Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru
Tarixən Azərbaycan Avropa və Asiyanın qovşağında yerləşdiyi üçün xalqlar arasında körpü rolunu oynamış, müxtəlif mədəniyyətlərin əlaqələrində birgə yaşayışında mühüm əhəmiyyət kəsb etmişdır. Əsrlər boyu həmin xalqların və dinlərin nümayəndələri burada dostluq, qarşılıqlı etimad və sülh şəraitində yaşayıb fəaliyyət göstərmişlər. Təbiidir ki, belə bir mühitdə multikultural və tolerant dəyərlər xalqımızın əsl həyat tərzinə çevrilməyə başlamışdır. Bu baxımdan hazırda Azərbaycanda bərqərar olan multikulturalizm və tolerantlıq xalqımızın mentalitetindən irəli gələn ənənə, həm də dövlət ideologiyasının tərkib hissəsi hesab olunur. Azərbaycan Respublikası dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra siyasi və iqtisadi münasibətlərin yeni prinsiplər üzərində bərqərar olmasına səbəb olmaqla yanaşı, eyni zamanda ölkəmizdə multikulturalizmin inkişafı üçün geniş imkanlar yaratdı. Dövrün tələblərinə uyğun olaraq multikultural münasibətləri tənzimləmək, müxtəlif dini inancların, mənəvi-mədəni dəyərlərin daşıyıcısı olan azsaylı xalqların müstəqil dövlətçilik ideyaları ətrafında sıx birləşməsini təmin etmək dövlətin qarşısında duran əsas vəzifələrdən biri idi.
1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik” münasibətilə Azərbaycan xalqına müraciətində deyilirdi: “...Azərbaycanın taleyi belə gətirmişdir ki, coğrafi-siyasi mövqeyinə görə o, həmişə sivilizasiyaların qovuşuğunda olmuş və istər Qərbin, istərsə də Şərqin çox güclü təsirini öz üzərində hiss etmişdir. Məlumdur ki, Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Eramızdan əvvəl birinci minilliyin sonunda, eramızın birinci minilliyinin əvvəlində Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin təsirinə məruz qalmışdır. Məhz bunun nəticəsində tarixən ölkəmizdə müxtəlif dinlərə münasibətdə yüksək tolerantlıq, dözümlülük mühiti yaranmışdır. Yunan-Roma mədəniyyətinin, bütün antik sivilizasiyasının güclü təsiri altında inkişaf edən elm, ədəbiyyat və incəsənətimiz çox erkən dövrlərdə özünəməxsus forma və məzmuna malik olmağa başlamışdır. Bununla yanaşı, sözsüz ki, bizim zəngin mədəniyyətimizin formalaşmasına müxtəlif mərhələlərdə həm zərdüştilik, yəhudi, xristian, həm də islam mədəniyyətlərinin təsiri olmuşdur” (5, C.31, s.141).
Ümummilli lider Heydər Əliyev respublikamızın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji istiqamət seçərək, öz müdrik siyasəti ilə tarix boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik, tolerantlıq ənənələrini yeni bir mərhələyə qaldırmağa nail olmuşdur. Azərbaycan əhalisinin çoxmillətli tərkibini milli sərvətimiz hesab edən ümummilli lider bütün siyasi fəaliyyətini bu misilsiz sərvətin qorunub saxlanılması, əbədi olması istiqamətinə yönəltmişdi. Ümummilli lider Azərbaycan vətəndaşlarının etnik milli duyğularını nəzərə almaqla, həm də məqsədyönlü şəkildə ictimai-siyasi özünüdərk hisslərinin, vətəndaşlıq və vətənpərvərlik duyğusunun formalaşdırıl-ması kimi ciddi bir dövləti funksiyanı yerinə yetirərək, bütün ölkə vətəndaşlarını azərbaycançılıq platformasında birləşdirmişdir. Onun həmin dövrdə səsləndirdiyi “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!”, yaxud “Vətən birdir və hamı bu Vətən üçün çalışmalıdır!” çağırışı bu sahədəki fəaliyyətin əsas göstəricisi hesab oluna bilər (6, s.73).
Ümummilli lider Azərbaycanın daxili ictimai-siyasi, iqtisadi, mənəvi, milli-etnik və dini həyatının tarazlı inkişaf modelini yaratmaqla yanaşı, həm də həlli prinsiplərini ortaya qoymaqla yanaşı, ölkə daxilində ümumi ahəngi pozmadan, etnik-milli və milli-siyasi aspektlər arasında optimal nisbəti nəzərə almaqla, dövlətin təkamül yolu ilə inkişafına ciddi zəmin yaratdı və dövlətçilik probleminin ən əlverişli həlli yolunu ortaya qoydu (6, s.77). Heydər Əliyev milli-vətəndaş birliyini, hərtərəfli inkişaf etmiş, iradəli və əzmkar vətəndaş idealını çox bacarıqla və ustalıqla ümumazərbaycançılıq ideyası ilə bağlayaraq, vahid amala doğru yönəltməyi bacarırdı. Tarixi təcrübə sübut edir ki, güclü birləşdirici ideyası olan insan birlikləri (xalqlar, millətlər, dini icmalar və s.) bu cür ideyaları olmayanlara həmişə qalib gəlmişlər.Təbii olaraq, ümummilli lider etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O qeyd etdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Ulu öndərin dediyi kimi, həqiqətən də, “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir” (8).
Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm addımlar atılmışdır. Vicdan azadlığının təmin edilməsinə yönəlmiş müvafiq qanunvericilik bazasının formalaşdırılması, onun mütəmadi olaraq təkmilləşdirilməsi və uğurlu tətbiqinə nail olunması da müstəqil Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi daim diqqət mərkəzindədir. Qeyd etmək lazımdır ki, hələ Azərbaycan SSR-də əhalinin mütləq əksəriyyəti islam dininə mənsub olduğu halda rəsmən fəaliyyət göstərən 53 dini icmadan ancaq 18-i islam dini təşkilatı idi. Həmin dövrdə Azərbaycanda 31 xristian dini təşkilatı və təriqəti, 4 yəhudi dini təşkilatı qeydə alınaraq fəaliyyət göstərirdi (1, s.231).
Ölkəmizdə vicdan azadlığının təmin edilməsinə yönəldilmiş normativ hüquqi aktların içərisində 1992-ci ildə qəbul edilmiş “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu xüsusi yer tutur (13). Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyindən sonra bu qanun daha da təkmilləşdirilmiş, 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər edilmişdir. Bu qanuna görə, Azərbaycanda vətəndaşlıq hüququna malik olan “hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir” (10, s.3). Azərbaycanın çoxmillətli və müxtəlif dinlərin ardıcıllarının yaşadığı ölkə olması, milli siyasətin müxtəlif millət, etnik qrup və dini azlıqların dinc yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilməsi Konstitusiyada da təsbit olunmuşdur: “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir və bütün vətəndaşlar eyni hüquqlara malikdir” (28).
Qanunun qəbul edildiyi vaxtdan ötən 20 ildən artıq müddət ərzində, ölkə həyatının bütün sahələrində olduğu kimi dini etiqad azadlığının təmin olunması istiqamətində də əhəmiyyətli müsbət dəyişikliklər baş vermiş, bu sahədə dövlət siyasətinin əsasları təkmilləşdirilmiş, yeni idarəçilik prinsipləri formalaşmışdır. Bu prosesə əsas insan hüquq və azadlıqlarının təsbit olunduğu yeni Konstitusiyanın ümümxalq səsverməsi yolu ilə qəbul edilməsi, Azərbaycan Respublikasının vicdan azadlığı ilə bağlı müddəaları da özündə əks etdirən bir çox beynəlxalq konvensiyalara qoşulması amilləri də öz pozitiv təsirini göstərmişdir.
Beynəlxalq sənədlərin dini etiqad azadlığının təmin edilməsində vacib rolu həm də belə bir vəziyyətlə bağlıdır ki, bir çox hallarda bir ölkədəki dini konfessiyaların mərkəzi və ya idarəsi, habelə əsas ziyarətgahları başqa bir ölkədə yerləşir. Məsələn, Azərbaycandakı pravoslav dini icmalarının mərkəzi Rusiya Federasiyasında, katolik icmasının mərkəzi Vatikanda, islam dini icmalarının əsas ziyarətgahları isə Səudiyyə Ərəbistanında, İranda və İraqdadır. Buna görə də dini qurumlar arasındakı normal əlaqələrin qurulması, ziyarətlərin təşkili üçün beynəlxalq müqavilələrin imzalanması zərurəti yaranır (10, s.34). Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir.
Azərbaycanda dövlətin din siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmış və Komitə ölkəmizdə mövcud olan dini strukturların fəaliyyətinin tənzimlənməsi, eləcə də dövlətin din siyasəti sahəsində müxtəlif funksiyalarını yerinə yetirir. Ümumiyyətlə, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Bu gün milli dəyərlərimiz elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf etdirilir. Eyni zamanda bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir.
Bundan əlavə, ümummilli lider İslam dini ilə bağlı bir sıra beynəlxalq elmi tədbirlərin respublikamızda keçirilməsinin təşəbbüskarı olmuşdur. Onun təşəbbüsü və dəstəyi ilə 1993-2002-ci illərdə İslam dini, mədəniyyəti ilə bağlı Azərbaycanda müxtəlif tədbirlər keçirilmişdir. Bu tədbirlərdən biri 1998-ci il dekabrın 9-11-də Bakıda keçirilmiş “İslam sivilizasiyası Qafqazda” adlı beynəlxalq simpoziumdur. Azərbaycan İslam dünyasının bir parçası olduğuna və Şərqlə Qərbin qovuşuğunda yerləşdiyinə görə bu beynəlxalq simpoziumun Bakıda keçirilməsini təbii hesab etmək olar. Eyni zamanda İslam dininin və İslam sivilizasiyasının Qafqazda yayılması ilə bağlı məsələlərin elmi cəhətdən araşdırılması zərurətini, o cümlədən respublika, regional və beynəlxalq təşkilatların müraciətlərini nəzərə alaraq Heydər Əliyev bu aktual və vacib tədbirin Bakıda keçirilməsini dəstəkləmişdir. Simpoziumda Türkiyə, Rusiya, ABŞ, Misir, Almaniya, Fransa, Küveyt və digər ölkələrdən gəlmiş nümayəndələr iştirak etmişlər (17).
Azərbaycan vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir. Qeyd etmək lazımdır ki, 1995-ci ildə YUNESKO-nun yaranmasının 50 illik yubileyi münasibətilə Beynəlxalq Tolerantlıq günü təsis edilmiş və burada əsas məqsəd dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək dinc yanaşı yaşamağa çağırışdan ibarətdir (14). Bundan irəli gələrək Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildən etibarən noyabrın 16-sı Azərbaycanda tolerantlıq günü kimi qeyd olunur ki, bu da ümummilli liderin multikultural dəyərlərə, tolerant ənənələrə verdiyi yüksək qiymətin göstəricisidir (7). Bu baxımdan, ümummilli lider haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ümummilli liderin rəhbərliyi ilə, nəhayət ki, demokratik inkişaf yoluna çıxmış Azərbaycan Respublikası, onun qeyd etdiyi kimi, “dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik” olmalarını təmin etməli idi (8).
Ümumiyyətlə, Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, qeyd etmək vacibdir ki, beynəlxalq standartlara cavab verən tolerantlıq ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində qurulmuşdur. Belə ki, 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilmişdir (29). Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi 2001-ci il mayın 27-də bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermiş və kilsənin açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak etmişlər. Bundan əlavə, ölkəmizdə 1997-ci ildə gürcü yəhudilərinin sinaqoqu bərpa edilmişdir (9). Ümumiyyətlə, Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmləndirmiş, öz dini məktəblərini, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, qəzetlərini yaratmışlar. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır (19).
Müasir dövrdə çağdaş dünyanın qarşısında duran ən mühüm problemlərdən biri fərqli sivilizasiyalar, dinlər, mədəniyyətlər arasında anlaşmanın, əməkdaşlığın optimal yollarının tapılmasıdır. Təsadüfi deyildir ki, XXI əsrin ilk ili - 2001-ci il BMT Baş Assambleyası tərəfindən “Sivilizasiyalararası dialoq ili” elan olunmuş (15) və 2001-ci il noyabrın 9-da BMT Baş Assambleyasında “Sivilizasiyalararası dialoq üçün qlobal gündəlik”adlanan qətnamə qəbul edilmişdir (16). Bunlar onu göstərir ki, qloballaşma dövründə sivilizasiyalararası dialoqun həyata keçirilməsi daha çox əhəmiyyət kəsb edir. Bu gün müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Vətəndaşlarının böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmizdə digər dinlərə də xüsusi qayğı göstərilir. Azərbaycan öz mədəniyyəti, tarixi, adət-ənələri ilə fəxr etməyə layiq az sayda dövlətlərdən biridir. Tolerantlıq dövlət strategiyası olaraq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu zəngin ənənə hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr vermişdir. Ona görə də dövlət başçısı İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri vardır. Belə ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi bir çox obyektiv amillərdən qaynaqlanır. Multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu kontesdən yanaşdıqda Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şəraitin yaradıldığını görürük. Müstəqilliyini bərpa etdikdən sonra isə ölkəmizdə multikulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi formalaşmışdır ki, indi bu dəstək özünün yüksəliş dövrünü yaşayır. Ölkəmizin tarixən müxtəlif dinlər, mədəniyyətlər üçün dinc yanaşı yaşama məkanı olması Azərbaycanın bu proseslərdə ön sıralarda yer almasını zəruri edir.
Bununla yanaşı, UNESCO 2001-ci ildə Mədəni müxtəliflik üzrə Universal Bəyannaməni və 2005-ci ildə Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyanı qəbul etdikdən sonra mayın 21-i Mədəni Özünüifadə Müxtəlifliyi üzrə Ümumdünya Günü elan edilmişdir. 2008-ci ildən etibarən hər il bu tarixdə ənənəvi olaraq UNESCO-da və dünyanın bir çox bölgələrində müxtəlif qitə və regionların mədəniyyətlərini əks etdirən konsert, sərgi və digər mədəniyyət tədbirlərindən ibarət olan Müxtəliflik Festivalı keçirilir. 2010-ci il mayın 17-dən 26-dək UNESCO-da Azərbaycanın birinci vitse-prezidenti, xoşməramlı səfir Mehriban xanım Əliyevanın mənəvi və maddi dəstəyi ilə təşkil edilmiş Mədəni Özünüifadə Müxtəlifliyi üzrə Ümumdünya Günü münasibətilə üçüncü ənənəvi Müxtəliflik Festivalı keçirilmişdir. Bu festival Latın Amerikasından tutmuş Yaxın şərq və Cənub-şərqi Asiyaya qədər mədəni müxtəlifliyi əks etdirən rəngarəng tədbirlərlə yadda qalmışdır (4). 2009-cu ilin noyabr ayında Azərbaycan UNESCO-nun “Mədəni Özünmüdfiə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiyası”na qoşulmuş və sənəd 2010-cu il mayın 15-dən Azərbaycan Respublikasında qüvvəyə minmişdir. Bununla da ölkəmiz bu təşkilat çərçivəsində mədəniyyət və turizm sahəsində həyata keçirilən layihələrdə iştirak imkanlarını genişləndirmişdir. Konvensiya çərçivəsində ölkəmizdə “Mədəni müxtəlifliyimiz mədəni vəhdətimizdir” layihəsi həyata keçirilmişdir (21). Bununla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2010-cu il iyunun 29-dan 30-dək Bakıda keçirilmiş və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu” forumu da bütün dünyada sivilizasiyalar arasında dialoqa öz dəyərli töhfələri ilə yadda qalmışdır. Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə həm də mədəniyyətlər və sivilizasiyalararası dialoqa necə nail olmağın yolunu göstərir (22).
Bu gün dünyada çoxmədəniyyətli ölkə imici qazanmış Azərbaycanda müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürməsi tarixi nailiyyətimizdir. Ölkəmiz bütün dinlərin, mədəniyyətlərin, fərqli baxışların bir ailə kimi yaşadığı tolerantlıq məkanıdır. Tarixən tolerant ölkə olan Azərbaycanda müsəlmanlarla yanaşı, katoliklər, provoslavlar, yəhudilər və digər dinlərə etiqad edən insanlar da yaşayırlar. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şəraitin təmin edilməsi Azərbaycanı dünya ölkələri üçün tolerantlıq örnəyinə çevirib. Qürurverici haldır ki, bir sıra dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar. İndi dünyada multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycan nümunəsi öyrənilir.
Ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsini uğurla həyata keçirir. Layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılmış, eyni zamanda “Or-Avner” Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi inşa edilmişdir (25). Bununla yanaşı, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında Azərbaycanın iştirakı, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir (27). Hazırda Azərbaycanda formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanması və onun daha da möhkəmləndirilməsində görülən işlər nəticəsində respublikamızda rəsmi olaraq 598 dini icma qeydiyyatdan keçmişdir. Bunlardan 577-si İslam, 21-i qeyri-islam təmayüllü dini icmadır. Eyni zamanda ölkəmizdə 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir (27). 2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında anlaşma memorandumu imzalanmışdır. Sənəddə müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma layihələrinin gerçəkləşdirilməsi, sosial və dini təyinatlı obyektlərə yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etno-mədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur. İlkin əməkdaşlıq çərçivəsində fond tərəfindən Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilmiş, eyni zamanda məbədin fasadında keramik panno yerləşdirilmişdir. Fond bu kimi tədbirləri ardıcıl olaraq davam etdirməkdədir (20).
Ümumiyyətlə, tolerantlıq nümunəsi sayılan Azərbaycan Heydər Əliyev Fondunun xətti ilə Parisdə Versal Sarayının parkında abidələri bərpa edir, Strasburqda Müqəddəs Məryəm kafedral kilsəsinin yenidən qurulmasına yardım göstərir, Pakistanda zəlzələdən zərərçəkən qızlar məktəbini yenidən inşa edir, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqlarını müasirləşdirir, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verir, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarca qlobal və mükəmməl mədəniyyət layihəsinə imza atır. Eyni zamanda Heydər Əliyev Fondu Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə xaricdə həyata keçirilən bir çox layihənin müəllifidir. Fondun Parisdə, Moskvada, Berlində, Romada, Vatikanda təşkil etdiyi tədbirlər ölkəmizin multikulturalizm modelinin təbliğində mühüm rol oynamış, eləcə də Azərbaycan Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşmüşdür. Bu isə bəşəri multikulturalizmin ən ali nümunələrindən biri kimi dəyərləndirilə bilər.
Eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən də mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində bir sıra mühüm işlər görülmüşdür. Bu baxımdan, 2012-ci il iyunun 22-də Romada Mehriban xanım Əliyeva və Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can Franko Ravazinin iştirakı ilə Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli saziş” imzalanmışdır (23). 2015-ci il iyunun 2-də Roma Papası Fransis Mehriban xanım Əliyeva ilə görüşü zamanı, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpasını yüksək qiymətləndirmişdir (24).
Azərbaycanın birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək verir. Heydər Əliyev Fondunun xətti ilə dünyanın bir neçə ölkəsində bu qəbildən silsilə tədbirlər keçirilir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın iştirakı ilə Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda keçirilən konfrans multikulturalizmin bu və ya digər formada sıxışdırıldığı Avropanın gələcəyində onun əhəmiyyətini göstərirdi. (26).
Ümumiyyətlə, ölkəmizdə mədəniyyətlərarsı dialoqla bağlı keçirilən tədbirlərin məqsədi xalqlar, dövlətlər və sivilizasiyalar arasında dialoq imkanlarını genişləndirmək, cəmiyyətdə sülh, əmin-amanlıq və dözümlülük mühitini inkişaf etdirmək, müasir dünyamızda müzakirə olunan inkişaf modelləri ətrafında fikir mübadiləsi aparmaq, milli özünəməxsusluğu saxlamaqla bəşəri-mədəni dəyərləri mənimsəməkdən ibarətdir. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda münaqişələrin artması tendensiyasının müşayiət olunması, xüsusilə də, islamafobiya kimi təhlükəli meyllərin bir sıra dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.
Ədəbiyyat
1. Azərbaycan Respublikası 1991-2001. Bakı, 2001, 288 s.
2. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti. //“Azərbaycan” qəzeti, 30 dekabr 2000-ci il.
3. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycanın Pravoslav xristian icmasına təbriki. //“Azərbaycan” qəzeti, 4 may 2013-cü il.
4. Azərbaycan YUNESKO-da keçirilən Müxtəliflik Festivalında uğurla təmsil olunmuşdur // “Azərbaycan”, 26 may 2010-cu il.
5. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. I-XXXXVI kitablar. Elektron külliyat. - http://preslib.az/books.html
6. Həsənov Ə.M. Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları. Bakı, 2016, 700 s.
7. Həsənov Ə. M. Heydər Əliyevin siyasi kursunda multikulturalizmə baxış və yanaşmalar. // “Geostrategiya” jurnalı, № 01(31), yanvar-fevral 2015, s.3-7.
8. Abdullayev K.M. Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir // “Azərbaycan”qəz., 23 iyul 2014-cü il.
9. Qurbanlı M.Q. Azərbaycanı tolerantlığın ən mükəmməl nümunəsinə çevirən lider. // “Azərbaycan” qəz., 6 may 2015-ci il.
10. Həsənov S.S. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun komentariyası. Bakı, 2014, 272 s.
11. Hüseynov S.Y. Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik. Bakı, 2012, 176 s.
12. Hüseynov S.Y. Azərbaycan dini tolerantlığa və sabitliyə töhfə verən örnəkdir // “Xalq qəzeti” 11 fevral 2011-ci il.
13. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu - http://www.president.az/articles/2672; http://www.meclis.gov.az/; http://scwra.gov.az/docs/169/; http://www.e-qanun.az/framework/7649;
14. UN General Assembly Resolution A/RES/48/126 “United Nations Year for Tolerance”.
15. UN General Assembly Resolution A/RES/55/23 “Year of Dialogue among Civilizations”.
16. UN General Assembly Resolution A/RES/60/04 “Global Agenda for Dialogue among Civilizations”.
17. “Azərbaycan” qəz., 12 dekabr 1998-ci il.
18. “Xalq qəzeti”, 28 may 2001-ci il.
19. “Azərbaycan” qəz., 10 mart 2003-cü il.
20. “Azərbaycan” qəz., 31 sentyabr 2008-ci il.
21. “Xalq qəzeti”, 11 sentyabr 2010-cu il.
22. “Azərbaycan” qəz., 31 iyul 2010-cu il.
23. “Azərbaycan” qəz., 24 iyun 2012-ci il.
24. “Azərbaycan” qəz., 4 iyun 2015-ci il.
25. “Azərbaycan” qəz., 21 avqust 2015-ci il
26. “Azərbaycan” qəz., 10 sentyabr 2015-ci il.
27. “Xalq qəzeti”, 16 sentyabr 2015-ci il.
28. http://www.azerbaijan.az/portal/General/Constitution/doc/constitution_a.pdf
Açar sozlər: Azərbaycan Respublikası, beynəlxalq münasibətlər, əməkdaşlıq, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq
Ключевые слова: Азербайджанская Республика, международные отношения, сотрудничество, межцивилизационный и межкультурный диалог.
Keywords: The Republic of Azerbaijan, international relations, cooperation, intercivilization and intercultural dialogue.
Summary
Article explores continued political course of Haydar Aliyev in the context of multicultural values. At the same time, cultural diversity in internal and external policy of Azerbaijan, multicultural and tolerant values have been investigated. The new phase of Azerbaijani multiculturalism, dialogue among civilizations and cultures is analyzed on the basis of sustainable development. The rights and freedoms of national minorities living in Azerbaijan, as well as the protection of the ethnic, cultural and religious values, is explored in the context of fundamental principle of democracy, human rights and freedoms.
Резюме
В статье исследуется культурное разнообразие, мультикультуральные ценности и толерантность во внутренней и внешней политике Азербайджана. Наряду с этим, анализируется устойчивый курс Гейдара Алиева в контексте мультикультуральных ценностей. Рассматриваются вопросы защиты прав и свобод национальных меньшинств в Азербайджане в контексте защиты прав и свобод человека.
"GEOSTRATEGİYA" jurnalı №03 (39) May- İyun 2017
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM