlə qloballaşan, onlar arasında əlaqəni nizamlamağa və bununla da qlobal aktora çevrilməyə qadirdir. Lakin bu çox çətin nizamlamanı regionda bloklaşmalar, regional sistemlər yaratmaqla mümkündür. AB yeganə hədəf olmamalı, hətta ümumiyyətlə hədəf yox, vasitələrdən - Türkiyəni qlobal aktora çevirəcək regional sistemlərdən biri olmalıdır. Belə sistemlərdən biri kimi Qafqazda və Orta Asiyada təhlükəsizlik və nizama əsas olacaq Trans Xəzər iqtisadi təhlükəsizlik sisteminin yaranmasına zərurət var. Türkiyə daxil olmaqla Qafqaz və Orta Asiyanın sistemləşməsi həm Türkiyənin qlobal aktor kimi qəbul olunması, həm də region dövlətlərinin perspektivi üçün əhəmiyyət kəsb edir. Belə ki, Xəzər regionundakı yeni müstəqil dövlətlərin hazırkı kövrək suverenlikləri, qlobal sistemin pozulan tarazlığı, ikistandartlı siyasi fəaliyyətlərinə baxmayaraq SSRİ-nin dağılmasında və bu dövlətlərin müstəqillik qazanmalarında dəstək vermiş, hazırda da bu dəstəyin ünvanı olan ABŞ və AB-nin zəifləməsi, Rusiya və Çinin güclənməsi kimi qlobal sistemdə gedən dəyişikliklər burada dayaq sistemlərin və onların beynəlxalq qarantiyalarının olmasına zərurət yaradır. Trans Xəzər iqtisadi təhlükəsizlik sistemi ilkin olaraq Azərbaycan, Türkmənistan, Qazaxıstanın, Gürcüstan və Türkiyənin bloklaşdığı, iqtsadi təhlükəsizlik prinsiplərinə əsaslanan regional təşkilat kimi regional və qlobal nizam üçün ciddi rolu ilə yanaşı Türkiyə üçün AB-dən fərqli olaraq daha etibarlı dayaq və güc mənbəyi olacaqdır.
"Türkiyə - 2023" fəaliyyət planında 2023-cü ildə dünyanın görkəmi ilə bağlı bildirilir ki, "regional inteqrasiyanın önəmi artacaq. Zəif dövlətlər suverenliklərini qorumaq üçün yaxın, müttəfiq dövlətlərlə inteqrasiyaya gedəcəklər". Bunun əlamətləri artıq Cənubi Qafqazda görünməkdədir. Belə ki, Gürcüstan məhz suverenliyini qorumaq məqsədilə tez bir zamanda NATO-ya üzvlüyə cəhd edir. (Həmçinin, Azərbaycan Türkiyə ilə strateji əməkdaşlıq müqaviləsi bağladı - 2006, 16 avqust). Lakin bu hədəf onun təhlükəsizliyi və rifahı üçün azdır. NATO-ya üzvlük onun ərazisinə təcavüzün qarşısını almaqda kömək edəcək. İqtisadi və ardınca siyasi təhlükəsizliyinin təminatı isə olmayacaq. Çünki onun iqtisadi təhlükəsizliyi ciddi şəkildə Azərbaycanla əlaqələrdən, regionun iqtisadi inteqrasiyasiyası, inkişafı və təhlükəsizliyindən, Trans Xəzər layihələrindən asılıdır ki, NATO-ya üzvlük bunları yoluna qoyacaq bir təşkilat deyil. Ona görə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmadan, onun regional təhlükəsizliyi hansısa şəkildə beynəlxalq qarantiyaya alınmadan nə Gürcüstanın, nə də bütövlükdə regionun davamlı sabitliyində, təhlükəsizliyindən, rifahından danışmaq olmaz. Burada artıq Gürcüstanın da daxil olduğu regional iqtisadi təhlükəsizlik sisteminə tələb olduğu görünür. Belə bir sistem Azərbaycan üçün xüsusi əhəmiyyət daşımalıdır. Əli Həsənovun qeyd etdiyi kimi, Azərbaycan bloklara qoşulmamaq qərarı ilə bütün tərəflərlə (ABŞ, AB, Türkiyə, Rusiya, İran) yaxşı münasibətlərdə və əməkdaşlıqda maraqlı olduğunu göstərdi və heç bir dövlət Azərbaycanın simasında özünə potensial təhlükə görməyəcək (3). Bununla belə, xüsusən son iki ildə İranla münasibətlərdəki gərilmələr göstərdi ki, sadəcə bizim niyyətimiz kifayət etmir. Tarixi iddiaları olan və hər addımda fürsət gözləyən, bəzən də bunun üçün heç səbri çatmayan qonşularımız özləri Azərbaycan üçün olduqca böyük təhlükədirlər. Mövcud bloklara qoşulmamaq Rusiya və İranı daha çox qıcıqlandırmamaq, istədikləri bəhanəni verməmək üçün düzgün qərardır. Lakin bu bloklardan fərqli, özündə təhlükəsizlik şərtlərini saxlamaqla daha çox iqtisadi və mədəni inteqrasiyaya önə çıxaran bir sistemləşməyə getmək zamanın tələbidir. Bu mənada Bjezinskinin bir müsahibəsini yada salmaq yerinə düşər. O deyir: "ABŞ-ın və AB-nin çöküşü Azərbaycan və Gürcüstan kimi dövlətləri təhdid altında qoyacaq. Regional bloklaşmalar Türkiyə kimi II dünya dövlətlərini böyüdüb gücləndirək" (6). Bir sözlə, Türkiyə ətrafında və onun daxil olduğu regional təşkilatlar və blokların yaradılması, onların əlaqələndirilməsində mərkəzə, nüvəyə və körpüyə çevrilmə istiqamətində fəaliyyət əsas vəzifələrdən olmalıdır.
2) Yeni sistemin gözlənilən aparıcı gücləri ilə gələcək münasibətlərin istiqamətini müəyyənləşdirmək və zəmin qoymaq. Bu aktorlar arasında qarşılıqlı asılılığı gücləndirmək. Müttəfiqlərlə yeni sistemdə birgə fəaliyyətin konturlarını cızmaq. Bu mənada hər zamankı kimi ön planda ABŞ durur. Lakin burada da münasibətlərin əvvəlki səpkidə olmadığı və olmayacağı hər iki tərəf üçün bəlli və anlaşılandır. Belə ki, Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (Vaşinqton) Türkiyə ilə bağlı müzakirələrindən birində Türkiyənin beynəlxalq təhlükəsizlik üçün indi daha çox iş görməsinə və töhvə verməsinə baxmayaraq əvvəlki kimi "rahat" bir dövlət olmadığı fikirlərilə razılaşan Bjezinski bunu normal hesab etməyi lazım bildi: "Türkiyə müstəqil dövlətdir. Onun da öz maraqları var və biz bu maraqları nəzərə almalıyıq" (8).
Yeni mərhələdə Türkiyə ilə müttəfiqlik ABŞ-a qlobal supergüc olaraq qalma və ya Avrasiyada təsir dairəsini saxlamaq, qlobal məsələlərlə bağlı qərarvermə hallarında dəstək üçün lazım olacaqsa, Türkiyəyə ilk növbədə Orta Şərqdə təsirini artırmağa kömək edəcək. Bjezinski kitabında Türkiyəni Səudiyyə Ərəbistanı ilə birgə Orta Şərqdə nizamlayıcı aktor kimi gördüyünü yazır (13, p.132-185). (Son illərdə bu istiqamətdə ciddi dönüş yaranmışdır. Xüsusən də İsraillə münasibətlərdəki yaranmış problemlər və problemin Fələstin məsələsi üzərində qurulması Türkiyənin ərəb dünyasındakı etibar və nüfuzunun bir sıçrayışla yüksəlməsinə səbəb oldu. İlk zamanlarda xarici siyasətdəki bu radikal dəyişiklik ABŞ-da bir çaşqınlıq və narahatlıq yaratsa da, sonralar "ərəb baharı" prosesində Türkiyənin regiondakı təsir dairəsinin verdiyi effektlər onun İsraillə olan siyasətinin həmçinin ABŞ və İsrail üçün yaxın və uzun müddətə səmərəliliyini göstərdi). Eyni zamanda, Orta Şərqdə güclənmək istiqamətində ABŞ-dan dəstək almaq, burada birgə fəaliyyət ikitərəfli münasibətlər, regional və beynəlxalq təhlükəsizlik üçün ciddi əhəmiyyət kəsb edəcək. ABŞ-ın yaxın və daimi müttəfiqlərinin yerləşdikləri regionlarda bir aparıcı aktora çevrilməsi və regionun məsələlərinin həlli öhdəliklərini boynuna götürəcək qədər güclü olması Amerikada sadəcə Bjezinskinin baxışı deyil. ABŞ-ın "Milli Təhlükəsizlik Strategiyası"na Prezident B.Obamanın verdiyi ön sözdə ABŞ-ın 20-ci əsrin II yarısında olduğu kimi yeni əsrdə də bütün ağırlığın yalnız ABŞ-ın çiyinləri üzərinə düşməməsi gərəkdiyini və bu yükün müasir dünyada çox daha böyük olduğunu, təkbaşına yox, kollektiv fəaliyyət gərəkdiyini, ona görə də regionlardakı müttəfiqlərlə yeni və daha dərin əlaqələrin qurulmasının vacibliyini qeyd edir (12, p.4).
3) Türkiyənin yeni sistemdəki yeri, hədəf və maraqlarına istiqamətlənən, vacib region və dövlətlərin siyasi dairələrində Türkiyəyə münasibətin məqsədəuyğun olması, Türkiyənin maraqları ilə uzlaşan siyasi xəttin götürülməsi üçün akademik müstəvidə kompleks işlər görülməli, akademik əlaqələrə xüsusi diqqət yetirilməli, müvafiq siyasi kurs aparılmalıdır (Türkiyə - 2023, s.12).
4) Müttəfiqliklər dərinləşdirilməli, ikitərəfli və çoxtərəfli münasibətlər, asılılıqlar artırılmalıdır. Həmçinin, daxili əlaqələr sistemi dərinləşdirilməli, buradaki qırılma və boşluqlar qaldırılmalıdır.
5) Qlobal gücə çevrilən qeyri-dövlət təşkilatlarının və transmilli şirkətlərin qurulması istiqamətində (müttəfiq dövlətlərlə birgə) ciddi iş aparılmalıdır. Daxildəki yumşaq güc ünsürlərinin artırılması yönündə ciddi iş aparılmalıdır. Onların transmilli təşkilatlara çevrilməsi və xarici əməkdaşlığına dəstək göstərilməlidir. Cəmiyyətin hər bir sferasının regional və qlobal güc mənbəyinə çevrilməsinə çalışılmalıdır.
6) Güclü dəyərlər sistemi əsas şərtlərdən biridir. Tarixiliyin, müasirliyin, milliliyin, dinin və bəşəriliyin yer aldığı, bu elementlərin optimal ölçülərinin və düzgün subordinasiyasının olduğu struktural nizamlanması aparılmalıdır. (İslamın müasirliyə və tərəqqiyə yaratdığı imkanları, insana və cəmiyyətə verdiyi azadlıqları, həmin azadlıqların inkişafına olan tələbini qabardaraq müasirliyin, elmin qarantı və baza dəyərlər sistemindən biri kimi ilkin olaraq cəmiyyətə, daha sonra isə dünyaya təqdim etməli. Bu istiqamətdə fəaliyyət həm də Türkiyə daxilində milli mentalitetdəki haçalanma ilə bağlı problemin həllinə təkan verəcək, müasirliklə ənənəvilik, qərbliliklə şərqlilik arasındakı ziddiyyəti qaldırmağa yardım edəcək). Dəyərlər sisteminin hər bir elementinin xaricdə daha güclü və təkmil olmadığını analdaraq bir inkaşafa çatdırılmalı və təqdim edilməlidir. Beləliklə, daxildə Şərq və Qərb normalarının harmonik vəhdətini yaradacaq ünsürləri müəyyənləşdirmək, gündəmə gətirmək və beynəlxalq sistemə daşımaq lazımdır. Çəkinmədən Yeni Dünya Nizamının normalarının əsasını verəcək dəyərlər sisteminin mənbə dövləti olan bir qlobal aktor kimi beynəlxalq sistemə daxil olmaq istiqamətində hədəf seçmək və çalışmalar aparılmalıdır. Dəyər idxalatçısından dəyər ixracatçısına çevrilmək yönündə kompleks işlər görülməlidir. Bir sözlə, Şərq-Qərb münasibətlərində vasitəçi, etibarlı aktor, mərkəz dəyərlərin ixracatçısı, Şərq və Qərbi bir-birinə anladan, ortaq, işlək dəyər və normaların ifadəçisi mövqeyi hədəf götürülməlidir.
7) Milli dövlətçiliyin özək element və keyfiyyətlərini qorumaqla (daxili və xarici əlaqələr sistemində milli dayaqları gücləndirməklə - xaricdə Türk Dünyası və diasporaları ilə güclü əlaqələr, genişlənən və dərinləşən təşkilatlanma) yanaşı, bəşəri dəyərlərin önə çıxarılıb dünyada birstandartlı tətbiqində öz missiyasını irəli sürmək, Şərqlə Qərb, irqlər və dinlər arasında radikalizmin qarşısında duran, qlobal tənzimləyicisi rolunu oynayacaq bir aktor olmaq çalışmalar reallaşdırılmalıdır.
8) Yeni sistemin yeni qaydalarını gerçəkləşdirəcək beynəlxalq təşkilatların yenidən qurulması istiqamətində fəal aktor kimi iş aparılmalıdır. Bu istiqamətdə fəal və iddialı olmağın özü özlüyündə bir güc və nüfuz mənbəyi yaradacaqdır. Elə bir açıq beynəlxalq təşkilatlanma formalaşmalıdır ki, dünyada güc dəyişmələri mövcud təşkilatların legitimliyinin itməsi, hüquq və normaların işləməməsinə gətirib çıxarmasın. Böyüyən güclər kənarda qalmasın. Sistem özü dinamik şəkildə, müəyyən prosedur və prinsiplərlə dövlətlərin güclənməsi və zəifləməsinə müvafiq şəkildə onların beynəlxalq təşkilatlardakı mövqelərini tənzimləsin.
9) Ciddi iş universitetlərdə, akademik sferada aparılmalıdır. Məqsəd regionun mədəni, dəyər ixrac edən mərkəzi kimi təhsil və elm sahəsində də mərkəz bir dövləti səviyyəsinə qalxmaq olmalıdır. Çünki bu sahədə aparıcı səviyyəyə çatmadan bir qlobal aktora çevrilmək mümkün deyil. Akademik sahəyə həm dövlət tərəfindən, həm də vətəndaş cəmiyyəti, şirkətlər, fondlar tərəfindən böyük dəstək cəlb olunmalıdır. Həmin dəstəyin özünün strategiyası dövlət tərəfindən hazırlanmalıdır. Ətraf regionların intellektual potensialının ölkəyə cəlb olunması, daxili potensialı artırmaq istiqamətində kompleks tədbirlər görülməlidir. Sadəcə təhsildə yox, təhsil sferasının inkişafının da birbaşa asılı olduğu elm sahəsində regional mərkəzə çevrilməklə bərabər qlobal mərkəzə çevrilmək hədəfi götürülməlidir.
Bəs yeni sistemdə Türkiyənin yeri necə olmalıdır? Hazırkı proseslər yeni mənzərənin, güclər balansının nədən ibarət olacağı sualı yaradır. Yeni dünyanın şəkli, qaydaları, qaydaları qoyan üstqurumun, onların işləməsini təmin edəcək beynəlxalq təşkilatların necə olacağı məsələsini qoyur. Və Türkiyənin yeni dünya sistemində yerini təyin etmək baxımından Türkiyədə bu siyasəti aparan şəxs olaraq Davudoğlunun yeni dünya nizamı, ölkənin buradakı yeri haqqında fikirləri önəm kəsb edir. Davudoğlu yeni dünyaya doğru gedən prosesə diqqəti çəkir və son 20 ilin analizini verərək deyir: "Bizim yeni, real, inkluziv global nizama ehtiyacımız var: dialoqa, çoxtərəfliliyə əsaslanan siyasi nizama, ədalətə dayanan iqtisadi nizama və uzlaşmaya söykənən mədəni nizama. Bütün regional məsələlər qlobal nizama istiqamətləndirilməlidir" (10).
Yeni dünya nizamı sadəcə yeni güc balansı olaraq qalacaq, yeni uzlaşmalar yaradacaq, yeni güclərin qlobal proseslərdəki maraqlarının mübarizəsini bir siyasi çərçivədə, qarşılıqlı maraqların dinc yolla təmini istiqamətində formalaşacaq, yoxsa çoxqütblülüyə keçid ilə başlayan beynəlxalq sosial nizama (beynəlxalq hüququn birstandartlı və ciddi vasitə olduğu) gətirəcək? Nizamın yaranması və yaranarsa da davamlılığı bu sualların cavablarından asılıdır. Işləyən və birstandartlı beynəlxalq hüquq beynəlxalq təşkilatın legitimliyi deməkdir. Beynəlxalq təşkilatın legitimliyi və işləməsi onu vasitə kimi yaradan hakim gücün və ya güclər balasının - qlobal siyasi sistemin sabitliyi və nüfuzu deməkdir.
Aydındır ki, qlobal nizamın təminatçısı kimi qlobal sistem çıxış edir. Dünya hazırda qlobal sistem böhranı yaşadığından qlobal nizam problemi də böyükdür. Çünki qaydaların işləməməsi sistem böhranını törədirsə, sistemin böhranı da öz növbəsində qaydasızlığı dərinləşdirir. Burada artıq fərqli, qəbul olunmuş qaydalardan və meyarlardan kənar altsistemlər yaranır. Həmin altsistemlər sistemi nəzarətdə saxlamağa, ona təsir və təzyiq etməyə çalışır ki, bu da sistemdaxili antoqonizmi gücləndirir. Bu zaman müharibələrin, münaqişələrin, terror və s. halların artması təbiidir. Proseslərin belə bir istiqamətdə getməsi yeni qlobal sistem və yeni dünya nizamı mövzularını aktuallaşdırır. Ona görədir ki, yeni qlobal sistemin necə olacağı və burada hansı dövlət necə bir yerə malik olacağı haqqında müxtəlif planlar cızılır.
Bəs yeni qlobal sistemdə Türkiyə harada dayanacaq? Hazırkı ikinci dünya dövləti mövqeyindən birinciyə qalxa biləcəkmi? İmkanları nədir? Vasitələri, strategiyası nə olmalıdır? Regionlara, ABŞ, Rusiya, Çin və digərlərilə münasibətlərini necə qurmalıdır? Davudoğlu "Türkiyə körpü yox, mərkəz bir dövlət olmalıdır" fikrinin üstündə durur. Davudoğluya görə, körpü olmaq öz varlığına sahib olmamaqdır. Bu səbəbdən, indiyə qədər Avropada Türkiyə Orta Şərqli, Orta Şərqdə isə Qərbə aid bir dövlət kimi dışlanıb. Bundan sonra Türkiyə mərkəz olmaqla Qərbdə qərbli, Şərqdə şərqli, Balkanlarda balkanlı, Qafqazda qafqazlı olmalıdır (1). Davudoğlu Türkiyənin indiyəcən apardığı passiv xarici siyasətin aktiv xarici siyasətlə əvəzlənməsi prinsipini qoyur və AKP hakimiyyəti çərçivəsində bunu reallaşdırır. Fikrimcə, passiv xarici siyasətdən aktiv xaricə siyasətə keçidin özü yeni qlobal sistemdə Türkiyənin mərkəz rolu daşıyacaq I dünya dövləti olmaq istiqamətində vacib ilkin mərhələ oldu. Bu mərhələdə aktivlik və mərkəzləşmə dövlət-dövlət münasibətlərində aparılmağa cəhd edildi. Görünür, bu səbəbdəndir ki, "qonşularla sıfr problem" hədəfi heç də mümkün görünmür. Digər yandan, həmin qonşuların bir-birilə münasibətlərdəki gərilmələr də buna imkan vermir. Deməli, regionda sistemləşmələr getməlidir. Yalnız qonşu dövlətlər arasındakı bloklaşmalar, onların müəyyən norma və qaydalarla regional təşkilatlar içində nizamı regionda dinamizmə yol açar ki, bu zaman Türkiyənin regionda mərkəzləşməsi mümkün olar, qonşularla problemlərin çözülməsi və ümumiyyətlə belə bir rolu üzərinə götürərək aktiv siyasət yürütmək üçün əlaqələrin tənzimlənməsi bir sistemli hal alar. Çünki mərkəz dövlət, Davudoğlunun da ifadə etdiyi kimi, regionda problemlərin, mübahisə və münaqişələrin həlli ilə məşğul olan bir dövlət deməkdir. Bu cür qonşuluqda və zəngin siyasi coğrafiyada sadəcə ikitərəfli münasibətlərlə, Türkiyənin aktiv rol oynayacağı regional sistemlər və onların norma və qaydalarla yaradacağı nizam olmadan bu yükü daşımaq mümkünsüz görünür. Nəzərə alaq ki, dövlətin öz maraqları və xalqı qarşısında öhdəlikləri də var və bürokratik aparatını, vaxtını, enerjisini sadəcə regionun məsələlərinə, mərkəz dövlət olmanın öhdəliklərinə həsr edə bilməz. Mərkəz dövlət olma dövləti daxilən gücləndirirsə də, onun iqtisadiyyatı, mədəniyyəti, nüfuzu ilə birgə təhlükəsizliyini, ərazi bütövlüyünü möhkəmləndirirsə də, burada daxili gücün xarici gücə əsas və dayaq olduğunu unutmaq olmaz. Bir sözlə, Türkiyənin mərkəzdə tarazlayıcı və tənzimləyici rola malik olduğu regional altsistemlərdən ibarət bir şəbəkə sistemin formalaşdırılması istiqamətində proqramlaşdırılmış fəaliyyət aparılmalıdır. AB-nin perspektivinin uğurlu olub-olmamasından asılı olmayaraq Türkiyə Avropa ilə dərin bir sistemləşmə içində olmalıdır. Bu, onun Qərblə münasibətlərində siyasi əhəmiyyət kəsb etməsi ilə yanaşı Orta Şərqi və həmçinin, sərhədlərini nəzarətdə saxlaya bilməsi üçün lazımdır. Digər vəzifə Orta Şərqdə tənzimləyici aktor kimi iştirak edəcəyi bir regional sistem yaratmaqdır. Nəzərə alsaq ki, Bjezinski də öz strateji baxışında Türkiyənin Səudiyyə Ərəbistanı ilə birgə Orta Şərqdə nizamlama fəaliyyətini aparmasını və burada əsas aparıcı aktor olaraq Türkiyəni dönə-dönə qeyd edir və əsaslandırır (6), ABŞ-ın dəstəyi və tərəfdaşlığının burada təmin olunacağı aydındır. Fərqli sistemlər Qafqaz və Orta Asiya dövlətlərilə qurulmalıdır. Yuxarıda haqqında danışdığım Trans Xəzər regional iqtisadi təhlükəsizlik sistemi bu regionda daha böyük və dərin sistemləşməyə imkan yaradacaq bir özək sistem kimi qurula bilər. Xüsusilə də türkdilli dövlətlərin yaratmış olduqları qurumların bu istiqamətdə istənilən nəticələri vermədiyini nəzərə alaraq və AB-nin yaranması təcrübəsinə istinad edərək iqtisadi əsaslar üzərində qurulan bir sistemin regional və beynəlxalq əngəlləri aşaraq arxasınca siyasi, təhlükəsizlik məsələlərinə də yol aça biləcəyini söyləmək olar. Bu sistemləşmələr region ölkələrilə münasibətləri genişləndirmək, dərinləşdirmək və sistemlərin norma və qaydaları, operativ işçi qrupları vasitəsilə tənzimləməni mümkün etməklə, ətrafında bir nizam yaratmaqla (bu nizam milli təhlükəsizlik və daxili bütövlük üçün də şərtdir) yanaşı, regionlar arasındakı əlaqəni də genişləndirmək, dərinləşdirmək və tarazlaşdırmaqda bir vasitəçi, aparıcı aktor kimi bu əlaqələr şəbəkəsinə müəyyən nəzarət imkanı verir. Hədəf olduqca böyük görünsə də, bunu Avrasiyada I dünya dövləti olmanın yolu və imkanları kimi səciyyələndirmək olar. Qloballaşma eyni zamanda bir şəbəkələşmə, dərin sistemləşmədir. Buradakı boşluqların olması da, onların doldurulması istiqamətində planlı fəaliyyətin özü də ciddi imkanlar deməkdir. Faber bildirir ki, indi gücün əsas növü heç də bərk güc, material və ya coğrafi imkanlar deyil, şəbəkədəki boşluğu hiss etmək bacarığıdır. Siz bu sistemə müxalifsinizsə, struktur yarıqlarını körpü ilə digər qlobal şəbəkədə birləşdirməkdə olun. Əsas qlobal güc global şəbəkədəki yarıqları körpü ilə birləşdirməkdir (9). Orta Şərqdə, Qafqaz və Orta Asiyada boşluqlar hələ mövcuddur və Türkiyənin bu boşluqlarda sistemlər yaradaraq qlobal şəbəkəyə birləşdirmək imkanları vardır.
Yeni sistemdə Türkiyənin mərkəz yeri, aydındır ki, həm də qlobal proseslərin daimi ünvanı olan, lakin mübarizə mövzusunun dəyişdiyi (ideoloji, dini və s.) Şərq-Qərb münasibətlərindəki tutacağı mövqe ilə də müəyyənləcək. Yuxarıda söylədiyim kimi, qlobal güc olmanın əsas göstəricilərindən biri də Şərq-Qərb münasibətlərində mərkəzə gəlmək imkan və qabiliyyətləri, bunun mental dayaqları, yəni irqi və milli dözümlülük xüsusiyyətləridir. Çünki qütb kiçildir, mərkəz böyüdür (bütövləşmə yolu ilə). Qlobal sistemdə qütbləşmə əyalətləşməyə bərabərdir. Lakin bu, heç də qütbdən ayrılmaq demək deyil. Qütbsüz mərkəz də yoxdur. Qütbü itirmək mərkəzi də itirməkdir. Mərkəzə gələrkən qütbü özünə mərkəz edərək böyümək nəzərdə tutulmalıdır. Bu prinsipdən yanaşdıqda Türkiyənin Şərq - Qərb münasibətlərində mərkəzçiliyinin onu qlobal gücə çevirməsi kimi obyektiv əsasları var. Bununla belə qütblərin radikallaşması halında mərkəzçilikdən qütbə çəkilmənin həyati təhlükəsizlik üçün zərurətini unutmaq olmaz. Məsələni cəmiyyətlə analogiya gətirərək izah etmək istərdim. Belə ki, hər hansı bir siyasi partiya mərkəzə gəlməklə cəmiyyətin əksər icmalarından dəstək almağa çalışır, lakin özək ideoloji bazanın daimi dəstəyi və birmənalı etibarı olmadan onun bütün təlatüm və dəyişikliklərə tab gətirib siyasi səhnədə qalması, zəif, ya güclü olmasına baxmayaraq siyasi varlığı mümkünsüzdür. Bu mənada bu gün qloballaşma səbəbilə milli dövlətçiliyin yerini bəşəriləşmə hesabına itirməsi kimi nəzəriyyələrin (7) Türkiyə alimləri tərəfindən dəyər alması (4) təhlükəlidir. Avropa milliyyətçiliyindən və irqçiliyindən fərqli olaraq tarix boyu ən çox imperiya qurmuş və müxtəlif millətlərdən, irqlərdən olan xalqları idarə etmiş türklərdə mental xüsusiyyətlər fərqlidir. Əgər avropalılar üçün mərkəzə gəlmək çətindirsə, türklər üçün qütbə getmək, milli təəssübkeşliyi saxlamaq çətindir. Tarix XX əsrdə Türkiyəyə və digər türk xalqlarına milli dövlət qurmaq, təkrar dünya idarəçiliyində yer tutmazdan əvvəl milli dövlətçilik əsaslarını formalaşdırmaq üçün bir şans verdi. Bir siyasi partiyanın hakimiyyətə gəlib-getdiyi kimi böyük millətlər və dövlətlər də dünya siyasətində hakim mövqeyə gəlir və gedirlər. Milli dövlət sütunlarının qurulması və qorunması bu hakimiyyətdən gedərkən siyasi səhnədə qürurla qalmaq üçün şərtdir.
QEYDLƏR:
1. Davutoğlu A. "Türkiye Merkez Ülke Olmalı" // Radikal. - 26.02.2002.
2. Davutoğlu A. Stratejik Derinlik: Türkiye'nin Uluslararası Konumu. - Istanbul: Küre Yayınları, 2009 - 584 s.
3. Əli Həsənov. Baş redaktordan. Geostrategiya. N 03(03). May 2011.
4. Türkiye'nin stratejik vizyonu - 2023. Yeni güvenlik anlayışları ve Türkiye'nin değişen güvenlik politikası. www.tsv2023.org
5. Türkiye'nin stratejik vizyonu - 2023. Uluslararası ilişkiler. Avrupa Birliği ve cok boyutlu türk dış politikası.
6. Brzezinski. CSIS - Center for Strategic and International Studies. Washington. www.csis.org/multimedia/video-strategic-vision-america-and-crisis-global-power
7. Erkki Tuomioja. "More Cooperation is More Security: Towards European Coherence in International Affairs". LSE. November 08, 2011. London.
8. Foucault M. The Birth of Biopolitics. Picador. 2010. 368 pages.
9. Peter Faber. "Structural Change in the International System". 11 Nov 2011. ISN. ETH. Zurich.
10. Sarkozy threatens French pullout from visa-free zone. By Jamey Keaten. The Washington Times, LLC. Sunday, March 11, 2012.
11. Statesmen's Forum: His Exellency Ahmet Davutoğlu Minister of Foreign Affairs. CSIS. Washington. www.csis.org/event/meeting-turkish-foreign-minister
12. "Turkey in the World". LSE. June 15, 2011. London. Speaker(s): Michael Cox, Şevket Pamuk.
13. US National Security Strategy. May, 2010.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM